Unudulmuş yazıçı
"Söz
dünyası" kitabı - II cilddən:
Aydınlarımız
Qantəmir
(1888-1944) təəssüf ki, az qala unudulmuş, amma ədəbiyyatımızda
tutduğu yerə görə unudulası olmayan nasirlərimizdəndir.
37-ci ilin repressiya qurbanlarından olan yazıçının
həbsə qədər üç kitabı -
"Ağıl dəryası" (1930),
"Şarlatanlar" (1934), "Kolxozstan" (1935), bəraət
aldıqdan sonra kiril əlifbasıyla "Seçilmiş əsərləri"
(1964 və 1972-ci illərdə) çıxmışdır.
1975-ci ildə nəşr olunmuş kiçik "Hekayələr"
kitabı hələ ki işıq üzü
görmüş son kitabıdır. Beləliklə,
çağdaş oxucuların Qantəmirin əsərlərini
latın əlifbasıyla oxumaq imkanı yoxdur. Halbuki, zənnimcə,
Qantəmir dahi Mirzə Cəlil Məmmədquluzadə və Əbdürrəhim
bəy Haqverdiyevdən sonra "Molla Nəsrəddin" ədəbi
məktəbinə mənsub olan üçüncü
görkəmli nasirdir.
Yazıçılar
Birliyinin üçüncü mərtəbəsində
asılmış "Gedənlər" adlı xatirə
lövhəsində Qantəmirin adı olsa da, 2009-cu ildə nəşr
edilmiş "Azərbaycan Yazıçılar Birliyi"
kitabının "Repressiya qurbanları"
bölümünə, nədənsə, düşməyib.
Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev) Göyçay mahalının Potu kəndində dünyaya gəlib. İlk təhsilini Göyçayda mütərəqqi ziyalı İbrahim Həqqinin yeni üsulla açdığı məktəbdə alır. Ədəbiyyata marağı Abbas Səhhət və Sabir kimi böyük şairlərlə tanışlıqdan sonra daha da artır. Təhsilini İstanbul Universitetinin tarix-filoloji fakültəsində davam etdirir. Müəllim kimi çalışır, qəzet və jurnallarda yazıları çıxır. 1926-cı ildə daha bir peşəyə yiyələnmək üçün Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur, diş həkimi diplomunu alır.
Qantəmirin 1972-ci ildə Azərnəşr tərəfindən buraxılan kitabına ön söz yazan dəyərli şair və ədəbiyyatşünas Arif Abdullazadə Qantəmirin hekayələrini, ilk və yeganə povesti "Kolxozstan"ı ətraflı təhlil edir, yazıçının yaradıcılığını layiqincə qiymətləndirir. Təbii ki, o dövrün ideoloji tələblərinə uyğun olaraq həm Arif Abdullazadənin yazısında, həm də başqa ədəbi-tənqidi araşdırmalarda Qantəmirin əsərləri köhnəliklərin qalıqlarına qarşı yönəlmiş satira kimi təqdim olunur. Arif Abdullazadə yazır:
"Sovet satirası isə artıq istismar və qeyri-bərabərliyi deyil, cəmiyyətin müxtəlif sahələrindəki inkişaf yollarında əl-ayağa dolaşan keçmişin qalıqlarını ifşa edir. Bu satira həyatda və şüurlarda yaşamaqda olan köhnəliyin qalıqlarını qamçılamaqla, onun fonunda yeni həyatın sürətli tarixi inkişafını təsdiq etmiş olur".
Şübhəsiz, Arif Abdullazadə mətnini bu gün yazmış olsaydı Qantəmir satirasının başqa cəhətlərini ön plana çəkərdi. Məsələ ondadır ki, Qantəmirin bir çox hekayəsi ilə tanış olduqda, özəlliklə "Kolxozstan" povestini diqqətlə oxuduqda tamam başqa nəticələrə gəlirsən. Aydın olur ki, söhbət "köhnəliyin qalıqlarını" ifşa etməkdən deyil, yeni dövrün ortaya atdığı şüarlara, davranış və düşüncə ehkamlarına açıq-aşkar ironik münasibətdən gedir.
