Nizami
Gəncəvi poeziyasının hind qaynağı haqqında
yeni tədqiqat
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi
Şurasının qərarı ilə "Nizami Gəncəvi
və "Kəlilə və Dimnə" motivləri"
kitabı nəşr olunmuşdur. Kitabın tərtibçisi
və Ön sözün müəllifi fil.ü.f.d.,
dos. Təhminə Bədəlova, elmi məsləhətçi
akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir
üzvü Nüşabə Araslıdır.
Şərq bədii fikir tarixində yeni orijinal mərhələ
təşkil edən Nizami yaradıcılığı
özünəqədərki mədəni-mənəvi nailiyyətlər
ilə yaxından bağlı olub klassik irsin ən gözəl
ənənələri üzərində
ucalmışdır. Doğma ədəbiyyatın qədim şifahi nümunələri,
"Kitabi-Dədə Qorqud" dastanları, Y.X.Hacibin
"Qutadqu bilik"i, Mahmud Qaşqarinin
"Divanü-Lügat-it Türk" əsəri və
başqa əski abidələrə dərindən bələd
olan şairin qaynaqlandığı mənəvi sərvətlər
içərisində "Avesta", "Min bir gecə",
"Tutinamə", "Sindbadnamə" və başqa ədəbi
nümunələrlə yanaşı, məşhur hind abidəsi
"Kəlilə və Dimnə" də əhəmiyyətli
yer tutur.
Tədqiqatçıların
yekdil qənaətinə görə, "Kəlilə və
Dimnə" əsəri əvvəlcə şifahi şəkildə
yaranaraq hind xalqı içərisində yayılmış,
sonralar brəhmənlər tərəfindən sanskrit
dilində yazıya alınmışdır. Əsər
özünün mənalı mündəricəsi və bədii
məziyyətləri ilə din xadimləri, kahin və
müdrik filosofların daima diqqət mərkəzində
olmuş, zaman keçdikcə əlavə süjetlərlə
həcmcə zənginləşərək təkmilləşmişdir.
Sonralar isə yazıya alınaraq möhtəşəm
ədəbi abidə kimi dünya miqyasında şöhrət
qazanmışdır.
Məlum olduğu kimi, Sasanilər hakimiyyəti
dövründə Ənuşirəvan şahın diqqətini
cəlb edən bu əsər şahın göstərişi
ilə həkim Bərzuyə vasitəsilə gizli yollarla
İrana gətirilərək pəhləvi, sonralar isə
Suriya dilinə tərcümə edilmişdir. Abbasilər
xilafəti zamanında istedadlı münşi kimi şöhrət
tapmış Abdullah ibn Əl Müqəffa (720-759) tərəfindən
abidənin ərəb tərcüməsi meydana gəlmişdir.
Bu da məlumdur
ki, "Kəlilə və Dimnə"ni
fars poeziyasının ilk tanınmış nümayəndələrindən
olan Rudəki şahın tapşırığı ilə
fars dilində qələmə almışdır. Həmin tərcümə
əldə olmasa da, Firdovsinin "Şahnamə"sində
şairin qeydlərindən xalq içərisində geniş
şöhrət qazanmış "Kəlilə və Dimnə"
mövzularının ərəbcə tərcüməsi əsasında
fars dilinə çevrilib Rudəkiyə
çatdırılaraq (daha doğrusu, nəql olunaraq) nəzmə
çəkildiyini öyrənirik. (Bax: "Kəlilə və
Dimnə". Farscadan tərcümə edəni,
şərh və izahların müəllifi professor Rəhim
Sultanov. 4-cü nəşr. Bakı, 1989. Səh.321-322).
Abidə
sonrakı yüzilliklərdə yunan, yəhudi və daha sonra
latın dillərinə tərcümə
olunaraq Avropada da yayılmağa başlamış, "Kəlilə
və Dimnə"nin türk, özbək, tatar, monqol tərcümələri
yaranmışdır. Şərq ictimai-bədii
fikir tarixində özünün çoxcəhətli təsiri
ilə seçilən bu əsər müxtəlif dillərə
tərcümə olunmaqla yanaşı, dünya xalqları ədəbiyyatlarına
da nüfuz edərək mənzum hekayə, təmsil, alleqorik
səciyyəli hekayə-məsəl (süjetli məsəl)
və başqa bu kimi ədəbi növlərin yaranması
üçün də əsas təşkil etmişdir.
