“Xəlil
özünü mənə tanıtmaqla...”
"Kürsü" layihəsinin
qonağı Xalq şairi Xəlil Rza Ulutürkün həyat
yoldaşı və məsləkdaşı Firəngiz Xəlilbəylidir
- Firəngiz xanım, Xəlil Rza necə
ailə başçısı, həyat yoldaşı idi?
- Mən
ondan bircə dəfə də olsun incimədim. Xəlil o qədər
mədəni adam idi ki, ondan sonra nə
bacımda, nə qardaşımda, nə də qeyrilərində
özümə qarşı onun kimi doğma rəftar görmədim.
Mən özüm tarixçi idim, o isə həmişə
ədəbiyyatla məşğul olurdu. Bəzən
gecələr görürdüm ki, yuxusu gəlir, yatmaq istəyir.
Ona deyirdim ki, sən get yat, yazılmalı nə qalıbsa, mən
davam edərəm. Qoymurdu. Deyirdi,
sən bütün günü işləyib əldən
düşmüsən. Sobanın yanında az dayanmısan ki, indi də makinanın
yanında dayanasan? Amma mən də onu çox
istəyirdim axı. Məcburən onu
yatmağa göndərirdim. Ondan sonra
yarım saat xəyallarla yaşayırdım, məişətlə,
gələcəklə bağlı planlar qururdum. Gecənin bir aləmi Xəlilin əlyazmalarını
təzələyib yazırdım. O, yuxudan oyanıb ağ vərəqləri görəndə
deyirdi: "Firəngiz, mən təkcə sənə dua eləmirəm.
Anana dua edirəm ki, dünyaya sənin kimi mənəviyyatı
zəngin qız övladı gətirib. Sən
bütöv insansan!". Yəni
mən heç vaxt Xəlildən incik düşməmişəm.
Heç vaxt mənə deməyib bunu mütləq
etməlisən, bunu yox. Mənimlə həmişə
mədəni, mehriban rəftar edib. Amma
indiki ailələrin bir-birinə olan münasibətlərini
görəndə təəssüflənirəm. Bu gün insanların münasibətlərində gərginlik
çox, məhəbbət isə sönükdür.
- Xəlil bəy evdə də
çox işləyirdi?
- Həddindən
artıq zəhmətkeş adam idi. Bütün günü eynək gözündə
kitabların arasında, yazı makinasının
qarşısında olurdu. Ya da ki,
mütaliə edirdi. Misal üçün,
Hüqonun əsərini oxumağa başlayırdısa,
çalışırdı onu elə həmin gün də
bitirsin. Mən də elə onun oxu
saatlarının çox olması üçün ona kömək
edirdim.
- Gənclik illərinizi necə
xatırlayırsınız?
- Onun mənim
üçün yazdığı "Sən ikinci Xəlilsən"
şeirində bizim həm gəncliyimizdən, həm də
sevgimizdən bəhs edib. Ondan başqa ikinci bir
şair yoxdur ki, həyat yoldaşına o cür gözəl
şeir yaza. Orda oturuşumu, duruşumu,
müəllimlik illərimi, ana olmağımı
hamısını təsvir edib. Mən
müəllimlik etdiyim illərdə Xəlil mənimlə
qürur duyurdu. Mən də tələbələrimə
qarşı həmişə diqqətli olmuşam, onlara
heç vaxt pis qiymət yazmamışam. Düşünmüşəm
ki, onlar bu vətənin övladlarıdı, bu vətənə
lazım olacaqlar. Həmişə onlardan yaxşı
oxumaq tələb etmişəm ki, sabah
onlar savadsız olanda gəlib mənə deməsinlər ki,
bizi niyə bu günə qoydun.
- Evinizə ən çox kimlər gəlib-gedirdi?
- Qulu Xəlilov,
Nəriman Həsənzadə, Cabir Novruzla dost idilər, ailəvi
get-gəlimiz vardı. Xəlil rəhmətə
gedəndən sonra uzaqlaşmışıq. Hamımız yaşlaşmışıq. Amma sağlığında elə gün olmurdu ki,
bizim süfrəmiz qonaqlar üçün açıq
olmasın. Ən asan bişirdiyim xörək
də ətlə kartof qızartması idi. Xəlil də ən çox bu xörəyi sevərdi.
Biz Aşurbəyovlar nəslindənik. Bu nəsil görüb-götürmüş,
varlı-hallı nəsil olub.
- Sizə xeyli sevgi şeirləri də
həsr edib...
- Ən gözəli "Sən ikinci Xəlilsən"
şeiridir. Orda məhəbbətini çox gözəl ifadə
edib. Amma o mənim adımı şeirlərində
yazanda xoşlamırdım. Deyirdim, Xəlil, mənim
adımı şeirlərində yazma. Qoy, o
şeirlər hamıya aid olsun. Axı tək
sən sevmirsən, başqaları da bir-birlərini sevirlər.
