Zövqün qüdrəti
Polşa Seyminin səsvermə
keçirilmədən və yekdilliklə qəbul etdiyi qətnaməsinin
parlamentin mədəniyyət komissiyasının sədri
Eljbet Kruk tərəfindən səsləndirilən hissəsində
deyilir: "Dəyərlərin böhranı və
böyük şübhələr dövründə Zbiqnev
Herbert həmişə, bütün həyatı boyu sənətin,
gözəlliyin, nizam-intizamın və peşəsinin
aydın prinsiplərinə əsaslanıb, xeyir və şəri
dəqiqliklə ayıran əxlaq kodeksinə riayət edib. O,
sözə və özünə sədaqətin təcəssümü
idi. Öz poeziyasıyla daim azadlıq eşqini,
individuallığın üstünlüyü və onun mənəvi
gücünə sevgini aşılayırdı...".
Ölümündən
20 il sonra bir ölkə parlamentinin bir şair haqqında belə
yüksək əyarlı fikir ifadə eləməsi və
bütöv bir ili həmin şairin adı ilə
bağlaması, əlbəttə, ilk növbədə, o
ölkə idarəçilərinin öz mədəniyyətinə,
ədəbiyyatına, bu ədəbiyyatı yaradan insanlara
yüksək münasibəti deməkdisə, başqa tərəfdən
əbədi "hakimiyyət və sənət(kar)"
qarşıdurmasında sonuncuların daha uzaqgörən və
haqlı olması, birincilərin bunu gec də olsa təsdiq eləməsi,
etirafıydı.
Görkəmli
polyak şairi, esseisti və dramaturqu Zbiqnev Herbert dəfələrlə
(1965-1971, 1975-1981, 1986-1992) öz ölkəsindən
mühacirət etmiş, lap düzü isə bütün
sosialist düşərgəsi ölkələri kimi o
vaxtkı Polşada da hökm sürən, yumşaq desək,
cansıxıcı siyasi və mənəvi ab-havaya tab gətirməmişdi.
Almaniya, Avstriya, Fransa, İtaliya, Yunanıstan, ABŞ kimi
ölkələrdə yaşamış, işləmiş,
amma hər dəfə geri qayıtmışdı. Bu dönüşlərin, əlbəttə ki, 2 əsas
səbəbi vardı.
Böyük
polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı
laureatı (1980) Çeslav Miloş Aleksandr Fyutla söhbətində
deyir... "Şübhəsiz, Vat, Rujeviç,
Herbert, Svirşinska, Şimborska və Zaqayevski dünya
poeziyası müstəvisində və çapında polyak
poetik məktəbini təmsil edirlər. (...) Mən Herberti görkəmli şair hesab edirəm.
O məni fəlsəfi nöqteyi-nəzərdən olduqca cəlb
edir. Onu stoik sayıram. O, metafiziki
özüylə əsaslanmayan, stoik şairdir. Heç
şübhəsiz, bu məqamda Herbert və Kamyü arasında
qohumluq var. O, "əllə tutula bilməyənin"
poeziyasını yaradır. Onun poeziyasının bir
absolyutu var - Vətən. Vətən, borc, şərəf...".
Dostluqlatı
(Herbert Miloşu ustad sayırdı) heç də hamar
yollardan keçməyən Miloşun yaşca kiçik həmkarı
ilə bağlı söylədiyi hər bir cümlə
haqqında ayrıca və geniş danışmaq olar, amma biz
indilik yuxarıda qeyd etdiyimiz səbəblərdən birini
müəyyənləşdirməklə kifayətlənir,
XX əsr Avropasının daha bir böyük ədibi,
düşünəri Hermann Hessenin fikri ilə ikinci səbəbi
aydınlaşdırırıq: "Bu gözəl dünya
dınqıltı əvəzinə-musiqi, əyləncə əvəzinə-sevinc,
pul əvəzinə-mənəvi aləm, yalançı
inilti-sızıltı əvəzinə-əsl iztirab istəyən
adamlar üçün heç vaxt həqiqi vətən ola
bilməzdi...". Bəli, Herbert yalnız
görkəmli polyak şairi deyildi, o, miqyası etibarilə həm
də Avropa və dünya şairi, vətəndaşı idi
ki, hara getsə düşünməli və deməli,
sıxılmalı idi. Əks-təqdirdə, şeirlərinin
birində ("Cənab Koqito-qayıdış") belə
yazmazdı:
"...o,
tərəqqiyə daha inanmır...
bolluğun sərgiləri
onu iyrəndiririr,
utandırır...
