O günü görmək
ümidi ilə
Rəşad Məcidin 55 yaşı tamam olur.
Adətən, yubilyarlar haqqında yazan müəlliflər, illərin tez keçib getməsini qeyd edir, yubilyarın
məlum yaş həddinə gəlib çatdığına inana
bilmədiklərini vurğulayırlar. Amma Rəşad
Məcid haqqında bunu demək olmaz. R.Məcid dolğun bir ömür yaşayıb,
yəni yaşanmış
hər bir il onun ömründən izsiz gəlib keçməyib.
Mən Rəşad
Məcidi şəxsən
tanımamışdan əvvəl,
təbii ki, onun adını eşitmişdim. Təxminən
25 il (bəlkə də çox) bundan əvvəl, səhv etmirəmsə,
"Xalq qəzeti"ndə
böyük şairimiz,
unudulmaz Bəxtiyar Vahabzadə o zaman çoxlarının tanımadığı
Rəşad Məcid haqqında bir yazı yazmışdı
və həmin yazıda Bəxtiyar müəllim Rəşad
Məcidə yüksək
qiymət verir, onun fəaliyyətini təqdir edir, bu gənc qələm
adamının böyük
gələcəyinə inandığını
yazırdı... İllər keçdi
və Rəşad Məcid Bəxtiyar müəllimin dediklərini
nəinki doğrultdu,
hətta mən deyərdim ki, böyük şairin ondan gözlədiklərindən
daha böyük işlərə öz imzasını ata bildi. Bu gün
bu bir danılmaz
faktdır ki, Azərbaycan mətbuatından
danışarkən ilkin
yada düşən isimlərdən biri onun adı olur.
Rəşad Məcid haqqında danışarkən, təbii
ki, ilkin yada düşən
"525-ci qəzet" olur. O vaxtkı
qəzet bolluğunda
"525-ci qəzet" istər
məzmununa, istər aktuallığına, istər
mövzu dairəsinə,
hətta istər tərtibatına görə
başqa qəzetlərdən
çox fərqlənirdi...
Xatırlayıram, yanılmıramsa,
2000-ci ilin əvvəlində,
İran şahı Məhəmməd Rzanın
xanımı Fərəh
Pəhləvinin xatirələrinin
"525-ci qəzet"də hissə-hissə çap olunması necə böyük marağa səbəb olmuşdu. Sonralar həmin kitab Bakıda, Azərbaycan türkcəsində də
çap olundu və Rəşad Məcid həmin kitaba maraqlı bir Ön söz
də yazdı. Ön sözdən məlum olurdu ki, Fərəh
Pəhləvinin xatirələr
kitabını Rəşad
müəllim İstanbuldan
alıb və məhz onun tövsiyəsi ilə yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı
bu maraqlı kitabı Azərbaycan dilinə tərcümə
edib.
Keçən əsrin 90-cı illərinin
axırları, 2000-ci illərin
əvvəlləri ədəbiyyat
cameəsindəki durğunluq
- ədəbiyyata olan
marağın nə qədər azalması hamımızın yaxşı
yadındadır. Demək olar ki, əksər istedadlı qələm adamları, ədəbiyyatdan küsmüş
kimi görünürdülər.
Məhz belə bir vaxtda
""525-ci qəzet"in öz qapılarını
Azərbaycan yazıçılarının
üzünə açması
və bu qəzetdə çap olunan bir-birindən maraqlı yazılar Azərbaycan ədəbiyyatında
bir canlanma yaratdı. Böyük
ədiblərimiz olan Nəriman Həsənzadə,
Fikrət Qoca, Anar, Elçin, Kamal Abdulla, Seyran Səxavət, Nizami Cəfərov, İsa Həbibbəyli, Nizaməddin
Şəmsizadə, Zəlimxan
Yaqub, Aqil Abbas, Çingiz Əlioğlu... hamısı
"525-ci qəzet"də çap olunurdular. Şeirləri həmişə maraqla gözlənilən,
ancaq mətbuatda tez-tez görünməyi sevməyən böyük
şairimiz Ramiz Rövşənin o illərdə
yazdığı şeirlərinin
əksəriyyəti ilk dəfə
"525-ci qəzet"in səhifələrində
işıq üzü
görürdü.
O illərdə özü də gənc olan Rəşad Məcid, istər öz həmyaşıdları
olan qələm adamlarına, istərsə
də ədəbiyyatda
ilk addımlarını atan
gənclərə daim
qayğı ilə yanaşıb. Nəinki qayğı ilə
yanaşıb, həm
də onları himayə edib. İlk yaradıcılıq nümunələrini
"525-ci qəzet"də çap etdirən o gənclərin bir çoxu bu gün artıq ədəbiyyatımızda yetərincə
tanınan, sevilən söz sahibləridir.
Rəşad Məcid həmin illərdə
"525-ci qəzet"in xüsusi
mükafatını da
təsis elədi. Ədəbiyyatımızda hadisə olan
yeni yazılmış
əsərlər, ayrı-ayrı
illərdə, ədəbi
cameədə böyük
əks-səda doğuran
törənlərdə öz
sahiblərinə, bu gün artıq qeyd-şərtsiz ədəbiyyatımızın
klassikləri olan xalq yazıçıları
- Anara, Elçinə,
Kamal Abdullaya təqdim olundu.
