Adil Mirseyid: "Mənə elə gəlir ki, min illərdir Yer üzündə ömür sürürəm"

 

Bu günlərdə Azərbaycan poeziyasının bənzərsiz nümayəndələrindən olan görkəmli şair, rəssam Adil Mirseyidin "Son şeir, son vəsiyyət" kitabı nəşr olundu. İçimdən Adil Mirseyidlə həmsöhbət olmaq istəyi keçdi. Beləcə, "Sənət hücrəsi"ndə qara sevdalar şairi ilə bir xeyli dərdləşdik. Ruhlarla həmsöhbət olmaq çətindi, onlar hər çağıranda insanla görüşə gəlmir. Adil Mirseyid isə qədimdən qədim uşaq təbəssümü ilə bu görüşə razılıq verdi. Və dedi: "Dünyanın harasındasa çiçəklənmiş alça ağacına baxıb dost kimi gülümsəyən bir dərviş görsən, ayaq saxla, yan keçmə, o dərvişə salam ver. Və mütləq gülümsə...".

 

Bu görüşün məmnunluğu içində gülümsəyirəm...

 

- Salam, Adil müəllim.

 

- Əleykümsalam. Gəl gedək "Paradizi" kafesinə, bir az ömür karuselində fırlanaq. Orda "Ay sonatası" da dinləyərsən, ruhun dincələr.

 

Bir kafeyə girdik biz axşam işıqlarıyla

 

yağmur bayırda qaldı

 

pəncərə önündə boş masa bulduq

 

qara qəhvə çox dadlıydı o gecə.

 

- Adil müəllim, siz həm şair, həm də rəssamsınız. Bənzərsiz üslubunuz sizi həm rəssamlıqda, həm də poeziyada avanqardizmin nümayəndəsi kimi tanıdıb. Nə vaxtsa proza ilə məşğul olmaq, nəsr əsərləri yazmaq istəmisinizmi?

 

- Sənətkar ömrünün poeziyası ilə yanaşı, prozası da var. Sənətkar ömrünün prozasını özüylə qəbir evinə aparır.

 

- Deyirlər, şairin taleyi olmalıdır. Sizin üçün şair taleyi hansı anlam kəsb edir?

 

- Bir qaraçı nəğməsidir bu dünya

 

dünya ürəyinə yatırmı, Qoyya

 

gecələr dəli ilham

 

çarmıxa çəkəndə səni içindən

 

qupquru gözlərindən

 

dupduru gözlərindən

 

            göz yaşların görünmədən

 

içinə axırdımı, Qoyya

 

barmaqların necə

 

ürək sözə baxmayanda

 

barmaqların sözə baxırdımı, Qoyya

 

bir qaraçı nəğməsidir dedim bu dünya

 

dünyada bu dünyada

 

şair ürəyilə yaşamaq ağırdımı

 

Qoyya, Qoyya

 

Qoyya, dəli Qoyya

 

niyə belə gözəldi dünya...

 

Bu şeiri 1981-ci ildə yazdım. Bu şeiri yazana qədər demək olar ki, yalnız rəsmlərindən (reproduksiyalarından) tanıyırdım Qoyyanı. Şeir 1981-ci ildə "Ulduz" jurnalının 10-cu sayında çap olundu və mən Leon Feyxtvangerin "Qoyya" romanını 1985-ci ildə oxudum. Oxudum, heyrətləndim və təəccübləndim - rəsmlərdən oxuduğum tale rəssamın gerçək taleyilə üst-üstə düşürdü. Həmin axşam, həmin anda bilmirəm nədənsə, birdən-birə qorxutdu məni şair taleyi... Mən taleyə asi bir türk oğlu türkəm. Şair doğulan insan oğlunun könlündən zaman-zaman göy üzünə dönmək arzusu keçir. Şairlərin göy üzünə dönmək amacı nədir, görəsən? Hərdən "Tanrım, məni göy  üzünə döndər" deyə dualarımın arasında pıçıldayıram və öz səsimdən diksinirəm. Şair ömrü bir kəpənək ömrüdür. Poeziya adi dilin fövqündə olanı, təbir-caizsə, dillə deyilə bilməyəni bəlağətli şəkildə ifadə edə bilmək möcüzəsidir. Şeirin möcüzəsi şair ürəyidir. Bir şairi öz şeirlərindən ən gözəl nə anlada bilər? Şeir şairin ürək döyüntülərini əks etdirən kardeoqramdır. Mən şeiri hər zaman, həm də bir rəsm olaraq görürəm. Bülbül yuvasıdır şair ürəyi. Şair ürəyinə toxunmaq bülbül yuvasını dağıtmaq kimi bir şeydir. Özünüzü bu günahdan qoruyun. Mən uzun illərdir insanlar arasında ruh kimi yaşayıram.

