Qaryağdıoğlu, Sarabski:
qovuşan məqamlar
Müasir
Azərbaycan şeirinin inkişafına, özünəməxsus
cizgilərinin formalaşmasına, məzmun, lirik qiyafə
baxımından pozitiv çalarlar əldə etməsinə
öz baxış bucağından yanaşan Vaqif Bəhmənlinin
poetik təfəkkürü və onun bir sıra xüsusiyyətləri
ilə bağlı xeyli mülahizələr söylənilmişdir.
Bu yazıların hamısı eyni səviyyədə olmasa
da, onlarda şairin yaradıcılıq dəst-xəttini təhlil
etmə bacarığı özünü göstərməklə
müəllifin bədii üslubuyla bağlı müvafiq təsəvvürlər
ortaya qoyulmaqdadır. Bununla belə, indiyə qədər
yazılanlara baxmayaraq, Vaqif Bəhmənlinin poeziyasına bir
küll halında nəzər salmaq da istisna olunmur. Bu,
heç şübhəsiz ki, məsələnin prioritet cəhətidir
və bu sahəyə baxış da gündəmin
aktuallığıdır. Lakin biz bu yazıda Vaqif Bəhmənli
yaradıcılığına başqa bir kontekstdən
yamaşmağı nəzərdə tuturuq. Vaqif Bəhmənli
ədəbiyyatımızda əsasən şair kimi
tanınsa da, onun yaradıcılığının
belletristika və publisistika istiqamətləri də
mövcuddur ki, bu sahələr indiyə qədər ədəbi
tənqidin diqqətindən xeyli kənarda
qalmışdır. Düzdür, V.Bəhmənli
yaradıcılığı ilə tanış olanlar onun ən
azı "Uzaq bir işıq", "Can dəftəri",
"Səndən özgə" kimi maraqlı poetik məcmuələrlə
yanaşı, 2019-cu ildə nəşr etdirdiyi "Qansız
savaş"ı da (Ən yeni şeir) öz pərəstişkarlarına
təqdim etmişdir. Eyni zamanda Vaqifin bədii
publisistikasını təşkil
edən "Sınıq güzgü" (2005) kitabı, bir qədər
sonra Azərbaycan elmi-mədəni-siyasi həyatında şərəfli
ömrə imza atmış professor Kamran Əsəd oğlu
Hüseynova həsr etdiyi "İlin beşinci fəsli.
Kamran" (2013) sənədli romanı, "Azərbaycan" ədəbi-bədii
jurnalında dərc etdirdiyi "Məcnun özü"
(2017, ¹ 10, s. 18 - 94) və "Cabbar qalası" (2017, ¹11, s.
33 - 104) portret-povestlər ilə oxucularla görüşməyə
can atmışdır.
Yeri gəlmişkən
deyək ki, Bəhmənli poeziyasından Bəhmənli
bacası necə görünürsə, Bəhmənli
belletristikasından da Bəhmənli təhkiyəsi bizə
uğurla əl eləməkdədir. İlk baxışda Bəhmənli
poeziyasının vurğunları, yaxud onu şair kimi
görüb qəbul etmişlər, onun nəsr
yaradıcılığına bir qədər inamla
yanaşmazlar. Lakin belə vəziyyət heç də həqiqəti
əks etdirməz. Bunu biz Bəhmənli nəsrinin
ideyasına, məzmununa, obrazlar sisteminə, təhkiyə
üslubuna, onun detallarına bələd olan ədəbiyyatşünas
kimi deyirik. Çünki publisistika və nəsr yaradıcılığına
dair Vaqifin ortaya qoyduğu nümunələr də yetərincə
orijinal və özəldir. Onlardan hər biri haqqında tənqidçi
fikrinin ortaya qoyulmasına da ehtiyac vardır. Bu məqsədlə
də biz müəllifin iki əsərini "Məcnun
özü" və "Cabbar qalası" portret-povestlərini
təhlil süzgəcindən keçirməyi
düşünürük.