Rəşad Məcid özü də maraqlı şeirlərin, hekayələrin,
duyğulu mahnı mətnlərinin, publisistik
yazıların müəllifidir. "525-ci qəzet"də onun
"qələmsiz yazılanlar"
silsiləsindən olan
feysbuk statuslarını
oxuyuruq. Bəzən bir
cümlədən, bəzən
də kiçik mətnlərdən ibarət
olan bu fəlsəfi
yazıların hər
biri konkret bir mövzu ilə bağlı olur. İctimai-siyasi hadisələr, insan hissləri, ədəbiyyat,
yeni kitablar, klassiklərimiz, dünya ədəbiyyatı, musiqi,
elmi-texniki tərəqqi,
tariximiz, Qarabağ acılarımız, adət-ənənələrimiz,
bir millət olaraq örnək olan və çatışmayan
cəhətlərimiz haqqında
olan bu statusları
çap etdirməklə
Rəşad Məcid esse janrına rəngarəng çalar qatdı.
Mən bilirəm
ki, Rəşad Məcidin çoxlu dostları var və o özü də dosta sədaqətli
bir adamdır. Onun dostları
da Rəşad müəllimin dostlara sədaqətini, sözübütövlüyünü
yüksək qiymətləndirirlər.
Mən onun özündən yaşca
böyük olan dostlarının - Nəriman
Həsənzadənin, Seyran
Səxavətin, Aqil Abbasın Neftçalada, evimizdə Rəşad müəllim haqqında necə böyük ürəklə, qədirşünaslıqla
söhbət açdıqlarının
şahidi olmuşam. Onun qədirşünaslığını zaman-zaman özüm də müşahidə eləmişəm. Mən bu
sətirləri rəhmətlik
atamı nəzərdə
tutub yazıram. Atam bütün həyatını
Neftçalada yaşadı.
Bakıya, ətraf bölgələrə
də təsadüfi hallarda zərurət olanda gedərdi. 2014-cü ilin mayında
Salyanda Əli bəy Hüseynzadənin
150 illik yubileyini xatırlayıram. Dövlət rəsmilərinin, millət
vəkillərinin, ədəbiyyatımızın,
mədəniyyətimizin ən
görkəmli xadimlərinin
iştirak etdiyi təntənəli yubileyə
atam da dəvət
olunmuşdu. Həmin tədbirdə
Azərbaycan Yazıçılar
Birliyinin katibi kimi iştirak edən Rəşad Məcidin atama göstərdiyi diqqət,
ehtiram, qayğı indi də gözümün
qabağındadır. O görüşdən bir neçə il
sonra, Rəşad müəllim öz yaxın dostu Əjdər Ol ilə birlikdə atamın evində oldular... Söhbət etdilər, şəkillər
çəkdirdilər. Atam həmin görüşləri
həmişə böyük
ehtiramla xatırlayardı
- Rəşad Məcidi
çox yüksək
qiymətləndirərdi.
Və nəhayət,
atam dünyasını
dəyişəndə, dəfn
olunan günün axşamı Rəşad müəllimin öz dostları ilə bizə gəlməsini, atam haqqında dediyi o riqqətedici sözləri heç zaman unuda bilmərəm.
Həmişə nikbin, həyat dolu bir adam kimi görünən və hamının da belə tanıdığı
Rəşad Məcid,
bir neçə gün bundan əvvəl, yazıçı
Kəramətə verdiyi
müsahibədə özü
haqqında "məğlub
adam" ifadəsini işlətmişdi: "Bütün
hallarda mən özümü məğlub
adam hesab edirəm... Mənim doğulduğum ev,
kənd, sevdiyim dağlar, meşələr,
şəhərlər, oxuduğum
məktəb - bunlar hamısı işğal altındadır. Büruzə verməsəm də,
içimdə bu ağrını çəkirəm.
Bu mənada Rəşad
Məcid məğlubdur,
həyatından məmnun
deyil" - dedi.
Ürəyinin ən dərin qatlarından gələn bu etiraf məni
də sarsıtdı. Bu acı
gerçəkliyin buz
soyuqluğunu bütün
varlığımla hiss elədim...
Yadıma elə həmin Əli bəy Hüseynzadəyə
həsr olunmuş tədbirdə qardaşım
Azər Turanın çıxışının sonunda səsləndirdiyi bir fikir düşdü:
"Beş ildən sonra Əhməd bəy Ağaoğlunun yubileyidir. O gün olsun Əhməd bəyin həmin yubileyini Şuşada qeyd edək".
Bu ümid, o günü
görmək xəyalı
Rəşad Məcidi
heç zaman tərk etməyib. Mən də
Rəşad müəllim
kimi, gec-tez torpaqlarımızın azad
olunacağına inanıram.
Mən də Rəşad müəllim kimi, o günün möhtəşəm
sevincini həyatda yaşamaq istəyirəm.
Və əziz Rəşad müəllim, sizə növbəti yuvarlaq yubileyinizi - 60 yaşınızı
doğma Şuşamızda
qeyd etmənizi arzulayıram. Mən həmin
yubileydə digər dostlarınız kimi çox böyük məmnuniyyətlə iştirak
edərdim.
19 avqust
Etibar Əbilov
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.15.