...elə
onunçün də geri dönür, qayıdır...".
***
"Zbiqnev Herbert" məqaləsinin müəllifi
Andrey Pavlişin şairin bioqrafiyasının erkən
dövrünə aid, amma şəxsiyyətindən və
yaradıcılığının əsas keyfiyyətindən
xəbər verən bir xüsusi məqamı qeyd edir. O yazır ki, sovet
işğalının ilk dövründə - onda Zbiqnevin 15
yaşı vardı, - Herbert bütün şagird
yoldaşlarına Stalinin portretinə arxalarını
çevirməyə sövq edə bilmişdi. O dövrdə
bu, ciddi və ağır cəzayla nəticələnə
bilərdisə də, yeni xanım direktorun mülayimliyi məsələni
"üsyankar şagirdin" məktəbini dəyişməklə
yekunlaşdırdı.
***
Zbiqnev Herbertin yaradıcılığının mərhələləri
ilə bağlı demək olar, əksər
araşdırıcıların rəyi eynidir. 1954-1969-cu illəri
əhatə I mərhələ şairin "İşıq
teli", "Hermes, köpək və ulduz",
"Əşyanın tədqiqi",
"Yazı"kitabları ilə əlamətdardır.
Ümumiyyətlə, artıq ilk şeir və
kitablarından Herbertin öz fərqli poetik nəfəsi -
asta, amma güclü səsi sezilirdi. K.K.Baçinski,
T.Rujeviç, Y.Xartviq və M.Byaloşevskinin nəsildaşı
olan Herbert yaradıcılığa nisbətən gec
başlamış, eksperimentlərə meyilli gənclik
çağında tələskənlik eləməmiş,
"oturuşmuş səslə dil
açmışdı". Onun
poeziyası "yaş azlığından əziyyət
çəkən", lirik vəcdlə dolu poeziya deyildi.
O, hər şeyi, o cümlədən II Dünya müharibəsini
bütün dəhşətləriylə yaddaşa
köcürmüş, sonra isə o yaşantıları
düşüncə dərəcəsində soyutmuş
yaddaşın isterikadan uzaq intonasiyası ilə ifadə etməyə
başlamışdı. Bu mərhələdə
Herbert həm də Rujeviç və b. özündən
yaşca nisbətən böyük həmkarlarının
poetik təsirindən bütünlüklə qurtulmuşdu.
Qəribədir
ki, məhz yaradıcılığının sonuncu, III mərhələsində
Herbert, sanki elə lap başlanğıcda
formalaşdırdığı üslubuna daha çox lirimz
qatmağa çalışır, həm şəxsi, həm
ümumi mənada ötərilik, fanilik, hər şeyin öləziməkdə
olması notlarını çoxaldır şeirlərində.
Bu illərdəki "Roviqo" və
"Gedişin elegiyası" kitablarında həmin notlar
daha çox qabarıqdı. Amma bu, sonuncu
mərhələ idi.
Herbertin böyük şair kimi özünü
tanıtdırdığı dövr isə II mərhələ
- 1970-1985-ci illər idi. Yaradıcılığının
şah nümunələrinin toplandığı "Pan
Kogito" və "Mühasirəli şəhərdən
hesabat və başqa şeirlər" bu illərdə nəşr
edilir. Bu kitablar həm Polşa, həm də
ümumavropa mədəni mühitinin təkrarsız və
ciddi hadisələri idi. Herbert - neolklassist
məhz bu illərdə miqyaslı şəkildə
görünür. Dekartın "Düşünürəmsə,
varam" (Cogito ergo sum) formulundan doğan, Pol Valerinin "cənab
Test"i ilə qohum olan və Zbiqnevin 40-dan artıq
şeirinin baş qəhrəmanı olan Cənab Kogitonu
dünya şeirinə şair məhz bu dövrdə bəxş
etmişdi. Kim idi cənab Kogito? Əlbəttə
ki, ilk növbədə, Herbertin "alter-ego"su, bozluq və
düşüklük, zövqsüzlüklə zəhərlənmiş
cəmiyyətə ironiya edən, özünə də
acımayan, laqeyd ironiya ilə işğal olunmuş cəmiyyətə
isə həmdərdlilik göstərən bir daxili səs,
avropalı düşünərin ümumiləşmiş
obrazı, bəzən monoloq, bəzən dialoqdu.