Ümumiyyətlə, ədəbiyyatımızda otuzuncu illərin ortalarına qədər maraqlı bir tendensiya yer alıb: açıq, ya az-çox örtülü şəkildə yeni quruluşu bəyənməməzlik...
Sovet quruluşu illərində Səməd Mənsur yeddi il, Mirzə Cəlil on iki il, Hüseyn Cavid on yeddi il (həbs olunana qədər olan ömrü nəzərdə tutulur) yaşasalar da, heç birinin əsərlərində yeni həyatın tərənnümündən, guya ki, köhnəliyin qalıqlarıyla mübarizədən əsər-əlamət görmürük. Sital sovet ideologiyasının tələblərinə və qəliblərinə asi olaraq Mirzə Cəlil "Bəlkə də qaytardılar", "Proletar şairi" hekayələrini, bir çox felyetonlarını yazır. Birpərdəli "Yığıncaq" pyesində bəsit və ucuz ateist təbliğatını öldürücü gülüş hədəfinə çevirir.
Cəfər Cabbarlının "Kurorta gedir" adlı birpərdəli pyesin də sovet həyat tərzinə xas olan bürokratik süründürməçilik, sadə bir məsələnin mənasız və məntiqsiz əngəllərlə rastlaşması lağa qoyulur. Sovet quruluşuna ən kəskin satirik yanaşma isə Səməd Mənsurun bir sıra şeirində ifadə olunmuşdur.
Fikrimcə, Qantəmir prozası bu cəhətdən Səməd Mənsur poeziyasının sovet dövrünə ruhən çox yaxındır. Əlbəttə, fərqlər də var. Birincisi, elə deyildiyi kimi, birinin şeirə, o birinin nəsrə aid olmasıdır. İkincisi, Səməd Mənsurun satirası daha kəskin, daha kəsərlidir. Qantəmir daha çox yumşaq yumordan, zərif ironiyadan istifadə edir. Amma onu da unutmayaq ki, Səməd Mənsurun bu səpkili şeirləri o zaman işıq üzü görə bilməzdi, sandıq ədəbiyyatı kimi qalırdı. Qantəmir isə hekayələrini, povestini çap etdirə bilib. Amansız tənqidlərə, sonra repressiyaya məruz qalsa da.
Azərbaycan ədəbiyyatında yeni quruluşa ən azı ironik, istehzalı, rişxəndli münasibət ümumiyyətlə, o dövrün başqa ədəbiyyatlarında, o cümlədən rus ədəbiyyatında da açıq nəzərə çarpır. "Vladimir İliç Lenin" və "Yaxşı" poemalarında inqilabı, yeni quruluşu tərənnüm edən Vladimir Mayakovski "Hamam" və "Birə" pyeslərində yeni sovet həyatının idiotizmini ən sərt şəkildə damğalayır. İnqilabı ideyaları, sosializm quruculuğunu pafoslu bir şəkildə təbliğ və tərənnüm edən yazıçılarla bir sırada Mixail Bulqakov və Mixail Zoşşenko kimi müəlliflər yeni quruluşa masqara edir, gülür, onu eybəcərliklərini, bayağılığını müxtəlif üsullarla - kəskin satirayla, ya yüngül zarafatla, məzələnməylə ortaya çıxarırdılar.
Başqa miqyaslarda olsa da, iyirminci-otuzuncu illərin Azərbaycan ədəbiyyatında da gerçəkliyə belə ironik yanaşma ən çox iki "köhnədən qalma" yazıçının yaradıcılığında əksini tapıb: Səməd Mənsurun bir sıra şeirində, Qantəmirin bir neçə hekayəsində və "Kolxozstan" povestində.
Qantəmirlə bağlı konkret misallara keçim.