Onlar sənin şeirlərini oxuyanda özlərini
orda tapsınlar. Deyirdi ki, Firəngiz, içimdəki
hansısa qüvvə şeirlərdə sənin
adının səslənməsinə məni vadar edir.
Xəlil, çöldə-bayırda olduqca emosional,
uçurub dağıdan adam idi. Amma evdə həddindən artıq sakit, nəvazişli
olurdu. Həmişə mənə deyirdi
ki, Firəngiz, mən sənə brilyantlar, daş-qaşlar
ala bilmədim. Amma mən elə şeylərə
fikir vermirdim. Onun xasiyyəti mənim
üçün daş-qaşdan da üstün idi. Məvacibini alıb gətirəndə anamın
payını ayırıb bir kənara qoyardı. Deyirdim, ayıbdır, atam ola-ola sən niyə ona
pul verirsən? Deyirdi, atan olanda nə olar?
O qadın sənin kimi qız böyüdüb, gəlin yola
salıb. Məgər bu azdır? Sənin bugünkü yaşayışında onun
da payı var.
- Xəlil Rza
Yazıçılar Birliyinin üzvü olub. O dövrdə həmkarlarının ona münasibəti
necə idi?
- Xəlil
həqiqəti deyən idi. Həqiqəti isə
hər kəs qəbul etmirdi. O vaxt Yazıçılar
Birliyində vəzifə olanlara iradlarını bildirirdi,
deyirdi tabeliyinizdə olanları boş buraxırsınız və
s. Amma başqa mənada mən hələ görməmişəm,
eşitməmişəm ki, kimsə Xəlil haqqında nəsə
mənfi söz danışsın. Mən
Prezident təqaüdçüsüyəm. Nə ötən
əsrdə, nə də indiki dövrdə həyat
yoldaşı rəhmətə gedən heç bir kişinin
xanımı mənim qədər kitab nəşr
etdirməyib. Mən razı olmamışam ki, Xəlilin
əlyazmalarını toz bassın.
- Firəngiz xanım, əlliyə
yaxın kitab çap etdirmisiniz. Özünüzün
də yaşınız artıq irəliləyib.
Heç yorğunluq, bezginlik olmur?
- Əlbəttə, hərdən bezirəm, yoruluram. Amma qeyrətim
mənə oturmağa imkan vermir. Xəlilin əlyazmalarına
baxanda fikir məni götürür ki, məndən sonra
bunları kim çap etdirəcək, kim
yayacaq. Gəlinlərim o qədər də əlli-ayaqlı
deyillər? Ona görə də hərdən
Xəlillə danışırmış kimi
öz-özümə deyirəm ki, Xəlil, qorxma, nigaran
qalma. Nə qədər gözüm
baxır, imkanım daxilində hamısını çap
etdirəcəm. Çünki mən həmişə
onun yazdıqlarına, dediklərinə inanmışam. O
da mənə inanırdı. Ailədə bir məsləhətli
söhbət olanda həmişə deyirdi ki,
axırıncı sözü Firəngizə verək, görək
o nə deyir.
- Xəlil Rza həm də vətənini
çox sevirdi, şeirlərində də bu cür
mövzuları təbliğ edirdi. İnandıqlarınız, yəqin ki, həm
də bunlardı.
-
Doğrudur. Vətəni sevmək vacibdir. Xəlil həmişə deyərdi ki, insan
yatdığı yeri qoruduğu kimi vətəni də
qorumalıdır. Vətən oyuncaq deyil
ki, hara istədin qoyasan. Nə də
insanı doğulub yaşadığı vətəndən
götürüb İrana, Türkiyəyə atmaq olmaz.
İnsan hara gedirsə-getsin, vətən həmişə
onun gözünün qarşısındadır. Vətənin adət-ənənəsi onu həmişə
hərəkətə gətirir.
- Xəlil müəllimin həbs
olunduğu günləri necə xatırlayırsınız?
-
Azadlıq hərəkatı başlayanda Xəlil qabaqda
gedirdi. Onun şair, natiq olması insanların
gözünü açmaq üçün yaxşı vasitə
idi. Meydanda camaat qarşısında elə
çıxışlar edirdi ki, qan-tər içində
olurdu. Ordan-burdan eşidirdim ki, Xəlil yenə
"şuluq" salıb, onun üçün narahat olub
deyirdim ki, bir güllə bahar olmaz. Sonralar
da həbs olundu. Xəlil səkkiz ay, on
altı gün həbsdə olub. Bu vaxt ərzində mən
Moskvaya, Xəlilin yanına on beş dəfə
gedib gəlmişəm.