 

- Bəs rəssamlıq sevdası?

 

- Norveçli simvolist rəssam Edvard Munk deyirdi ki, mənim sənətimin kökləri dünya ilə mənim aramda olan anlaşılmazlığı daha aydın izah etməyə  gedib çıxır. Rəssamlıq mənim üçün xəstəlikdi, məhbəsdi. Bu xəstəlikdən şəfa tapmaq istəmirəm, bu məhbəs mənim üçün vacibdir. Mən də o məhbəsdə illər uzunu səadət aradım, amma onu da bilirəm ki, səadət nəsib olmur şair doğulanlara. Şair demişkən, "pakoy nam tolko snitsya". Şair özünü unudanda böyük poeziya yaranır, rəssam aqillə aqil, məcnunla məcnun olanda, predmetlərin içinə girəndə rəssam olur. Əgər bizi əhatə edən aləm sənətkar ürəyində əks-səda doğurursa, artıq o, əlinə fırça alıb öz dünyasını yaradır. Fırça, kağız, kətan, tuş, boya isə təsviri sənətin texniki tərəfinə aiddir, gerçək sənətin toxumları isə insanın qəlbində, ürəyində cücərir. Rəssam hələ əlinə fırça almamışdan qabaq rəsm əsəri özü-özlüyündə rəssamın ürəyində yaranır, yalnız bundan sonra sənətkar gəldiyi abstrakt psixoloji durumda yaradıcılığa qurşanır. Görünən və görünməyən dünya bizim ürəyimizdə buluşur.

 

- Deyirlər, Adil Mirseyid Parisdən, dünyanın böyük şəhərlərindən elə yazır ki, sanki o yerləri gözüylə görüb. Bunun sirrini aça bilərsiniz?

 

- Hələ lap uşaqlıq illərindən böyük şəhərləri böyük oğullarıyla - sərkərdələriylə, cəngavərləriylə, ən çox da rəssamları və şairləri ilə tanımışam və sevmişəm. Sevdiyim şairlər, heyran olduğum rəssamlar sevdirib mənə Venetsiyanı, Parisi, Xirosimanı, Münheni, Arl üzümlüklərini, İstanbul minarələrini. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perronun nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm. Rəssamlıq məktəbində təhsil alanda özümü əməlli-başlı imperialist hesab edirdim və haçansa mütləq Parisi görəcəyimə, bu şəhərdə yaşayacağıma dəlicəsinə inanırdım. Amma xəyalıyla yaşadığım o böyük şəhərləri görmək mənə nəsib olmadı.

 

- Dostoyevski deyirdi ki, "gözəllik dünyanı xilas edəcək". Siz necə düşünürsünüz?

 

- Dostoyevski ilə mübahisəyə qalxmaq mənim həddim deyil, amma mən heç bir zaman onun kimi ümidvar olmadım. Düzdür, lap gənc çağlarımda mən də fanatik idim, şeirlərimin bu dünyanı dəyişəcəyinə bel bağlayırdım. Bəzən düşünürəm ki, gözəllik yasaq meyvə kimi bir şeydir, onun içində günah gizlənib. Bəlkə də gözəllik, kamillik hardasa bir qədər təhlükəli nəsnədir.

 

- Ölümdən sonrakı həyata inanırsınız?

