Keçmə namərd körpüsündən
Sən məni də dilə tut,
həmin saçı bəyazam.
Eşqin ölüm yatağında
qorxuram ki, yol azam.
Ağappaq geyinmisən,
bənzəyirsən ağ gülə.
Üzün ağ olsun,
məni
çıxartmısan ağ günə.
Soyuyub bütün cahan,
kirpiyimi örtüb qar.
Gözlərimin yaşının
daşqın təhlükəsi var.
Ha danlasın dost-tanış,
ha qınasın el səni.
"Keçmə namərd körpüsündən
qoy aparsın sel səni".
Cəhənnəmin
min yolu
İçim - dağlıq ərazi -
soyuq yellər biyabanı.
Ürəyim - özündən razı
fəxri adlar xiyabanı.
Üşüyür
əski yaddaş
pozulub
hər yazısı.
Ovqatıma
at təpib,
bezib
ömür yabısı.
Günahı
qoyub dəmə,
pıqqıldayır
samovar...
Min yol var cəhənnəmə,
cənnətə bircə yol var.
Adamın
içindəki düşmən
Adamın düşməni
içində oturub.
Özünü çörək dostu kimi
qələmə verir.
Şir ürəyi yeyib,
məxfi xidmətin zabiti kimi
əsəbdən yanağı od tutub.
Üzbəüz gəlmir ki,
gözünün içinə baxım.
Nə suçum var,
neyləmişəm, axı?
Öyrəşib oturaq həyata,
bilmir nədir köçəri həyat.
Onun üçün bayır cəhənnəm,
içəri həyat.
Özümə
oxunan şeir
Azdıra bilmədim göz yaşlarımı,
qızdıra bilmədim soyuq canımı.
Gizlədə bilmədim könül varımı -
daşlara çırpılan son gümanımı.
İndi bir tərəfdə ixtiyar yaşım,
gizlənpaç oynayan qocalıq durub.
Başqa bir tərəfdə gerçək savaşım,
ötən çağlarımın qanını sorub.
Durmuşam gör necə yolayrıcında,
ikili inadım geri çəkilmir.
Bəlkə şəki getmir, təklik ucundan,
abrına qısılıb burdan əkilmir.
Hardan yalançıya şahid gətirim,
həyat - həqiqətin astar tərəfi.
Demirəm,
saf mələk donuna girim,
mənim ünvanıma yağdır tərifi...
Kim kimi aldadır bu tərs anımda,
"neynim" yaddaşıma söz-söz oturub.
Toya getməliydim sənin yanında,
yaşımın toxluğu üzümə durub.
Orda cığır-cığır itib izləri,
ağaca bağlanan quzu mələrdi.
Ömür oxun atıb, yayın gizlədib,
ortada nəm çəkən xatirələrdi.
Vəlvələçay
əfsanəsi
Unudulmaz şair Ələkbər Salahzadəyə
Buludlardan damcı-damcı,
üzülə-üzülə,
Şahdağından süzülə-süzülə,
bulaqlardan sıza-sıza
qanadlarını bərkidir Vəlvələçay.
Silsilə Qafqazın qar ağlığından,
Təngə dərəsinin qaranlığından
Qonaqkənddən qonaqmı gəlir,
Vəlvələçay?
Qırımından yad qonağa oxşamır,
harda açır səhəri,
necə keçir səfəri
Xəzərdə Vəlvələçayın?
Qudyalçayın qardaşıdır.
Vahimədir, vəlvələdir,
yer titrədən zəlzələdir.
Dağ çayları körpə-körpə
birləşəndə möhkəm olur.
Su gurlaşır, meh kəm olur.
Qubada Vəlvələçay körpü-körpü,
aşağı əyilir ki,
bağça uşaqları üstündən keçsin...
Kiçik Sısqa çayları -
əkin-biçinin qarət, qapazaltı
etdiyi bapbalaca çayları
Vəlvələçay nəvə-nəticə kimi,
kötücə kimi belinə şələləyib -
çatdırır ən ulu su əcaddına.