"Kəlilə və Dimnə" mövzuları Azərbaycan
klassik ədəbiyyatında fəlsəfi, tarixi səciyyəli
əsərlərdə özünü qabarıq göstərərək
XI-XII əsrlər qəsidə ədəbiyyatından
tutmuş epik şeirimizin əksər nümunələrində
aydın əksini tapmışdır.
Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi
"Kəlilə və Dimnə" ilə yaxından
tanış olmuş, "Xəmsə"sinə daxil
poemalarında qədim abidənin ibrətamiz məzmunu və
özünəməxsus poetik cizgilərinə xüsusi diqqət
yetirərək ondan yaradıcılıqla
faydalanmışdır.
"Kəlilə
və Dimnə" əsərinin Nizami sənətinə təsirindən
söhbət açılarkən ilk növbədə
şairin "Xosrov və Şirin" poemasında
dövrün görkəmli filosofu olan Bozorg Ümmidin
Şirinin xahişi ilə "Kəlilə və Dimnə"dən
40 təmsil söyləməsi yada düşür. Abidənin
qədimliyini, onun əxlaqi-tərbiyəvi səciyyəli
mövzu və motivlərinin məşhurluğunu göstərən
bu fəsildə heyvanlar aləmindən
götürülmüş, canlıların dili ilə bir
çox real məsələlər əksini tapır: ustad
bilici həyati, vacib problemlərə, o sıradan ədalət,
dövlətin idarəsi, şah və onun vəzifəsi,
şahlığı şərtləndirən başlıca
amillər, insan və cəmiyyət, başçı və
xalq münasibətlərinə toxunur, ağıl, zəka və
biliyin zəruriliyindən danışır. Nizami Bozorg
Ümmidin abidə ilə bağlı düşüncələrində
insan təbiətinin incəliklərindən də bəhs edərək
bilicinin dili ilə oxucuya üz tutur, müasirlərini
ehtiyatlı olmağa, boş xəyallar ardınca
qaçmamağa, hiylə və riyadan çəkinməyə
çağırır, diliuzunluq etməməyi, yersiz
qürurdan, lovğalıqdan, tamahkarlıqdan, fitnəkarlıqdan
əl götürməyi, dünyaya, var-dövlətə
uymamağı, qəflətdən qurtarmağı,
yaxşılıq etməyi öyrədir.
Nizami "Kəlilə və Dimnə"dən gətirdiyi
nümunələrin məzmununu nəql eləmir. Ustad sənətkar
bir beytdə hekayənin məzmunu və ideyasını
açan işarələrlə abidə haqqında əsər
qəhrəmanlarında olduğu kimi, oxucularda da aydın təsəvvür
yarada bilir. Şairin belə lakonik beytləri
o dövr ziyalılarının "Kəlilə və Dimnə"yə
yaxından bələd olduqlarını bir daha təsdiq edir.
Təsadüfi deyildir ki, "Kəlilə və
Dimnə" əsəri ilə bağlı deyilmiş bu
beytlər abidəyə uyğun sıralanmışdır və
bir qayda olaraq, beytin ilk misrası nağılın əsas qayəsini,
2-ci misrası isə məzmununu yada salır.
Noxostin
qoft kə`z xod bər həzər baş,
Ço qave-Şətrəbe z`on şire-cəmmaş.
(Əvvəl
dedi: özündən həzər et, necə
ki şıltaq şirdən öküz Şətrəbə
(qorundu)).
Be təlbis
an təvanı xord əz in rah
K`əz on təble-dəride xord tubah.
(Hiylə ilə bu yoldan onu yeyə bilərsən ki,
tülkü o yırtıq təbildən yedi).
