Fikrət Qoca: “Nəsimini öz
yazıçılarımız soyub”
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın APA
-ya müsahibəsi
- Fikrət müəllim, bu il
AYB-nin 85 yaşı tamam olur. Bununla bağlı hansı tədbirlər
nəzərdə tutulub?
-
Böyük tədbir keçirməyi
planlaşdırırıq. Bildiyiniz kimi, bu il “Nəsimi ili”
elan olunub. Onunla bağlı dövlət səviyyəsində
tədbir keçiriləcək. Biz də həmin ərəfədə
AYB-nin 85 illiyini keçirmək niyyətindəyik.
Çünki bunlar elə tədbirlərdir ki, qonaq dəvət
etmək lazım olacaq. Ona görə
düşünürük ki, iki dəfə xərcə
düşməmək üçün qonaqlar Nəsiminin
yubileyinə gəlmişkən onları AYB-nin 85 illiyinə də
dəvət edək.
- Yubileyi Nəsimi tədbiri ilə
eyni vaxtda keçirmək istəyirsiniz?
-
Eyni yox, hardasa üç gün fərqlə. Qonaq da gəlib
tez qayıtmaz. Azərbaycanın gəzməli yerlərini gəzər,
həm də biz qonaqdan lazımınca istifadə etmiş
olarıq.
- Belə çıxır ki,
yubiley tədbirinin vaxtı hələ bəlli deyil?
-
Yox, hələ bəlli deyil. Çünki Nəsimi dövlət
tədbiridir. Bizim tədbirin vaxtı da ondan asılıdır.
- AYB-nin 85 illiyinə xarici
yazıçılardan kimləri dəvət etməyi
düşünürsünüz?
- Onu indi
deyə bilmərəm. Onun üçün gərək
AYB-nin yubiley vaxtı dəqiq məlum ola.
Hətta ola bilsin 85 illik qurultay ərəfəsində
də keçirilsin. Çünki bu il
bizim qurultayımız da keçirilməli idi. Belə
görünür ki, bu böyük tədbirlərə
görə qurultayı gələn ilin əvvəlinə
salmalı olacağıq.
- Sizcə AYB-nin Azərbaycan
mədəniyyət tarixində yeri nədir?
- Yazıçılar Birliyi Azərbaycanın
ayrılmaz tarixidir. Azərbaycan hansı yolu keçibsə,
Yazıçılar Birliyi də həmən yolu keçib.
Azərbaycan repressiyadan keçibsə, Yazıçılar
Birliyi də keçib, Böyük Vətən müharibəsindən
keçibsə, Yazıçılar Birliyi də keçib,
bu gün də Qarabağdan keçirsə,
Yazıçılar Birliyi də o yolu keçir. Yazıçılar kimdir? Azərbaycan vətəndaşları,
Azərbaycanın keçmişini, gələcəyini
düşünən insanlar...
- Belə fikir də var ki, AYB Azərbaycanın
tarixinin təkcə fərəh yeri deyil, çünki onun
divarları arasında neçə-neçə
yazıçı-şairin repressiya olunması haqqında fərman
verilib, haqqında donoslar yazılıb, yersiz ittihamlar səsləndirilib.
- Bunu deyənlər
boş adamlardır, başları da bir az
boşdur. Onların gözü ancaq nöqsan
axtarır. Bu həmən
Yazıçılar Birliyidir ki, Müşfiqi yetişdirib,
Cavid kimi sənətkarı yetişdirib.
- Müşfiqin, Cavidin əleyhinə
iclaslar da elə burada keçirilib axı...
- İndi də keçirilir. Anar müəllimin
haqqında hər gün yazırlar. Həmin
yazıçılardır da. Bunlar da
donosdur. Sadəcə, indi donosa baxan yoxdur.
İndi Anar haqqında qəzetlərdə yazılanlar
o vaxtı xəlvəti yazılan donoslar kimi bir şeydir.
Cavan yazıçılar yazırlar ki, Anar filan
pulu yedi. A kişi, pulu dövlət
bankdan banka keçirir. Anar əvvəla sədrdir,
bu pula ehtiyacı yoxdur. Anarın
maaşı da sizin maaşınızdan çoxdur. Anarın yoldaşı alimdir, yaxşı
qazanır. Bunlar bu saat evdə iki
adamdırlar, övladları da onlara möhtac deyillər.
Anarın nəyinə lazımdır ki, dövlətin
ayırdığı pulu yesin. İmkanı
olsa, üstünə qoyub camaata verir. O cür də
edir.
- Cibindən qoyur?
