"Mən" olmağımın
tarixçəsi
parçalar
60-cı illər. Bakı
***
Poçtun
yanındakı evimizi söküb Mədəniyyət evi ilə
üzbəüz üçmərtəbəli ağ
daşdan tikilmiş evin ikinci mərtəbəsində nənəmə
mənzil vermişdilər. Burada maqnitofonda
Bitlzların musiqisini ucadan qoyub küçədən
keçənlərə konsert verirdim. Bu nə
idi? Özünü modernite ampluasında
bilməkdən ləzzət almaq idi, yoxsa
başqalarını da bəyəndiyimi bəyənməyə
çağırmağın atavistik şakəri idi?! -
bilmirəm. Ancaq bir nəsnəni
yaxşı bilirəm. Bu məsələdə
mənim dünyamda qız yox idi ki, özümü ona bəyəndirim
və ya onu bəyənim. Sonralar "qadınsız
kişilər dünyası" konusunda yazılar yazanda, yəqin,
bu təcrübəm öz işini gördü.
Ağdamda nənəmgildə həmişə pul
söhbəti olardı. Dayım ondan zorla pul qoparanda yana-yana deyərdi: a bala, mənim
kürüllərim yoxdu ha! "Kürüllərim"
sözünü təkcə ondan eşidirdim, anlamını
isə indi də yaxşı bilmirəm. Demişəm,
nənəmgildə aclıq çəkmirdik, ancaq pulsuzluqdan
həmişə nənəmin
yanıb-yaxıldığını görürdüm.
Ağdamdakı məhləmizin uşaqları Bakıdan
gəlmiş qonağa "Bakı",
"bakılı" sözlərinin
daşıdığı uzaq və mədəni dünyanın
semantikasından baxırdılar. Əyin-başda
onlardan seçilən heç nəyim yox idi, bəlkə
bircə paytaxt ləhcəsi ilə seçilirdim. Məhlədə mənim kimi Bakıdan tətilə
gəlmiş bir "rəqibim" də vardı, ancaq deyəsən,
o, ağdamlılığa daha yaxın idi, çünki
bitlz-mitlz tanımırdı. Bir dəfə
uşaqların arasında yekə-yekə siqaret çəkəndə,
məndən öz üstünlüyünü göstərmək
üçün soruşdu: "sən də çəkirsən?". Dedim "həlbəttə". Verdi ki, ala çək. Siqaretə
qullab vuranda güldü ki, ürəyinə almırsan?
Ciyərlərimə çəkdim və ilk dəfə
başım içkili imişəm kimi fır-fır
fırlandı - ancaq bunu, sözsüz, ona sezdirə bilməzdim.
İlk siqaret təcrübəm belə oldu.
Həmin oğlandan bundan başqa heç nə
yadımda qalmayıb. Məhləmizdə
mənə Bakıdan gəlmişliyin brəndində baxan
uşaqlardan biri sonralar "Azərbaycan" qəzetinin
baş redaktorunacan yüksəldi, o biri isə millət vəkili
oldu. Siyasi haçalanmalara görə
haralardasa rastlaşanda heç bir-iki kəlmə də kəsmədik.
Ancaq mən onların yadında
qalmışdım (güman ki, qəzet məqalələrim,
televiziya çıxışlarım huşlarındakı
"məni" silinməyə qoymamışdı), onlar isə
məhlədə balaca uşaqlar olduqlarından yadımda
qalmamışdılar. Sonralar bacım dedi ki, onlar bizim
Ağdam məhləsindən çıxıblar.
Ömrüm boyu məni izləyən bir fenomeni söyləyim. Uzun sürə
mənim yadımda qalmamış, ancaq məni yadlarında
saxlamış adamlarla rastlaşanda öz
"huşsuzluğuma" görə utanırdım ki, məni
qanacaqsız sayarlar. Sonra onların mənimlə
ilgili yaddaşlı olmasının sirrini anladım. Mən onları heç yerdə
görmürdüm, onlar isə məni populyar
"Azadlıq" qəzetində oxuyurdular, Az.TV-də
görürdülər, onun üçün də
huşlarından silinmirdim. Deməli, məsələ
mənim yaddaşsız, onların yaddaşlı olmasında
deyildi. Ancaq hər unutduğum adama bunu izah edə bilməzdim,
axı! Onun üçün də qərar verdim: onları
unutmağımı hörmətsizlik kimi qavrayırlarsa, mən
nə edə bilərəm?!
50-ci illərin Ağdamından fərqli olaraq 60-cı
illərin Ağdamı daha çox şəhərləşmişdi,
adamlar başlamışdı evlərində hamam tikməyə,
tualetə unitaz qoymağa. 50-ci illər
Sarcalısında axşamlar çıraq
yandırırdılar. 60-cı illərdə
isə ora elektrik lampaları gəldi. Doqqazlara
asfalt çəkildi. Russoist sevgi ilə kəndə
baxan mən palçıqdan zəhləm getsə də,
neyçünsə asfaltı görəndə qanım
qaraldı ki, bunun nəyi kənd oldu? Sarcalıda
Aqillə iki qardaş gəzərdik, söhbət edərdik və
görərdüm ki, mamalarımın (yəni bibilərimin)
çox xoşuna gəlirdi ki, qardaşımı
arayıb-axtarıram.