***
İndi
isə keçək məsələnin mətləbinə.
Buna görə də biz təhlillərimizi bir qədər fərqli
yöndə interiorizə olunmuş diskurs müstəvisində
aparmağı planlaşdırmışıq.
İnteriorizasiya (latınca "interior" - "daxili",
fransızca "interiorisation" - "daxilə
keçid" kimi başa düşülməklə)
psixoloji anlayış olaraq fransız sosioloqları
D.Dürkqeym, P.Jane, J.Piaje, A.Vallon, rus psixoloqları P.Y.Qalperin,
L.S.Viqotski və başqalarının nəzəri
baxışlarında yer almışdır. Lakin bu heç də
o demək deyildir ki, "interiorizasiya" terminini biz sırf
psixoloji yanaşmalara tətbiqən nəzərdən
keçirməliyik. Məsələ burasındadır ki,
interiorizasiya şüurun nəinki "sistemli" strukturuna,
həm də onun "məna", "mahiyyət"
quruluşunun formalaşmasına təsir göstərir. Fərdin
intellektual və rasional baxımından formalaşma prosesində
rol oynayır. Bundan başqa, interiorizasiya obrazın modelləşməsində
yaradıcı problem vəzifələrin həlli üsulu
kimi çıxış edir. Yaddaşda, təxəyyüldə
interiorizasiyanın aparılması əvvəldə baş
vermişlərin hər hansı mətndə yenidən
canlandırılması, obrazlaşdırması kimi də
başa düşülməlidir. İnteriorizasiya
eksteriorizasiya (latınca - "exterior" - "zahiri",
francızca - "eksperiorisation" - "ortaya
çıxma", "görünmə"; hərəkətin,
fəaliyyətin daxildən xarici plana, xaricə
ötürülməsi) daxildən gələnlərin xaricdəkilərlə
üzvü əlaqədə olmasını nəzərdə
tutur. Psixologiya, sosiologiya, fəlsəfə, pedaqogika,
koqnitologiya, kulturologiya, dilşünaslıq, ədəbiyyatşünaslıq
kimi elm sahələri bu gün çağdaş mərhələdə
bir-birinə daha çox yaxınlaşmada olduğundan
interiorizasiya artıq fənlərarası kateqoriya kimi daha
çox diqqəti cəlb etməkdədir. İnteriorizasiya
müəllifin özünün özü ilə
apardığı daxili dialoqun, psixi funksiyanın gizli
mexanizmidir. Gizli dialoq, müəllifin özünün iç
dünyasında yer alan fikirləri ünsiyyət psixikası
strukturunda dərinləşmiş interiorizə komponenti kimi dərk
olunmaqdadır. Başqa sözlə desək, interiorizasiya daxilən
dialoji strukturlu obyekt-subyekt tipli münasibətlərdə
özünü ifadə edir. Bunu nəzərə alaraq biz
"interiorizasiya" termininə "diskurs" terminini də
əlavə etməklə məsələyə məhz belə
baxış bucağından yanaşmağı məqsədə
müvafiq hesab edirik.
Çağdaş
ədəbiyyatşünaslıqda, ədəbi tənqiddə,
estetik yanaşmalarda ədəbi-bədii əsərlərin təhlilində
çoxsaylı yanaşmalardan, metodik çözümlərdən,
praktik instrumentarilərdən istifadə edilsə də, bizim
tənqiddə, nədənsə, əksər hallarda
onların yeknəsəqliyi nəzərə
çarpmaqdadır. Belə yanaşmadan çıxış
edərək, biz bu məqalədə məsələyə
bir qədər fərqli rakursdan baxmaqda israrlıyıq. Daha
doğrusu, Vaqif Bəhmənli
yaradıcılığını interiorizasiya kontekstində
mətn çözümünü nəzərdən
keçirəcəyik. Buna görə də Vaqif Bəhmənlinin
"Məcnun özü" və "Cabbar qalası"
povestlərinin interiorizə olunmuş diskurs müstəvisində
incələnməsini zəruri hesab edib, əvvəl
"interiorizə olunmuş diskurs"
anlayışını da izah etməyə ehtiyac duyuruq.