Son
Nəfəsimi qarsıyıb,
canımın təndir odu.
Yanğımla bərabərdi -
zamanın təndir odu.
Höccələmə: "əlif-lam",
nə deyirsən, üzə de.
Ölüm - köhnə əlifbam
haqdan bir möcüzədi...
Susuz çeşmətək gözlərim,
xiffətindən nə çəkib?
Hardasan - sonun
sahibi,
bir suyum
sənə çəkib.
Yay səhəri kimi
Meşədə
qulunc olmuş ağacların
belini
ağaclar övkələyir,
şaqqıltı qopur iri-iri gövdələrdən.
Bir
yarpağın burnu qanamır,
bir budaq
budağı incitmir.
Kökü
kəsilməsin, küləklərin,
nəm
qoxusunu yemək qoxusu kimi yayır.
Ağacların ağzının suyu axır.
Ağacdələn
döyür qapısını çürümüş
ağacların
ölümün yaxınlaşan bəd xəbəri kimi.
Kölgə
yerləri əskildikcə
qısalır ormanların əhatə dairəsi -
yay səhəri
kimi.
Yağış ehtimalı
Havanın
yağış ehtimalı
nəvəmin velosiped almaq
ehtimalı qədər gerçəkdi.
Buludlar -
ağbirçəkdi,
köksü cadar torpağın tənəsi üstündə...
Şahsənəm
qarı Cahangir ocağına
nəzir
qoyub ki, yağış yağsın...
Tanrı
duasını qəbul eyləyib,
icraçı mələk məqbul sayıb.
Sıfra
bərabər nə varsa, hər şey -
heç
nələr O-dan başlayır.
Hikkəli-hikkəli
çaxan ildırım,
yağacaq yağış da oddan başlayır.
Sıfır
da O-du,
O da
sıfırdı.
Heç
kəsin şübhəsi yoxdu,
bu sehrli
qıfıldı.
Əkinçi
buludlar şuma tum səpər,
havanın yağış ehtimalı
birəbeş gerçəkləşər.
Torpağın
tamahı qılıncdan iti,
göydən üç alma düşər.
***
Üstündə
bircə yarpağı da qalmayıb,
ağaclar qurtardı kölgəlikdən.
Dizin-dizin
sürünən,
ayağına gələn duman
qurtardı köləlikdən.
Çöldən
üzü bəyazdı,
içdən baxanda,
yamyaşıl.
Xəbər-ətər
yox göydən,
heç
nə gəlmir gündəmə.
Yoxsa lap
yuxarıda
qoyulubmuş gün dəmə...
Varlığa
nə darlıq:
Yer
tarla-tarla,
dolub
barla...
İçimdə
nə varsa -
köçürtdüm kağıza...
Düşdüm dilə-ağıza.
Röya
Yorğun-arğın
adam
yorğana bürünən kimi
şirin
yuxuya dalır.
Ancaq həyat
tək
fərdin deyil -
bəşərin eyni anda
gördüyü röyadı.
Röyadı
təbəssümlər -
bütün öpüşlər, gülüşlər,
aradakı tənəffüslər.
Çiçəklərin
doğuluşu,
suların çağırışı,
ağacların üstündəcə quruyub ölməyi.
Hər
şey yuxudu,
röyadı ömrün aldanışı.
Kimə
pay kimi düşüb,
Allahın alqışı?
Ancaq məni
sevgilərin
əbədiliyinə inandıran qadın!
Sən əzabdan
başqa,
səksəkəli röyalardan savayı
bir həyat
gördünmü dünyada?
Barmağına dola
Tənha
bitmiş ağ çiçəyəm,
çəmən vermir yola məni.
Dost
yanında ağciyərəm,
düşmən sanır qala məni.
Azca
nöyüt səp oduna,
baxmıram dedi-qoduna.