Yazıçı normativ sovet ədəbi tələblərindən
olan müsbət qəhrəman məsələsini
"Ağlayan Züleyxa" hekayəsində özünəməxsus
mizahla cavablandırır. Bütün məziyyəti
yalnız ağlamaq olan Züleyxanı "müsbət qəhrəman"
kimi lağa qoyur. Həmin hekayədə sovet təhsil
sistemi də ələ salınır:
İctimaiyyət müəllimi get-gedə əsəbiləşirdi
ki, tələbələrindən istədiyi cavabı ala
bilmir.
"Firqə qurultaylarından, çarizmdən, Fransa
inqilabından az-çox cavab verə bilən tələbələr
"Beşillik plan", "Çin hadisələri",
"Sağ təmayül", "Sənayeləşdirmə"
mövzularından bir turş alça qədər
dadmamışlardı".
Tələbələrin cavabları da ilgincdir. Müəllimin: Əfqanıstan
hadisələrindən söylə - təklifinə tələbə
belə cavab verir:
"Biz Əfqanıstanı götürdükdə
görürük ki, həqiqətən qarşımızda
duran məsələlərdən biri də Əfqanıstan məsələsidir. Əfqanıstan məsələsinə
gəldikdə görürük ki, oranın zalım və
qaniçən padşahı, keçisaqqal...
- Nə?
-
Keçisaqqal
- Sən
bunu zarafatlamı deyirsən?
- Xeyr,
yoldaş müəllim, Əfqanıstanın padhaşı
keçisaqqal deyilmi? Keçisaqqal bizim istehsalat
planımıza çox-çox zərbə vurubdur.
Çünki biz götürək..
- Daha bəsdir.
Anlaşıldı".
İmtahan belə davam edir. Müəllim deyir:
- Bax
budur, mən Züleyxa xanıma bir asan sual verim
ağlamasın, buradaca mənə cavab versin, mən isə
ona kafi verim, razısanmı, Züleyxa bacı?
Hərə bir yandan "Ay qız, de ki, razıyam.
Sual-cavab
belə davam edir:
- Sən
bir mənə cavab ver görüm, Marks kimdir?
- Marks
inqilabçıların böyüyü və rəhbəridir.
-
Beşillik plandan xəbəriniz varmı?
- Sağ
təmayülçülər bizi nə üçün tənqid
edirlər? Çinlə bizim əlaqəmiz nə
yerdədir?
- Müəllim yoldaş, bu sual proqramda yoxdur". Bu vaxt ağlayan
Züleyxanın imdadına cındır geyimli bir fəhlə
gəlir:
- Cavab
versənə, bacı. Çinlilər bizim dəmir
yolumuzu tutub, adamlarımızı dustaq edirlər. Biz də
onlarla əlaqəmizi kəsdik...".
Necə deyərlər, şərhə ehtiyac yoxdur.
"İntelligent"
hekayəsinin qəhrəmanı avam camaata belə moizə
oxuyur:
"Həzərat! Badikubədən məni sizin içinizə göndəriblər,
abyasnit eləyim sizə həmin bu inqilab barədə,
ayıldım sizi... Biz zalım Nikolayın,
hansı ki, onu taxtdan salmışıq və olmuşdu o
çox zalım. Üç yüz ildən
də bir qədər artıqdır ki, bizə zülm edirdilər.
Biz oxumuşlar başa düşə bilərik
bu zülmləri ki, hansı ki, siz onu o qədər
qanmırsınız. Biz çox padvallarda
yaşamışıq. İndi bizə nə
lazımdır etmək? Mən bu sualı
qoymaqdan mətləb o barədədir ki, biz əlimizə
almışıq hökuməti. Gərək bunu elə
tutaq ki, qoymayaq əlimizdən verməyə... İndi
hökumət bizimdir... Biz samostoyatelni
olmuşuq".