 

- Əsl sənətkar ölümündən sonra ikinci dəfə doğulur. Doğulur və bu dəfə ölüm ondan yan keçir. Mən ölümündən sonra doğulan sənətçiləri sevirəm. Sevirəm demək azdır, diz çöküb onların ruhuna dua edirəm. Dualarımın Tanrı dərgahına çatacağına şübhəm belə yoxdur. Əgər səsimin eşidilməyəcəyinə şübhə etsəydim, əlimə qələm almazdım, ulduzlu göylərin altından bir könül xoşluğu ilə keçməzdim. Bəzən Tanrı  üçüncü göz verir insan oğluna. Üçüncü göz ancaq peyğəmbərlərə və şairlərə nəsib olur. Mən alın yazımı yazan adamam. Təəssüf ki, bəzən sənətkarın yaradıcılıq ömürlüyü, bioqrafiyası, alın yazısı yarıda qırılır. Eynən yarımçıq nəğmə kimi, tamamlanmamış tablo sayağı. Mən o adamlardanam ki, Şairin qeyri-adi məxluq olduğuna şübhə etmirəm. Şairin istisnalıq hüququnu müdafiə edirəm. Şair ömrü yaşamaq qaranlıqda qıl körpüsündən keçmək kimi bir şeydi. Bilirsən, əzizim, sənət adamlarının bioqrafiyası sənədlərdə qeyd olunmuş kənddən, şəhərdən, doğulduğu tarixdən deyil, onun yaradıcılıq ömürlüyündən, əsərlərindən - şeirlərindən, rəsmlərindən, musiqisindən başlanır. Və bu, ilahi bir başlanğıcdır. Bütün ilahi başlanğıcların siqlətində bir kədərli dram, bəlkə də faciə aurası mövcuddur. Sənət gün işığı kimi ölməzdir. O, torpağa gömülmür, o, ölümsüzdü. Və əsl sənət həmişə xeyirə tapınır.

- Özünüzlə təkbətək qalanda hansı sualları verirsiniz özünüzə?

- Hərdən öz könlümdən soruşuram ki, mənə məlum olan daha nələr var dünyada? Və bu dünyada bir şair taleyi yaşamaq mənim alnıma yazıldı. Haradasa, kimsə alın yazısına düzəliş etmək arzusunda bulunur. Mənim içimdə belə bir istək olmayıb və olmayacaq. Mən mütləq azadlığın tərəfdarıyam və mən öz ideoloji və estetik dünyagörüşümü müdafiə edirəm. Fransız Klod Simona görə, azadlıq absolyut yaradıcılıq azadlığından önəmli deyil. Bəli, mən də bu həqiqətlə şərikəm. Hərdən də düşünürəm ki, biz hamımız, sən də, mən də, küçədən keçən o yad adamlar da həyat adlı filmin personajlarıyıq.

- Adil müəllim, biz xeyli müddət sizinlə Buzovnadan şəhərə elektrik qatarında eyni yolu gəlmişik. Mən sizə yaxınlaşmağa cürət etməmişəm. Sizin sükutunuza toxunmağa ürək eləməmişəm. Nə görünürdü o qatarın pəncərələrindən? Hansı mənzərələri yaddaşınıza köçürürdünüz?

- Hə, kaş ki, yaxınlaşaydın. (Gülümsəyir). Biz ruh adamlarıyıq, yəqin ki, bir-birimizi anlayacaqdıq. Bilirsən də, bir zamanlar mən şəhərətrafı qəsəbədə yaşayırdım. Çox vaxt şəhərə elektrik qatarı ilə gəlib-gedirdim. Sən də məni kənardan izləyirmişsən. Hələ də bilmirəm ki, nədənsə, həmişə üçüncü vaqona minərdim. Yəqin, sən də həmin vaqonda gedib-gəlmisən. Qatar pəncərəsindən görünən mənzərələr sürətlə bir-birini əvəzləyərdi. Hər gün gördüyüm adi mənzərələr hər dəfə təzə biçimə, hər dəfə fərqli bir koloritə düşərdi. Lap Tarkovski filmlərinin mənzərələri kimi. Yəqin ki, "Səhər qatarı" şeirimi oxumusan.

 

Səhər qatarı keçir Zuğulba stasionundan

 

dörd yaşıl vaqon uzaqlaşır səssizcə

 

üçüncü vaqonda yol gedəydik bu səhər

 

on yeddi yaşımla mən

 

bir-birimizə göz vurardıq hərdən

 

qızıl eynək taxaydım

 

qatar pəncərəsindən ağaclara,

 

buludlara baxaydım.

