Mühasirədəki şəhərdən hesabat

 

Silah götürmək və tək döyüşmək üçün çox qocayam -

Mənasızdı, amma yenə yazıqları gəlib salnaməçiliyi tapşırıblar mənə

və mən də mühasirənin tarixçəsini yazıram, hərçənd, kimin üçün bəlli deyil.

 

Dəqiqlik gərəkdi, düzdü, amma hücumunvaxt başladığını xatırlamıram,

iki yüz il əvvəlmi, payızdamı, qışdamı,

bəlkə dünən səhər-səhər, gün doğarkən...

...zaman hissini unudub hamı, xəstədi burda hər kəs,

bircə yer bəllidir, bir o yerə bağlılıq,

hələ ki bizdədi bağların, evlərin, məbədlərin kabusları, xarabalıq-

onları da əldən versək qənimət boşluq olacaq demək.

 

Mən bacardığım kimi yazıram, sonsuz həftələrin sönük ritmində:

bazar ertəsi: bomboşdu anbarlar, dəyiş-düyüş üçün qalıbdı bircə siçanlar;

çərşənbə axşamı: burqomistri qətlə yetirdi naməlum adamlar;

çərşənbə: sülhdən bəhs edirlər, tərk-silah edilibdi səfirlər,

yeri bilinmir onların, yəni cəsədlərin edamın;

cümə axşamı: səs-küylü iclasda çoxluqla rədd edildi

şirniyyat satanların şərtsiz təslimiyyət təklifi;

cümə: vəbanın başlanğıcı; şənbə: cəsur dönməz havadarımız

həyatına son qoydu intiharla; bazar: su yoxdu, keçirdik ələ

Müqəddəs Kəlam qapıları adlanan Şərq darvazalarını həmləylə.

 

Anlayıram ki, bunlar solğun yazılardı, kimsəni tərpətməz,

hissimi boğub şərhlərdən qaçıram, yazdıqlarım yalnız faktlardı,

bir elə yalnız onların qiyməti var Qərb bazarında.

Amma dünyaya car çəkmək istərdim bir azca qürurla ki, biz,

bu müharibənin hesabına yeni növ uşaqlar yetişdirmişik,

o uşaqlar nağılları sevmirlər, yalnız ölüm-öldürüm oynayırlar həyatda,

yuxuda şorba, çörək sümük xəyal edirlər yalnız-

eynən it-pişik kimi.

 

Axşamları şəhər kənarında gəzməyi sevirəm,

bizim kövrək azadlığımızın sərhədləri yanında

orduların nəhəng qarışqa yuvasını yuxarıdan seyr edirəm-

onların məşəllərini,

barbarların hayqırtısını, təbil səsini eşidirəm.

Şəhər hələ bizdədi, doğrusu, necə bilmirəm...

 

Mühasirə o qədər uzanır ki, görünür, düşmən dəyişir,

bizim qətlimizdən başqa onları heç birləşdirmir,

qotlar, tatarlar, isveçlilər, İmperator qoşunu,

müqəddəs Tanrı ordusu... - bəllimi onların sayı?

yazda zərif quş sarısı, yaşıl, tünd-qırmızı, qışın palçıq qarası-

dəyişir üfüqdə meşətək rəngi bayraqlarının...

 

Axşamlar faktlardan azad olarkən

bizim keçmiş uzaq işlərimizi düşünmək imkanım olur, məsələn,

okeanın o tayındakı müttəfiqimizi - bilirəm ürəkdən yanırlar, həyandılar,

un yollayırlar, piy, çuval-çuval qidalar müdrik məsləhətlər.

Bilmirlər ki, bizi ikinci Apokalipsis zamanı onların ataları satıbdı,

amma oğullar ataya cavabdeh deyil deyə, tərifə layiqdirlər,

bizsə, əlbəttə, minnətdarıq.

Onlar əbədiyyət qədər uzun mühasirə görməyiblər.

Bədbəxtliyin sığal çəkdiyi hər kəs tənhadı-

Dalay-lamanın tərəfdarları, kürdlər, əfqan dağlıları...

 

Mən bunları yazarkən sülh tərəfdarları

dönməzlər partiyası üzərində azacıq üstünlük əldə ediblər,

meyillər dəyişir həmişə, yenə bəlli deyil talelər...

