Suriya alimi Əbdulfəttah Rəvvas
Qələçi və İmadəddin Nəsimi
irsi
Məlumdur
ki, bu il bütün dünyada klassik Azərbaycan şairi, zəngin
poeziyası və faciəvi həyat sonluğu ilə
yaddaşlarda iz salmış İmadəddin Nəsiminin 650
illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin söz dühalarımızdan biri -
İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə
bağlı 15 noyabr 2018-ci il və 2019-cu ilin ölkəmizdə
"Nəsimi ili" elan olunması haqqında 11 yanvar 2019-cu
il tarixli Sərəncamları bu yubileyin təntənəsini
xüsusilə canlandırmış, Nəsimişünaslığın
inkişafına güclü təkan vermişdir.
Nəsimi
ilindən yola çıxan ölkə alimləri Nəsimi
irsini yeni-yeni istiqamətlərdən tədqiqata cəlb etməklə
böyük mütəfəkkirin keşməkeşli
ömrü, poetika və ritorikası, fəlsəfəsi,
habelə faciəli ölümü haqqında yeni tədqiqat əsərləri
meydana çıxarmaqla Nəsimişünaslıq məktəbini
zənginləşdirir, şairin həyat və
yaradıcılığının dərkini müəyyənləşdirirlər.
Məlumdur
ki, XIV əsr Azərbaycan şeirinin ən məşhur
nümyəndəsi, əqidə sahibi, həqiqət, ədalət
şairi İmadəddin Nəsiminin son ünvanı ərəb
dünyası - Suriya torpaqları olmuşdur və bu
baxımdan keçmişdə olduğu kimi,
çağdaş dövrdə də ərəb dilli tədqiqatlarda
Söz dahimizin yaradıcılığının dəyərləndirilməsi
maraq doğuran hadisələrdəndir.
Məsələn,
biz professor Nidal Youssef Suriyanın Esyria.sy saytında 23 avqust 2011-ci
ildə yayınlanmış "Nəsiminin türbəsi əcnəbilər
və yoxsullar üçün bir
sığınacaqdır", "İyirminci əsrin əvvəlləri
Hələb Qalası kəsişməsində Nəsiminin məzarı",
Marefa.orq saytında yer almış "Əli Emad Eddin Əl
Nəsimi", "İmadəddin El-Nəsimi. Şair və
üç mədəniyyət", Xəlil Əli Heydərin
"Hələbdə bir şair yaşayır!",
"Şairlərin şeirlərindən seçmələr:
İmad əl Din əl - Nəsimi (1369-1418), Suriyanın
asiaelyoum.com - informasiya agentliyi 12 yanvar 2019-cu il tarixdə
"Böyük Azərbaycan şairi İmadəddin Nəsimi
ili", habelə Məhəmməd Mehdi Bayat adlı müəllifin
"İşıq" saytında "Nəsimi əl
Bağdadi - ilahi sevginin şəhidi", "Türk
tarih.gen.tr form" adlı saytda yayınlanmış "Nəsimi
Kimdir? (İmadəddin Seyyid Nəsimi) Şeirləri və əsərləri..."
və başqa yazılarda Nəsimi və Nəsimi ili
haqqında dolğun məlumat alır, ərəb
düşüncəsində Nəsimi "abidəsinin"
ucalığının şahidi oluruq.
İmadəddin
Nəsimi irsinin dəyərləndirildiyi belə tədqiqatlardan
biri də Feysal Kratçın "Şeir sənətinin
emosionallıq və ruhi həyəcan təcrübəsinin
sirri ilə Nəsimi şeirlərindəki unikallıq
arasındakı harmoniya. Şair Nəsimi insan və sehrindən
heyrətləndi" adlı məqaləsidir. Məqalədə
Nəsimi haqqında Suriyada ilk tədqiqat əsəri yazan
Əbdulfəttah Rəvvas Qələçinin şairə həsr
etdiyi "İmadəddin Əl Nəsimi" kitabından bəhs
edilir.
Feysal
Kratç İmadəddin Nəsimiyə həsr olunmuş
kitab haqqında olan bu məqaləsində Qələçiyə
istinadən şairin həyatı,
dünyagörüşü, poeziyası, fəlsəfi
görüşləri haqqında dolğun məlumatlar şərh
etmişdir: "Əl -Nəsimi kosmik mahiyyətdə dərk
edilən dünya şöhrətli şairlərdəndir.
Onun öz dünyası var. Bizi cazibəsində saxlayan öz
dünyası. Onun dünyası - İnsandır. O
özünü bu əqidəsinə həsr etdi və öz
azadlığı və ali səviyyəsi üçün
mübarizə apardı. İnsan siması həqiqətin ifadəsidir.