***
İnteriorizə
olunmuş diskurs ilk növbədə subyektin düşüncəsinin
özünəməxsus modelləşdirmə üsulu olmaqla
yuxarıda bildirdiyimiz kimi, linqvistika, psixologiya, koqnitologiya, ədəbiyyatşünaslıq
və digər elmi baxımdan da mövqe sərgiləməyi
nəzərdə tutur. Eyni zamanda bunu da bildirək ki, psixoloji
kateqoriya olan "diskurs" anlayışı
çoxplanlığı və
çoxfunksionallığı ilə seçilməklə, həm
də onun izahının və təsnifatının rəngarəngliyinə
gətirib çıxarır. Bizim təqdirdə interiorizə
olunmuş diskurs insanın daxildə olan fikir,
düşüncə və nitqinin cəmidir ki, o, Vaqif Bəhmənlinin
"Məcnun özü" və "Cabbar qalası"
povestlərində fərdi dil tərtibatı etmə priyomu və təqdimilə
səciyyəvidir. Hər iki adıçəkilən əsərdə
aparıcı bədii subyektlərin (bu əsərlərin qəhrəmanlarının)
fikir və hissləri ikinci subyektin (yəni povestlərin
müəllifinin) köməyi ilə verbal ifadə imkanı əldə
edir. Bununla da bu povestlərdə interiorizə olunmuş
subyektlər ikili xarakterə malik olur: bir subyektin (yəni
müəllifin) fikir və hissləri digər obyektin (əsərlərin
qəhrəmanının) daxili aləminin içində
yaşayır. "Məcnun özü" və "Cabbar
qalası" povestlərində personajların daxili nitqini
koqnitiv proseslərdən kənarda, onlarla əlaqəsiz nəzərdən keçirmək
səmərə vermir. Çünki bu proseslərin bir-biri ilə
qarşılıqlı əlaqəsi olsa da, onların
aralarında hər hansı mühüm sərhəddə
mövcud deyildir.
***
Vaqif Bəhmənli
həm Hüseynqulu Sarabski, həm də Cabbar
Qaryağdıoğlu ilə bağlı öyrəndiyi,
toplayıb araya-ərsəyə gətirdiyi materialları
ortaya qoymazdan öncə düşündüklərini
interiorizə etməklə, bədii plana və öz bədii
iradəsinə müvafiq olaraq mətnin interiorizə
olunmasına can atmışdır. Hər iki povestdə
interiorizə olunmuş diskurs özünün dərinliyi ilə
bağlı olan hər iki əsərin məzmun-ideya və
sktuktur-kompozisiya sistemindən yaxşı görünür.
Əgər "Məcnun özü" povestində bu
kompozisiya "Sitat", "Müəllifdən",
"Əfsanəvi kərpic və yaxud Tallin
pritçası", "Mənbələr nə deyir",
"Zəruri keçid", "Bəs talisman necə, o
varmı?", "Ömür... tamaşa kimi!", "Məbədin
qapısı önündə", "Bakı vaxtı ilə
... zaman", "Səhnənin tən ortasında",
"Nicat", "Səfa", "Müdiriyyət...",
"Gələn getməz bu meydandan", "Sarabski yolunda
Üzeyir bəy işığı", "Qoşa qanadla
zirvəyə", "Ədib Sarabski, yaxud qocaman şəhərin
solmayan xatirələri", "Epiloq" kimi bölmələrdən
ibarətdirsə, "Cabbar qalası" "Üç
sim", "Pərdə", "Kökləmə",
"Yeddi not", "Dəramət. Dünyaya Cabbar gəlir",
"Bərdaşt. Yeddinin sehri", "Maye səs
çiçəyi", "Güsə. İlk heyrət",
"Bir dəfə", "Bir dəfə Məşədi
İsi", "Rəng. Yetkinləşmə", "Bir dəfə.
