İmza: Oqtay Rza
O, şərəflə yaşadığı
85 sənəlik alim, müəllim və şair ömrünün təxminən 70 ilini bu imza ilə
qədim və böyük ənənələri
olan doğma Azərbaycan ədəbiyyatına
şair kimi istedadla xidmət edib, Allahın təyin etdiyi bir gün dünyasını
dəyişdi. Dünyanın
məşhur dövlət
xadimi İndira Qandi öləndə görkəmli şair Andrey Voznesenskiy
"Pravda" qəzetində onun haqqında yazmışdı: "Qandi
tarixə daxil oldu". Bu sözlər, əslində, öz xalqına və bəşəriyyətə şərəflə
xidmət etmiş bütün istedadlı adamlara, o cümlədən
Oqtay Rzaya da aid oluna bilər:
Oqtay Rza ömrünü başa vurub canından artıq sevdiyi və layiq olduğu
doğma Azərbaycan torpağına, bununla da, eyni zamanda
ədəbiyyat tariximizə
əbədi daxil oldu. Torpağa və tarixə
daxil olmaq hər adama qismət olmur. Bu imza həm
də 40 ildir ki, mənimlə yanaşı yaşayır.
Biz 80-ci illərdə Oqtaynan rəhmətlik Vaqif İbrahimin poeziya dərnəyinə və ədəbi görüşlərə gedərdik.
Üçümüzün, V.İbrahimin, Oqtayın və o zaman gənc tənqidçi olan mənim birgə şəklimiz
var. Mənim arxivimdədir.
Son zamanlar - iki il əvvəl
(mən ağır xəstələnməmiş!) Ramiz Məmmədzadə, Oqtay Rza və
mən həftədə
bir dəfə görüşər, yeyib-içər,
həm də müasir və klassik poeziyamız haqqında maraqlı söhbət (həm də mübahisə!) edərdik. Axırda hərə öz
fikrində qalardı.
Bu günlərdə səhər saat 9-da telefonum zəng çaldı, Oqtay idi. O, həmişə
belə tezdən zəng vurub, mən tənbəli yuxudan oyadar, ya təzə yazdığı bir şeiri oxuyar, ya da təzə
eşitdiyi əhvalatı
danışardı. Deyirdim, ay Oqtay
müəllim, bunu bir-iki saat sonra
danışmaq olmazdı?
Deyirdi ki, yox, hər
şeyin öz vaxtı var, birdən iki saat sonra mən
olmaram. Bu dəfə
xoş və nikbin səslə dedi: Nizam Şəmsi
(O mənə şair
kimi müraciət edəndə belə, alim kimi müraciət
edəndə, ya mütəfəkkir, kefi kök olanda isə dahi deyirdi).
Arabada gedirik Salyana, şair İlham Qəhrəmanın 60 yaşını
qeyd etməyə.
Arabanı yubilyar özü
sürür, irəlidə
oturub Oqtay Rza, arxada tənqidçi
Əsəd Cahangir.
Ramiz Məmmədzadə ilə
danışmışam. Biləcəridəki təzə evin
yerini o bilir. Gələcəyik səni görməyə.
Dedim, gözüm üstə yeriniz var. Nəhayət, gözlədiyim
sualı verdi:
dahi, həkimlər sənə 99 qram yanacaq qəbul etməyə icazə verər (o, arağa belə deyirdi, bunun tarixçəsini ədəbi mühitdə
demək olar hamı bilir) icazə verirmi? Dedim Oqtay müəllim
mənim motorum 99 qramla işləmir, ən azı 250 qram yanacaq qəbul
etməliyəm ki, bu fani dünya
gözəlləşsin. Bir
də ki, ay Oqtay müəllim, mən həmişə demişəm və yazmışam: həkimin,
mollanın, arvadın
dediyini eləmə, elədiyini elə! ...Və bu görüş
baş tutmadı, taleyin öz əli ilə qırıldı.
