Pəmbə dodaqların mövsümü
Pəmbə dodaqların
mövsümü gəldi,
gül nəfəsini
gətirdi küləklər,
pəncərəsi dənizə
baxan
ev kimidi arzular,
quşların qulağına
pıçıldadım səni
sevdiyimi,
sənə elçi
yollandılar...
***
İtin
kölgəsini
qılınclayan adam,
itin kölgəsinə
gülümsəyən Günəş,
itin kölgəsini
udan qaranlıq,
it Günəşi seçdi
-
işığı.
***
Enişlərin qamçısı
kürəyimə dəyəndə
ürəyim göynədi,
yoxuşların Sizifiyəm,
taleyin daşı
ömrümü dən kimi üyütdü
Tanrı
dağının
ətəklərində...
ömrü yaşayıb
qurtaranda
anlayırsan ki,
tale insan deməkdir.
Rüzgarda bir yarpaq kimi
uçar əllərin,
payız saçlarında
islanar,
gözlərində sayrışar
Aylı-ulduzlu gecələr...
Bir gün
Günəşi üfüqdən qoparıb
sənə gətirər
əllərində
gözlədiyin adam...
Fəna fasiləsi
Bu fəna fasiləsində
göyərçinlər ruhuma aşina
ola bilsəydi,
pişiklər yalnızlığıma
şərik olsaydı,
dəli küləklər
qovub uzaqlara
apara bilsəydi
mənə əzab
verən düşüncələri,
ürəyimdəki ağrının
kimdən yadigar qaldığını da
unudardım,
gözlərim güzgüdə
məni tapardı -
alnını qırışlar
doğramayan,
ürəyi polad kimi möhkəm,
sevgisi yaralanmayan
məxməri kəpənəklərin
dostunu,
mən bu fəna fasiləsində
qaranlığı yorğan
təki üstündən
atan
Günəşəm...
Bir azdan qar yağacaq,
örtəcək üstünü
yalnızlığın,
məni qar dənələri
xoşbəxt edəcək...
təbiətin şaxtalı
nəvazişi
qəlbimi isidəcək,
qarı ovuclayıb
sıxacağam köksümə...
sən qar altında
yazı gözləyən
bənövşəsən!..
***
Kölgəmi qoruyan divarlara,
keşiyimi çəkən
qapılara,
ayağıma yad gələn yollara deyin ki,
insan sudur, axıb gedir,
divarları yıxıb
gedir,
suyun qapısı olmur,
yolları yuyub gedir,
gedir, hopur torpağa...
suyun kölgəsi olmur,
suyun ləkəsi olur,
insanın itən
yeridir su...
8 martdan bir gün
sonra...
İndi
mən taleyimin uğursuz aktyoruyam,
öz rolumun sözlərini unudaraq
duruxub qalmışam həyat səhnəsində,
gecə gəzintisindən
qayıdan külək
unutduğum sözləri
səpələyib
şəhərin kimsəsiz
küçələrinə,
dilənçilərin gözünə
pul kimi görünən o sözlər
onların çoxdan
unutduğu bir dilin sözləridi,
həyat bu sözləri
onların küçələrə
səpələnmiş ömründə
çoxdan öldürüb...
indi onlar bədbəxtliyin faizini ödəyirlər
oturduqları səkilərə,
taleyinin sözlərini unutmuş aktyoru
fitə basır dilənçilər...
sevgisini bir çinarın kölgəsində
qoyub gəlmiş o qadın
səhər yolu keçəndə
gözünə qəzet
parçasındakı bir
başlıq sataşar
-
hadisə yerində
xoşbəxtliyin
qətlə yetirilmiş meyiti tapılıb...
qadın donub qalar:
mən o xoşbəxtliyi
tanıyırdım... - deyə
çığırar...
Darıxmamaq...
Darıxmaq üçün həyat
çox qısadı,
darıxmamaq üçün
çox uzun,
günlə, saatla ölçülməz,
hissin maye halında çıxar canından darıxmaq,
alışarsan darıxmamağa...
gözlərində uçular
arzuların körpüsü,
sənin sevgin tarixin sinəsilə örtülər,
üzündəki sınıq
təbəssüm
darıxmaq hissindən
bir nişanədi,
sən darıxan adama kənardan baxıb keçərsən,
alışarsan darıxmamağa...
darıxmaqdan açılan
çiçəkləri görməzsən,
darıxmaqdan boşalan
buludları görməzsən,
darıxmaqdan çatlayan
ürəkləri görməzsən,
alışarsan darıxmamağa...
***
Yəqin,
ölüm belə gəlir -
qulağında donur sükut,
dilinin ucunda
şam kimi titrəyib
sönür söz...
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.6.