- Kimsə
gəlir ki, uşağım xəstədir, kömək edin,
bizim də bankımız yoxdur, hardan götürürük? Cibimizdən veririk.
- Deyirsiniz, o vaxt Müşfiqə,
Cavidə qarşı olan repressiyalar indi də Anara
qarşı olur?
- Təkcə Anara yox, bir-birlərinə qarşı da
repressiya edirlər. Bir-birlərinə qarşı
söyüş, təhqir yazırlar. Yenə
söyüş yazsalar, cəhənnəm, elə şər
atırlar ki, 37-də belə şərə görə
adamı tutardılar.
- Onda indiki ədəbi mühitdən
razı deyilsiniz?
-
Mühit həmişə belə olub. Nəsimini kim soydu? Onun
paxıllığını çəkən
yazıçı yoldaşları. Yüz
nəfərdən biri anadangəlmə şair olur,
qalanları da onun paxıllığını çəkir.
Elə bilirlər ki, o olmasaydı, bunlar şair
olacaqdı. Füzulinin dövründə
yüzlərlə şair vardı, hanı onların
adları?
- Sizin də
paxıllığınızı çəkənlər
çoxdur?
- Mən
bilmirəm. Vaxtı ilə haqqımda “Kirpi”yə
yazı verirdilər ki, Fikrət əruzu pozur, əruza təzə
forma gətirir. Mənim də haqqımda
yazıblar.
- AYB Stalin vaxtı
yazıçıları nəzarətdə saxlamaq
üçün yaradılmışdı. SSRİ
dağılandan sonra bir çox ölkədə
yazıçılar birliklərinin funksiyaları məhdudlaşdı,
əhəmiyyətini itirdi. Sizcə, bu gün
AYB müasir dövrün tələblərinə cavab verirmi?
-
Çox qəribə sual verirsən. Sən
deyirsən ki, dəniz yaxşıdır, yoxsa pisdir? Dənizdə
hər şey var: pis də, yaxşı da. AYB də
cəmiyyətdir, burda yaxşı da var, pis də. Sən bilən XI əsrdə Məhsəti xanım
evində şair məclisi keçirəndə bunu dövlət
eləmişdi? Yox. Bunu
bizim ruhumuz eləmişdi. Anası Məhsəti
xanım olanın XII əsrdə də Nizamisi doğulur.
Bizdə ədəbiyyatın bu cür
kökü var. Ona görə də çox ölkədə
yazıçılar birliyi indi yoxdur. Çünki
onların kökü də olmayıb. Amma
bizdə var, sadəcə, onu istəməyənlər,
düşmənləri də var.
- Deməli, AYB-nin fəaliyyəti
sizi qane edir?
- Əlbəttə. Çox yaxşı fəaliyyət
göstərir. AYB-nin on nəfərə yaxın akademik
üzvü var. Hansı cəmiyyətin bu qədər
akademiki var? Nə qədər millət vəkili
olan üzvü var. Bir vaxtlar Yazıçılar Birliyinin
üzvü olan millət vəkillərinin sayı iyirmiyə
yaxın idi, indi azalıb. İki minə yaxın
üzvümüzün arasında bir nəfər də orta təhsilli
yoxdur, hamısı ali təhsillidir.
- Bəs onda necə olur ki, Siz sədr,
katib kimi Yazıçılar Birliyindən
razısınız, amma üzvləriniz narazıdırlar?
- Onlar da
sədr olanda razı qalacaqlar(gülür).Məsələ
sədrlikdə deyil. Hər dəfə qurultay
yaxınlaşanda həmin cavanlar Anarın əleyhinə
danışırlar. İndi qocalıblar,
yenə həmin fikirdədirlər.
- Anar müsahibəsində deyib ki,
qurultayda istənilsə, sonuncu dəfə sədr olar. Siz necə,
yenə katib olmaq istəyirsinizmi?
- Olsun də,
niyə olmasın. Mən də istəyərdim
yenə katib olum. Bilirsən, bir var, hansısa ölkənin
məşhur yazıçısına yazırsan ki, bizim
qurultayımızdır, sizi dəvət edirik, imza: Məmmədağa.
Deyəcək, Məmmədağa kimdir? Amma Anar yazılanda tanıyırlar. Məmmədağa
cavandır, sədr olmaq istəyir, lap yaxşı, qoy
özünü tanıtsın, ondan sonra sədr olsun.
- Siz istəyirsiniz növbəti
qurultayda da Anar sədr seçilsin?
- Mən
istəyirəm.