Sağlığında şair Oqtay Rza haqqında çox yazmaq istəmişəm, ancaq o
qədər yaxın olmuşam ki, demişəm əşi, Oqtay Rza budur
burada durub da, yazaram. Əslində, onun barəsində yaxşı yazmaq üçün tələsməmişəm.
Oqtay müəllim demişkən,
hər şeyin vaxtı var imiş, mən bu vaxtı əldən
buraxmışam.
Oqtay Rza bizim məhdud
anlayışımıza görə
şairlərin ən
böyüyü, xalq
şairi ola bilmədi. Bu heç
ona lazım da deyildi, o, hər cür fəxri addan və tituldan yüksəkdə durur, öz istedadı, bədii təfəkkürü
və təxəyyülü
ilə ədəbiyyata
vicdanla təmənnasız
xidmət edirdi. Mətbuatda, radioda, televiziyada, demək olar ki, Yazıçılar Birliyində keçirilən
bütün ədəbi
yığıncaq və
kitab təqdimatlarında
iştirak və çıxış edir.
Çox
çevik idi, o yaşında Günəşlidən
durub gəlməyə
ərinmirdi. Mən başa
düşürdüm ki,
o, ədəbiyyatımıza məhəbbəti öz cazibəsilə çəkib
gətirir. O, təməlində
Xaqani, Nizami, Nəsimi, Füzuli olan böyük ədəbiyyatın sıra
nəfəri olduğunu
unutmurdu. Onun tez-tez dediyi bir rübaini xatırlayıram:
Atəşkəs var sənətdə
Tənqidçilər atışmır
Şeir
yazan çoxalıb
Fəqət, şair çatışmır.
Bu rübai müasir
ədəbi prosesi dəqiq səciyyələndirir. Ümumiyyətlə, Oqtay Rzanın rübailəri uğurlu poeziya nümunələridir.
Onun bir kitabı "Adlı, ünvanlı sətirlər" adlanır.
Buraya şairin müasirlərinə,
dostlarına çoxu
yubileylər münasibətilə
yazdığı şeirlər
toplanıb. Adətən, ithaf poeziyası ədəbi aləmdə bir o qədər də rəğbətlə
qarşılanmır, lakin
Oqtay Rzanın bu aspektdə yazdığı şeirlər
maraqla oxunur. Çünki o, şeir həsr
etdiyi adamın ən səciyyəvi cizgilərlə poetik bioqrafiyasını yaradır.
O, əməkdar müəllim,
geoloq alim idi. Vətənimizin təbiətini də,
poetik flora və faunasını da, kristalların dilini də yaxşı bilirdi.
Oqtay Rza nikbin, həyat eşqi ilə dolu, real bir ziyalı, fanatizmə nifrət edən şəxsiyyət idi. Xəstəxanadan evə gələndən sonra ilk dəfə mənim yanıma gələn Oqtay Rza və Ramiz
Məmmədzadə oldu,
ikisi də səmimi idi, kövrəlmişdilər. Lakin məni əvvəlki kimi gülərüz görəndə
bir az
karıxdılar. Oqtay
Rza həyata elə nikbin baxırdı ki, adam onunla
olanda dərdini unudurdu, Oqtayda pozitiv enerji çox güclü idi.
Oqtay Rza özündən sonra zəngin yaradıcılıq,
xoş xatirələr,
dostların qəlbində
həzin sızıltı,
xalqın dərin hörmətini qoyub getdi. O, vətən torpağını
qoruyan hünər adlı bir zabit
oğul, onunçün
ağlayan bir xanım qoyub getdi vətən torpağını zərif
vücudu ilə artırmağa. Bu onun sonuncu imkanı idi, o bu imkanını
da əsirgəmədi,
bu dəfə "İmza: Oqtay Rza" sözləri torpağa və tarixə həkk olundu.
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2019.- 24
avqust.- S.16.