Xarrat Qulu", "Bir dəfə. Doktor Smirnov", "Rast.
Birinci təməl", "Humayun. İkinci təməl",
"Alt mizrab", "Segah. Dördüncü təməl".
"Şuşa mühiti", "Çahargah. Cabbar özünü
yaradır", "Son dəfə. Sarabski", "Mənsuriyyə.
Sənətkar və şəxsiyyət
ucalığı", "Bir dəfə Bülbül",
"Şah pərdə. Ailə ocağı", "Son pərdə",
"Heyratı - ustadların heyrəti" və
"Şur" başlığı ilə sonuclanır.
Hər
iki əsərin belə quruluşu orijinallığı ilə
seçilməklə hadisələrin, təsvir olunan
faktların, müəllifin deyim diskursunun kifayət qədər
orijinal düşüncəyə söykəndiyinə
işarədir. Bu əsərlərdən hər biri müstəqil
tamamlanmış belletristika nümunəsi olduğunu sübut
etsə də, biz, nədənsə, onlara fərqli rakursdan baxmağı
təklif edirik. Çünki bu əsərdən hər
birinin baş qəhrəmanı sənət və incəsənət
adamları (obrazları) olmaqla, onların təsvir olunduğu
mədəni, ictimai, siyasi, kulturoloji mühit əksər
hallarda bir sıra cəhətləri (onları əhatə edən
maarifçilər, ədəbiyyat adamları, sənət,
incəsənət, teatr fədailəri, xalqın ədəbi-bədii-mədəni
düşüncəsinin qaymaqlarını, elitar təfəkkür
tərzini təqdim etdiklərindən bu əsərlərin hər
ikisini kompozisiya-struktur, bədii təxəyyül, milli sənətə
xidmət baxımından bir araya gətirməkdədir.
Əksər obrazlar H.Sarabski, Ü.Hacıbəyov, M.Əliyev,
A.Şərifzadə, Ə.Əzimzadə, H.Cavid,
Ə.Haqverdiyev, C.Zeynalov, M.M.Məmmədov, M.Mahmudbəyov,
S.M.Qənizadə, S.S.Axundov, H.Ərəblinski, Xarrat Qulu,
C.Qaryağdıoğlu, H.Zərdabi, M.F.Axunzadə,
F.Köçərli, M.M.Nəvvab, Sadıqcan, Xurşid Banu,
Keçəçi Məhəmməd, Şəkili Ələşgər,
Qurban Pirimov və başqaları, bir tərəfdən, milli
kimliyimizin, digər tərəfdən, milli musiqimizin,
üçünçü bir tərəfdən, milli teatr və
dramaturgiyamızın, səhnə mədəniyyətimizin
inkişafında canlarını fəda etmişlərdir.
Burada təqdim olunmuş personajlar müəllifin köməyi
ilə bir-biri ilə mükalimələrdə, ünsiyyətdədirlər.
V.Bəhmənlinin
hər iki əsərində interiorizə edilmiş diskursda
real avtokomunikasiya (daxildə ünsiyyətə girmə)
imitasiyası vardır (Y.Lotman) ki, bunlar daxili nitqi (yəni
daxili monoloqu, daxili dialoqu, daxili replikanı əks etdirir), yaxud
da eqosentrik nitqdir ki, bu da L.Viqotskiyə görə zahiri və
daxili nitq arasında olan keçid mərhələsi kimi nəzərdən
keçirilə bilər. Elə buradaca bildirək ki, interiorizə
olunmuş diskurs avtokomunikasiya situasiyasını da (yəni
burada ünsiyyətin bilərəkdən özünün
özünə istiqamətlənməsini) və eqosentrik nitq
situasiyasını əhatə edir (yəni burada ünsiyyətin
düşünülmədən özünə istiqamətlənməsi
və məlumatın digərlərinə göndərilməsi
nəzərdə tutulmur). Belə olduğu təqdirdə
personajın (qəhrəmanın), onun şəxsiyyətinin
həm "Məcnun özü", həm də "Cabbar
qalası" əsərlərində təsvirində
şüuri və qeyri-şüuri proseslərdə müxtəlif
səviyyəli iştirak özünü göstərir.
