Təxəllüslərin cazibə
qüvvəsi
Türk ədəbiyyatında Cümhuriyyət illərinin əvvəllərində yazıb-yaradan məşhur şair və yazıçıların iki adlı olmasına diqqət etmisiniz, yəqin. Reşat Nuri Güntekin, Nazım Hikmet Ran, Orhan Veli Kanık, Yahya Kemal Bayatlı, Halit Ziya Uşaklıgil, Necip Fazıl Kısakürek və başqaları. Olduqca təmtəraqlı adlardır. Amma belə olmasına səbəb təmtəraq deyil.
1934-cü ildə Türkiyə parlamentində qanun qüvvəyə minir ki, sinif fərqini göstərən adlar ləğv edilsin. Məsələn, paşaya general deyilsin. Hacı, bəy, xanım, ağa, hoca kimi adlardan istifadə olunmasın. Kişiyə "bay", qadına da "bayan" deyilsin. 1934-cü ildən əvvəlki dönəmlərdə insanlar çoxluğun içində tanınmaq üçün adlarının yanına atalarının, babalarının, analarının adlarını əlavə edirdilər. Bu adət o qədər kök saldı ki, 1934-cü ildən ta bu günə kimi Türkiyənin qəsəbələrində, kəndlərində bu adət davam edir. Türklərdə Orhan Kanık bütöv bir ad kimi qəbul olunur.
Məsələn, hansısa kəndə getdikdə "Yusuf Yıldırım" deyə soruşsanız "hansı Yusuf, Vəlinin oğlu Yusuf?" deyə soruşarlar. Bu, Azərbaycanda da belədir. Kənd yerlərində bizi tanımaq üçün atamızı, babamızı soruşarlar. 1934-cü ildə qanun qüvvəyə mindikdən sonra bu məşhur yazıçılar, şairlər adlarının yanına yeni bir ad da əlavə etməyə başladılar.
Misal üçün, Orhan Veli Kanık bir şeirində deyir:
İstanbulda
Boğaziçinde
bir qarip Orhan Veliyim,
Velinin oğluyum,
Tarifsiz kederler içinde...
O bu şeirində "Velinin oğluyum" cümləsini qeyd edir. Yəni Orhan Veli Velinin oğludur. Eynilə də o biriləri. Fazıl oğlu Necip Kısakürek. Hikmet oğlu
Nazım Ran.
1934-cü
ildə "soyad qanunu" çıxandan
sonra hər kəs soyadını özü seçdiyi üçün adamların
bütün gizli, alçaldıcı duyğuları
ortaya çıxdı
- dünyanın ən
xəsisləri "Əliaçıq",
dünyanın ən qorxaqları "Ürəkli",
dünyanın ən tənbəlləri "Çalışqan"
kimi soyadlar aldılar. Çox vaxt hər şeydə sona qaldığım üçün
gözəl soyad seçimində də sona qalmışdım.
Mənə ortalıqda gəzərkən
qürurlanacağım bir
soyad qalmadığına
görə özümə
"Nesin" (Nəsən?)
soyadını götürdüm.
Hamı
"Nesin" deyə
çağırdıqca nə
olduğumu düşünüb
özümə gəlmək
istədim.
Bu hal bütün
yazıçılara, şairlərə
aid deyil. Tevfik Fikret, Ömer
Seyfeddin, Namık Kamal, Ziya Gökalp
kimi yazarlar niyə ikinci ad seçməyiblər? Bunu siz düşünün.
Türk yazıçılarından, şairlərindən
çıxış edib
mən də təxəllüs məsələsinə
toxunmaq istəyirəm. Məncə, bir şirkətin məhsulundan əvvəl onun reklam məsələsi,
ad məsələsi önəm
daşıdığı kimi,
bu, yazıçılara,
şairlərə də
aiddir. Azərbaycan
ədəbiyyatında da
Mirzə Ələkbər
Sabir, Mirzə Şəfi Vazeh, Molla Vəli Vidadi kimi üç adlı şairlər olub. Ad nə qədər
çəkici olsa, imza bir o qədər
maraqlı olur. Yəni şairi, yazıçını
geyiminə görə
qarşılayıb, danışığına
görə yola salarlar.
Bizim yazarların adlarına gəlincə, xeyli şablon təxəllüslər
var, amma onların içində maraqlı təxəllüslər
də diqqətimi çəkib: Seymur Baycan, Günel Treu, İkinci Mahmud, Şəhriyar Del Gerani. Bu yazarlar həm
də təxəllüsləri
ilə maraqlıdırlar.
Təbii
ki, imzanın arxasında duran mətn ən vacib məsələdir.
Amma şair təkcə mətnlə yox, obrazı, təxəllüsü
ilə də maraqlı olmalıdır.
Mikayıl Müşfiq, İmadəddin
Nəsimi, Hüseyn Cavid kimi şairlər
həm də obrazları, taleləri ilə seviliblər.