"Kəlilə
və Dimnə"nin əsas məzmununu
brəhmənin hind padşahının istəyilə ona təklif
olunan həyati əhəmiyyətli məzmunda hikmətamiz rəvayət
və əhvalat danışması təşkil edir. Hər əhvalatla bağlı alınan qənaətlər
atalar sözü və aforizm kimi xalq içərisində
yayılaraq çox zaman şifahi ədəbiyyat və klassik
nümunələrdə də bədii əksini tapır.
Abidənin Şərq xalqları ədəbiyyatlarında
tez-tez özünü büruzə verən mövzu və
motivləri Azərbaycan ədəbi fikrində də öz təsirini
göstərmiş, xalq yaradıcılığı və
yazılı nümunələrdə də aydın
duyulmuşdur.
Nizami
Şərqdə geniş yayılmış məşhur hind
abidəsinə tez-tez müraciət etmiş, hələ
"Xəmsə"nin ilk poeması
"Sirlər xəzinəsi"ndən tutmuş
poemalarının hamısında yer alan fikri-nəzəri
görüşləri və bunların təsdiqinə xidmət
edən təmsil səciyyəli hekayələri ilə də
"Kəlilə və Dimnə"yə
yaxınlaşmışdır. "Ovçu, it və
tülkü hekayəsi", "Harunərrəşid və
dəllək", "Baqqal və tülkü",
"Bülbül və qızılquş" hekayələri
"Kəlilə və Dimnə" abidəsini
xatırladır. (Bax: R.Azadə. "Nizami Gəncəvi. Həyatı və sənəti". Bakı, 1979. Səh.164).
"Kəlilə və Dimnə" təsiri Nizami əsərlərində
şairin tez-tez qarşılaşdığımız
kiçik həcmli daxili hekayə, miniatür süjet və
epik səciyyəli hekayə-məsəllərə müraciətində
də aydın duyulur. "Sirlər xəzinəsi"ndə "Ördək
və şahin" haqqında bəhs edən miniatür
süjet "Kəlilə və Dimnə" abidəsini yada
salır:
Baz be bət
qoft ke səhra xoş əst,
Qoft şəbət xoş ke məra ca xoşəst.
(Şahin
ördəyə dedi ki, səhra gözəldir. (Ördək)
dedi ki, gecən xeyrə qalsın ki, mənim yerim gözəldir).
Əsərlərindəki yüksək bədii
idealların daha aydın anlaşılmasına xidmət edən
əsas məzmundan kənar hekayə və fəlsəfi-əxlaqi
məzmunlu təmsillərin gözəl nümunələrini
yaradan dahi şair didaktiki-tərbiyəvi görüşləri
ilə yanaşı, ictimai-fəlsəfi düşüncələrini
də canlılar aləmindən aldığı əhvalat və
heyvanların dili ilə oxuculara çatdırır. Nümunə
üçün şairin özünə müraciətlə
söylədiyi fəlsəfi-didaktiki səciyyəli
kiçik bir hekayəyə baxaq:
Şenidəm
ke rubahe-rəngin berus
Xodarayi
başəd be rənge-ərus.
Ço
baran bud ruz, bad o gərd
Berun navərd muye-xiş əz nəvərd.
Be gənci
konəd bi ələf caye-xiş,
Nəlisəd məgər dəst ya paye-xiş.
Peye-pustin
xune-xodra xorəd,
Həme kəs tən u pust ra pərvərəd.
Sərəncam
kayəde əcəl suye-u
Vəbale-təne-u şəvəd muye-u.
Bedan
muye-qəsde-xunəş konənd,
Berusvayi əz sər berunəş konənd.
(Eşitdim ki, rəngli rus tülküsü,
özünü bəzəyən bir gəlin kimi, əgər
gündüzlər yağış, külək, burulğan
olsa, tükünü yuvasından bayıra
çıxarmazdı. Bir küncə çəkilib yeməksiz
qalıb ancaq əlini, ya ayağını yalayardı. Dərisini qorumaq üçün öz
qanını içərdi. Hamı öz
bədənini, o isə dərisini qoruyardı. Axırda ki, əcəl onun tərəfinə gəldiyi
zaman dərisi bədəninin bəlası olar. O dəri
ilə onun özünə qəsd edərlər,
rüsvayçılıqla (dərisini) onun başından
çıxararlar. Yeri bəzəmək nəyə
lazımdır ki, ondan qalxmağın qaçılmazdır).