İnteriorizə olunmuş diskurs ona görə diskurs
adlanır ki, o, komunikativ funksiya əldə etməklə,
adıçəkilən povestlərdə müəllifin
oxucuya müraciət funksiyasının özünü əks
etdirir. İnteriorizə olunmuş diskurs, yuxarıda qeyd
etdiyimiz kimi, linqvistikanın, psixologiyanın və
koqnitologiyanın başlıca obyekti kimi
çıxış etsə də, onun bədii əsərlərdə
iştirak etdiyini və mühüm rola malik olub, bədii ədəbiyyatın
spesifik funksiyası ilə, daha doğrusu, V.Bəhmənlinin
povestlərində insanın (ların) mənəvi aləminin
təsviri ilə bağlı olduğunu əyani olaraq
sübut etdirməkdədir. Bu baxımdan birmənalı şəkildə
təsdiq etmək olar ki, interiorizə olunmuş diskurs elə
bir güclü üslubi vasitədir ki, o, bədii əsərdə
bu və ya digər personajın, obrazın daha tam şəkildə
çoxlu tərəflərinin açılmasına şərait
yaradır. "Mən gördüm ki, biz burada dərs
oxumayır, nökər, qulluqçu kimi işləyirik. Bir
gün molla mənə dedi: Oğlum, mən hamama gedirəm,
bu satıl və boxçanı mənim üçün
hamama apar. Bir iki saatdan sonra da gəl evə gətir". Mən
ona dedim ki, ay mollabacı, mən dərs oxumağa gəlmişəm,
nökər olmağa gəlməmişəm ki. Molla bunu
eşitdikdə çubuğu kürəyimə çəkib
dedi: "Sənin borcundu ki, mollaya nökər də olasan,
qulluqçu da...". Baxdım ki, əgər dayansam daha
mükəmməl döyüləcəm, çərəkəmlə
"Quran"ımı qapıb qaçdım. Evdə əhvalatı
nəql elədim. Atalığım bunu eşidəndə
durdu məni təpiyinin altına saldı və
başladı: "Bir il deyil, sən iki molla dəyişmisən.
Nə oldu, elə bunların ikisi də pis oldu?
Görünür, sən özün tənbəl, korazehinsən"
(Bəhmənli V. Məcnun özü (portret-povest). "Azərbaycan",
2017, ¹ 10, s. 35).