Necə də müasir səslənir, deyilmi? Bu mətni
"köhnəliyin qalıqlarıyla" mübarizə kimi
təqdim etmək olarmı? Əksinə, bu, yeni
dövrün ideoloji ehkamlarını, dil eybəcərliyini, məntiqsiz
"məntiqini" Mirzə Cəlil satirasına layiq bir
şəkildə lağa qoymaqdır..
"Düzəlmədi" hekayəsinin mövzusu -
bürokratik əngəllərin absurd dərəcəsinə
çatdırılmasıdır. Biçarə bir insan
öz adının dürüst yazılması
üçün bürokratlarla ölüm-dirim
savaşına girməli olur. Hekayə belə
başlayır:
"Bir sən mənə de görüm mən Məhəmmədəli
Əliqulu oğluyam, ya yox?
- A
başına dönüm, di gəl bu hökuməti başa
sal ki, mən Məhəmmədəli Əliqulu oğluyam,
özüm də ölməmişəm, sağam. Vallah, billah, qardaş, yoldaş, tovariş düz bir
ay on yeddi gündür çalışıram, sübut eliyə
bilmirəm ki, mən Məhəmmədəli Əliqulu
oğluyam".
"Qisas
alındı" hekayəsində qəddar bir bəyin kəndlilərə
zülm etməsindən bəhs olunur, amma hekayə sonda belə
bir ikibaşlı cümləylə bitir:
"Elə kəndlilər bu sözün məəttəli
idilər. Dərhal Fərhad bəyi yaxalayıb bir ağaca
sarıdılar. Bu halda atılan güllələr
bəyin kəlləsini qarpız kimi partlatdı. Bu güllə həmin kənddə Aprel
inqilabının ilk müvəffəqiyyətindən xəbər
verirdi" (!-A.).
Qadın
azadlığı, çadrasızlıq, emansipasiya, indiki təbirlə
desək, gender siyasəti barədə də Qantəmirin
orijinal baxışı "Zeynəb Tükəzbanova"
hekayəsində əksini tapmışdır. Dilsiz-ağızsız
bir ev qızı olan Zeynəb "bircə
vaxt namazını keçirsəydi, anası onun
qol-qanadlarını qırıb tökərdi".
"Bolşeviklər
gələndən sonra bütün işlər dəyişdi...
Zeynəb dəyişdi. Zeynəb lap
çox dəyişdi. İndi onun 19
yaşı var, görsən and içərsən ki, o Zeynəb
deyil. Topuqlarına qədər uzanan iri
hörük saçından başqa, onun heç bir köhnə
Zeynəbliyi qalmayıbdır".
Hekayədə deyildiyi kimi, Zeynəb dönüb
"klub" olubdur. Amma klubun özündə də əvvəl-əvvəl
iclas açmağa, söz deməyə çəkinirdi.
"Həftələr, günlər, aylar keçdi,
yerlər başa bölündü, heyvanlar sığorta
edildi, kənddə kooperativ açıldı. Məktəb
tikildi, radio quruldu. İşlər dəyişdi,
fikirlər dəyişdi".
Bakıda
oxuyan Zeynəb iki il idi ki, kəndə gəlmirdi,
gəlmək istəmirdi, anasına deyirdi ki, Rabfakı qurtaran
kimi gələcəm.
Nəhayət, bir gün qayıdır kəndə.
- Atam və
anam avamdırlar - onları islah etmək lazımdır deyir.
Atasına:
Can ata, evdə papaqlı oturma - deyir. İclaslarda isə daha
ötgəm danışır:
-
Bütün qadınlar bütün kişilərə
üsyan etməlidir - deyirdi. Erkək və qadın
bərabərliyinə razı deyildi. Qadın
hakimliyini istəyirdi, bütün işlər kökündən
dəyişməli, pozulmalıydı. Məsələn,
bütün rabfakın müəllimlərini
çıxarıb yerlərinə müəllimələr təyin
edilməlidir - deyirdi
Hazırda
dünyada bir kişi bir qadına xoş
söz deyirsə, yaxud isti münasibət göstərirsə,
bu, seksual təcavüz kimi yozulur. Qantəmir bu barədə
görün haçan yazıb:
"Ali məktəb
tələbələrindən biri ona:
- Zeynəb
xanım, saçlarınız, həqiqətən çox
yaraşıqlıdır - demişdi.