- Anar seçilsə, Siz yenə
katib olacaqsınız?
- O
qalıb üzvlərin seçiminə. Amma istəyərəm,
niyə istəmirəm. Bilirsiniz, evdə
ölməkdənsə, burda ölərəm. Bura da mənim evimdir. Bura
yazıçıların hamısının evidir. Ömrümün xeyli hissəsi evdən çox
burda keçib. Evdə arvad-uşağa
demədiyim dərdimi burda şair yoldaşlarıma demişəm.
- Fikrət müəllim, AYB 1934-də
yaranıb, siz də 1935-də doğulmusunuz. Aranızda bir
yaş fərq var. Bu yaşınız üçün katib vəzifəsi
çətin deyil ki, Sizi yormur?
-
Ağırdı, amma bizim üçün ən çətini
işsiz qalmaqdır. Onsuz da mən işsiz
qalmıram, gecə də düşünürəm,
gündüz də. Amma burda olanda bir
növ cavanlarla ünsiyyətə girirsən deyə məlumatlı
olursan.
- Deyirəm, bəlkə
yaşlanmısınız, katib vəzifəsini yerinə
yetirmək Sizə çətin olar?
-
Tutalım bir xəstəmiz var. O şeyi ki, mən zəng
edib nazirdən xahiş edəcəyəm, onu kim
edər? Çünki nazir heç olmasa məktəbdə
mənim şeirlərimi oxuyub. O mənim
sözümü dinləyər. Min dəfə
eləmişəm, demişəm, cavan istedadlı şairdi, xəstələnib,
ona kömək etmək lazımdır. Və
ya kiminsə borcdan işığını kəsiblər.
Gəlib xahiş edib zəng vurub
tapşırtdırmışam... Hələ
ki, işləmək gücüm var.
- Fikrət müəllim, işləmək
çətin deyilsə, onda necə olur ki, Anar özü vəsiqə
verdiyi üzvləri tanımır?
- Sən
1800 üzvün hamısını tanıya bilərsən?
- Tanıyaram, niyə tanımaram.
- Onda gəl
sən ol sədr.
- Mən heç AYB üzvü
deyiləm. Fikrət müəllim, ümumiyyətlə bu gənclər
AYB-dən nə istəyirlər?
- Bəziləri
deyir ki, mənim yazı masam yoxdur. Bilirsən, yazan adam dizinin üstündə də yazar, stolun
altında da yazar. Yazan adam əksinə, dəbdəbədən
qaçır. Mən bu yaxınlara kimi özümə evdə
iş otağı düzəltməmişdim. Çünki
ora girəndə elə bilirəm kiminsə qəbuluna girirəm,
düşüncə qalmır, azadlıq qalmır.
- Bəs bu kabinetdə necə
azadlıq qalır?
- Bura gəlirəm iki-üç saat otururam.
- Burda şeir yazırsınız?
- Qətiyyən.
- Niyə?
- Ona
görə ki, şeir içəridə yaranır. Burda ancaq bəzi şeirlərimi düzəltmişəm,
amma heç vaxt şeir yazmamışam. Burda
çox gözəl cavan şairlərin kitablarını
oxuyuram.
- Mənə elə gəlir ki, AYB ilə
gənc nəslin mübarizəsində, nəhayət,
yaşlı nəsil qalib çıxdı. Siz
necə düşünürsünüz?
- Bilirsən,
insan doğulandan ölümə doğru gedir. Əgər
insan olumla ölüm arasındakı bu məsafədə
ölümdən qorxursa, deməli axmaqdır. Onsuz da bilirsən ki, öləcəksən də.
Bu səni niyə vadar edir ki, pislik edəsən?
Bu məntiqlə yaşasaq, dünyada oğru
olar? Yox. Bu məntiqlə
insan yaşasa, dünya nə gözəl olar. Uşaqdan da soruşsan biləcək ki, ölüm
nədir. Bax, bu adi məntiqi bilməyən adamlar isə
bu gün yaltaqlıq edir ki, sabah ona vəzifə
verilsin. Gecə yıxıldın öldün,
amma adın həmişəlik qaldı yaltaq. Zəhmətin də batdı getdi. Şair belə şeyləri düşünməlidir,
hər saat, hər an.
- Deyirsiniz ki, şair vəzifə
haqqında düşünməməlidir?
- Bəli.
- Amma kənardan
baxanda mənzərə ayır cürdür. Anar
32 ildir birliyin sədridir, Siz də bir o qədər katibsiz.
Bu təzada nə ad verək?
- Neyləyək, çıxaq
qaçaq? Sən neçə ildir evlisən?