Mən elə də iti-pişiyi sevən deyildim,
onları indi oğlum Toto sevir. Ancaq kənddə
at-eşşək mənə ləzzət verirdi. Bir dəfə eşşək məni üstündən
yuxarı atdı və kürəyimlə yerə
yapalandım. Qalxanda gördüm ki, nəfəsim
inilti ilə elə hey içimdən çıxır və
bitmir. Qorxumdan gözüm bərəldi
ki, bəs haçan nəfəs alacam? Ata
nənəm mənə əridib kərə yağını
içirdi. Bir gün yatağa
düşüb sabahısı özümə gəldim.
Bu kərə yağı nə məsələ
idi, türkəçarə idi, nə idi, bilmədim.
Ağdamda nənəm Raxşandə də, dayım
Rafiq də tanınan adamlar idi. Nənəm mərkəzdəki
dükanında, sonra isə hamamda kassir işləməsinə
görə, dayım isə rəqqaslığına görə
tanınırdı. Ağdam muğamı,
bir də rəqsi yaman sevirdi. Hər toy
olanda dayımı "Rafiq-Rafiq" qışqıraraq rəqsə
çağırırdılar. O da nazla bir-iki piruet edib
ortadan gedirdi. Əslində, indiki zövqümlə
deyəmmərəm ki, dayım klass göstərirdi. Ancaq neyçünsə hamıda inam vardı ki, o,
xəsislik edib bütün ustalığını göstərmir.
Hərçənd Bakıda bir ara Musiqili
Komediyanın rəqs truppasında oynadısa, deməli, nəsə
peşəkarlığı vardı. O çağlar
yadımdadır ki, bizim oğlan rəqslərində
balerinalar kimi dırnaq üstündə oynamaq vardı. Dayım bunu Elçinə də, mənə də
öyrətmişdi. İndi düşünürəm
ki, Qafqaz rəqslərində bu, tərixən ola
bilməzdi, onu baletdən götürüb Qafqaz özəlliyi
kimi "soxuşdurmuşdular". Azərbaycan milli rəqsinin
jest və geyimcə Qafqaz girdirməçiliyindən
qurtulması sonralar baş verdi.
Elçin
bu günlərdə dayımla bağlı yazdıqlarma
düzəliş verdi ki, onun rəqqaslığı
sən yazdığın kimi primitiv deyildi. Yoxsa 61 ya 62-ci ildə
necə onu Moskvada keçirilən Azərbaycan mədəniyyəti
günlərinə aparardılar?! Bu o günlər
idi ki, Moskva ilk dəfə Müslüm Maqomayevi
görmüşdü. Elçin
soruşdu ki, yadında deyil onun Moskva fotoları?! Düzü, yadıma düşmədi.
Dayım Elçinə əsas rəqs jestlərini həvəslə
öyrədirdi. Mənə isə əlini yelləyib, sənlik
deyil deyəndə bərk cırnamışdım və
birinci dəfə qardaşıma paxıllanmışdım.
Sonralar mən əla rəqsimlə Dilarəni də,
dostlarımı da mat qoyurdum. Ancaq bu
bacarığım dayımın zəhmətinin bəhrəsi
deyildi, futbolda ayağımın qazandığı driblinq cəldliyindən
gəlirdi. Hərçənd plastikliyimdə
genetik əsaslar da vardı. Bir-iki dəfə rəqsdə
atamın qutu bədənindən çıxan
ayaqlarının cəld hərəkətlərini
görüb mat qalmışdım.
Ağdamdan bir güclü xatirəm də Turşsu ilə
bağlıdır. Hər yay xeyli ağdamlı ailələr
Turşsuya, yaylağa köç edərdilər. Bizim Seyidli qohumlarımız orada
qonşu-qonşuluqda alaçıq qururdular. Bəlkə də bu köçdə əski
türklərdən qalma adətkərdəlik də vardı
- hər halda Dədə Qorqud oğuzları
alaçıqlarda yaşayırdılar.
Adətən, yaylaqda bizim qohumların yeri Şuşadan
gələndə Turşsunun girəcəyində sol
yamacın yuxarı başında olurdu. Alaçıqlar
yamacda qurulurdu ki, yağış yağanda su balaca arxlarla
enişə axsın. Qarşı yamacda
Çarıx bulaq vardı, adını güman ki,
çarığa oxşamaqdan almışdı. İlk dəfə bulaq suyunun soyuqluğunu burada
gördüm. Barmağımı salıb
saymağa başladım, 9-dan çox saxlaya bilmədim.