"Leyli və Məcnun" əsərində də qəhrəmanının
dili ilə yersiz gülüşün zərər gətirməsindən
danışarkən Nizami bunu aşağıdakı təmsil
ilə oxuculara çatdırır.
Kəbki
bedəhən gereft muri
Mikərd bedan zəif zuri.
Zəd qəh-qəhə
mur bi kərani
Key kəbk to`in çenin çe dani.
Şod kəbke-dəri
ze qəh-qəhə sost,
K`in pişeye-mən, nə pişeye-tost.
Çun
qəh-qəhe kərd kəbk hali,
Minqar ze mur kərd xali.
Hər qəhrəhe kin çenin zənəd mərd.
Şək
ni ke şekuh əz u şəvəd fərd.
Xənde
ke nə dər məğam xişəst
Bər xorde-hezar gerye bişəst.
(Bir kəklik bir qarışqanı ağzına alıb
o yazığa əziyyət verirdi. Qarışqa qəhqəhə
çəkərək (dedi), ey kəklik, sən belə
gülə bilərsənmi? Kəklik
gülməkdən süst olaraq (dedi) bu mənim peşəmdir,
sənin yox. Elə ki, kəklik qəhqəhə
çəkdi dimdiyindən qarışqa düşdü.
Adamın çəkdiyi belə qəhqəhə,
şübhəsiz ki, onun şöhrətini azaldır. Yerində olmayan gülüş min ağlamaqdan
pisdir).
"Xosrov
və Şirin" əsərində düşməndən
onun öz əli ilə xilas olmağın
mümkünlüyünü bildirən şair fikrini
aşağıdakı təmsil ilə oxucunun diqqətinə
çatdırır:
Şenidəm
ke əz qorq rubahgir,
Bebange-səgan rəst rubahe-pir.
Do qorq cəvan
toxme-kin kaştənd,
Peye-rubəhe-pir bər daştənd.
Dehi bud dər
vey səgane-bozorg,
Həme təşneye-xune-rubəh o qorq.
Yeki bang zəd
rubəhe-çaresaz
Ke, binəd əz dəhan səgan kərd baz.
Səgane-dəh
avaz bər daştənd,
Ke rubahra qorq pəndaştənd.
Ze bange-səgan
k`aməd əz durdəst
Rəsidənd qorqan o rubah rəst.
Sekalidəne-kardan
vəqte-kar,
Ze doşmən bedoşmən şəvəd rəstkar.
(Eşitdim ki, tülkü tutan qurddan qoca tülkü itlərin
səsi ilə qurtardı. İki cavan qurd ədavət
toxumu əkib qoca tülkünün izinə düşdülər.
Bir kənd vardı ki, orada böyük itlər
hamısı tülkü və qurd qanına
susamışdı. Çarə axtaran
tülkü bir qışqırıq qopardı ki, itlərin
ağızlarındakı bəndi açdı. Kəndin itləri səsləndilər. (Onlar) tülkünü qurd zənn elədilər.
İtlərin uzaqdan gələn səsindən
qurdlar gəldi və tülkü xilas oldu. İş bilən
(kəs) iş vaxtı fikirləşməklə düşməndən
düşmən əli ilə qurtarar).
Qeyd olunduğu kimi, "Kəlilə və Dimnə"
motivləri Nizami əsərlərinə daha çox xalq
yaradıcılığı vasitəsilə nüfuz
etmişdir.
Abidənin xalq təfəkkürünə keçmiş və
xalq içərisində geniş yayılmış mövzu
və motivləri öz yaradıcılıq qidasını
şifahi xalq ədəbiyyatı və folklordan alan şairin əsərlərində də
parlaq əksini tapmışdır.