Kryuçkov bir dəfə mənə dedi ki, səni də
həbs edib onun yanına salacam. O, bununla həm də demək
istəyirdi ki, sən niyə onun qarşısını
almamısan. Mən də ona demişdim ki, mənim
üçün Xəlilin yanında olmaq çox
yaxşı olardı. Biz xeyli şənlənərik.
Mənə deyirdi ki, bu asiyalı qadının
danışığına baxın.
- Həbsdə də şeirlər
yazırdı?
- Orda olan
tək-tük hallarda şeir yazıb. Amma məsələ
burasındadır ki, bunlar məni maraqlandırmayıb. Məni əsasən Xəlilin səhhəti, nə
yeyib-içməsi maraqlandırırdı. Ən çox ondan qorxurdum ki, birdən Xəlil ac
qalıb korluq çəkər, arıqlayar. Həbsdə olanda da o məndən heç nə tələb
etmirdi. Deyirdi, mən sənin
üçün nə etmişəm ki, indi də nə tələb
edim. Amma o bilmirdi ki, məni yaşadıb,
mənə vətəni, ananı, atanı sevdirib. Biz tarixdən Teymuru, Babəki, ədəbiyyatdan
Şekspirin qəhrəmanlarını oxuyub
tanımışıq. Amma mən həyatda
onlar qədər əzəmətli bir kişini - Xəlili
tanımışam. Xəlil
özünü mənə tanıtmaqla mənim
üçün çox böyük yaxşılıq edib.
Bir dəfə
anam mənə dedi ki, qərib yerlərə gedib-gəlirsən,
Xəlil də üsyankardı, etirazçıdır. Başına bir bəla gələr, ehtiyatlı ol.
Amma onda mən anama dedim ki, ana, Xəlil tək mənim yox,
bütün Azərbaycan qızlarının müəllimidir.
Çünki onun şeirləri ataya, anaya, vətənə
məhəbbəti təbliğ edib. Vətəni sevməyən
adam ata anasını da sevə bilməz. Çünki vətənin bünövrəsini
ata-analarımız, onların əcdadları qoyub. Xəlil də deyirdi ki, bu vətən qoruna-qoruna bizə
qədər gəlib çıxıbsa, biz də onu
qorumalıyıq. Xəlil məni xarici
ölkələrə çox aparıb. Amma
hara gedirdimsə, gözüm yenə Azərbaycanda
qalırdı. Deyirdim vətənə
qayıdaq. Ona görə ki, mən hara
gedirdimsə, orda bir biganəlik görürdüm. Kişilərin öz qadınlarına qarşı
soyuq münasibətinin şahidi olurdum. Xəlil
isə əlində bir qoz olanda da onu iki yerə bölüb
parasını mənə verirdi.
- Təbrizin itkisinə qarşı
olan ata sarsıntısını büruzə verirdi?
- Təbriz
elə uşaqlıqdan vətənpərvər ab-havada
böyümüşdü. Evdə həmişə
qılınc-qılınc oynayırdılar. Bir gün çağırış vərəqəsi
gəldi. Ailədə heç kim ona
deyə bilməzdi ki, getmə. Bu barədə
bizdə söhbət belə gedə bilməzdi. Təbriz getdi müharibəyə. Qayıtmadı (susur). Xəlil
ondan sonra qaşqabaqlı gəzib-dolanırdı, amma istəmirdi
ki, ağrısını biruzə versin, ya biz nəsə hiss
edək. Həmişə deyirdi ki, Təbriz
balam vətən uğrunda getdi, atasının amalını
yerinə yetirdi.
- Həm oğul, həm həyat
yoldaşı itkisindən sonrakı yaşamınız, yəqin
ki, çətin oldu?
- Əlbəttə. Xəlil evə gələndə elə
bilirdim otaqlar işıqlanır. Özü ilə o qədər
sevinc gətirirdi ki. Ondan sonra günü
başa vurub gecə düşəndə məyus-məyus
gedib yatağıma girirdim. Sonralar filmlərlə,
verilişlərlə başımı qatırdım ki, gecə
düşsün yatım. Xəlil xəstəxanada
yatanda görürdüm ki, vəziyyəti daha düzələnə
oxşamır. Həmişə yanında əyləşirdim,
ona təskinlik verib deyirdim ki, sağalacaqsan, Moskvaya gəzməyə
gedəcəyik. Orda səni təzədən
müalicə edərlər. Amma özü
ağıllı adam idi. Bilirdi
ki, xəstəliyi ağırdı, axırı, çarəsi
yoxdur. Buna baxmayaraq o, sona qədər əzmli
oldu. Qüvvəsini, gözündəki
işığını itirmədi.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.3.