- Yəni
nə demək istəyirsiniz yoldaş? Saçlarımın
yaraşıqlı olması üçün təsdiqnaməyə
ehtiyacım yoxdur.
-
Doğrudur, "təsdiqnaməni" sizə təbiət
özü vermişdir. Təbiətin səxavətinə
bu barədə heç sözüm yoxdur, xanım.
- Mənim haqqımda nə qədər səxavət
göstəribsə, sizə tərbiyə verməkdə o qədər
xəsislik izhar etmişdir".
Vəssalam!
Bu da qadın-erkək bərabərliyinin bariz nümunəsi!
Atası
yazıq:
-
Heç bir işinə etiraz etmirəm, - deyir. - Ancaq bircə
onu deyirəm ki, sən Allah, Zeynəb, saçlarını kəsdirmə.
Arvada arvad deyiblər, kişiyə kişi.
Bu da
müasir dünyamızın çox tanış
mənzərəsidir... Nəhayət, Zeynəb Moskvaya getmək
üçün ərizə yazır və imza qoyur:
Zeynəb
Tükəzbanova.
Soruşanda
ki, bu nə cür imzadır, cavab verir:
-
İmzaların kişi adı ilə tamam
olması haqqında göydən ayə nazil olmayıb ki?!
Hekayə
gözlənilməz sonluqla bitir:
"İndi əzizim Zeynəb Tükəzbanova
haqqında bildiklərimi sənə söylədim. Daha mənim
adım olmasın, Qantəmir imzasıyla götür yaz".
"Sara bibi" adlı hekayəsinin qəhrəmanı
- savadsız qadın cavan oğlandan xahiş edir ki onun
adından Ağamalı oğluna ərizə yazsın.
Diktə
edir:
"Yaz!
Ali cənab, fəzayülməab Ağamalı oğlu həzrətlərinə!
- Sara
bibi, mən bu sözü yaza bilmərəm. İndiki
ərizələrin başı belə yazılmaz, indi gərək
yoldaş yazasan.
- Onu sən
bilərsən, yaz görək.
Yoldaş Ağamalı oğluna. Sara xanım
Muradbəyova Xudayar xan qızı tərəfindən ərizədir.
- Ay bibi,
sən dəli olmusan, nədir? Heç belə
şeyi indiki zamanda yazmaq olar? Sən məgər
dəvə qulağında yatmısan, nədir? Mən bu familiyanı dəyişdirirəm Sara
Muradova Xudayar qızı tərəfindən. Razısan?
- Mən
buna qəti surətdə razı ola bilmərəm.
Familiyamdan bəy, xan sözünü
çıxardın, eybi yoxdur. Amma gərək
Sara xanım yazasan. Mən öz
xanımlığımı gizlətməyəcəm.
- Sara
bibi, Ağamalı oğluna verilən ərizə gərək
latın əlifbası ilə
yazılsın.
-
Qaldı ki, ərizəmin latın dili ilə
yazılmasına mən razı deyiləm, sən dədə-baba
dilimizdə ərizəmi yaz, ver əlimə mən
özüm bilərəm".
Əgər
Səməd Mənsur şeirlərində Dadaş
Bünyadzadə, Baba Yusifzadə kimi o zamanın məsul
işçilərinə sərt şəkildə
sataşırdısa, Qantəmir də, görünür, ərk
edib Ağamalı oğlunun adını hallandırır, o
illər üçün aktual olan və Ağamalı
oğlunun adıyla bağlı əlifba məsələsinə
də toxunur.
Ağamalı
oğlu başqa bir hekayəsində də ("Nisə
xala") xatırlanır:
"Xala, - dedim - sən hansı narkomun yanına
getmişdin?
