Fanilikdən əbədiyyətə
Oqtay Rzanın ölməz
xatirəsinə
Deyirlər, əvəzolunmaz insan yoxdur. Mən bu fikrin əleyhinəyəm. Əslində, heç kəs heç kəsi əvəz etmək qüdrətində deyil.
Bəlkə də buna ən bariz
nümunə insanın
barmaq izlərinin və səslərinin üst-üstə düşməməsi,
eyniyyət təşkil
etməməsidir... Bu fərqli biçimdə Oqtay Rza da
məxsusi cizgiləri,
spesifik xüsusiyyətləri
ilə bənzərsiz
idi.
Oqtay Rzanı
tanıyanda mənim
26, onun 46 yaşı vardı. Bu, 1980-ci il idi. Mən BDU-nun jurnalistika fakültəsini
bitirəndən sonra
(1977) təyinatla göndərildiyim
"Yazıçı" nəşriyyatında redaktor
vəzifəsində çalışırdım.
O illərdə "Yazıçı"
nəşriyyatı, sanki
ədəbi hərəkat
və hərəkət
qurumuna çevrilmişdi.
Şair və yazıçıların, alim
və tərcüməçilərin
gur axını qarşısında sözügedən
nəşriyyat zorla
tab gətirirdi... Səs-küylü, iddialı müəlliflərdən
fərqli olaraq Oqtay Rza sakitcə
gələr, kitabının
tematik plana düşüb-düşmədiyini təmkinlə öyrənər
və aramla çıxıb gedərdi.
1981-ci ildə "Yazıçı"
nəşriyyatı O.Rzanın
"Yasəmən çiçəkləyəndə",
1986-cı ildə "Fəsil
dəyişəndə", 1991-ci ildə isə "Günəşin adından"
adlı şeir kitablarını nəşr
etdi. Təbii ki, şairin
o illərdə digər
nəşriyyatlarda, o cümlədən
Moskvada da kitabları işıq üzü görməkdə
idi. Çalışdığı
Pedaqoji İnstitut, elmi-pedaqoji fəaliyyət
bir yana,
poeziya, bədii yaradıcılıq onun varlığına hakim kəsilmişdi.
O, ədəbiyyatla və
ədəbiyyat adamları
ilə nəfəs alırdı. Çox mehriban, təvazökar
və səmimi rəftarı ilə ilk tanışlıqdan adama doğmalaşırdı.
1980-ci ildə "İşıqlar,
pərvanələr" adlı
ilk şeirlər kitabım
çap olunmuşdu. İlk kitabımın
sevincini yaşadığım
o günlərdə Oqtay
müəllim nəşriyyata
gələrkən məni
təbrik etdi və "APİ-də
Musa Ələkbərli ilə
sənin tələbələrlə
görüşünü təşkil
edəcəyəm, hazır
olun!" - deyib getdi. Tez bir zamanda Pedaqoji
İnstitutun böyük
salonunda Oqtay Rzanın təşəbbüsü
və təşkilatçılığı
ilə Musa Ələkbərli
və mənim - iki gənc şairin
maraqlı, unudulmaz ədəbi görüşü
keçirildi.
Zaman keçdikcə Oqtay Rzayla ünsiyyətim bir az da dərinləşdi. Necə deyərlər, bir-birimizi görməyəndə o mənsiz,
mən də onsuz darıxmağa başlayırdıq. Bir
dəfə mənə
dedi ki, ay Adil, çox maraqlıdır, mən aran adamı, sən dağ adamı, aramızdakı bu qançəkərlik görəsən, haradan gəlir? Mən bilirdim ki, şairin doğulduğu kəndin adı Qaladır. Qala el arasında Şuşanın
başqa adıdır.
Yarızarafat, yarıciddi
dedim ki, sizin kənd əhliniz Şuşadan - dağlar diyarından gəlmədir. Sən özün elə dağlar oğlusan, xəbərin yoxdur...
70 yaşının bayramını
keçirəndə mən
də Salyana getmişdim - təkidli dəvəti ilə. Həmin ərəfədə
ona bir şeir
həsr etmişdim, özünə deməmişdim.
