Tanrının dizləri
Venesiyaya altıncı məktub
Boyum
çatmır boyuna,
sənə
deyim qəlbimi.
Öpsəm
çiyinlərindən,
ürəyimi
açsam,
qulağına
dediyimi
desəm
boynuna, çiyninə..
Mən
hər gecə təkliyin başını
qoydum Tanrının dizinə.
Ayağının altına bax, dəcəl qız,
əzərsən "çəkmə"nlə
Maltanı.
Məndən yan keçən
baxışların
Damokl qılıncına çevrilir
xirtdəyimdə.
Boğuluram...
Mən qafqazlı Spartak
azadlığa deyil,
geriyə -
Romaya qaçıram
əsirin olmağa...
Sənin
azadlığa açılmış
qolların
İsanın gərilmiş çarmıxı.
Qeybə
çəkilmək - yox
olmaq istəyim var
qollarından - eşqin
çarmıxından...
Şəklinə baxdıqca
qapım üstdə
yuva quran
balasına yem aparan qaranquş
dənləyir ürəyimi.
Cikkildəyir:
"Niyə bitmir bu ürək,
elə bil sinə üstdə ürək deyil
taxıl zəmisi
gəzdirir, zalım balası".
Çiyinlərim qabar olub
Allahın tabutunu daşıyıram.
Şəhər-şəhər gəzdirirəm
kimsə yox tabut altına girməyə
şeytan ayağını
yumaqda hamı.
Başım dizsiz qalıb
Tanrının dizləri çürüyür
çiyinlərimdə.
Salavat çevirirəm təsbehimdə
Tanrının 99 adını pıçıldayıram:
Sən.
Sən..
Sən...
Emin Piri
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.7.