Bu, İsa
Hüseynovun Nəsimisidir...
Mənasını başa düşmədiyim,
yəqin ki, heç zaman başa düşməyəcəyim
bir məsəlimiz var: "Ellə gələn qara gün toy-bayramdır".
Burda naməlum
müəllif nə demək istəyir?
Hərçənd haqqında danışacağım
mövzu təkcə bizim elin yox,
elə bu dünyanın dərdidir.
Hamı "hərşeyşünas" olub,
hamı hər şeyi bilir.
Hamı hər şeydən danışır.
Bu həmişə elə
idi, əslində.
Sadəcə, sosial medianın sürətli inkişafı
ilə orta statistik zəkanın hökmranlığı başlayır.
Bu tendensiyanı ifadə edən bir termin
də var: "Mediokratiya".
Misal üçün,
Firudin Qurbansoyun İsa Hüseynov haqqında açıqlamalarına
baxaq.
Axı, cəmiyyətin
falabaxan, lap gözaldadıcı
tərzdə deyək
astroloq kimi tanıdığı Firudin
müəllim deyir ki, İsa Hüseynov
Nəsimi anlayacaq səviyyədə deyildi.
Ayıbdır axı...
Ondan da qabaq yazıçının
ruhuna təhqirdir.
İsa Hüseynov
Azərbaycan ədəbiyyatının
son klassikidir.
Və qayıdaq əsas məsələmizə...
Firudin müəllim
XX əsr ədəbiyyatı
üzrə mütəxəssis
də deyil.
Nəsimidən kitab yazıb, lap yaxşı.
Amma axı,
yazıçı istədiyi
obrazı yaratmaqda sərbəstdir.
Bu, İsa Hüseynovun
Nəsimisidir.
Sabah bir başqası bu ağır temaya girişsin, ortaya bir roman qoysun, deyək əla...
Bunu da filologiya elmləri namizədinə biz başa
salmalıyıq?
Məsələ Firudin müəllimlə yekunlaşmır.
Baxırsan, ömründə on dənə
normal kitab oxumayıb,
amma ədəbiyyat haqqında hökm verir.
Vertolyotumuz qəzaya uğrayır, bir anda aviasiya
mühəndisi olur.
Cinsi diskriminasiya
faktı qeydə alınır, tez ekspert olur.
"Qarabağ" oynayanda
hamı futbol strateqi olur.
Bunun adı da Rəşid müəllim sindromudur.
Bunun adı çayxanadakı rəyi
həqiqi fikrin yerinə qoymaqdır.
Bunun adı kütlə rəyini peşəkarlığın yerinə
qoymaqdır.
Bunun adı nadanlığın rəyasətə
dırmanmasıdır.
Bu hay-küydə, əlbəttə
ki, düz söz eşidilə bilməz.
Ədəbiyyat isə ali ruhların məşğuliyyətidir, ona
görə də ruhunu ucaltmaq istəyənlərin peşəsidir.
Orta statistik zəkanın hökmran olduğu dövrdə ədəbiyyat,
əlbəttə ki, böhran yaşayacaq...
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.6.