Baxın,
əsərin kiçik bir parçasına müraciət
etdiyimiz mətnində dörd çeşidli nitq (müəllif,
aktyor, molla, Sarabskinin atalığının nitqi bir-birinin
içində) oxuculara təqdim olunmuşdur. Qeyd etmək zəruridir
ki, müəllif və bədii əsərin qəhrəmanından
danışdıqda oxucunun əsəri məhz müəllif
prizmasından gördüyünü və dəyərləndirdiyini
söyləməliyik. Tanınmış nəzəriyyəçı
M.Baxtin göstərirdi ki, əsərin hər bir məqamı
müəllifin özünə olan reaksiyasını nəzərdə
tutur ki, burada o predmeti çevrələməklə, həm də
qəhrəmanın ona reaksiyasını əhatə edir. Daha
sonra burada o, qəhrəmanın emosional-iradi mövqeyini
refleksiya edir. Yaradıcılıq prosesində müəllif
(bizim təqdirdə Vaqif Bəhmənli) üçün
yaradıcılıq prosesinin özü yox, onun predmeti, nəticəsi
vacibdir. Çünki müəllifə Hüseynqulu Sarabskinin
hansı vəziyyətlərdən, ekstremal situasiyalardan
keçməsi və onların təsviri prosesin özündən
daha önəmli idi. Bundan başqa, yazıçı
üçün təsvir etdiyi dövrün koloritinin, tarixi
realiyaların detalları ilə yaradılması zəruri
idi. V.Bəhmənli bir belletrist kimi bunun öhdəsindən
layiqincə gələ bilir. O, Bakının tarixlə
bağlı başına gətirilənləri uğurla
ortaya qoyur. Əsərdə müəllif nəinki
Hüseynqulu Sarabskinin, həm də xalqın böyük və
keşməkeşli bir zaman kəsiyində yaşayıb fəaliyyət
göstərmiş aydınlarının, Azərbaycanın gələcəyinə
xidmətdə səyini əsirgəməmiş insanların
titanik davranışlarını, min bir bəlalardan
keçmiş şəhərin obrazını yarada
bilmişdi. Hüseynqulu Sarabskinin həyatı ilə Bakı
arasında ortaq nöqtələrin araya gətirilməsi
üçün müəllif bu oxşarlığı
kökdən üzu bəri təqdim edir. "O Bakı ki, e.ə.
3500 il əvvəl Misir Fironu Menesanın dövründə
yaradıldığı ehtimal olunan "Ölülər
kitabi"nda..., Qədim Abşeron torpağının
altında milyon il öncə yaşamış, nəsli kəsilmiş
canlıların sümükləri, ... Pompeyin Bakı ətrafında
düşərgəsi, onun şəhər olaraq 5 min ildən
çox yaşı, ...bineyi-qədimdən türk,
türk-müsəlman şəhəri kimi intibahı,
böhranları, ... XII əsrdə ikiqat qala divarlı bu
şəhərin Sasani və Xilafət hakimiyyətləri,
monqol-tatar yürüşləri..., Şirvanşahlar, Səfəvilər,
Osmanlı imperiyası, Bakı xanlığının tarixindəki
izləri... Xəzər dənizinə baş qoyan neft, duz, zəfəran
yatağı, ipək yolunun üstü... Bütöv Azərbaycan...
gözünün işığı, Gülüstan,
Türkmənçay müqavilələri ilə iki yerə
parçalanan Azərbaycan, milli tarixdə yeri... 1902-ci ildə
Hüseynqulu ilk teatr səhnəsinə çıxanda
fundamental Şərq dəyərləri millətin mentalitetini
yaradan əsas ana atributlar olsa da, tam təyinedici deyildi.
Əsasən Rusiya vasitəsilə Avropadan axıb gələn
başqa bir hava bir sıra tarixi şəhərlərin, ələlxüsus
da Bakının simasını ilbəil dəyişirdi (orada,
s. 49). Müəllif bədii təsvirlərində nüfuz
etdiyi obyekti elə mövzunun özü içində nəzərdən
keçirir. Bakının, Azərbaycanın, iqtisadi-mədəni
varlığımızın görümlü mənzərəsini
yaradır.