Nizami özünün xalq zəkasına tez-tez müraciəti,
el hikməti və xalq fəlsəfəsindən bəhrələnməsi,
humanist düşüncələri və əxlaqi-tərbiyəvi
görüşlərini mənalı atalar sözləri və
aforizmlərlə təsdiq etməklə də hind abidəsinə
yaxınlaşır. Dərin fəlsəfi səciyyəli,
lakonik və poetik tutumlu aforizmlərə müraciət Nizami
sənətini hind abidəsi ilə birləşdirən
xarakterik yaradıcılıq xüsusiyyəti kimi diqqəti cəlb
edir.
***
Nizaminin "Kəlilə və Dimnə"yə
müraciəti, əlbəttə, dediklərimizlə məhdudlaşmır. Şair özünün
yüksək bəşəri idealları və humanist
görüşlərinin ifadəsində olduğu kimi, həyat,
insan, kainat haqqındakı ictimai-fəlsəfi mülahizələrində
də "Kəlilə və Dimnə" abidəsi ilə
uyar mövqedən çıxış etmişdir. Nizami əsərlərində, ideya-fikir baxımdan
olduğu kimi, bəzi xarakterik bədii cizgilərin, poetik ifadə
və vasitələrin də hind abidəsi ilə
yaxınlığını izləmək
mümkündür.
Professor Rəhim
Sultanovun tərcüməsi ilə nəşr olunmuş
"Kəlilə və Dimnə" kitabının
başlanğıcında verilən İbn-əl Şah əl
Farisi adı ilə şöhrət tapmış İbn Səhbanın
müqəddiməsində abidənin müəllifi
sayılan Beydəbanın Dəbşəlim şahla
görüşərkən ona söylədiyi nəsihətamiz
sözlərlə yanaşı, onun şahı çəkinmədən
tənqid etməsini götürək. "Sən
miras olaraq dövlət və ordu alıbsan, lakin öhdənə
düşən vəzifəni yerinə yetirmirsən, hakimiyyət
başına keçmiş şahlardan tələb olunan
qayda-qanuna riayət etmirsən. Yox, sən
həddini aşıbsan, zülmlər edibsən, təkəbbür
və qürur sənin gözünü tutub, rəiyyətə
həqarətlə baxırsan, yaramazlıq edirsən, törətdiyin
cinayətlərin isə sayı-hesabı yoxdur".
(Bax: "Kəlilə və Dimnə". Farscadan
tərcümə edəni, şərh və izahların
müəllifi professor Rəhim Sultanov. 4-cü
nəşr. Bakı, 1989. Səh.26).
Beydəba
ilə şahın uzun-uzadı söhbətindən gətirdiyimiz
bu kiçik nümunədə aydın
gördüyümüz cəsarət, kəskin tənqid bizə
Nizaminin "Sirlər xəzinəsi" əsərində kəfən
geyib şahın hüzuruna gələn və şahın
nöqsanlarını qorxmadan onun üzünə deyən,
doğru danışan qoca zahidi, eləcə də Sultan Səncərin
ətəyindən tutub onun ədalətsizliyinə qəti
etirazını bildirən qarını xatırladır.
Həmin müqəddimədə
rastlaşdığımız "Atalar deyiblər ki,
"Dilini saxlasan, başın salamat olar", "Yersiz
danışmağın nəticəsi
peşmançılıqdır" sözləri də Nizaminin:
Çe
ziba qofteəst an mərde-huşyar
Ke gər sər bayədət ser ra negəhdar.
(O
sayıq qoca necə gözəl demişdir ki,
"Başını salamat istəyirsənsə, sirrini (demə)
saxla")
- beyti ilə mənaca yaxından səsləşir.
Nizaminin
"İqbalnamə" əsərində zəmanə
şahının mədhində dediyi aşağıdakı
misralara diqqət yetirək:
Oqabəş
ço pər bər zənəd bər sepehr,
Şekarəş nəbaşəd məgər mah o
mehr.
Ke başəd
ki ta be dovrane-u.
Konəd dozdi seyrət o sane-u.
Sorure-vey an dozd gərdəd xərab
Ke xod ra rəsən sazəd əz mahtab.