Yubiley tədbirində
o şeiri oxuyanda uşaq kimi sevindi... şeirin son bəndi beləydi:
Məramındır xeyirxahlıq,
Yox qəlbində
başqa niyyət.
Sən olmasan azalardı
Şerimizdə səmimiyyət.
Tədbirdən Bakıya qayıdanda
yolda mənə dedi ki, mirzə,
o şeirin son bəndinə
görə bəzi yazarlar səndən inciməzlər ki? Dedim ustad, narahat
olma, heç kəs inciməz...
Sonra onun 75,
80 yaşının bayramını
yenə də doğma yurdda - Salyanda keçirdk. Və hər
çıxışımın sonunda da o şeiri
oxudum - xoşuna gəldiyi üçün.
Mənim
də 60 yaşıma
o, çox maraqlı bir şeir həsr
etmişdi. O şeir
də, bu şeir də kitablarımızda yer aldı.
Oqtay Rza yeyib-içən adam idi.
Amma hər adamla oturub-durmazdı. Bir vaxtlar
Əlibala Hacızadə,
Nahid Hacızadə, İlyas Tapdıqla onu tez-tez birlikdə
görərdim. Tay-tuşların
cərgəsinə bəzən
məni də qoşardılar - "dostluğa
namizəd" kimi... Mən onlarla hər oturanda təzə bir şey əxz
edərdim. Bu adamlar adi, sıradan
biri olmayan ədəbi şəxsiyyətlər
idi. Məzmunlu söhbətləri, pilə
kimi yumşaq zarafatları mənə ləzzət verərdi...
...İlk dəfə
Əlibala müəllimin
həyat yoldaşı
rəhmətə getdi. Yas məclisində
adıçəkilən dostları
ona ürək-dirək
verib "möhkəm
ol" dedilər.
Əlibala Hacızadə
üzümüzə baxıb
dedi ki, bu yaşda arvadın
ölümü tezliklə
ərin də ölümü deməkdir...
Belə də oldu. Arvadının ölümündən çox keçmədi ki, Əlibala müəllim də dünyasını dəyişdi.
Sonra Nahid Hacızadə, sonra İlyas Tapdıq əbədiyyətə qovuşdular.
Bu cərgə bir durna qatarına
bənzəyirdi. Bir-bir
vurulub səmadan ayrıldılar... Sonuncu, tək
və tənha qalmış durna Oqtay Rza idi.
Qərib tale ona da rəhm etmədi...
Elə bil ölümünün yaxınlaşdığını hiss etmişdi. Yaman tələsirdi. Məhsuldar işləyirdi. Yazılarını vaxtaşırı dərc
etdirirdi, kitablarını
nəşrə hazırlayırdı.
AYB-nin layihəsi
əsasında bu yaxınlarda yeni rübailər kitabı çapdan çıxmışdı.
Sevincək birini də
mənə bağışlamışdı.
85 illik yubileyindən
söz açırdı.
Salyanın icra başçısı
Sevindik müəllimdən
çox razılıq
edirdi. Amma bu tədbir baş tutmadı... Görünür, insan hansı yaşda dünyasını dəyişməsindən
asılı olmayaraq arzular həmişə yarımçıq qalır...
Və bir gün - həftənin bazar günü eşitdiyim xəbərə
öncə inanmadım. Çünki əvvəllər də Oqtay Rzanın ölüm xəbərini
bir neçə dəfə yalandan yaymışdılar. Etibarlı mənbə
kimi AYB-nin mətbuat xidmətinə
- Xəyal Rzaya zəng vurdum. O, eşitdiyimi təsdiqlədi.
Bir-iki gün əvvəl bir yerdə olub, deyə-gülə ayrıldığın
adam indi
başqa dünyadadır.
Bu məqamda özünün
bir rübaisi yadıma düşdü:
Simi gah sındırır, gah qırır həyat,
Hərdən qılıncını sıyırır
həyat.
İnsanı insana möhkəm
sevdirib
Sonra həmişəlik ayırır həyat.
Daha nə deyim ki, şair, özün hər şeyi demisən. Səni xatirəsində yaşadacaq insanların ömrü uzun olsun, qardaşım! İlk və son beşiyində rahat uyu. Necə deyərlər - yerin Salyandır...
Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.17.