ƏDƏBİYYAT ÜZRƏ
1997-Cİ İLİN NOBEL MÜKAFATÇISI:
Dario FO (İtaliya)
İtalyan dramaturqu, rejissor, səhnə sənəti üzrə nəzəriyyəçi,
rəssam. Romadakı La Sapiens Universitetinin fəxri doktoru.
24 mart 1926-cı ildə İtaliyanın Milan şəhərində,
kasıb ailədə
dünyaya gəlib. Atası Feliçe
Fo dəmiryolçu və həvəskar aktyor olub. Valideynləri antifaşist mövqeləri
ilə seçilib, atası İtaliya sosialist partiyasının üzvü olub. Fo ailəsi
yaralı partizanlara kömək edib, yəhudi alimlərinin konslagerdən qaçırılaraq
İsveçrəyə göndərilməyinə
şərait yaradıb.
Kasıb olmalarına baxmayaraq, valideynləri onun incəsənətə olan
marağına dəstək
veriblər. Dario Fo
1940-cı ildə Brera
Milan Akademiyasının səhnə
qrafikası fakültəsinə
daxil olub, lakin İkinci Dünya müharibəsinin
başlaması ilə
təhsili yarıda qalıb. Müharibəyə getməkdən imtina
edib və savaş bitənə qədər çardaqda gizlənib. 1945-ci ildə Milan Politexnik İnstitutunun memarlıq fakültəsinə qəbul
olunub.
Fo ilk ədəbi yaradıcılığa tələbəlik
dövründə başlayıb.
Bunlar kiçik monoloqlardan, satirik məzhəkələrdən,
yarıfantastik yazılardan
ibarət nümunələr
olub. Bu yazıları
daha çox dostlar arasında paylaşan Fo
zaman keçdikcə məşhurlaşıb. 1951-ci ildə Fo
milli radioda özünün 18 yumoristik
monoloqu ilə çıxış edib.
Bu çıxışlarda
böyük siyasi satira olduğu üçün rəhbərlik
tezliklə verilişi
bağlayıb, lakin efirdə yayımlanan qısa müddət onun tanınmasında mühüm rol oynayıb.
1953-cü
ildə institut təhsilini yarıda qoyan Fo
özünü bütünlüklə
ədəbiyyata həsr
edib. Müstəqil teatrlardan biri üçün "Barmağı
gözünə" və
"Sağlamları bağlayın"
adlı iki fars yazaraq
onalara quruluş verib. Daha sonra ciddi dramaturji fəaliyyətlə
məşğul olub və bu gərgin
yaradıcılığına görə 1997-ci ildə
"əsərlərində Orta əsr təlxəklərini
ustalıqla təqlid edə bildiyi, hakimiyyəti tənqid etdiyi, məzlum sinfin nümayəndələrinin
ləyaqətini qoruduğu
üçün" ədəbiyyat
üzrə Nobel mükafatına
layiq görülüb.
Dario Fo 13 oktyabr 2016-cı ildə Milanda vəfat edib.
Oxuculara dramturqun əsərlərindən
bəzi sitatları təqdim edirəm.
Sitatlar
-
"Başa düş, özgə qadınlar mənə
yalnız yataqda lazımdır, vəssalam!".
"Amma mən sənə
heç yataqda da lazım olmuram!".
- "Mənim səninlə nə işim var, sənin sərgüzəştlərin,
sənin başıboş qızların mənə lazım
deyil!".
"Hə, demək başıboş olmasaydılar,
onlarla işin olardı?".
- Dedi ki, mən
pozğunam! Onun qızı mənim ərimdən hamilə
qalıb, amma mən pozğunam!
- Son dərəcə sakit və
kimsəsiz yerə görüş təyin etdik. Dedi:
"Sabah saat 3-də qəbiristanda görüşərik".
- Hə-zz!! Heç dəxli var! Bu qədər
sözün içindən gör nə seçiblər?! Məsələn,
bunun əvəzində kətil sözünü götürmək
olmazdımı? Belə deyərdilər: "Mən kətil
alıram". Əvvəla heç kəs başa
düşməzdi ki, söhbət biədəb məsələdən
gedir. İkincisi, fikirləşərsən ki, adam yorulub,
oturub dincəlir!
- Qızınızın neçə
yaşı var? On altı? Bilirsiniz necədir,
normal qızların on altı yaşı olanda yad kişilərlə
veyillənmirlər, evdə, bağlı qapı arxasında əyləşirlər!
Ərim mənim kimi yaşlı qadını bağlı
qapı arxasında saxlayır. Siz də
qızınızı saxlayın...
- Üyüdülmüş qəhvə
kimi həmişə hazır vəziyyətdə
olmalıyam! Bundan başqa, yuyunmalı, daranmalı, ətirlənməli,
isti, yumşaq, üzüyola olmalı və ən əsası
- susmalıyam! Sadəcə, dərindən nəfəs
almalı və zingildəməliyəm ki, elə bilsin onu istəyirəm!
- Xor oxuyur. Polyakca. Roma
Papasının dilində. Gözlədir! Heç nə
başa düşmək olmur...
- Başımın bəlasısan!
Əlindən heç nə gəlmir! Hətta
arvadının köməyi olmadan özünü güllələyə
də bilmirsən!
- Toy günü kilsədə
çox xoşbəxt idim!.. Səsimi
başıma alıb oxuyurdum. Yox, ucadan yox, ürəyimdə:
hər şeyi ürəyimdə edirəm. Və ürəyimdə
oxuyurdum ki: "Eşq məqamı gəldi! O-o, o-o, eşq məqamı
gəldi!" (İntonasiyanı dəyişir, məyus olur.)
Əslində, ərim yanıma gəldi!
- Hər şeyi siyasətin üstünə yıxdı... Təsəvvür
edin... Qaranlıq gecə... Yataqdayıq... "Niyə məni
istəmirsən?" - "Başa düş, gözəlim,
bacarmıram... Həyəcanlanıram... Ölkə
dağılır, inflyasiya baş alıb gedir...".
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.32.