Vaqif Bəhmənli
"Cabbar qalası" povesti üzərində də
işini eyni istiqamətdə davam etdirir. Cabbar
Qaryağdıoğlunun əsərdə mükəmməl
ifaçı, xanəndə, musiqiçi, sənətkar
obrazı yaradılır. Cabbarla Sarabski eyni ildə, ayda dünyaya
gəlməsələr də, dövr baxımından onlar,
demək olar ki, eyni mərhələnin məhsuludur. Hər
ikisinin uşaqlıq, yeniyetməlik, gənclik illəri, sənətkar
kimi püxtələşməsi, virtuoz ustad səviyyəsinə
çatmaları, bunun üçün keçirdikləri
sarsıntılar, uğurlar, uğursuzluqlar
rastlaşdıqları çətinliklər, bu çətinliklərə
sinə gərib onlardan alnıaçıq, üzüağ
çıxmaları, təmsil etdikləri sənətin zirvəsində
qərar tutmaları - bütün nə varsa hamısı səriştəli
söz sahibinin qələmindən çıxdığı
təsəvvürünü yaradır. Bunların da hamısını
ipə-sapa düzməkdə məqsəd müəllifin təkcə
özünün özü ilə söhbəti naminə yox,
onun hər iki əsərinin qəhrəmanlarının daxili
nitq və fikirlərinin ortaya qoyulması müəlliflə qəhrəmanlar
arasında olan interiorizə olunmuş diskurs müstəvisində
nəzərdən keçirmək istəyi ilə
bağlı olmuşdur. V.Bəhmənli müstəqil olaraq
interiorizə dərəcəsindən asılı olaraq burada qəhrəmanların
emosional sarsıntılarını, onların qəhrəman
obrazı kimi psixi tipin, qoyulduqları sosial-ictimai-siyasi
situasiyanı, qəhrəmanlarla personajlar arasındakı
çoxsaylı qarşılıqlı münasibətləri
nəzərə almaqla realizə etmişdir. V.Bəhmənli
Sarabski və Cabbar obrazlarını yaratmaqla nəinki
onların mənəvi aləmini bədii əsərlərin
mətninə daxil edib, həm də hər iki əsərdə
müəllif-qəhrəman-oxucu üçlüyünün
köməyi ilə məkan diskursu yaradıb. İnteriorizə
olunmuş diskursda mətndənkənarlıqla mətn səviyyələri
bir-birilə qarışmaqla müəllifin özünün
mətnə gətirdiklərinin vasitəsi və
özünün xülyası ilə həqiqəti
üzvü surətdə birləşdirə bilib.
Bu əsərlərdə
interiorizə edilmiş diskurs əksər hallarda birinci və
üçüncü şəxs qismində iştirak edir.
V.Bəhmənli hər iki əsərdə özünün
müəllif kimi iştirakını çox da nəzərə
çarpmayan şəkildə ortaya qoyur. Burada interiorizə
edilmiş diskurs daim müəlliflə personajların fikirlərinin
qarşılıqlı münasibətləri kontekstində
diqqəti cəlb edir. "Cabbar qalası"nda müəllif
təhkiyəni elə qurub ki, burada, sanki hamı, hər
şey Cabbar Qaryağdıoğlunun məharətindən
danışır: "Cabbar Şərqin inkişafda olan
müsəlman şəhərində doğulmuşdu. Hər
səhər sübh namazı vaxtı gün ərzində
beş dəfə Şuşanın 18 məscidində
yüksələn azan səsi
bu zirvə şəhərin ruhunu göyün yeddi qatına
qaldırırdı, onsuz da uca olan Şuşa bir az da
ucalırdı. Başqalarından fenomenal vergi ilə fərqlənən
gələcəyin xanəndəsi üçün isə bu
ilahi müqəddəs səslər yalnız səs deyil, ciyərlərini
genəldən sənət hamısı estetik ahəngdarlığın
dəyərli bir qatı idi". (Bəhmənli V. Cabbar
qalası (portret-povest). "Azərbaycan", 2017, ¹ 11, s. 67).
Müəllif burada şəhər obrazı ilə
personajı bir-birilə yaxınlaşdırır. O, belə
priyomdan istifadə etməklə oxucuya Şuşanı və
qəhrəmanı nəinki öz gözü, həm də
digərlərinin gözü ilə göstərmək istəyir.
Bu, aşağıdakı parçada daha da görümlü
təqdim edilir:
"Şuşaya
qayalar başında tənha şəhər kimi baxmaq
düzgün deyil, obrazlı deyilsə, şəhərin
memarlıq baxımından yerləşmə məkanı
muğam dəstgahlarının cəmi kimi anlaşıla bilər.