"onsuz da ruh qıtlığıdır
bəşər arasında...".
"Cənab Koqitonun ruhu"
şeirindən
"Həlak
olmuş 120 nəfəri
xəritədə axtarmaq mənasızdı
uzaqlıq onları
cəngəllik kimi gizlədir.
Sayın
çoxluğu
xəyal
gücünü korşaldır
sondakı sıfır
onların özünü xəyala çevirir.
Düşünmək
üçün mövzu:
iztirabın cəbri...".
"Cənab Koqito qəzet oxuyur"
"Axşamlar
faktlardan azad olarkən
bizim
keçmiş və uzaq işlərimizi
düşünmək
imkanım olur, məsələn,
okeanın o tayındakı müttəfiqimizi -
bilirəm
ürəkdən yanırlar, həyandılar,
un
yollayırlar, piy, çuval-çuval qidalar
və
müdrik məsləhətlər.
Bilmirlər
ki, bizi ikinci Apokalipsis zamanı
onların
ataları satıbdı,
amma
oğullar ataya
cavabdeh deyil
deyə, tərifə layiqdirlər,
bizsə,
əlbəttə, minnətdarıq...".
"Mühasirəli şəhərdən
hesabat" şeirindən
"...İşğalçı,
mənim köməksiz vətənim
səni qəbul edəcək,
ağ
söyüdün altında bir arşın torpaq da
verəcək,
səni uyudacaq ki,
bizdən
sonra gələnlər yenidən vaqif olsunlar
sənətlərin ən çətininə -
yəni
bağışlamaq sənətinə".
"7. 17.IX" şeirindən
"Bizim
etirazımız nifaqımız bizim inadımız
əsla
heç bir güc istəmirdi bizdən
gərək olan azacıq qoçaqlığımız vardı
bizim
əslində, hər şey aslıydı zövqümüzdən
zövqümüzdən ki
canıydı qanıydı vicdanımızın...".
(...)
belə
çıxır ki, həyatda estetika da
gərəkli bir şeymiş
gözəllik haqqında elmə xor baxmaq
sən
demə, lazım deyilmiş.
(...)
gözlərimiz və qulaqlarımız
itaətdən
imtina elədilər
hisslərimizin məğrur şahzadələri
sürgün
həyatını seçdilər...".
"Zövqün qüdrəti"
şeirindən
Herbertin
bu dövr yaradıcılığının xüsusi qeyd
olunacaq məqamı da vaxtaşırı antik mövzu və
süjetlərə müraciət etməsi, əski personaj və
qəhrəmanları ("Qoca Prometey", "Tərəddüd
edən Nika" və s.) yeni anturajda, bəzən isə yeni
situasiya və yozumda təqdim etməsidir. "Köhnəliyi"
bu sayaq "dişə vurma", sınama əlbəttə
ki, Herbertin öz sözləri ilə desək, "ədəbi
naz-qəmzə" yox, "azadlıq və insan ləyaqəti
kimi anlayışların indi və bu dəqiqə (bu isə
çox vacibdir!) bizim
üçün nə demək olduğunu müəyyənləşdirmək
cəhdidir". Yalnız "ekzistensial
rezervuar" və "əbədi indi" olan mifoloji
süjetlər buna imkan verirdi ki, dünya ədəbiyyatında
da bunu sıradan ədiblər edə bilməzdi. Çünki bu, keçmişi və indini eyni
vaxtda sərf-nəzər etmə demək idi.