Bunu dərk etmək üçün insana şüur
verilmişdir. Onun poeziyasında iki aspekt diqqəti cəlb
edir: emosionallıq və ruhi həyəcandan bunların
harmoniyası bu şeiriyyətin unikal sirli nəğməsidir.
İmad əl-Din Nəsimi fəlsəfə, astronomiya, məntiq,
riyaziyyat və təbiət elmləri üzrə kamilləşdi.
Ərəbcə, farsca dili axıcı idi. Üç dildə
yazmış və ədəbi yaradıcılıqda öz
dili olaraq azəricə yazmağı bacarmış və on
mindən çox "ev" əsər
yaratmışdır. Nəsiminin fars dilində olan divanı təxminən
beş min "ev"dir. Ərəbcə şeirləri
çox cüzidir. Ola bilər ki, itmişdir və ya
dağıdılmışdır" .
Məqalə
müəllifi ərəb alimi Əbdulfəttah Rəvvas Qələçinin
əsrlər boyu bütün dünya üçün
maraqlı olan İmadəddin Nəsiminin həyatı və
dünyagörüşü haqqında yazır.
"...Düşüncələrini yaymağa
başladıqda alimlər bunu İslama qarşı bir
çıxış kimi qarşıladılar və üsyan
etdilər. Osmanlı səlahiyyət sahibləri tərəfindən
təqib edildi, həbs olundu, işgəncələrə məruz
qaldı. Bundan sonra Osmanlı İmperatorluğundan Hələbə
doğru yola çıxdı. 1401-ci ildə əmir Teymurun
Suriyadan ayrılmasından sonra Hələbə gəldi. Bu
onu fərəhləndirdi. Müəllimlər və
şagirdlərlə tanış oldu. Düşüncələrini
bölüşdü. Şeirlərini oxudu. Onun azad fikirlərini
getdikcə daha geniş meydanlarda paylaşması bəzi
dindarlar tərəfindən gündəmə gətirildi,
ancaq edilən xəbərdarlıqlara rəğmən,
çıxışlarını davam etdirdi, dinləyicilərini
qəbul etməkdə davam etdi. Şagidlərindən birinin
müəlliminin şeirlərini Hələbdəki bir bazarda
söylədiyi deyilir".
Məqalə
müəllifi Əbdulfəttah Rəvvas Qələçinin
İmadəddin Nəsiminin ərəb - Suriya torpaqlarında
faciəvi sonluğu haqqında öz oxucusuna verdiyi dolğun və
eləcə də kifayət qədər yeni məlumatlara diqqəti
yönəldir ki, biz bu tarixi ştrixlər əsasında əbədiyaşar
şairimiz Nəsiminin ərəb
dünyagörüşündəki məğrur
şair-filosof portretini görürük: "Bu gənc adam həbs
olundu və mühakiməsi zamanı müəlliminin təhlükəsizliyi
üçün saçını uzatdı, ölüm cəzasına
məhkum edildi. Ancaq Əl Nəsimi şeiri ilə dərhal əcəli
özünə döndərdi və bir qrup elm adamının
iştirak etdiyi Ədalət Məclisinə gətirildi. Hələb
hakimi Yəsbak əl Yusufinin qatıldığı və əl-Nəsiminin
yalan, ateizm və itaətsizlikdə
günahlandırıldığı məhkəmədə
hakimlər ölüm cəzasını qəbul etmədilər.
Sultan millət vəkili: "Onu öldürmürəm və
Sultanın qərarını "gözləyəcəyəm"
- dedi. Filosofun edamı: Qurum hakimlərin fikirlərini əks
etdirən qərarı pozan hökm göndərmişdir.
Alimlərin Qahirədəki sultana Nəsiminin cildinin və dərisinin
soyulması ilə doğranması edamı və nəəşinin
7 gün Hələbdə nümayiş etdirilməsi barədə
müraciətinə cavab gəlir. Ancaq müxalifləri Nəsimini
təqsirləndirmək üçün qanuni bir əsas tapa
bilmədilər. Sükut çökdü. Nəsimi iki dəfə
kəlməyi-şəhadətini dedi.
