Hər kəslə tənha

 

Sümüklərimizin üstünü örtər

bədənimiz

ağıl

gələr üstünə,

bir az da qəlb bəzən,

qadınlarsa

divara çırpar güldanları

kişilər içdikcə içər

ancaq kimsə axtardığını tapmaz,

tapmasa da usanmaz

axtarmaqdan

çarpayıda sürünərək

iməkləyərək yerdə.

 

Bədən sümükləri örtər

bədən

başqa bədənləri axtarmaqdan

bezməz, usanmaz.

 

Şansımız yoxdu əsla:

biz hamımız

bir taleyin

tələsinə düşdük

qəfildən.

 

Kimsə

Axtardığını tapmaz

bu kor dünyada.

Dolar

şəhər zibillikləri,

köhnə avtomobil məzarlığı

dəlixanalar,

xəstəxanalar da eləcə

qəbiristanlıqlar

dolar, yer qalmaz daha

 

dolmağa bir şey qalmaz...

 

Yarpaqların faciəsi

 

Ölən yarpaqların quruluğuna oyandım,

dibçək bitkiləri qarğıdalı kimi saralmışdı;

qadınım tərk etmişdi məni

boş şüşələrsə qana bələnmiş cəsədlərdi

dövrəyə almışdılar məni ümidsizcəsinə

öz vecsizlikləriylə;

ev sahibəsinin məktubu "borcunu ver", - deyə qışqırırdı,

dil boğaza qoymurdu

sarı ləkələr düşürdü döşəməyə bu acıqlı sözlərdən

indi neyləmək lazımdı -

                        nə məzəli adamdı, yumoristdi eynən

absurdun ağrısından zarafatlar eləyir,

                        ağrı özüabsurddu, mənasızdı -

çünki artıq o xəyal deyil, mövcuddu, başqa heç nə...

astaca köhnə ülgücə sarı getdirəm -

bir zamanlar gənc olan,

dahi adlanan insan, mən...

ancaq belə deyək, bu elə yarpaqların faciəsidi,

                                   ölmüş güllərin yası;

qaranlıq dəhlizdə addımladım,

harda ki ev sahibəsi dayanmışdı

qəzəbin son həddində məni başından eləyən, söyən,

əndamını, ətli qollarını yırğalayıb

səsini başına atan,

kirə haqqını ver, əclaf - deyən...

ancaq dünya aldatmışdı bizi,

hər ikimizi.

 

Qızılbalıq

 

Qızılbalıqlarımız vardı, onlar

pəncərənin qabağını kəsən ağır pərdələrin yanında

stolun üstündəki akvariumda

                        elə hey fırlanır, dönüb-dolanırdılar

anamsa həmişə gülərdi istərdi ki, biz hamımız

xoşbəxt olaq,

mənə deyərdi: "Gülümsə, Henri!"

anam haqlıydı: ən yaxşısı xoşbəxt olmaqdı

imkan varsa, şübhəsiz,

ancaq atam hərdən onu döyərdi

elə məni ,

həftədə bir neçə dəfə

dərisi hirsdən yanıb qaralana qədər

çünki atam anlamazdı ki, döyməklə

incidir, içini əzir, yandırır

anam, bədbəxt balıq, xoşbəxt olmaq istəyirdi,

həftədə iki-üç dəfə döyülməklə,

deyərdi mənə: "Gülümsə, Henri, xoşbəxt ol!

niyə üzün gülmür sənin?".

Sonra mənə baxıb gülümsərdi,

bax, belə, - deyərdi,

bu o vaxtacan gördüyüm ən kədərli gülüşdü,

günü gəldi, qızılbalıqlar öldü,

beşi suyun üstünə çıxmışdı, sonra kənarına,

gözləri hələ açıqdı,

atam evə gələndə onları

götürüb mətbəxin döşəməsinə

pişiyin qabağına atdı,

biz...

anam necə gülmüşdüsə, qüssəli

gözlərimiz eləcə bərələ qalmışdı..

 

Bir bülbül yaşar...

 

Bir bülbül var köksümün altında, dimdiyi göy

çıxmaq istər ordan

ancaq onun üçün daş qəfəsəm, zindanam

deyirəm ki,

qal orda

səni kimsəyə göstərmərəm, əmin ol.

 

Bir dimdiyi göy bülbül var ürəyimin içində

çıxıb getmək istəyir

ancaq onu mən viskiylə suvarıram hər gün

siqaret dumanıyla

 

fahişələr, bar sakinləri

adi alverçilər belə

orda kimin olduğunu bilməzlər əsla

 

Köksümün altında

bir bülbül var,

uçub getmək dilər.

Ancaq aşa bilməz daş hasardan

deyirəm ki, sakit ol,

qal ürəyimin xarabalığında

axı sən istəyirsən

iş-gücümü havayamı sovurmaq istərsən

işimi cəncələ salmaqmı?

kitablarımın Avropada satışının içinə

tüpürməkmi?

 

Ürəyimin içində bir bülbül var,

çıxıb getmək, qanad açıb uçmaq istər.

Ancaq ağlım başımdadı, onu çölə buraxmaram.

ancaq bəzi gecələr

hamı özünü yuxuya təslim edəndə

ona deyirəm ki, bilirəm, ordasan

kədərlənmə,

qəmlənmə.

