Altay, "türk kabay" Altun Ay

 

 

Türkün ulu vətəni Altaydır.

Ordan gəlirəm, əcdadlarıma salam verib gəlirəm, qar üstündən börü kimi ağır-ağır addımlayıb gəlirəm, türk mifoloji təfəkküründən keçib gəlirəm.

Bulud kimi dolmuşam.

Qarası da mənimdir, ağı da.

Bolotun "kay" texnikası ilə ifa edilən qırtlaq oxumalarını dinləyə-dinləyə mən polad səsin, dəmir səsin necə dağa döndüyünü, sonra isə necə qəfil nazilib, incəlib göllər güzgüsünə çevrildiyini, bulud-bulud necə havalanıb zirvələrə doğru uçduğunu, uça-uça Altay mənzərələrinin görkəmilə necə şəkilləndiyini görmüşəm.

Bu adamlar qəhrəmanlıq dastanına, eposa "kay", dastanı danışana, yəni aşığa, manasçıya, akına kayçı deyirlər: dastana müqəddəs kitab kimi yanaşırlar, kayçıya - şaman kimi, el atası kimi, Altay adətlərinin mühafizi kimi. Dastan şamanın içindədir, şaman - dastan içində: birini o birindən ayırmaq olmur.

Amma hələlik bunların hamısını qoyuram bir kənara. Əvvəlcə Altay adından başlamaq gərək. Doğrusu, elə hesab eləyirəm ki, "Altay" toponiminin etimologiyası ilə ilişikli çox yeni orijinal bir düşüncə modusu tapmışam, elm aləminə maraqlı bir versiya gətirmişəm.

Fikirlərimi bəyan etməmişdən öncə, aydınlataq görək, köhnə versiyalarda "Altay" sözü cür  semantikləşdirilib?

O.T.Molçanovanın "Dağlıq Altayın toponim lüğəti"nə (1979) istinadən bunları söyləmək olar ki, "Altay" sözünün etimologiyası iki istiqamətdə axtarılıb araşdırılıb. Birinci versiyada söz rusca Al+tay, türkcə ala+tau kimi qavranılır: "al", V.V.Radlovun sözlüyünə əsasən, uca, ülvi mənalarının daşıyıcısı kimi götürülür, "tay" isə dağ kimi. Görünür, üst-üstə çinləmək, yığmaq mənasını bildirən "taya" sözü elə burdandır. Qısası, V.V.Radlovun təfsirində Altay sözü "uca dağ", ya da "ala dağ", "ala dağlar" qismində semantikləşir.  Hərçənd bizə gün kimi aydındır ki, "al" türk dilində bir tərəfdən qırmızını, digər tərəfdən isə "almaq" məsdərinin əmr formasını bildirir. Onda Altay adı belə mənalanacaq: ya "al (fırfır rəngli) dağ", ya da "alınmış, ələ keçirilmiş dağ". Razılaşaq ki, bu versiyanın heç bir forması  ciddi tənqidə tablamır, bəsit, primitiv, birbaşa yanaşma xarakteri daşıyır.

İkinci versiyada artıq bu sözün Çin monqol mənşəli olduğu (A.Humboldt, V.V.Bartold) söylənilir. Monqollar çinlilər qızıla "alt" deyirlər. "Altun" sözünün mənşəyi burada. Yəqin, qızılı ol səbəbdən "alt" adlandırıblar ki, altunun məkanı həmişə aşağıdadır, altdadır, yerin təkindədir, gizlindədir: torpaqdan tapılıb xəzinə olur, xəzinə olub təzədən torpağa basdırılır. Altay isə həmişə qızılın məskəni sayılıb. Odur ki, "Altay" adı "qızıl yer", "qızıl mədən", "qızıl dağ" kimi mənalandırılır. Olsun. Heç etiraz doğurmur. Bu versiya məntiqi ağlabatandır.

Ancaq bu variantların hər ikisində kölgəli məqamlar var: onların hər ikisində "ay" sözü, nədənsə, diqqətdən kənarda saxlanılır, onun fonetik mövqeyinə əhəmiyyət verilmir, funksionallığı zəiflədilir. Halbuki Altayı Ak+taq (Ağ+dağ), Altın+taq (Altun+dağ) adlandırmaq imkanı olduğu halda, qədim türklər bu məkana məhz "Altay" deyiblər. Niyə? Bir onu nəzərə almaq lazımdır ki, türk dilinin stixiyasında "Ay" sözü çox flektivdir, türk adlarının böyük bir qismində müxtəlif fonetik pozisyonlarda dayanaraq yeni mənalar törədir: məsələn, Ayxan, Aydəmir, Aydın, Aydan, Aysulu, Aybəniz, Aygün, Günay, Gəray, Humay, Suray, Saray, Ayla, Aybikə, Ayçiçək, Aysara, Aytəkin...

İndi "Altay" sözünün semantikası ilə ilişikli üçüncü versiyanı danışmaq onu altayşünaslığa  yeni bir ideya, konseptual fikir kimi daxil etmək vaxtıdır. "Altay" kəlməsinin etimolojisilə bağlı mənim aktuallaşdırdığım məna variantının iki qanadı var.