Ağdamdan, Ağcabədidən, Bərdədən, Yevlaxdan,
Beyləqandan, Füzulidən, Tərtərdən, Əskərandan,
Xocalıdan, Qubadlıdan, Cəbrayıldan, Laçından, Kəlbəcərdən,
Zəngilandan qan damarları, tar simləri kimi uzanan yollar
muğam məqam şəklində Şuşada, bu əvəzsiz
qürur ucalığında birləşirdi". (Orada, s.
71). Burada müəllifin interiorizə edilmiş diskursda
başlıca məqsədi Cabbar Qaryağdıoğlundan
başqa, həm də diqqəti Şuşa obrazının
üstündə cəmləşdirməklə
bağlıdır. Daha doğrusu, Şuşa obrazı ilə
Cabbar Qaryağdıoğlu qəhrəman kimi - muğam isə
hər ikisi üçün başlıca atribut kimi bir-birini
tamamlayır. Bu əsərdə interiorizə olunmuş diskurs
özünün müxtəlif əlamətləri ilə
ortaya çıxır. Lakin onlar burada bir-birindən təcrid
olunmuş halda iştirak etmir. Onlar qarşılıqlı
münasibətdə, sistemli şəkildə, məntiqə
söykənməklə təzahür etdirilir. Beləliklə,
görürük ki, interiorizə olunmuş diskurs
bütün səviyyələri - mədəniyyəti,
xronotopu, üslubları, janrları, müraciət registrlərini,
emosiyaları, məntiqi, müxtəlif tipli konseptləri,
qrammatik və üslubi ifadə vasitələrini çevrələyir.
Buna görə də interiorizə olunmuş diskursda mədəni
kontekst daha geniş, xronotop əksər hallarda virtualdır ki,
bu da müasir insanın məkan-zaman hədlərinin aradan
qaldırılmasına istiqamətlənməsi ilə
bağlıdır.
Hər
iki povest-portreti dərindən təhlil edərkən belə
bir qənaətə gəlmək olur ki, Bəhmənli -
belletrist Bəhmənli şairə uduzmur. Onlar, bəlkə də
yanaşı addımlamaqla ritmin, qafiyənin poetik
konstruksiyası köməyi ilə nəsrin bədii
kompozision-struktur və məzmun keyfiyyətlərinə öz
möhürünü vurur.
V.Bəhmənlinin
təqdim etdiyi hər iki əsərin ideya-məzmun istiqamətinə,
təhkiyənin çağdaş bədii parametrlər səviyyəsində
aparılmasına elə bir iradımız olmasa`da, bu əsərlərin
janrı ilə bağlı bəzi qənaətlərimizi də
bildirməyi gərəkli hesab edirik. Məllif "Məcnun
özü" və "Cabbar qalası"nı
povest-portret adlandırır. Halbuki, bu əsərlərin məzmun,
ideya, tarixi kəsim, obrazlar sisteminə baxdıqda, onlardan
birinin digərinin içində olduğunu sezməmək də
mümkün deyildir. Bu əsərlər janr təyini
baxımından əgər, bir tərəfdən,
M.Y.Lermontovun "Zəmanəmizin qəhrəman"ı
romanını (o, əsər içində əsərdir)
andırırsa, digər tərəfdən, qazax
yazıçısı M.Auezovun "Qəddar illər" və
"Aşırımda atəş" romanları ilə səsləşir.
Bizim qənaətimizə görə, "Məcnun
özü" və "Cabbar qalası" əsərləri
janr baxımından tarixi romançılığın səciyyəvi
xüsusiyyətlərini özündə daşıyan
dilogiyadır. Janr təyinatından asılı olmayaraq, mədəniyyətimizin,
ictimai həyatımızın, musiqimizin, teatr sənətimizin
öncül nümayəndələrinin həyat və fəaliyyətinə
həsr olunmuş bu əsərlərin bədii dəyəri
danılmazdır.
Nizami
Tağısoy
Ədəbiyyat qəzeti.- 2019.- 24
avqust.- S.24-25.