Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı olub
Dekabrın 2-də Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının imza günü və təqdimatı keçirilib.
Təqdimatda “Sirlərin sərgüzəşti” sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında, romanın xronotopik, arxetipik xüsusiyyətlərində müşahidə
edilən özəlliklər haqda söhbət açılıb.
Tədbiri mərkəzin direktoru Günel Anarqızı açaraq bildirib ki, müəlliflə
bu növbəti görüşdür. Qeyd edib ki, yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və
məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.
Kitabın redaktoru və “Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə
xarakterizə
edir: “Hər bir kitab dünyaya gələndə bir övlad kimi gəlir. Müəllif bu övladına olduqca həssaslıqla yanaşıb. Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı oxucunu dərkolunmayacaq qəribə aləmə
aparır. Roman Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan bir əsərdir. Ümid edirəm ki, “Sirlərin sərgüzəşti” çoxlarının masaüstü kitabına çevriləcək”.
Yazıçı-publisist Səyyad Aran, yazıçı
Şərif Ağayar və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, roman xronotopik baxımdan o qədər əngin və
zəngin universal xüsusiyyətlərə malikdir ki, bu məkan və
zamanlarda gəzişmək fövqəlbəşər Həsən Səyyah üçün heç bir maneə
yaratmır. O, istənilən zamana və
məkana zühur edə və sirr çözülənə qədər orada səyyah ömrü yaşaya bilir.
“Sirlərin sərgüzəşti” romanı arxetiplərin həm obraz, həm kompozisiya, həm də dili baxımından tüğyan etdiyi bir ədəbi bütövdür. Məlikməmmədi zülmətdən qurtaran, Səidə məsləhət verən, ona əhvalatlar danışan (“Tutinamə”), Robinzona həmdəm olan, Cimin çiynindən düşməyən (“Dəfinələr adası”) tutuquşu – quşların insanlardan gizli saxladığı
(təkcə
Süleymana agah olan) sirrini faş edən tutuquşu özlüyündə ikiləşmənin, eyni zamanda həm quş, həm insan ola bilmənin, paralel yaşamın simvolu kimi bu romana da yansımışdır. Həsən müəllim eyni zamanda həm real, həm də irreal zaman və məkanda ola bildiyi kimi, romandakı
tutuquşu da eyni zamanda həm diri, həm də
ölü müqəvva ola bilir.
Çıxışlarda qeyd edilib ki, roman müasir nəsr texnikasına xas olan iç-içə
süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcıllığı şəklində
qurulub. Əsərin qəhrəmanı
olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə
vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə
Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı
ilə
üz-üzə
qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı
müəllifin digər mətnləri ilə
aşkar və gizli lağımlarla bağlayır.
Kitabda Xalq yazıçısı Kamal Abdullanın ədəbi və
elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.
Sonda Kamal Abdulla hər kəsə
təşəkkürünü bildirərək oxucuların suallarını cavablandırıb.
Qeyd edək ki, “Sirlərin sərgüzəşti” müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarından sonra sayca dördüncü romanıdır.
Ədəbiyyat
qəzeti.- 2019.- 7 dekabr. S. 3.