Qeyd edək
ki, Nəsiminin edamı ilə bağlı dəlillər (edam
zamanı 2 dəfə kəlmeyi-şəhadətini deməsi
faktı) akademik Ziya Bünyadovun "Nəsimi diri-diri dərisi
soyularaq öldürülməyib" məqaləsində
xüsusi olaraq vurğuladığı kimi təkrar təsiri
bağışlayır. Akademikin bu məsələ ilə
bağlı şərhini bu məqamda olduğu kimi, diqqətə
çatdırmaq, fikrimcə, yerinə düşər:
"İndiyə qədər Nəsiminin ölümü
haqqında xəbər bizə yalnız türk alimi
Əbdülbaqi Gölpınarlının "İslam
Ansiklopedisi"ndə dərc olunan "Nəsimi" adlı
məqaləsindən bəllidir (Bax: "İslam
Ansiklopedisi", İstanbul, 1964, cild 9, səh. 206-207). Məqalədə
qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli
məmlük sultanı əl-Müəyyəd Seyfəddin
Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci Miladi illər)
və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin
dövründə (818-824 Hicri və ya 1414-1424-ci Miladi illər)
olub. Bu məlumat alimlərimiz tərəfindən
sözsüz, qəbul olunur və eynilə bütün tədqiqatlara
köçürülür". Lap bu yaxınlarda akademikin qənaətində
yanılmadığının, hətta nəinki, İslam
Ensiklopediyası məqaləsinin, əziyyət çəkilmədən
akademikin elə həmin - "Nəsimi diri-diri dərisi
soyularaq öldürülməyib" məqaləsinin
mövzusunun, dəlillərinin xeyli dərəcədə, məqalənin
adının "eynilə
köçürüldüyünün" şahidi olduq.
Görkəmli
ərəb alimi Əbdulfəttah Rəvvas Qələçinin
təhlil olunan "İmadəddin əl Nəsimi"
kitabından əvvəl, 1991-ci ildə "Hələbin
yaqutu - İmadəddin Nəsimi - həyatı, poeziyası, fəlsəfi
görüşləri" (Ərəb Yazıçılar
Birliyi. 86 səh.) kitabı nəşr olunub. Bu əsər ərəb
dünyasında Nəsiminin həyatı,
yaradıcılığı haqqında maraqlı faktlarla
dolğun olan ilk elmi monoqrafiya kimi əhəmiyyət kəsb
edir. Fikrimizcə, yaqut sözünün ərəb dilində
qiymətli daş anlamından başqa, böyük, uca mənalarını
kəsb etməsi deməyə əsas verir ki, alim,
yazıçı Qələçi İmadəddin Nəsimini
Suriyanın tarixi mədəniyyət şəhəri Hələbin
yaqutu adlandırmaqla ərəb dünyası, İslam cəmiyyətinin
dahimizə verdiyi dəyəri ifadə etmişdir.
Biz ərəb
dünyasında Azərbaycan klassik şeirinin XIV əsr dahisi
İmadəddin Nəsimiyə həsr olunmuş iki elmi nəşrin
müəllifi Əbdulfəttah Rəvvas Qələçi
haqqında daha çox məlumatlanmaq məqsədi ilə
internet üzərindən axtarışlar etdikdə onun
1938-ci ildə Hələbdə doğulduğunu, orada ilk təhsilini
aldığını, Dəməşqdə universitet
bitirdiyini, uzun müddət Sənət Universitetində dərs
dediyini, Ərəb Yazıçılar Birliyinin üzvü,
beləcə onun Suriyanın tanınmış alim,
yazıçılarından olduğunu və "İslam
estetikasına giriş", "Hələb - dünən və
bu gün", "Sirli teatr", "Canlı operetta"
elmi əsərləri, həmçinin "Quşların
uçuşu" romanı, "Dəlilik fantaziyası"
"Ayaqqabı təmirçisi", "Turist və
qatar", "Gözəl ana" və çox sayda pyesləri
və b. əllidən çox əsəri sırasında Azərbaycan
mühacir mütəfəkkirləri haqqında - "İmadəddin
Əl Nəsimi", "Hələbin yaqutu - İmadəddin
Nəsimi - həyatı, poeziyası, fəlsəfi
görüşləri", "Əl Sührəvərdi -
hikmət sahibi" , "Nəsimi və Rumi"
kitablarının da xüsusilə seçildiyini öyrəndik.
Haşiyə
çıxaraq qeyd etmək istərdik ki, Azərbaycan elmi ictimaiyyətinə
Əbdulfəttah Rəvvas Qələçinin adını
ilk dəfə akademik Bəkir Nəbiyev
xatırlatmışdır. Belə ki, akademik Bəkir Nəbiyev
bu məqalənin müəllifinin 2005-ci ildə Nəsimi
sevgisi ilə yaratdığı ""Nəsimi"
Suriya-Azərbaycan Dostluq Cəmiyyəti" İctimai Birliyinin
mətbu orqanı "Cahan+" qəzetinə "Nəsimi
kəlamının işığında" (Cahan+ qəzeti,
11 dekabr. 2009-cu il) məqaləsini təqdim etmiş və bu məqalədə
şairi ərəb dünyasında əbədiləşdirən
Qələçi və kitabı haqqında məlumat
vermişdir. (Elə akademik Bəkir Nəbiyev 2009-cu ildə həmin
məqaləni bir qədər genişləndirməklə
kitab çap etdirmişdir).
