"Şeir rakursu" rubrikası - İztirab və şeir

 

İztirab hissi poeziya üçün "əvəzsiz nemət"lərdəndir. Onu ağlın və hissin heç bir ekstazı, bəlkə də, əvəz edə bilməz. Hisslərini poetik sözə çevirənlər üçün iztirab dərk ediləndə ağrılı hissə, təkrarlananda, yada salınanda, xatırlananda isə poeziyaya çevrilir. Şairin iztirabı daha "uzunnəfəsli"dir, daha uzunömürlüdür. Adi insanlarda isə iztirab əksərən ruhi haldan, fiziki narahatlığa - göz yaşına, ən ötəsi qəhərə, şairin iztirabı isə şeir vasitəsilə əbədiyaşar hissə - poetik əsərə çevrilir. Bu baxımdan, şairin timsalında poeziya həm də hissləri əbədiləşdirmək sənətidir.

Yaxşı şair üçün iztirab vacibdirmi? Bu suala "hə" cavabı vermək, bəlkə də, şairlərin bədbəxtliyini istəməkdi. Şairlərdən onların şəxsi həyatlarındakı ağrıların şeirlərinə yansımasını gözləmək yox, sadəcə, öz ağrılı hisslərini və başqalarının yaşantılarını bütün ağırlığı ilə duymaq "umula bilər".

Bir dəfə məşhur yazıçı, "Möcüzələr dövrü" kimi maraqlı bir əsərin müəllifi və neçə-neçə ünlü ödüllərin sahibi Aharon Appelfeldin "Paris Revyu" jurnalına verdiyi müsahibəni oxudum, mənə çox təsir elədi. Onun müsahibədə cavablandırdığı belə bir sual var idi: "Sizi keçmişə qaytardığım üçün üzrlü sayın, amma ananız qətlə yetiriləndə harada idiniz?".

Ata, həyat yoldaşı, övlad və b. itkilərlə bağlı bir çoxlarımıza buna bənzər suallar verilə bilər, cavablar da, yəqin ki, elə itkilərin təsirindən və dərkindən dolayı fərqli olar. Aharon müsahibədə başqa ağrılı məqamlara da toxunmuşdu və mən onun ağrılarını, düşünürəm ki, az-çox özümə hopdura bilmişdim. Onun dilindən qopan nisgilli sözlərin təsiri ilə heç nəyi əskiltmədən, yaxud bəzək-düzək vermədən "Aharon Appelfeldin müsahibəsi" adlı bu şeiri yazdım:

 

"41-ci ilin yayı idi.

 

güllələdilər

 

anamı da,

 

nənəmi də.

 

9 yaşım var idi onda...

 

Anamsa 31 yaşında idi.

 

O, həmişə elə cavan qaldı,

 

...mən isə qocaldım.

 

Atam səbirli idi

 

anam öləndən sonra

 

sükut idi dini...

 

Həmişə bu sualı düşünmüşəm,

 

zəngin atam niyə

 

müharibə vaxtı olan-qalanını

 

satıb qaçmadı?

 

Sonrasa öyrəndim ki,

 

onun bütün varı

 

vətənin

 

təpəlikləri,

 

meşələriymiş,

 

onlarısa satıb

 

qaçmaq olmur...".

 

Və bir gün bir siyahı tutdum

 

əvvəl anamın,

 

sonra atamın adını yazdım ora

 

anladım ki, mən tək deyiləm...

 

Bu şeirdə onun yaşadıqları ilə mənim duyduqlarım, olsun ki, hansısa müstəvidə bərabərləşmişdi. O, bir insan kimi yaşantılarını dilə gətirmişdi, mən isə onları ayna kimi əks etdirmişdim. Özgə dərdindən, iztirablarından "ilhamlanmaq"la da şeir yazmaq mümkündür....

P.S. Bir dəfə yazıçılarımızdan biri onunçün çox çətin başa gələn hadisəni qələmə almışdı və sonradan həmin yazı kitab halında çap olundu. O kitabın təqdimatında çıxış edənlərdən biri dedi: Nə yaxşı ki, həmin ağrılı hadisə yaşanıb və müəllif bu kitabı qələmə alıb. Özümü saxlaya bilməyib dedim: "Bu münasibət - yəni başqasının bəlasına şükür eləmək təxminən Remarkın əsərlərinin ərsəyə gəlmə səbəbinə - müharibəyə sevinmək kimidir...".

 

Fərid Hüseyn

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 21.