Birinci: çinlilər tarixən öz ölkələrini "Göyaltı səltənət", "Göyaltı imperiya" (Podnebesnaya) adlandırıblar. Güman edirəm ki, "Altay" (Alt+Ay) sözü bu anlayışa bir refleksiya kimi əmələ gəlib, çinlilərə oxşamaq, onlarla yarışmaq qonşuların möhtəşəmliyindən geri qalmamaq, qonşularla hər barədə paralelləşmək meylini görükdürüb. Ona görə düşünürəm ki, Altayın "Ayaltı səltənət", "Ayaltı imperiya" (Podlunnaya), yəni Ay altında olan (yerləşən) məkan, dağ, ölkə, səltənət, imperiya kimi semantikləşməsi daha məntiqidir bu məna Altayın sakral, qutsal, ilahi, müqəddəs dünya ilə əlaqəsinin daim gündəmdə olduğunu vurğulayır.

İkinci: Altay uca dağlar üzərində qərarlaşdığından Aya daha yaxındır bu planetin (Yerin təbii peykinin) gözəlliyi, ülviliyi, alicənab işığı məhz burada bənzərsiz füsunkarlıqla görünür. Bəlkə elə ona görə qədim türklər bu məkanı Qızıl Ay, yəni Altay (Alt+Ay, Altun+Ay) adlandırıblar?

Əlbəttə ki, yüz faizli əminliklə bu versiyalardan heç birini qəbul etmək mümkündür, təkzib etmək.  Tarixi həqiqəti bilmək mümkünsüz...

Amma lakin... bu tarixi həqiqət altşüurda, duyğularda, genetik yaddaşda, oyunlarda, ritmlərdə, təsvirlərdə, hətta məişətin ən xırda detallarında belə yaşayır. P.V.Kuçiyak adına Milli Dram Teatrı artistlərindən təşkil olunmuş "Türk Kabay" (yenə Ay) etnoqrupu üzvlərinin oxumalarını milli alətlərdə ifalarını dinlərkən bu musiqinin birmənalı şəkildə kosmoqonik dastanlarla ilişgili olduğunu anladım. Anladım ki, bu qırtlaq oxumaları ( ya quzğun - qarğa çığırtısını xatırladan qar-qar oxumaları) Altay dünyasının mifik yaradılışını səs obrazlarında canlandırır. Bu oxumaları eşidərkən sənə aydın olur ki, Altayın mif əfsanələri Günəş yox, Ay işığından enerji alır, onqonları (əcdadın ruhu gizlənmiş totem heyvanlar) Ay işığında gəzib topo loqosferalarda Altay dünyasına düzən verirlər.

"Kabay" beşik deməkdir. Türklərin beşiyi Altaydır. "Türk Kabay" etnoqrupu da elə bu fikrə bir refleksiya kimi formalaşıb qutsal Altayın şaman ruhunu, təbiətini, dağını, meşəsini, ənənələrini, mənəvi-əxlaqi kredosunu, məişətini səs vasitəsilə təsəvvür üçün vizuallaşdırır.

Dağlıq Altayda P.V.Kuçiyak adına Milli Dram Teatrı kollektivinin təşəbbüsü ilə keçirilən beynəlxalq teatrşünaslıq forumunun bağlanış törənində bütün səhnə onu da deyim ki, yetərincə böyük səhnə cəmi üç nəfərdən ibarət "Türk Kabay" etnoqrupuna verilmişdi: Rusiya Federasiyasının əməkdar artisti, dünyaca məşhur Bolot Bayrışevə, Unatov Aydara Deyev Vadimə. Səhnənin ikinci planında azacıq qövsvari xətt üzrə bir-birindən metrə yarımlıq bir məsafədə, ortada Bolot olmaq şərtilə, əyləşmişdilər, hərəsinin yanında da üstünə çalğı alətləri düzülmüş bir kub. Nədən ki, bir kayçı beş-altı alətin virtuoz ifaçısıdır. Alətə münasibət, ifa tərzinin özü isə başdan-başa mediativdir.

Topşuuru (ikisimli alət, saz kimi sinədə çalınır), unquryoku (haradasa qumquma formalı gildən düzəldilmiş nəfəs aləti), ikilini (sağanağı armudabənzər kamança tipli alət), varqan-komusu-kobızı (dodaqlar arasında kip tutulub dili barmaqlarla tərpədilən açara oxşar alət) dilləndirə-dilləndirə, boğazlarında sözləri tiyan alovunda qaynadırmış kimi oxuya-oxuya bu kayçılar səhnə boşluğunda Altay dünyasının "rəsmini çəkirdilər", mifləri, əfsanələri  səslə "dirildib" səsdə görükdürürdülər.

Qəribədir, birdən sənə elə gəlir ki, səhnəyə ani olaraq, sanki at ilxısı çıxır, qaçır, fınxırır, yox olur. Sonra qurd səsi eşidirsən elə bil. Daha sonra az qalırsan inanasan ki, səhnə boşluğunda quzğunlar uçuşur. Qulaqların şatra adlı qoyun aşıqlarından düzəldilmiş alətin çıqqıltısını alanda zənn edirsən ki, indi təkələr dağı aşır dırnaqüstü tullana-tullana.

Ardıyca türk epos qəhrəmanlarının igidliyi, sevinci, nisgili, ağrısı səda-səda obrazlaşır təfəkkürün virtual məkanında...

Kayçılar mifi tarixi bir konsertə sığışdıra bilirlər.

Həqiqətən, "Türk Kabay" etnoqrupunun səs, canlı oxu köməyilə fantastik çevrilmələri gerçəkləşdirmək qüvvəsi var.

Bir sözlə, kayçıları dinləyəndə sən mifi yaşayırsan.

Yenidən Altaya dönmək istəyirəm, bu dəfə bir teatrşünas kimi yox, bir zəvvar kimi...

 

 

Məti Osmanoğlu

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 10-11.