 

Səhər saat beş, qırx beş, saat altı, altı on

 

ötüb-keçdi dörd vaqon

 

qaranquşlar oyandı, qaranquşlar oyandı

 

dəniz göy üzüylə birləşən yerdə

 

üfüq pərdə-pərdə qana boyandı

 

may səhəri, may səhəri

 

nədən mənim boğazımda yaşıl alça qəhəri.

 

- Tarkovskinin filmlərini çox sevirsiniz?

 

- Tarkovski filmlərinin qəribə mənzərələri sirli, müəmmalı insan qəlbinin maddiləşmiş görüntüsü təsiri bağışlayır. Salvador Dalinin, Corce de Krikonun, Rene Maqrittin sürreal tabloları, Nazim Hikmətin, Brayten Braytenbaxın, İnqeborq Baxmanın, Fəyyal Xamisin, Aydın Əfəndinin şeirləri də mənim qəlbimdə belə bir ovqat yaradır. Adlarını sadaladığım insanlar mənim dostlarımdır. Tarkovskiyə gəldikdə isə, mistik dünyaya bələd olmayan, naturanın yalnız zahiri görünüşünə uyan, onun mahiyyətinə varmayan və ya vara bilməyən adam onun filmlərinin kodunu aça bilməz.

 

- Tarkovskinin filmləri dediyiniz kimi, çətin anlaşılırdı. Siz də avanqard sənət cərəyanını təmsil edirsiniz və sizin şeirlər kütləvi oxucu üçün deyil, müəyyən qədər hazırlıqlı, modern şeiri anlayan oxucular üçündür.  Bu, sizi narahat etmir ki?

 

- Qətiyyən. Bəzən insanların nadanlığı ilə üzləşəndə susmuşam. Susmuşam və məni naşı biliblər, amma mən naşı deyiləm. Mən azad adamam, azad adamın çəkdiyi, çəkə biləcəyi çilələri mən də yaşadım. Mən Stalkerəm.

 

- Adil müəllim, uşaqlığınızı necə xatırlayırsınız?

 

- Mənim uşaqlıq adlı aləmimdən yaz fəslində meşə rütubəti qoxusu gəlir. Mənim uşaqlıq adlı aləmimin pəncərəsində yağış yağır. İndi çox uzaqlarda yeddi dəniz, yeddi dağ arxasında qalmış uşaqlıq illərimi xatırlayanda orda dənizlərin dağların arxasında gecələr bədirlənmiş Ayın ovsunlayıb arxasınca daha gözəl bir dünyaya apardığı qanadlı bir çocuq görürəm. O qanadlı çocuğun arxasınca yüyürürəm. Ay gedir, çocuq gedir, mən də onların peşindəyəm. Amma heyhat, birdən-birə o çocuğun ayaqları yerdən üzülür, sonra o, Ay işığına qarışıb gözdən itir. Bu mənzərə nə röyadır, nə də xəyal. Bu mənzərə reallıqla irreallığın qovuşağıdır. Şair doğulan bəndə reallıqla irreallığın qovuşağında yaşayır. Uşaqlıqda pəncərə şüşəsinə çəkdiyim rəsmləri xatırlayıram, gecələr o fantastik rəsmlərə Ay işığı düşərdi. Ay mənim əlimdən tutub pəncərə şüşəsinə rəsmlər çəkərdi. Mən güzgülərlə oynayan uşaq kimiyəm, bir güzgünün içindən çıxıb başqa bir güzgünün içinə girmək mənim ən sevimli məşğuliyyətimdir. Mən güzgüdəki adamam. Ay bədirlənəndə mənim ruhum bədənimdə oynayır, metafizik bir zamansızlıq aləminə düşürəm, yalquzağa dönürəm. Mənə elə gəlir ki, min illərdi bu Yer üzündə ömür sürüb yaşayıram.

 

- Dahilik Allah vergisidir, yoxsa divanəlik?