Bu məqamda
dəyərli ziyalımız İmamverdi Həmidovun Qələçinin
"Yaqut əl Hələb İmadəddin Nəsimi - həyatı,
poeziyası, fəlsəfi görüşləri"
kitabından etdiyi yığcam tərcümə mətnini də
yada salmağı özümüzə borc bilirik. Beləliklə,
akademik Bəkir Nəbiyevin şərhində həmin kitab
haqqında məlumatı nəzərdən keçirək:
"Onun (İmamverdi Həmidov nəzərdə tutulur - X.Q.)
qənaətinə görə, Qələçinin
kitabını ərəb ölkələrində
böyük Azərbaycan şairi haqqında nəşr
olunmuş ilk sanballı əsər hesab etmək olar. Burada Nəsiminin
yaşadığı dövrün tarixi icmalı, şairin həyatı,
təsirləndiyi qaynaqlar, qəzəllərinin əsas
mövzusu, Nəsimi və hürufiliyə dəvət, Nəsimi
şeirində insan kimi problemlərdən bəhs edilir. Qələçiyə
görə, bir tərəfdən, Azərbaycanda zəngin ədəbi-mədəni
irs, digər tərəfdən, Yaxın Şərq şeiri,
İslam dini və hürufilik Nəsiminin
dünyagörüşünün formalaşmasında
başlıca rol oynamışdır. Teymur istilasından sonra
Azərbaycanda və qonşu ölkələrdə
yaranmış vəziyyət alim tərəfindən obyektiv
şəkildə təsvir edilmişdir. Nəsimi kitabda öz
zamanəsində acgöz, təcavüzkar hakimlərin
başqa ölkələri soyub talamasına, zülm və əsarətə
qarşı çıxış edən iradəli bir şəxs
kimi tqdim edilir. Şair bir çox ölkələr gəzmiş
və ideyalarını təbliğ etmək üçün
Hələbdə münasib şərait tapışdı.
Müəllifin qənaətlərinə görə, Nəsiminin
təqib edilməsi və və cəzalandırılması,
böyük mütəfəkkirin edamının səbəbi
dini deyil, siyasi baxışlarla bağlı olmuşdur. Qələçi
yeri gəldikcə bəzi tarixi mənbələrə və
təsəvvüf ədəbiyyatına da istinad edir. Suriya tədqiqatçısı
Nəsiminin hürufilik görüşlərini izah etməyə
geniş yer vermişdir. Müəllif hürufilik
ideyalarının bəkdaşilik, qızılbaşlıq,
babilik və bəhailikdə də özünü göstərdiyinə,
Şamda və Hələbdə hürufiliyin davamçılarına
dair maraqlı mülahizələr irəli sürür. O,
hürufilikdə Fəzlullah Nəiminin rolundan, onun
çıxışlarının İslami ruhundan,
"Quran" təvsirlərində rəqəmlərlə
bağlılıq məsələsindən, vəhdət-vücud
əqidəsinin təsəvvüf alimlərinin əsərlərində
göstərilmiş mahiyyətindən bəhs edir və
münasib məqamlarda Nəsiminin qənaətlərinə
söykənir. Əsərin iki bölməsi Nəsiminin
şeirlərində insan qiymətləndirilməsinə və
şairin qəzəllərinin irfani məzmununun
açıqlanmasına həsr olunmuşdur. Qələçi
Nəsiminin humanist mahiyyətli şeirləri əsasında
aşağıdakı nəticələrə gəlir:
şair hürufilik əqidəsi altında insanı müdafiə
etmişdir, o hürufiliyi öz əsərləri və
ictimai nüfuzu vasitəsilə yaymağa
çalışmışdır. Nəsimi əzilən
insanı oyatmaq, zalım hakimlərə qarşı
qaldırmaq istəmişdir: adi insanı şərəfləndirən
Nəsimi heç vaxt hökmdarları mədh edən
şeirlər yazmamışdır; onun şeirlərində
Allah sevgisi tərənnüm edilir. Nəsiminin şeirlərini
şərh edərkən ərəb alimi iki məsələnin
üstündə ayrıca dayanır. Yaxın və Orta Şərq
regionunda o zamankı ictimai, siyasi və mədəni durum, Nəsimi
şəxsiyyətinin mürəkkəbliyi və zənginliyi.