(Onun qartalı asimanda qanad çalanda Ay və Günəş
onun ovu olar.
Onun zəmanəsində kim onun təbiətini
və sanını oğurlaya bilər? Onun
şadlığını o Ayın işığından ip
düzəldən oğru korlaya bilər).
Nizaminin bu beytlərində bir xalq nağılına
işarə edilir. (Bax: H.Araslı. "Nizami və xalq ədəbiyyatı".
// Nizami Gəncəvi (Məqalələr məcmuəsi). Bakı, Az SSR EA nəşriyyatı, 1947. Səh.26).
Nağılda
deyilir ki, "Gecə vaxtı evə oğru gəldiyini hiss
edən Molla, oğru eşitsin deyə, zövcəsinə
deyir ki, sən bilirsənmi mən dünən evə necə
gəldim? Zövcəsi deyir: "Yox!".
Molla sözünə davam edərək söyləyir: "Mən
"ismi-əzəm" (və bir-iki ərəb sözü
deyir) oxuyub Ayın işığından yapışıb
bacadan içəri girdim". Bunu eşidən oğru ev sahiblərini yatmış biləndən
sonra Mollanın sözlərini təkrar edib özünü
bacadan içəri atır və bərk əzilir...
Maraqlıdır ki, eyni nağıl bəzi əhəmiyyətsiz
dəyişikliklərlə "Kəlilə və Dimnə"də
əksini tapmışdır. Əsərin tərcüməsinin nəşrində
"Oğru əhvalatı" başlığı ilə
verilən bir hekayədə ev yiyəsi
Molladan fərqli olaraq zövcəsinə gənclikdə
böyük oğru olduğunu söyləyir. Aylı
gecələrdə dövlətli adamların evlərinin
divarlarının dibinə gəlib yeddi dəfə
"Şolem! Şolem!" deyib Ayın
işığından tutub, bir anda damın üstünə
qalxıb oradan içəri daxil olduğunu bildirir...
Oğrular
bu əhvalatı eşidəndən sonra oğrubaşı ev sahiblərinin yatdığını
görüb yeddi dəfə "Şolem, Şolem" - deyib
bacadan evə düşmək istərkən damdan
yıxılaraq ev yiyəsi tərəfindən çomaqla
döyülür...
Başqa
bir misal...
Abidədə Kəlilə və Dimnənin söhbəti
zamanı Dimnənin şaha yaxınlaşmaqla bağlı
mülahizələrini dinləyən Kəlilənin dediyi
"...Şahlarla dostluq etmək çox təhlükəlidir. Atalar deyiblər ki,
üç işə girişməyə yalnız nadan adam cəsarət edər: Şahlarla dostluq etməyə,
dadına baxmaq xatirinə zəhər içməyə, sirri
arvada verməyə. Ağıllı adamlar
şahı elə bir sıldırım dağa bənzətmişlər
ki, onun üzərində çoxlu meyvələr, müxtəlif
xəzinələr vardır, lakin bununla birlikdə ora pələnglər,
şirlər, canavarlar və başqa yırtıcı
heyvanlar yuvasıdır. Ora qalxmaq qorxulu,
orada qalmaq isə daha qorxuludur" ("Kəlilə və
Dimnə", Bakı, 1989. Səh.64).
Eyni qənaətlə Nizami əsərində də
qarşılaşmaq mümkündür.
Padşəh
atəşəst kəz nurəş
Eymən an şod ke binəd əz durəş.
Vatəşi
an qolist gohərbar
Dər bərabər qol əst o dər bər xar.
(Padşah
elə bir oddur ki, onun işığından (ancaq) onu uzaqdan
görən əmin ola bilər. Və o atəş gövhər saçan bir
güldür, qarşıda gül, qucaqda isə tikandır).
