Xatirələr yoxlamaq üçündür ürəyin yaddaşını...

 

***

 

Qapımızın önündə

 

büzüşən o balaca pişik

 

öldü dünən gecə...

 

Heç kim üzülmədi buna

 

halbuki, uşaqlarını əyləndirmişdi

 

insanların...

 

***

 

Sevindi çobanyastığı

 

Necə sevilirəm!

 

Bilmədi,

 

o sevgi bitirəcək həyatını...

 

***

 

Səmaya can atan,

 

mavi şar.

 

Sən göy üzündə unudulacaqsan

 

bizim kimi...

 

Halbuki, oğlumun əllərinə

 

çox yaraşardın,

 

əminəm.

 

***

 

Babam öldü

 

həyətdəki heyva ağacını kəsdilər

 

babam öldü...

 

***

 

Çiçəklərlə birgə

 

əllərini satırdı qadın

 

xəbərsiz idi...

 

***

 

Xatirələr ağlamaq,

 

saxlamaq üçündür.

 

Xatirələr yoxlamaq üçündür

 

ürəyin yaddaşını...

 

***

 

Yer Tanrının balasıymış,

 

biz yem

 

Dimdiyində gətirib atdı

 

balasının yuvasına

 

Uddu, bizi torpaq uddu...

 

Çürüyəcək barmaqlarım

 

Gözlərimin nəmindən

 

Sonra bir cüt qağayı

 

Qonacaq çiynimə

 

Gedək, deyəcək dənizə

 

Orda azaddır qanadlılar....

 

***

 

Aldanmaq,

 

Aldanmaq

 

O qədər gözəl idi ki, sənə

 

Yalanlarını dinləmək

 

Dünyanın ən gözəl

 

həqiqətlərini dinləyirmişcəsinə

 

udqunmaq bütün zəhərli kəlmələri

 

Sonra bir "yaxşı" bitirmək dilimdə

 

Səndən gələn "bütün"lərə

 

"Yaxşı"!!!

 

 

Cahan Seyidzadə

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 3.