Bu gur cəhənnəm
oduna,
gavur
kimi qala məni.
Qəşş
edir qəmin payızı,
qarışdırdım qışı, yazı.
Həyatın
neştər dəryazı
biçir tala-tala məni.
Sal ötən
günü yada ki,
sirr-sov
açmadım yada ki...
Ya indi
öldür, ya da ki,
barmağına dola məni.
***
Düzənlik
uzanır göz işlədikcə,
qarışqa çəmənin çılpaq belində.
Köçəri
komanın qənşərindəki
söyüdlər danışır bulud dilində.
Necə
çatdım bura, bir Allah bilir,
sürü qırpa-qırpa ötürür otu.
Leylək
yuvasında özün şah bilir,
alıb
balasının gözünün odun...
İlanı
yuvadan çıxarır iştah,
acıdım, anladım nə imiş dürmək.
Çölçü
həyatının kəramətidir
yağmur
havasını görüb-götürmək.
Sədan
hara yetər... boğazını yırt
göydəykən ününü Qarabaş güdər.
Xoşdur
boz tikanlı kolu dinləmək,
ormanda
çökəni dinləmək qədər.
Kövşəyən
dəvələr istəməz kömək,
kölgəsindən hürkən at ilxısıdır.
Qulağın
şəkləyib arxalı köpək,
yanında çobanın dili qısadır.
Düzənlik
uzanır göz işlədikcə,
qarışqa çəmənin çılpaq belində.
Köçəri
komanın qənşərindəki
söyüdlər danışır bulud dilində.
***
Az təriflə,
möhkəməm, bərkəm,
kefimin
ağasıyam.
Sifətimi
bulud örtüb,
yalandan
yağasıyam.
Ömrün
futbol tamaşasında,
zədələr pis günə qoyub,
şüşədən kövrəyəm.
Yalan
söhbətdi,
yuxarıdan gedirəm.
Saqqızım
oğurlanıb,
quru
kölgəyəm.
Hər
saat üzümə vurma,
məhəbbət adamı düşmən qapısına aparır,
həmin
özündənrazı məğruram.
Başım
daşdan-daşa dəyib,
meydanda
dəyişilməz məğlubam.
Guya nəsihətvarı
Səmalar
ağlayır dənizdən ötrü,
qətrədə dəniz var, dənizdə qətrə.
Arxayın
sularda tufan oturub -
taleyin
bağlayıb qəzavü-qədrə.
Zamanın
səhrada dəvəsi başqa,
divara
dırmaşan güvəsi başqa...
Təşrif
gətirdiyin dünyada baş qat -
fikrin
sığmasa da cümləyə, sətrə.
Kim gedib dərində
oyun oynayıb,
alnının tərində boynu qaynayıb?
Gördün
haqq nazilir - beynin qaynayır,
üzülən haqqının önündə titrə.
Qövsü-qüzeh toqqadan çıxır
Min sifət
göstərir, dəyişir üzü,
təbiət necə cür hoqqadan çıxır.
Hərdəm
ki, yol çəkir buludun gözü,
Günəş qövsü-qüzeh toqqadan
çıxır.
Götür
xırmanımdan kisə-kisə dən,
qoy nə
gedir getsin bizim kisədən.
Bir
kişiylə yersiz mübahisədən,
üstünlük qazanır - haqq, qadın çıxır.
Yurdumda hər
ağac, hər qaya zəvvar,
payızda meyvəni dər, yaya nə var?
Ərazi
zəbt etmiş dəryaya nə var,
içindən nərə də, naqqa da çıxır.
Yüyürdüm
özümə ha qaranəfəs,
dostum, əl
qoyduğum halal mərci kəs.
Şeytan
vücudunda əmmaməli kəs,
Kərbəladan vurub, Məkkədən
çıxır.
Gedib o
dünyanı gördüm, qayıtdım,
köhnə çarvadardı, dərvişdi adım.