Abidədə şahlarla yaxınlıq etmək barədə
düşüncələrin özünəməxsus poetik
vasitələrlə təqdiminə də Nizami həssaslıqla
yanaşmış, xalq yaradıcılığının
özünəməxsus sadə,
düşündürücü bədii vasitələrindən
də öz əsərlərində yaradıcılıqla
faydalanmışdır. Kəlilənin Dimnə ilə söhbətində
belə bir bənzətmə ilə
qarşılaşırıq. "Şahlar
öz mərhəmətini fəzilət sahiblərinə
deyil, bəlkə özünə yaxın, nəsilbənəsil
ona xidmət edib müxtəlif yollarla hörmət
qazanmış adamlara göstərirlər. Şahlar bu cəhətdən üzüm tənəklərinə
oxşayırlar, özlərinə daha yaxın olan
ağaclara sarınırlar" ("Kəlilə və Dimnə",
səh.63).
Eyni bənzətmə
(təşbih) Nizaminin "Yeddi gözəl" əsərində
də işlənir:
Padşah
həm ço taki-ənqur əst,
Nəpiçəd
dər an kəz u dur əst.
Van ke
piçəd dər u saz darı
Bix o barəş kənəd besəd xari.
(Padşah üzüm tənəyi kimidir, özündən
uzaq olana sarınmaz. Nəyə sarınarsa, onun
kökünü, meyvəsini yüz xarlıqla qoparar).
Nizaminin
"İskəndərnamə" poemasından gətirdiyimiz
Nəsihətgəri
ba xudavəndi-zur,
Bovəd toxmi əfkənde dər abe-şur.
(Gücünə
məğrur olan padşaha nəsihət etmək, Toxumu
şor suya atmağa bənzəyir)
- beytdə
şairin əkinçi əməyi ilə bağlı
işlətdiyi mürəkkəb bənzətmə (təşbih)
"Kəlilə və Dimnə"də Şətrəbənin
Dimnəyə dediyi "Qədir-qiymət bilməyənə
xidmət edib nəsihət vermək şoranlıqda toxum əkmək
kimidir" bənzətməsini yada salır.
Yaxud abidədə
Kəlilənin Dimnə ilə söhbətində həyati məsələlərlə
bağlı rəy mübahisələrində dediyi:
"Ağıllı adamlar qüdrətli, güclü, məğlubedilməz
olduqları zaman belə, vuruşdan imtina etmiş, fitnələri
yatırmağı, hücumları dayandırmağı,
müharibə təhlükələrini aradan
qaldırmağı lazım bilmişlər..." kimi
sözlərlə savaş əleyhinə çıxması
Nizami əsərlərində şairin müharibəyə
etirazını bildirən beytlərlə yaxından səsləşir:
Cəhanəş
ke solh o cəng azmud,
Ze cəngəş
ziyan did o əz solh sud.
(Sülh
və müharibə ilə sınanmış dünya
müharibədən ziyan, sülhdən xeyir
görmüşdür)
Döyüşdən
yaxşıdır barışıq, şəfqət,
Biri dərd gətirər, biri səadət.
"Kəlilə
və Dimnə" əsərinin "Bayquş və
qarğa" fəslində oxuyuruq: "Düşməni səbr
və hiylə ilə daha tez darmadağın etmək olar, nəinki
vuruş və müharibə ilə. Ona görə
deyiblər ki, "ağıl gücdən
üstündür". Məsələn, bir adam nə qədər qüvvətli və
güclü olursa-olsun, vuruşda on və ya ən çoxu
iyirmi adamdan artıq öldürə bilməz. Halbuki,
ağıllı bir adam tədbir tökməklə
bir ölkəni xaraba edib qüvvətli bir ordunu məğlubiyyətə
uğrada bilər...
Maraqlıdır ki, eyni qənaətə Nizaminin
"Xosrov və Şirin" əsərində də rast gəlirik. Xosrovun Bəhram
Çubindən qorxub Azərbaycana qaçması fəsli
Nizaminin aşağıdakı beytləri ilə
başlayır.
Kelidi-fəthra
dəndan pədidəst
Ke raye-ahənin zərrin kelidəst.
Ze səd
şəmşirzən raye-ğəvi beh,
Ze səd qaleb koləhe-xosrəvi beh.
Be ray ləşkəri
ra beşkəni poşt,
Be şəmşiri
yeki ta deh təvan koşt.