Şəxsən mən özüm əvvəllər Emin Akif imzası ilə yazırdım. Amma bir dövrdən sonra gördüm ki, atamın adı mənim şeirlərimə
də sirayət edir. Onun ölümündən çıxa bilmirəm.
Dostlarımla təxəllüslərin cazibə qüvvəsindən
danışanda Ernest Heminqueyin
adı üzərindən
mənə "Eminquey"
deyib zarafatlaşdılar.
Əvvəlcə fikir vermədim,
gülüb keçdim.
Amma sonra bu təxəllüs
məni cəlb elədi. Niyə də olmasın?
Və mən Eminqueyi özümə təxəllüs seçdim. Bunun üstünlüyü
ondadır ki, mənim təxəllüsümün
içində həm
də adım var. Yəni qısa və lakonik. Sonralarsa bu təxəllüs haqqında məndən soruşanların çox
olduğunu görüb
onun açmasını
oxuculara bəyan elədim.
Qu "quyu"
sözünün qısaldılmışıdır. "Ey" isə haraylama formasıdır.
Yəni mənim təxəllüsüm
quyudan sizi haraylayan adamı xatırlatsın. Qaldı ki,
niyə bu "quey" adıma bitişik yazılır məsələsinə, məncə,
"filankəs filankəsoğlu"dansa,
adla təxəllüsün
birləşməsi daha
cəlbedici və daha gözəldir.
Amma bu təxəllüslə
bağlı az
problem də yaşamamışam.
Bu yaxınlarda səsləndirilən bir şeirimin rəy bölümündə elə
insanlar var idi ki, məni
Ernest Heminqueylə səhv
salmışdılar. Və onlar bilmirdilər ki, Ernest şair olmayıb. Yazırdılar
ki, Allah sənə rəhmət eləsin,
Ernest Heminquey! Bu halda mən həm Ernestə rəhmət oxutdurdum, həm də həmin adamlara sübut etməyə məcbur qaldım ki, ey insanlar,
mən ölməmişəm,
sağam.
Baxın, tarix boyu Mikayıl
adı uğurlu olub. Mikayıl Müşfiq,
Mikayıl Güləddinoğlu,
Mikayıl Cabbarov, Mixeyl Saakaşvili, Mikelancelo, Maykl Cekson, Mayk Tayson,
Mişel Platini və b.
Deməm o ki, "ad" önəmlidir. Niyə
Gülbadam, ya da Pirqasım adlı bir uğurlu
adam ortaya
çıxmayıb?!
Bu səbəbdəndir ki, "Dədə Qorqud" dastanında kişilərə göstərdikləri
qəhrəmanlıqlardan sonra
ad verilirdi. Bu gün
bu adət istənilən sferada öz yolunu davam edir.
Şekspir deyirdi ki, gülə
hansı adı versən, o cür də qoxar.
Bütün bunlar hər kəsə şamil olunmur, əlbəttə ki. Məhəmməd adlı
o qədər əclaf
adam var
ki. Sadəcə, adların, təxəllüslərin
vacib olduğunu vurğulamaq üçün
bunları qeyd etməliyəm.
Bir dəfə
Nemət Mətin adlı bir gəncin
kitabı düşdü
əlimə. Açdım, oxudum, xoşuma
gəlmədi. Hətta hekayə
adı ilə bir köşə yazısı da var idi. Bu gənc haqqında
yazdım ki, təxəllüsünü Nemət
Mətin qoyub, amma bir dənə
də olsun mətni yoxdur. Bəli, bəzən təxəllüs
kifayət etmir.
Və mətn elə bir şeydir ki, əgər gözəldirsə, orijinaldırsa
və xüsusiliyi varsa, onun altına
istənilən adı,
təxəllüsü əlavə
etsən də, həqiqət dəyişmir.
Amma gözəl mətnləri
olan elə yazıçılar, şairlər
var ki, təxəllüsləri
yazdıqlarına uymur.
Təxəllüslər bəzən dövrün tələblərinə uyğun
da seçilə bilir.
Türk ədəbiyyatında ən
çox təxəllüs
dəyişən yazar
Aziz Nesin olub. Əsl adı Mehmet Nüsret olan Aziz Nesin "Bahri Filefil, Berdi Birdirbir, Fettane Şatifil, Kerami Pestenkerani, Kerim Kihkih, Ord. Prof. Paf-Puf, Dr. Daim Değer, Oya Ateş, Vedia Nesin" kimi təxəllüslərlə
yazıb.
Nazım
Hikmet Ran "Orhan Selim, Ahmet Oğuz
Saruhan, Mümtaz Osman ve Ercüment
Er", Reşat Nuri Güntekin "Ateş Böceği, Ağustos Böceği, Yıldız Böceği,
Cemil Nimet, Hayreddin Rüştü, Mehmet Ferit, Sermet
Feri" kimi təxəllüslərlə yazıb.
Xülasə, yeniliklərdən çəkinməyin.
Özünüzü həm də təxəllüs, imza olaraq insanlara təqdim edə bilin.
Eminquey
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.30