 

- Yapon fəlsəfəsinə görə, şair təbiətlə insanlar arasında mediumdur. Mən şairin medium olduğuna, ruhlarla insanlar arasında vasitəçilik etdiyinə inanıram. Yaradıcılıq psixologiyası nə qədər araşdırılsa da, yenə bir müəmma olaraq qalır. Yaradıcılıq insan qəlbinin xüsusi vəziyyətidir. Müdriklər bu psixoloji vəziyyətin dəliliyə, divanəliyə çox yaxın bağlılığını zaman-zaman, dönə-dönə vurğulayıblar. Mübahisələr hələ də davam edir və sonu görünmür. Araşdırsaq, dahi şəxsiyyətlərin bir qədər anormallığı haqqında ilk dəfə Çezare Lombrozonun "Dahilik və divanəlik" kitabında rast gələrik. Sənin sualın mənə bu kitabı xatırlatdı. Lombrozodan günümüzə qədər bu mövzunun çeşidli versiyaları mövcuddur. Dahilik fenomenini mediumizmlə bağlayanlar nə dərəcədə haqlıdır? Biz bu sualın cavabını bilmirik, bəlkə də bizim intellektimiz hələ çox bəsitdir. Bəlkə bu, hələlik belədir, bəlkə zamanla insan təhtəlşüurunun gizli qatlarına varacaq, hələ bir elm sahəsi kimi etiraf olunmamış mediumizm psixologiyasını çözəcək. Mediumizm, ingilis dilində "çenpelninq", bədii yaradıcılıq prosesi zamanı insanın öz tənini ötürücü qisimdə başqa aləmlərdən gələn informasiya axınının öhdəsinə buraxması kimi yozula bilər. Bu informasiyalar şeir, nəsr, musiqi, rəsm şəklində transformasiya olunur. Bəzən insan şüurlu şəkildə bu informasiyaları qəbul edir və ötürür. Amma bəzi məqamlarda bu proses insan iradəsinin dışında baş verir. Çox qəliz mətləblərə gedib çıxdıq, deyəsən.

 

- Öz təcrübənizdə bu hal necə baş verir?

 

- Mənim poetik təcrübəmə güvənsək, ilk misra qeybdən gəlir, ikinci misranı içimdəki mən yazır. Şairlər var ki, ilham pərisi onların qulağına nəğmələr pıçıldayır, rəssamlar var ki, kimsə onun əlindən alət kimi istifadə edir. Mənim də həyatımda belə məqamlar olub, bəzən rəsm çəkdiyim zaman, sanki kimsə əlimdən tutub, fırça özü rəsm çəkir, kətan və ya kağız üzərində obraz doğulur. Bu məqamda bəlkə susmaq məsləhətdir, mən susuram. Susuram və zikr eləyirəm - "qərib səs qeybdən gəlsə yaxşıdır...".

 

- Hansı rəssamların əsərlərini bəyənirsiniz?

 

- Çağdaş Azərbaycan rəssamları Mircavadın, Kamal Əhmədin, Əbülfəz Fərəcoğlunun, Fikrət İbrahimlinin, Nəvai Mətinin və indi adlarını çəkmədiyim sənətkarların tablolarında gördüyümüz mənzərələr bizi daha gözəl bir dünyaya səsləyir və biz o səsin peşinə düşüb yuxuda gəzən adamlar kimi söz-söz açılan göy üzünə doğru gedirik. Bədirlənmiş Ay yalnız metafora deyil, bədirlənmiş Ay metafizik dünyanın simvoludur. Şairləri də xatırlayaq da. Ay kimi işıq saçan, gün kimi batan şairləri də xatırlayıram. Xəyalımda bir səhnə canlanır - Ay işığı içindən qərib atlılar keçir, - atlılar, ay atlılar, atları qanadlılar...

 

Mənim suallarım bitir. Şair asta səslə qarsonu səsləyir. Qəhvəmiz təzələnir.

Uzun yolun sonunda

rəssamın son təbəssümü

diksindirdi ölümü.

Hələlik, şair! Görüşənədək! Bizdən ordakılara salam de. Sən Haqq dərgahındasan, biz isə hələ Fəna fasiləsindəyik!

 

 

Adil Mirseyid

Müsahibəni apardı: Kənan Hacı

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 14-15.