Həyəcanlı an
XXI əsr hekayəsi
Çəkisinə, boyuna, yaraşığına
layiq olsa da, Dəmiri nədənsə nə doğulanda, nə də qırxı çıxanda "Ay maşallah"
- deyib oxşayan olmadı. Bu söz
ona ilk dəfə ikiaylığında deyildi.
Yaxın qohumlarından
biri Dəmirə sürpriz hədiyyə aldı: smartfon telefon. Atası bahalı hədiyyəyə
görə qohuma dil-ağız etdi, sonra telefonu açdı, internetdən
bir multfilm tapdı və telefonun ekranını körpəyə yaxınlaşdırdı.
Bu zaman bəbə
əl-ayağını tərpədib
gözlərini ekrana zillədi. Deyəsən, oradakı hərəkətlər
körpənin ürəyincə
olmuşdu. O, əvvəlcə
ağzını büzdü,
sonra üzündə
bir təbəssüm
yarandı. Bundan sevincək olan ata qürurla dilləndi:
- "Ay maşallah!". Qohum
da özündən razı halda gülümsədi: - "Deyəsən,
uşağın xoşuna
gəldi".
Smartfon telefondan sonra ailədə yeni dönəm başladı:
Dəmir ağladı,
tez telefonu ver. Dəmir yemək yemədi, telefonu aç. Dəmir iynə vurmağa
qoymur, telefonla başını qarışdır.
Dəmir
dəcəllik edir, telefonu göstər.
Dəmir
yatmır, telefonu işə sal. Toyda, yasda, yolda Dəmiri
ram etməyin ən rahat və sakit
üsulu smartfon telefon oldu. Bu minvalla Dəmir
böyüdü, bığ
yeri tərlədi.
Orta məktəbdə,
ali məktəb
auditoriyasında, avtobusda,
metroda, süfrə arxasında, yol keçəndə, bir sözlə, yatanda, duranda - hər zaman telefon Dəmirdə,
qulaqcıqlar da öz yerində. Dəmirin bu vəziyyəti yavaş-yavaş yaşlaşan
valideynlərini qayğılandırmağa
başlamışdı. "Ay bala, idmana get, dil kurslarına yazıl, vaxtında yat, vaxtında dur" - kimi öyüd-nəsihətlər adiləşmişdi.
Dəmir isə heç nə olmamış kimi öz işində idi. Hər gün yeni oyunlar, sosial şəbəkələrdə yazışmalar, smayliklər, komentlər, layklar... Bir gün atası növbəti dəfə Dəmirə "A bala, gecə keçir, işığı söndür, yat" - dedi. Dəmir: "Ata, beş dəqiqəyə qurtarıram, qoy bu oyunu bitirim, yataram" - deyib "Çılğın döyüşçülər" oyununu davam etdirdi. Bu oyun qurtarmışdı ki, Dəmirin whatsappına dostundan mesaj gəldi. O, "Dino strike" oyununa dəvət edirdi. Dəmir məmnuniyyətlə razılıq verdi. Bir saat sonra atası əsəbi halda "A bala, saat 3-dür, sən nə vaxt yatacaqsan, söndür onu" - dedi. Dəmir yenə "Ata, az qalıb, bu dəqiqə qurtarır, ən həyəcanlı yeridir" - deyib davam etdi. Daha yarım saat keçdi. Bu dəfə yataq otağından Dəmirin anası fəryad qopardı: "Dəmir, ay Dəmir, tez gəl, atan özünü pis hiss edir. Tez həkim çağır...".
21.08.2019
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.21.