- O... adı birtəhərdir.
Ağamalı oğlunun
- Yəqin,
sənə tapşırıb ki, uşaqlarını yeni əlifba
ilə oxut, belədirmi?
- Belədir ki var, yaxşı yadıma saldın".
"Ağıl
dəryası" hekayəsində bütün dövrlər
üçün xarakterik olan bir tip surəti
yaradılmışdır. Hekayənin qəhrəmanı gah
filosof kimi, gah zəngin iş adamı kimi, gah varlı tacir
kimi nəyin bahasına olursa-olsun, məşhurlaşmaq,
böyük şöhrət qazanmaq arzusuyla yaşayır. Və nəhayət, böyük şöhrətə
çatmağın ən asan yolunu şair olmaqda görür
ki, bu da bütün zamanlar üçün, o cümlədən
bizim günlər üçün çox səciyyəvi bir
aldanışdır.
Hekayənin
qəhrəmanı yorulmadan, usanmadan özünütəsdiqlə,
özünütəriflə məşğuldur və səyahət
xatirələrini belə nəql edir:
"Bilirmisiniz
camaat mənim fəaliyyətimi görüb nə deyirdi? "Kişi ağıl dəryasıdır. Ağıl dəryası"".
Qantəmirin hekayələrində dövrü səciyyələndirən
sətiraltı işarələr, eyhamlar boldan boldur və
hamısında dövrə, zamana ironik münasibət duyulur.
"Mənim canım şura hökumətinə qurban
olsun! Başımı kəssə mən bu hökumətdən
zərrə qədər incimərəm. Sağ olsun
bolşeviklər, yaxşı qeydimizə qalırlar, bizi də
adam cərgəsinə qoyurlar, o ki
lazımdır, elmə fikir verir, hər şey
havayıdır, kitab, kağız, qələm, mürəkkəb,
amma "Quran" dərsi yoxdur... Biz müsəlmanıq,
müsəlmanın başı "Quran"a
bağlıdır" ("Aybikə xala" hekayəsi).
"Bu keçən qış Kərbəlayi Novruzun
bir əlçə uşağına zaqs kəbin kəsdi. Qızın
14 yaşı tamam olmamışdı. Bir
dəfə Hacı zaqsa getməklə qızın 19
yaşı tamam oldu".
"Hacı Əliqulu doğrudur, bir xarici ilə ələ-ələ
görüşəndən sonra gəlib evdə əlini
sabunla təmizləyərdi. O da düzdür ki, xaricinin əlinə
dəyən stəkanı yeddi dəfə suya çəkməmiş
ağzına vurmazdı" ("Hacı Lələ"
hekayəsi).
"Keçmiş zamanlarda arvad davaları daha
tamaşalı olurdu, çünki hər arvadın
ayağında şapşapı və yastıdaban
başmağı vardı, dava qızışan kimi əyilib
öz başmağını çıxarıb əlinə
alar, bir-birinin sifətini zollayardı. İndi hamının
ayağında dikdaban çəkmə. Kimin
hünəri var ki, bu bahalı çəkməni
çıxarıb onun-bunun başına geydirsin".
"Qız, oğlan hamısı doluşub məktəbə,
o bunu çimdikləyir, bu onu. O bunun dalına tullanır, bu onun. Yaxşı, böyüyəndə nə olacaq?
Sən, mən, olmayacaqlar ki. Odur ki,
keşnişin dəstəsi çıxıb iki abbasıya
da!!! ("Xanım Əminə" hekayəsi).
Və nəhayət,
eyni orijinal işarə:
"Bu şəhərdə mənim yazıçı
bir dostum var, adı Qantəmir, arabir jurnallara hekayə yazar,
dur gedək onlara, həm bir nərdtaxta vuraq, həm də
söhbəti deyək, o da yazsın jurnala".
Qantəmir nəsri diri təfərrüatlarla, dəqiq
məişət müşahidələriylə zəngindir,
dilin plastikası, yatımlılığıyla da diqqəti
çəkir.