 

Sonra onu əlimlə yuvasına qoyuram,

ancaq orda da oxuyur bir az

içəridə kirimir; ölməyə qoymaram,

nəfəsi mənimlədi

birgə yatırıq

bu bizim

ikimizin sirridi

bilirsiniz,

kimisə ağlatmaq

çox yaxşıdı, ancaq mən

ağlamıram,

bəs sən?

 

Gülən ürək

 

Həyat sənin həyatındır

Onun mütilik yuvasında zərbələr yeməsinə yol vermə.

Ayıq ol,

Çıxış yolu var həmişə.

 

Hardasa işıq var,

Çox olmasa da işıq payı

Qaranlığı kəsib-doğramağa bəs edər.

Ayıq ol, yatma.

Tanrılar sənə imkan verəcək

Bil bunu.

Götür onu.

 

Ölümü döyə, qova bilməsən

bəzən həyatda bunu öyrənə bilərsən,

daha çox işıq doğacaq,

daha çox.

Həyat sənin həyatındı.

Sənin olanda bil bunu.

 

Qeyri-adisən

tanrılar içindədi

işıq işində.

 

Mən Folkner

 

Bilirəm, əminəm ki, bu barədə eşitməkdən yorulmusan, ancaq

bir çoxları eyni mövzunu dəfələrlə çeynəməkdən bezmir, bu

o deməkdi ki, onlar nəyinsə bir belə qəribə,

                                   qeyri-adi mühüm olmasını

kəsdirmək həvəsindədirlər, bir bunu hamı edir, çünki

hər bir insan fərqli forma məzmuna malikdir

                                   hər bir insan hər dəfə

qarşısında nəyin durduğunu ayırd etməlidir,

                        çünki bu onların kiçik olsa sirləridi

bir qırıq imkandı, şansdı deyək,

indi , keçmişdə, elə ona qədər mən ağır-ağır, tələsmədən

bu gözəl qırmızı şərabdan içirdim

                        indi solumdakı bu qara radiodan

simfoniya simfoniya dalınca dinləyirdim, bəzi simfoniyalar

mənə bəzi şəhər otaqları xatırladardı,

beynimə yeridərdi ki, elə insanlar var,

, artıq dünyadan çoxdan köçmüş insanlar

məzarlardan, tələlərdən, qəfəs sümüklərdən,

                                               elə özlərindən

can qurtara biliblər

sevinc sərsəmliklə, bir , qarşısıalınmaz güclə

kirayə edilmiş xəfə otaqlarda yerindən qopan insanlar,

təəccübün ildırımı vururdu məni

 

hətta üstündən on illər keçdikdən sonra belə,

                                   o səsləri elə dinləyərəm

elə bil ilk dəfədi qulaq asıram, , əvvəlki kimi

yenə gözəldi, şəfəqlərini üstümüzə səpən yandırıcı günəş kimi

insan təəccübünü birə-on artıran

göylərə bülənd olan musiqinin səmasından doğan

qədər substrat var

bunlar görmə hissetmə üzvləri

vərəqin kənarlarında bitən

imansız yazıçı-tədqiqatçılardır, halbuki, musiqiçilər elə indi

məkanın hüdudsuzluğuna endilər, hesab elə ki,

                        bunlar Çaykovskinin köhnə fəryadlarıdı

özlərinə 5-ci simfoniyadan keçərək yol açıblar, ancaq

sanki ilk dəfədi dinləyirəm onu

necə gözəldi

ən çox sevdiklərimdən biri olan Erik Koatsı

                                   neçə vaxtı dinləməmişəm.

Ancaq bilirəm ki, əgər gözəl

                        qırmızı şərabı içərkən onu dinləsəm

tək qalmaram,

bir çox başqaları da təşrif gətirər.

Əgər belədirsə, demək, bu

elə içmək dinləmək haqqında başqa bir şeir olacaq

təkrar çalınsın, deyilmi?

Ancaq Folknerə baxın, o, təkcə eyni şeyi dəfələrlə demədi

eyni yeri nişan verdi həm , dəfələrlə

elədirsə, icazənizlə bu nəhəngi həyatımızdan qaldırıb ataq

bir daha: dövrümüzün keçmişin klassik bəstəkarları

boğazıma keçən kəndiri boşaltdılar,

elə sizin .

 

Uzaqdan məktub

 

Mənə

Sena yaxınlığındakı

balaca bir otaqdan yazırdı,

deyirdi ki,

rəqs dərslərinə gedir, səhər

erkən, saat 5-də qalxır yerindən

sonra şeir yazır,

ya da rəsm çəkir,

ağlamağı gələndə

çayın kənarında bir skamya var -

ora gedir.

Mahnılar kitabı

çıxacaq

payızda

bilmədim, cavab verim

dedim ki,

xəstə dişini çəkdirsin

fransız məşuqlarla ehtiyatlı olsun bir az

şəklini radioqəbuledicinin yanına qoydum

ventilyatorun önündə

canlıymış kimi

hərəkət elədi

baxdım, gözümü ayırmadım heç,

qutuda qalmış 5-6 siqareti çəkib qurtarana qədər.

 

Sonra ayağa qalxdım

Yatmaq lazımdı.

 

Çarlz Bukovski

 

İngilis dilindən tərcümə:

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.20-21.