Həyatdan və şeirdən qaçış –

Bukovski paradoksu -

 

Məqalələrin birində rus tədqiqatçı belə bir sual qoymuşdu: üçün Çarlz Bukovskini hamı oxumalıdır? Qəribə sualdır, deyilmi? Müəllif sözünə davam edərək yazırdı: hamı oxumalıdır ki, bəzi sadə şeyləri anlasınlar. Məsələn, - yazırdı o müəllif, - Puşkin bizdə heç hər şey deyildir. Bu, fikrimizcə, ən maraqlı məqamdır. qədər böyük, azman... olur-olsun, heç bir şair hər şey deyildir, ola da bilməz. buna ehtiyac da yoxdu. Ancaq kriterilər dolaşanda, estetik dəyərlər öz əksinə çevriləndə zövqlər itəndə doğrudan da bir şair hər şey - hamı olur - anlamamağın işarəsi kimi. Bizdə Füzuliyə belə bütpərəst münasibət çoxdan var, ancaq qalın pərdələri azca aralayıb şairin yazmaq istədiyi kədərə "baxanda" insan sarsılır. Ancaq insanı təkcə bu şəkildə, bütün enerjisini bir nöqtəyə cəmləyib, dünyanın gəlib-getmişini bir hadisə, mənzərə kimi seyr edib onu bir cizgi, rəssam fırçasının ani hərəkətiylə verməkdən başqa üsullar da mövcuddur. Bu yol, yəni Füzuli şeiri o şəkildə sözdən vaz keçib onun dərinliyini göstərmək üçün ən etibarlı estetik meyar idi.

Henri Çarlz Bukovski (1920-1994) sərt zalım gerçəkliyin şairidir. Onun gözü daha çox insanların davranışlarındakı kənaraçıxmaları tutur, fokusa gətirib "Amerikan arzusu" seriyasından olan insan obrazının puçluğunu göstərməyə çalışırdı. Onun qəhrəmanı uduzmuş bəxti gətirməyən insandı.

"Həyat boz adidən adi olanda adama elə gələ bilər ki, burda parlaq yaşantıların, dərin hisslərin, enerji "partlamasının", belə deyək, dağlar arxasında çaxan şimşəklərin izinə rastlanmaq mümkünsüzdür". Çünki boz mənasızdır... Ancaq Bukovski o dərin hissləri, enerji daşqınını, dağların arxasında çaxan şimşəklərin izlərini ən adi əşyalarda kəşf etmişdi. Yəni bu poetik sistemin anlamı o idi ki, sən adi yağışdan da yazanda mövzu istər-istəməz bütün dünyanı gerçəkliyi, ideoloji siyasi səbatsızlığı, həyatın faniliyini anın bəxş etdiyi xoşbəxtliyi əhatə edə bilərdi. Təqribən bu şəkildə: itlər yağış altında hürüşəndə // həyat lazımsız şeyə çevrilir// elə köhnə, yırtılmış ayaqqabılar kimi// bəzən yaşama davam etmək üçün// bütün hüceyrələrin silkələnməli, özündən çıxmalısan. Yəni Bukovskinin fikrincə, həyatın dözülməz ağırlığı, gərginliyi altında nəfəs alan insan hərdən yadına salmalıdır ki, hirslənə, qəzəblənib özündən çıxa bilər bu çox faydalıdır. "Qəzəb həyatın sevindirmədiyi, güldürmədiyi insanlar üçün bir bəxşişdir, yalnız qəzəblənməklə hisslərini təlatümə gətirə bilərsən, o şəkildə ki, "ayılanda" güləsən, təbəssümün olduğunu hiss edəsən. Səni qorxudan, ağlını başından alan, səni yaşamağa qoymayan hər şeyə gülmək lazımdır. birdən anlayarsan ki, sənin bu zir-zibil həyatın çox, lap çox gözəlmiş... bu dəhşətli gerçəyi qəbul etməlisən...". Poeziyada hisslərin təsvirinin bu dinamikası istər-istəməz yazılan mövzunun çevrəsini genişləndirir, yaxşıyla pis, çirkinlə gözəl... hər şey adicə yağış damcısının içinə toplanır, ordan zühur edib yeni gerçəklik yaradır, insanın qəlbinin ikrah etdiyi bu gerçəkliyə qarşı.

Bu mənada Çarlz Bukovski poeziyası yeni estetika, orijinal poetik sistemdir.

Bukovski gerçəklik zamanın həqiqətlərini bir başqa şəkildə kəşf edir, onlara tam fərqli bucaqdan baxır. Bu ifadə sistemi təsdiqləyir ki, biz heç həmişə həyat tərzini seçmirik, yaxud seçə bilmirik, daha çox o bizdən yapışır istədiyi yerə sürükləyir. Bukovskinin dünya duyumu şeirlərindən aydınca görünür, bu, sosial autsayderin dünyaduyumudur. Bukovski elə nəsnələrdən danışır ki, bu məqam, yəni danışıq riskdir, yəni hər kəs düşdüyü vəziyyət, keçirdiyi hisslərdən belə açıqlıqla bəhs edə bilməz. Elə hisslər, elə hallar var ki, insanlar bunları gizlətməyə, dəfn etməyə meyil edirlər. Bu, əksər insanın sosial baxımdan məğlub olduğu bir həqiqətdir - Bukovski bundan danışır. Yəni susmaq əmri verilən cəmiyyətdə şairin dili açılır. Dili açılan, danışan şair hadisəyə çevrilir. Onun ən yaxşı mətnlərində Henri Milerin "Xərçəng tropikləri"nin şırımları var. Bir böyük Komminqsin poeziyası.

Mətnlərində Bukovski əvəzsiz memardır, ...

Ən gözəl memar elə ən böyük şairdir, o qədər böyük ki, onun mətnində bir misralıq şeirə belə rast gələ bilməzsən.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.20.