Təsvirləri əyani detallarla o qədər
doludur ki, gözlərin önündə real səhnələr,
mənzərələr canlanır. Həyat
təcrübəsi, dərin savad və bənzərsiz istedad
Qantəmir yaradıcılığını ədəbiyyatımızın
danılmaz dəyərinə çevirir.
Ən
maraqlı əsərlərindən biri (və müasir
telefilm üçün maraqlı material ola
biləcək hekayəsi) "Qonağımın səyahətnaməsi"dir.
Bir tramvay vaqonunda şəhəri dolaşan müəllif
çeşidli sərnişinləri müşahidə edir,
şəhərin müxtəlif rayonlarından keçərək
onlar haqqında maraqlı söhbətlərlə, əhvalatlarla
tanış oluruq. Şəhər panoramasının
dinamik, dəyişən mənzərəsi bu üslubu kino sənətinə
yaxınlaşdırır. Ümumiyyətlə,
Qantəmir o dövr Bakı həyatının tipik səhnələrini
təsvir etməkdə ustadır. Cürbəcür
mallara uzun-uzadı növbələr, bu növbələrdə
cürbəcür söhbətlər, qeybətlər,
dava-dalaş, kooperativlər, torqsin, lombard,
o vaxtkı şəhər həyatının tipik
ünsürləri... Demək olar ki, Qantəmir
sırf urbanristik nəsrimizin ilk örnəklərini
yaradıb.
Yazıçının ən böyük əsəri
"Kolxozstan" povestidir və bu əsər ən müxtəlif
fikirlərin, yozumların ortaya çıxmasına imkan verir. Povesti tam mənasında
uğurlu əsər saymaq çətindir. Süjet xəttindəki süni gedişlər
povesti realist əsər kimi qəbul etməyə mane olur.
Vaqonda təsadüfən rastlaşdıqları qızın
sonra yol yoldaşlarıyla eyni məkanda, uzaq bir kənddə
buluşması, daha sonra həmin qızın ev sahibi Qara
Hüseynin itkin düşmüş bacısı qızı
çıxması inandırıcı təsir
bağışlamır, bəzi hind filmlərinin süjet sərgüzəştlərini
xatırladır. Üç yaxın dostun -
Sadığın, İbadbəyin, Qara Hüseynin zarafatyana
olsa da kəlməbaşı bir-birinə eşşək demələri,
bu da azmış kimi bir-birlərinin atalarına belə
sözləri aid etmələri ərkyana sataşma həddini
aşıb tərbiyəsizlik kimi görünür. Bəlkə elə bu açıq-saçıq
söyüşlərə görə o dövrün tənqidi
"Kolxozstan" povestini pornoqrafik əsər
adlandırırmış. Pornoqrafiyaya dəxli
olmasa da və bu sözü o vaxtkı tənqidimiz dəqiq
anlamasa da.
Amma
bütün bunlara rəğmən "Kolxozstan" povestini
o dövr ədəbiyyatımızın əlamətdar
örnəyi saymağımın səbəbi odur ki, əsərdə
canlı insan xarakterləri var, təsvir olunan məkanların
- qatar vaqonundan tutmuş Qara Hüseynin evinəcən, ova
çıxdıqları meşədən, kolxoz fəallarının
keçirdiyi iclasa qədər hər şey yerli-yataqlı təsvir
olunur və dövrün koloritini ifadə edir. Əsərin
ikinci mühüm cəhəti onun ideoloji tərəfidir.
"Kolxozstan" adının özündə
xəfif bir ironiya gizlənib. Amma əsərin
içində ironiyadan daha artıq bir təlaş, əndişə
duyğusu hiss olunur. Əsrlərdən
keçib gəlmiş mənəvi dəyərlərimizin
aşınması, insan münasibətlərini vecinə
almayan sırf sinfi yanaşma yazıçını narahat edən
məsələdir.