Qoyun -
yaranandan qoyundu, adam,
böyük oyunbazlıq təkədən çıxır.
***
Kölgəm
kiçildikcə
balacalaşır boyum.
Məcburi
ömür keçildikcə,
ölümümə qol qoyum?..
Nə can
qurtarır əzabdan,
nə
ruh xiffət çəkməkdən.
Bəxt,
var-gəl et əsəbdən,
qəmişini çək məndən.
Vaxtsızlıq
düzənində
hər
şey məni bezdirir.
Hara
baxsam, göz önündə,
beşcə qarış bez durur.
***
Mən
öz qismətimə "şükür" deyirdim,
yedi
halalımı haramzadələr.
Boyundan
yuxarı tullanmadılar,
həmişə yerində saydı sadələr.
Gör fələk
nə sayır, sən saydığın say,
yalnız
gədalardı başa çıxanlar.
Durub namərdliyin
astanasında,
qəlbi
qaralardı evlər yıxanlar.
Aranı
ucurum kəsib həmişə,
dünyada yaxşılıq, hörmət batırmı?
Dədəsinə
yasin oxutmayanın,
muğam
oxutmağa haqqı çatırmı?
Başı
aşağılar təvazökardı,
həyat
başdan-başa şahmat gedişi.
Dar
cığır hər zaman darqurşağındı,
xəbisi
azdırıb yolun genişi.
Ötdü
gəncliyimin nəhs çılğınlığı,
yaddaş
budağından yellənir nənnim.
Yalnız
bircə evin yiyəsi idim,
on ev
dolanırdı kölgəmdə mənim.
"Quran"dan
irəli çörəkdi ancaq,
yalnız
istedadlar tanımaz qəlib.
Burnunun
ucunu görməyə nə var,
uzaqgörənlərdi əbədi qalib.
***
Adam kimi
yaşamağa qoymur,
söz
mənə mane olur.
Başımı
qaşımağa qoymur,
söz
dilimdə mahnı olur.
Heç
özüm baş açmıram
nə
verib ala bilmir?
Nisyə
kisəyə getməz -
nağd
verib, ala bilmir.
***
Göyün
görünəcək yüksəklik
gözün görə bildiyi qədərdi.
Yoxluq -
bütöv boşluqdu,
başına çəkdiyin qədəhdi.
Zəng
Özümə
zəng etdim,
zəng
çatmır mənə,
yəqin
ki, hardasa telefon tutmur.
Zamanın
əhatə dairəsinə
daha səsim
yetmir, nəfəsim çatmır.
Üzülüb
bir yolluq əlim-ayağım,
bəs
görəsən, necə vaxt ötürürəm?
Təkrarən
kəsilib özümə yağı -
bir azca əlavə
vaxt götürürəm.
Mürgülü
gözümü ovuşdururam,
mülayim səsimə qüvvət verirəm.
Quru rəqəmləri
qovuşdururam,
mən
hər tərəfimdə qürbət görürəm.
Üzümə
çıxmıram özüm-özümün,
hara səyahətə
gedib çıxmışam?
Niyə
oğrun-oğrun axı, dözümün,
evini
bilmədən qəfil yıxmışam?
Hər
hansı cavabdan hürküb qorxmuram,
kimsə
qatıqlayıb bəlkə...
küsmüşəm?
Bəlkə
ta uzaqda sızlayır yaram,
bəlkə də hər kəsdən əlim üzmüşəm.
Səmti
intiqamdan keçir azmağın,
heç
kəsi səhvimlə kövrəltməmişəm.
Öz
telefonuma hələ susmağın
qızıl olduğunu öyrətməmişəm.
***
Kimdir bəstəkarı
bu
yağışın,
bu
küləyin,
bu nəmin?..
Kimdir solo
ifaçısı
bu qəmin,
bu lələyin,
bu dəmin?
Ağacəfər Həsənli
Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.13-14.