- On il.
- Bəs
kənardan demirlər ki, on ildir bu necə yaşayır? Bezmir?
- Müqayisə düzgün deyil
axı. Siz Yazıçılar Birliyi ilə evlənməmisiz.
- Evlənmişik.
Çünki burdan çıxıb getsək də,
buranın üzvüyük. Bizə
şairliyimizə, yazıçılığımıza
görə hörmət edirlər, vəzifəmizə
görə yox.
- Bu yaxında Prezident AYB-nin
Şüvəlandakı Yaradıcılıq Evinin təmirinə
3 milyon manat vəsait ayırdı. Hazırda
orda təmir işləri başlayıb?
-
Artıq təmir işləri başlayıb. Təmir
olunandan sonra bizə təhvil veriləcək.
- Şabranda da
yazıçılar üçün yaradıcılıq evi
tikilirdi, orada işlər nə yerdədir?
- Orda da
tikinti işləri gedir. Yəqin gələn
yaya hazır olar.
- Bu yaradacılıq evlərinin
funksiyaları nə olacaq?
- Xaricdən
gələn qonaqlar, evi olmayan yazıçılar orda qala biləcəklər.
Əsər yazmaq istəyənlər gedib orda həm
dincələcək, həm də yaradıcılıqla məşğul
olacaqlar.
- O yaradıcılıq evlərinə
ancaq AYB-nin üzvü olan yazıçılar gedə biləcək,
yoxsa üzv olmayanların da orda dincəlmək imkanları
olacaq?
- Ora ancaq
AYB üzvləri üçün fəaliyyət göstərəcək.
AYB üzvü olmayanlar orada dincələ bilməyəcək.
- Bir müddət əvvəl də
Yazıçılar Birliyinə 800 min manat vəsait
ayrılmışdı. Siz o vəsaitin bir hissəsini
mükafat kimi xərclədiniz. Bəs
birliyin özünün gəlir yeri yoxdur? Birliyin binasının birinci mərtəbəsindəki
yer restorana icarəyə verilib. Ordan gələn
gəlir hara gedir?
- Bir dənə
elə aşağıdakı yerimiz var. Onu da restorana icarəyə
vermişik. Oradan gələn gəlir də
yazıçılara xərclənir. Bu
işlərlə mən yaxından maraqlanmıram, onu
mühasibatlıqda daha yaxşı bilirlər. Bir də
hər il bura yoxlama gəlir, gəlirlər-çıxarlar
hamısı yoxlanılır.
- Fikrət müəllim bu yaxında
gənc yazar İkinci Mahmud ürək tutmasından vəfat
etdi. Ondan əvvəl də Mövlud Mövlud
intihar eləmişdi. Yaradıcı gənclərin
belə vaxtsız getməsinin səbəbini nədə
görürsünüz? Bəlkə yaradıcı
adamların yaşamaq üçün kifayət qədər
şəraitləri olmur, bu da bu cür nəticəyə gətirib
çıxarır? Sizcə bu gənclər niyə
ölürlər?
- Bu həmişə
olub. Bu şair-yazıçının həssaslığından
irəli gəlir. Amma həyat sən deyən kimi o qədərdəqara
rəngli deyil... Taledir də. Əli Kərimin balaları da vardı, evi də
vardı.
- Deyəsən axı AYB-nin
"çörəyinin duzu yoxdur", gənclər gəlib
üzv olurlar, təqaüd alandan sonra çıxırlar. Bu yaxında da üç gənc şairlə
Anarın mübahisəsi yaranmışdı. Üzv
olmayanların tənqidi yenə başa düşüləndir,
üzv olanlar Sizi niyə tənqid edirlər?
- AYB ailədir
də, ailədə hər şey olur. Tez məşhur
olmaq üçün belə edirlər. Amma
gərək məşhur olasan ki, sonra sədr qoyalar.
- Yazıçılar
Birliyi niyə onu tənqid edən gəncləri dərhal
üzvlükdən çıxarmaqla hədələyir?
- Tənqidə
görə deyil, əxlaqsız söz, əxlaqsız fikrə
görə Yazıçılar Birliyi üzvlükdən
çıxara bilər.
- Elşad Barat Çingiz
Abdullayev haqqında əxlaqsız heç nə
yazmamışdı axı.
-
Yazmışdı. Xəlvətcə gedib
maşınının şəklini çəkmişdi.
Bu şair işi deyil, əxlaqsızlıqdır.
Çingizin milyon tirajla kitabı
çıxır, ordan qazanır.