 

Qəbirlər artdıqca azalır dönməz əsgərlər,

amma mühasirə yarılmayıb, biz sonadək duracağıq,

işdi şəhər əldən gedərsə, qalarsa bircə nəfər,

o özüylə daşıyar şəhəri qürbətin dolanmbacında.

Demək ki, o özü şəhər olacaq.

Alovun, qorxaqlığın, baxarıq üzünə ölümün,

lap pisi xəyanətin.

 

Basılmaz qalacaq hər zaman yalnız bizim yuxular.

 

Zövqün qüdrəti

 

Professor İzidora Dombskayaya

 

Bizim etirazımız, nifaqımız, bizim inadımız

əsla heç bir güc istəmirdi bizdən,

gərək olan azacıq qoçaqlığımız vardı bizim -

əslində, hər şey aslıydı zövqümüzdən,

zövqümüzdən ki,

canıydı, qanıydı, vicdanımızın...

 

Kim bilir, bəlkə bizi həblər kimi yastı, alyanaq qadınlarla,

ya da Bosxun rəsmlərindəki əcaib varlıqlarla

daha gözəl şəkildə ustalıqla başdan çıxarsaydılar,

onda ədalət sarayı adlanan o cəhənnəm,

o çirkli çuxur, döngə, qatil yatağı necə görünərdi?

 

Əvəzində Leninin gödəkçəsini geymiş cecə qoxuyan Mefistofel,

"Avroranın" qız  nəvələrini,

yemişbaş oğlan uşaqlarını, 

qırmızı əlli-əlcəkli pinti qızcığazları ölkəmizə göndərdi.

 

Kasad, döyənək olmuş sözlər, iki-üç axmaq kəlmə,

cəllad dialektikası, incəlikdən məhrum fikir,

felin lazım formasının gözəlliyindən məhrum sintaksis-

vallah, onların bəlağəti olduqca zövqsüzdü-

gorun elə onda çatladı Mark Tuli.

 

Belə çıxır ki, həyatda estetika da gərəkli bir şeymiş,

gözəllik haqqında elmə xor baxmaq sən demə, lazım deyilmiş.

 

Amma bütün bunları təsdiq eləməmişdən əvvəl,

memarlıq formalarını, barabanların fitlərin ritmini,

rəsmi rəmzləri qanmazca dəfn mərasimlərini

biz dəqiqliklə tədqiq etməliyik...

 

Gözlərimiz qulaqlarımız itaətdən imtina elədilər,

hisslərimizin məğrur şahzadələri sürgün həyatını seçdilər...

 

Heç bir güc lazım deyildi, əsla!

Gərək olan azacıq qoçaqlığımız vardı bizim,

əslində, hər şey asılıydı zövqümüzdən,

, zövqümüzdən ki,

iyrəndiyimizi, acı gülüşümüzü göstərəcəkdi.

Ola bilsin, başımız - bədənimizin o əvəzsiz saxlancı

çiynimizdən düşəcəkdi...

 

7.17.IX

 

Yuzef Çapskiyə

 

İşğalçı, mənim köməksiz vətənim səni qəbul edəcək,

Yas   Malqosyanın ayaq döydüyü məktəb yolu

heç vaxt uçuruma çevrilməyəcək.

 

Çaylar çox tənbəldirlər, sellərə-daşqınlara meyilli deyillər,

dağlarda yatan cəngavərlər yenə mürgü döyəcəklər,

demək sən, ey, çağırılmamış qonaq, içəri çox asan girəcəksən.

 

Amma bu torpağın övladları gecə toplaşacaqlar,

gülməli quşatanlara sarılacaqlar azadlıq aşiqləri,

öz müzey silahlarını yağlayacaqlar,

quşa bayrağın iki rənginə əl basacaqlar.

 

Sonra həmişəki kimi partlayış qızartısı,

bir rəsmlərdən çıxmış oğlanlar, yuxusuz komandirlər,

arxada məğlubiyyət dolu səhranın sarı-paslı səhrası,

bir ayıq-sayıq yeganə düşüncə - kömək gəlməyəcək...

 

İşğalçı, mənim köməksiz vətənim səni qəbul edəcək,

söyüdün altında bir arşın torpaq da verəcək, səni uyudacaq ki,

bizdən sonra gələnlər yenidən vaqif olsunlar

sənətlərin ən çətininə - yəni bağışlamaq sənətinə.

 

Zbiqnev Herbert

 

Tərcümə etdi: Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.5.