Orada bir meşəbəyi vardı, erməni idi, ancaq
burnundan, başının formasından oğuzlara
oxşayırdı. Dilimizdə təmiz
danışırdı və özünü qanacaqlı
aparırdı. Bir dəfə qarşı
yamacın Laçın tərəfində olan ucundakı tibb
ocağında Tibb İnstitutunun praktikaya gəlmş
qızlarını gördüm - gözəl-göyçək,
incəbelli, şalvarlı qızlar idi. Turşsudakı
alaçıqda yaşayan qızların fonunda onlar podiumdan
düşmüş modelləri andırırdılar. Sanki belə gözəlləri heç Bakıda da
görməmişdim. O qızlar məndən 7-8 il böyük olardı, deməli, indi 75
yaşları olar. Bu dünyada kimləri
qalıb, kimləri gedib?! Bəlkə də
rastıma çıxmış ağbirçək həkimlərdən
hansısa o gözəllərdən biri olub.
Mən evlənəndən sonra bir dəfə Dilarə
ilə Turşsuya getdik. Laçına gedən yolda
çıxıb bizim öncələr oylaq
saldığımız yamaca baxdıq və birdən-birə
mən gördüm ki, yanan odunların qoxusu dəhşətli
gözəl qoxudur. Aşağıda
yandırılan ocaqlardan bu qoxu bizə qalxırdı. Mən öncələr heç vaxt ocağın
belə gözəl odun qoxusunun olduğunu bilməmişdim.
***
Məktəbdə oxuyanda nə qədər dindar, ya
ateist idim, huşumda deyil. Suiveriya, yəni bəzi
yanlış inanclar səviyyəsində nəsə Allaha
inandığım yadıma düşür. 9-cu, ya 10-cu sinifdə isə birdən ateist oldum.
Yox, atamın ateizmi mənə etgi göstərmədi,
anamınsa ateist olmasından heç xəbərim yoxdu.
Onlar fəlsəfə müəllimləri
olduqlarından hərdən nəsə fəlsəfi (əslində,
marksist-leninçi) söhbətlər edirdilər və evdə
bəzi kitablar da vardı. Onların
arasında Kraçkovskinin ruscaya çevirdiyi "Quran"
cildi ilə qaralırdı. Bu qara cild, üstəgəl
mənim magik-mistik inancım Kitabla ilgili ürəkəsdirici
hal yaratmışdı: onun qarşısında Kəbədə
qara daş qarşısında duran müsəlman kimi dururdum.
Bir gün nəsə cürət edib
Kraçkovskinin "Quran"ını açıb Fatihə
surəsindən başladım oxumağa. Bir az oxudum və bütün mistika getdi. Kraçkovskinin rusca "Quran"ı mənim yerdə
qalan dindarlığımı da apardı. Niyə belə oldu? Bunu 30
yaşında anladım. Ancaq 25-26
yaşınacan oldum elə dədəm kimi ateist.
"Quran"ın rusca lap adiləşmiş sözləri məni
belə dəyişdirdi - oxumazdan qabaqsa
düşünürdüm, hər sözü məni tilsimə
salacaq.
***
Universitetə girmək çağı gələndə
mənim biliyim çox aşağı idi. Atamın köməyinəsə
ümidim az idi. İnanmırdım
ki, pulla girilən yerə onun oğlunu pulsuz
götürsünlər. İnanmadığım
üçün də biabır olmaqdan qorxurdum. Universitetə girə bilməyəcəm, deyəcəklər,
atasının hörməti yoxdur ki, oğlunu öz işlədiyi
universitetə düzəltsin. Atamla
bağlı kompleksimə bu, yeni əlavə idi. Qorxumdan məktəbi qurtaran kimi qəbul
imtahanınacan bir neçə ayı hər gün səhər
6-dan axşamacan suallara hazırlaşdım. Atam tapşırmışdı. Cavablarım
bir müəllimənin o qədər xoşuna gəldi ki,
dedi, Musa müəllimin oğlu belə olar da.
Universitetdə filfakı seçməyiminsə nədəni
10-cu sinifdə yazdığım axmaq bir hekayə olmuşdu. Onu siqaret
çəkən adamın yataqda olanda yorğanına odun
düşməsi üstündə qurmuşdum. Deyəsən, siqaretə qarşı təbliğat
xarakterli yazı idi. Bu hekayəyə görə atam qərar
verdi ki, sən yazıçı ola bilərsən,
sənədləri ver filfaka. Burada bir paraleli
yazmaya bilmirəm. 30 il sonra
Şahbazla dostluq edən gözəl tərcüməçi
Natiq Səfərov əlində siqaret içkili yatanda
yorğanına od düşdüyündən yanıb
öldü.
Davamı
gələn sayımızda
Niyazi MEHDİ
Ədəbiyyat qazeti.-
2019.- 24 avqust.- S. 14.