- Bu məsələnin sonu nə
oldu, Elçad Baratı üzvlükdən
çıxardınız?
- Fikrimiz
var, çıxarmaq istəyirik. Çünki əxlaqsızlıq
edən adamın qabağını almasan, sonra daha pis şeylər
edər.
- Bu səbəbdən AYB-nin tərkibində
Əxlaq komissiyası yaratdınız?
- Bəli.
- Əxlaq komissiyası nə
iş görəcək?
- Bizim
xalqın əxlaqi dəyərləri var. Bu dəyərlər
Yazıçılar Birliyində də qətiyyən
pozulmamalıdır. Hansı quruluş olursa-olsun,
yazıçı xalqın nümayəndəsidir. Söyüş söyən
yazıçıların, əxlaqi qaydaları pozanların əməlləri
bu komissiyada müzakirə olunacaq, onlara baxacaqlar. Söyüş yazanlar, bunun kimi gedib Çingizin
maşını çəkənlərin əməlləri
orda müzakirə olunacaq.
- Əxlaq komissiyası
dünyadan köçmüş yazıçılar barədə
tənqidi fikir deyənləri də təftiş edəcək?
- Ölmüş adam haqqında belə şeylər demək
əxlaqsızlıqdır.
- Məsələn, bəzi gənc
şairlərin dediyi kimi “Bəxtiyar Vabahzadə böyük
şair deyil, şişirdilmiş şairdir” söyləmək
olmaz?
- Olmaz. Deyirsənsə, sübut etməlisən.
- Sübut da edirlər, deyirlərki,
“Axı dünya fırlanır” misrasının heç bir fəlsəfi
yükü yoxdur.
- Sən
belə yazırsan, sabah biri bunu
götürüb rus dilinə çevirdi. Onda
necə olacaq, ruslar nə bilir Bəxtiyar kimdir? Onlarda səhv təsəvvür yaranacaq. Onlar nə bilir ki, bunu yazan xəstədir? Bəxtiyara pis şair demək üçün sən
gərək Bəxtiyardan yuxarıda dayanasan. Əxlaq komissiyasında oturan adamlar bu cür məsələləri
müzakirə edib bir qərara gələcəklər, biz də
onların qərarını həyata keçirəcəyik.
- Üzvlükdən
çıxaracaqsız?
- Ya
üzvlükdən çıxaracağıq, ya da beş il
vaxt qoyacağıq.
- Getsin, ağlı başına gəlsin.
- Bəli.
- Sizcə sözün keşiyində
durmalı olan bir təşkilat üçün Əxlaq
komissiyası yaratmaq söz azadlığını boğmaq anlamına
gəlmir?
- Xeyr. Azadlığı başa düşmək
lazımdır. Hamımız dünyaya gələndən
azad olsaq da, ümumi cəmiyyətdə yaşayırıq.
Onun üçün heç kəsin heç kəsi
təhqir etmək ixtiyarı yoxdur. Bunun
üçün hər xalqın milli xüsusiyyətləri
var. Bunları qorumaq da yazıçıların, sənət
adamlarının borcudur.
- Fikrət müəllim, oğlunuzu
qətlə yetirənlər haqqında çıxarılan məhkəmə
hökmü ilə razılaşmamışdınız. Bu
haqda yazınızda demişdiniz ki, prokuror 19 il
iş tələb edib, hakim isə 5 il iş verib. Bununla bağlı sonradan hansısa instansiyalara
müraciət elədiniz?
- Yox,
heç yerə müraciət eləmədim. Bilirsən,
Allah göstərməsin, heç kəsin başına gəlməsin.
Mənim bir oğlum var idi, ölüb gedib.
Bundan sonra yüz oğul öldürsələr
də, mənim oğlum dirilməyəcək. O ölənlər
də mənim azərbaycanlımdır, elədirmi? Lap tutaq
ki, o qatilləri 20 il saxladın, onunla
düzəlməyəcək ki. Həbsxanada adam
tərbiyə olunur? Yox. Ona
görə də kiməsə şikayət etmək istəmədim.
- Amma hakimin qərarı ilə
barışmadınız.
- Heç şübhəsiz. Bilirsən, qərara niyə etiraz eləmədim? Əvvəla yuxarıda bir kişi var, əvvəl-axır öz qərarını çıxarır, hər kəsə elədiyinin qarşılığını verir. Onun nizam-tərəzisi heç vaxt pozulmur, o nizam-tərəzi pozulsa, onda qiyamət çatıb deməkdir. Hələ qiyamətə var.
Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.12-13.