Kəndə
ova gəlmiş üç dostdan biri - Mirzə Ələkbər o
birilərindən fərqli olaraq firqəçidir. Evinə qonaq gəldikləri Qara Hüseyn isə
varlı kəndli, o vaxtın təbiriylə
qolçomaqdır. Həmin bu qolçomaq qonaqları
xalqımıza xas olan müsafirpərvərliklə qəbul
edir, qeydlərinə qalır, yedizdirib içizdirir, səhərisi
gün ova aparır və firqəçi meşədə
azıb az qala ölüm təhlükəsiylə
qarşılaşanda onu xilas edir.
İnandırıcı olmasa da həmin kəndə rəsmi
firqə nümayəndəsi kimi gəlmiş Zeynəb Qara
Hüseynin evində aldığı bir məlumatdan sonra qəşş
edir. Məlum olur ki, demə, həmin o qız - Zeynəb
Qara Hüseynin bacısı qızıymış, Hüseynin
evində nökər kimi işləyən Əliqulu da Zeynəbin
itkin qardaşıdır. Və
bütün bunlar açılandan sonra Zeynəbin
dayısına sinfi münasibəti dəyişmir, onu bada verməyə
hazırdır. Hətta Hüseynə
qahmar durmaq istəyən və Zeynəb kimi firqəçi
olan Mirzə Ələkbəri "siz ancaq firqəçi
adını ləkələyirsiniz", - deyə ittiham edir.
Zeynəbin birdən-birə Qara Hüseynin
bacısı qızı çıxması
inandırıcı deyilsə, onun öz qolçomaq
dayısına belə münasibət göstərməsi
inandırıcıdır. Zombiləşmiş
firqəçilərin ən yaxın qohumlarına belə
sinfi münasibəti o dövrün (tək o
dövrünmü?) tipik əlamətidir. Qantəmirin
də demək istədiyi budur ki, insanlara sırf sinfi mənsubiyyətinə
görə münasibət bəsləmək, əlinin zəhmətiylə
var-dövlət qazanmış adamları düşmən
saymaq, qolçomaq kimi məhv etmək istəyi bütün ənənəvi
əxlaq dəyərlərimizi alt-üst edir. Bu sayaq davranış sosial tipajları çox dəqiq
səciyyələndirir. Bu, sovet təbliğatının
ideallaşdırdığı və örnək göstərdiyi
həmin o Pavlik Morozov "əxlaqıdır" ki, sinfi
sayıqlıq sayəsində öz atasını bada verir.
Bu həmin o insani bağlılıqdan guya ki, üstün olan
siyasi prinsiplərdir ki, onların naminə Stalin əsir
düşmüş oğlunu qurban verir, "mən
marşalı əsgərə dəyişmirəm", - deyə
tarixin ən tsinik kəlamını izhar edir. Məhz
bu "əxlaq" prinsipiylə Stalin öz doğma
oğlunun qətlinə faktiki olaraq fitva verdiyi kimi, milyonlarla
günahsız insanın da qanına bais olur.
Düşünürsən,
37-ci il repressiyaları olmasaydı həmin bu repressiya
qurbanları yazıçılar - lap cavan Müşfiq,
ixtiyar Sultan Məcid Qənizadə, ortayaşlı Cavid, Cavad,
Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Qantəmir
də ədəbiyyatımıza nə qədər qiymətli
töhfələr verə bilərdilər.
Təəssüf ki, bu töhfələr Sibirin
"buzlu cəhənnəmində", ya da o dünyanın
cənnətində qeyb oldu.
Əgər doğrudan da, o dünyada cənnət və
cəhənnəm varsa bu dünyada cəhənnəmi
yaşamış insanlar o dünyada hökmən behiştdə
olmalıdırlar.
Qantəmir də, şübhəsiz, cənnətlik
insanlarımızdan biridir.
ANAR
Ədəbiyyat qəzeti.- 2019.- 7
dekabr. S. 4-5.