***
"Əsrlər boyunca polyak ədəbiyyatında
poeziyaya xüsusi önəm verilib. Ən əvvəl parçalanma
dövründə, sonra isə Polşa Xalq
Respublikasının zamanında poeziya nəinki yalnız
şairlərin özü üçün və
başlıca xidmət vasitəsi kimi ali
incəsənətin bir hissəsi idi, o həmçinin sosial əlaqələri
formalaşdırır və millətin özünüdərkinə,
onun yaranmasına və formalaşmasına xidmət
edirdi".
Bu fikirlər
2010-cu ildə Polşa Respublikası Xarici İşlər
Nazirliyinin maliyyə dəstəyi ilə Polşanın Azərbaycandakı
səfirliyi tərəfindən Bakıda nəşr edilən,
Herbertin şeirləri ilə açılan, Çeslav
Miloş, Vislava Şimborska və Tadeuş Rujeviçin də
şeirlərinin daxil edildiyi "Qəfil
görüş" (Çağdaş polyak poeziyası
antologiyası) kitabına, antologiyanın tərtibçisi
Aqneşka Ronçka tərəfindən yazılmış
"tərtibçidən" başlıqlı yazıdan
götürülüb. Oxşar fikirləri Azərbaycan
poeziyası, xüsusən XX əsr Azərbaycan şeiri
haqqında da söyləmək olar. Ümumiyyətlə,
polyak və azərbaycanlıların XX əsrdə
bölüşəcək oxşar və heç də həmişə
birmənalı, xoşbəxt olmayan taleləri vardır ki,
bunun ən yaxşı əks olunduğu mənbə bizim
şairlərin yaratdığı poeziyadır. Bu mənada
XX yüz il polyak şeiri həm azərbaycanlı
poeziyasevərlər üçün, xüsusən də ədəbiyyatçılar
üçün bir çox baxımdan maraq kəsb edir ki,
"Qəfil görüş" antologiyasının nəşrinə
peşəkar çevrələrdəki münasibət də
bunu sübut edir. Bu gün Miloş, Şimborska,
Rujeviç və Herbertin şeirləri həmin çevrələrin
tez-tez istinad elədiyi bədii nümunələr
sırasındadır.
Antologiyanın
hazırlanmasında bu məqalənin müəllifi və Rəfail
Tağızadə (bədii işləmə və tərcümə),
Ayla Ağayeva, Rafiq Həşimov, Aynurə Cəfərova,
İlahə Kərimova, Yelena Karetina, Rəisə Miskərli və
Vüsalə Mustafayeva (tərcüməçilər), Yoanna
Senkeviç (əlaqələndirici) və Katajına
Kaletanın (səhifələmə və dizayn) xüsusi zəhmətləri
olmuşdu. Və hələ ki, bu kitab müasir polyak
şeirini bu həcmdə (4 şairin hər birindən on
şeir, barələrində müfəssəl bilgi və
polyak poeziyası haqda həcmli məqalə olmaqla) təqdim
edən yeganə kitabdır ki, Herbrertin poeziyası, xüsusən
də yaradıcılığının səciyyəvi,
proqram xarakterli şeirləri ("Tərəddüd edən
Nika", "Klassiklərin fərqi", "Cənab
Koqitonun mirası", "Mühasirədəki şəhərdən
hesabat", "Zövqün qüdrəti" və s.) daxil
edilməklə təqdim olunub.
Bütövlükdə
müasir polyak şeirini, o cümlədən Zbiqnev Herbertin
poeziyasını Azərbaycan oxucusuna tanıtdıra bilən
daha bir mənbə, son illərin maraq doğuran nəşrlərindən
biri sayılan Azərbaycan polonistikasının veteranı,
doktor Gülər Abdullabəyovanın yazdığı
"Müasir polyak ədəbiyyatı" monoqrafiyası,
kitabıdır.
Bu gün hər iki nəşr polyak şeirini
tanımaq istəyənlərin stolüstü kitabı olub
böyük zövqün qüdrətini nişan verir.
Səlim Babullaoğlu
Məqalə "Polonia"
jurnalının sifarişi ilə yazılıb.
Ədəbiyyat qəzeti.- 2019.- 24
avqust.- S.4.