Qazaxda xalq şairi Mirvarid
Dilbazinin xatirəsi anılıb
Avqustun
19-da Qazax Rayon İcra Hakimiyyəti, Qazax şəhər
Ədəbiyyat Muzeyi və “Mirvarid Dilbazi məclisi”nin birgə
təşkilatçılığı ilə Xalq şairi
Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümü
qeyd olunub.
Əvvəlcə
şairin Qazaxın “Mütəfəkkirlər” parkındakı
büstü ziyarət olunub.
Mərasimi
giriş sözü ilə Azərbaycan Yazıçılar
Birliyinin (AYB) Qazax zona filialının sədri, Əməkdar
incəsənət xadimi, şair Barat Vüsal açaraq
Mirvarid Dilbazinin həyat və
yaradıcılığından bəhs edib.
“Mirvarid Dilbazi məclisi”nin sədri Güllü Eldar Tomarlı şairin çoxşaxəli yaradıcılığından, bütün ömrünü Azərbaycan ədəbiyyatının zənginləşməsinə həsr etməsindən danışıb. Bildirib ki, onun şeirləri milli-mənəvi dəyərlərimizdən qidalanıb və müəllifinə böyük şərəf gətirərək el məhəbbəti qazanıb. Vurğulanıb ki, “Mirvarid Dilbazi məclisi”nin məqsədi bütün poeziyasevərlərə, gələcək nəsillərə örnək olan bu şairin irsini, həyatını təqdim etmək, təbliğ etməkdir.
Sonra məclisin sədr müavini, gənc şairə Nuranə Təbriz, şair Zaməddin Ziyadoğlu, AYB-nin təmsilçisi Güləmail Murad, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, şair və yazarlar Tamella Poladlı, Gülsənəm Cəlili, Zərəngiz Dəmirçi Qayalı, rəssam Qafar Sarıvəlli çıxış edərək Mirvarid Dilbazi ilə bağlı xatirələrini bölüşüblər. Aşıq Hüsənin ifasında “Ruhani” saz havasının səslənməsi ilə tədbir başa çatıb.
Ədəbiyyat qəzeti.- 2019.- 24
avqust.- S.11.