Kitabın "Əlavə" bölməsində Nəsiminin
qəzəl, məsnəvi, rübai və mərsiyələrindən
nümunələrin ərəb dilində tərcüməsi
verilişdir" (Nəbiyev Bəkir. Nəsimi kəlamının
işığında. Bakı, Qarabağ-2009. səh.22-26. 176
səh.).
Mən Nəsimi
ilinə öz tərəfimdən tədqiqat töhfəsi
olaraq "Nəsimi ili çağdaş ərəb tədqiqatlarında"("Respublika"
qəzeti, 10, 15 avqust, 2019) və eləcə də bu məqaləni
yazarkən Ə.R.Qələçinin həmin kitabını
akademik Bəkir Nəbiyevin ailəsindən, Suriyada Nəsimiyə
həsr olunmuş beynəlxalq konfransda iştirak etmiş tədqiqatçı
Səadət Şıxıyevadan, ərəbşünas alim
İmamverdi Həmidovdan və hətta bir neçə
Suriyalı ziyalıdan istəsəm də, əldə edə
bilmədim. Həmçinin də Qələçi ilə
bütün mümkün vasitələrdən istifadə etməklə
əlaqə yaratmağa çalışsam da, internet üzərindən
kitabın solğun üz qabığı ilə haqqında
yığcam məlumatlardan başqa, heç bir müsbət
nəticə alınmadı. Beləliklə, Qələçinin
bu əsəri haqqında Bəkir Nəbiyevin "Nəsimi kəlamının
işığında" kitabında olan tərcümə
materialları, orda çap olunmuş iç üz
qabığı, bir də internetdə Qələçi nəşrləri
səhifəsində olan - kitabın (kitab yüklənmir)
oxunmaz üz qabığı əlimiz çatan yeganə mənbədir.
Vurğulamaq istərdim ki, Bəkir Nəbiyev 2008-ci ildə
Suriyada Nəsimiyə həsr olunmuş Beynəlxalq konfrans
zamanı Əbdulfəttah Rəvvas Qələçinin bu
kitabının Azərbaycandan olan bütün nümayəndə
heyətinə hədiyyə edildiyini yazsa da, Səadət
Şıxıyeva "kitabın hamıya
bağışlanacağı vəd edilsə də,
yalnız onun əldə etdiyini və Bəkir Nəbiyev istədikdə
surətini çıxarıb ona verdiyini" bildirmişdir.
Ümid edirik ki, ərəb dünyasında İmadəddin Nəsimimiz
haqqında yazılmış iki kitabdan "əlimizdə"
olan bu əsər yaxın vaxtlarda tərcümə edilib elmi
ictimaiyyətə təqdim olunmaqla Nəsimi ilini təravətləndirəcəkdir.
Qocaman ərəb
yazıçısı və alimi Əbdulfəttah Rəvvas
Qələçi və onun "İmadəddin Əl Nəsimi"
kitabı haqqında suriyalı yazar Feysal Kratçın
yazdığı "Şeir sənətinin emosionallıq və
ruhi həyəcan təcrübəsinin sirri ilə Nəsimi
şeirlərindəki unikallıq arasındakı harmoniya. Şair
Nəsimi insan və sehrindən heyrətləndi" məqaləsi,
habelə alimin "Hələbin yaqutu - İmadəddin Əl
Nəsimi - həyatı, poeziyası, fəlsəfi
görüşləri" adlı dəyərli kitabı ilə
bağlı bu yığcam şərhimizi tamamlayarkən bir
arzumuzu bölüşmək istərdik. Belə ki, fikrimizcə,
ərəb nəsimişünas Əbdulfəttah Rəvvas Qələçinin
xalqımızın İmadəddin Nəsimi mənəvi
mirasına həsr etdiyi əsərlərin
kitabxanalarımız üçün əldə olunması,
həmçinin də onun ölkəmizə - İmadəddin
Nəsiminin doğma vətəninə dəvət edilməsi,
ümumiyyətlə çağdaş ərəb dilli mətbuat
səhifələrində diqqəti cəlb edən Nəsimi
tədqiqatlarının tərcümə edilərək
geniş ictimaiyyətin diqqətinə
çatdırılması Nəsimi ilinə layiqli töhfə
olardı.
Xatirə Quliyeva
Ədəbiyyat qəzeti.- 2019.- 24
avqust.- S.22-23.