(Zəfərin açarının dişləri
görünür. Dəmir kimi (möhkəm) fikir zəfərin
qızıl açarıdır. Yüz
qılınc vurandan qüvvətli fikir yaxşıdır.
Yüz qəlibdən bir şahlıq
papağı yaxşıdır. Bir fikirlə
(rəylə) qoşunun belini qırarsan. Qılıncla
bir, ya ona qədər adam öldürə
bilərsən).
"Kəlilə və Dimnə"də "Şir və
öküz" fəslində Şətrəbəyə
toxunmamasının səbəbini şir yoğun agacları
kökündən qoparıb, möhkəm binaları, uca
qalaları və qalın barıları dağıdan qüvvətli
fırtınaların balaca və zərif otlara zərər
yetirməməsi ilə izah edir. "Xosrov və Şirin" əsərində
oğlu Şiruyə tərəfindən atəşgaha
salınan Xosrova Şirinin təsəlli verərkən işlətdiyi
-
Ze badi ki
kolah əz sər konəd dur,
Çiyah asude başəd sərv zəncur.
(Başdan
papaq götürən (güclü) fırtına zamanı ot asudə qalar, sərv
inciyər)
- beyti məzmunca "Kəlilə və Dimnə"dən
yuxarıda gətirdiyimiz fikirlə üst-üstə
düşür.
Nizami sənətini "Kəlilə və Dimnə"yə
yaxınlaşdıran məzmun və məna incəlikləri
çoxdur. Biz bu yazımızda onun bir qismindən söhbət
aça bildik. Dediklərimizə bir-iki
nümunə də artıraraq fikrimizi yekunlaşdırmaq istəyirik.
Nizami poemalarında oxucunun tez-tez
qarşılaşdığı rəvayətli ifadə, xalq
ədəbiyyatı nümunələrinə işarə kimi
anlaşılan xatırlama beytlər də şairin
qaynaqlandığı hind abidəsini yada salır.
Məsəl zəd qorq çun rubəh dəğa bud.
Tələb mən kərdən o ruzi tora bud.
(Qurd misal çəkdi ki, tülkü hiyləgər
olduğundan mən istədim, (amma) sənə qismət oldu).
Əz an bər qorge-rubəh yaft şahi.
Ke rubəh dam binəd qorq mahi.
(Tülkü ona görə qurda şahlıq edir ki,
tülkü tələni görür, qurd balığı).
Küliçə
geman kərdən əz qorse-mah,
Fekəndəst
besyar kəsra be çah.
(Ayı külçə zənn etmək
çoxlarını quyuya salmışdır).
Beləliklə, Şərq ədəbi-bədii fikrinin
inkişafında mühüm yer tutan "Kəlilə və
Dimnə" Nizami yaradıcılığında da dərin
izlər buraxaraq dahi şairin ölməz əsərlərinin
əsas qaynaqlarından birinə çevrilmişdir. Qədim hind
abidəsinin Nizami əsərlərinin ideya-məzmununda
aydın duyulan təsiri onun "Xəmsə"yə daxil
poemalarının demək olar ki, hamısında üslub və
poetik baxımdan da özünü qabarıq göstərərək
şairin poeziyasında əxlaqi-didaktik səciyyə,
simvolik-rəmzi ifadələrin və mənalı
alleqoriyanın daha da qüvvətlənməsində
mühüm əhəmiyyət daşımışdır.
"Kəlilə və Dimnə"yə
müraciət Nizami şeirinin cəlbedici ruhunu yüksəldərək
məzmunun daha anlaşıqlı, məntiqli və
oxunaqlı olmasına, şairin ictimai-bədii mülahizələrinin
daha inandırıcı alınmasına kömək
etmişdir.
Bununla belə, onu da deməliyik ki, Nizami "Kəlilə
və Dimnə" abidəsini təşkil edən fəlsəfi-didaktiki
hekayələrin məzmun və ideyasını, sadəcə,
təkrar etməmiş, ustad sənətkar qədim hind
yadigarlarından böyük məharətlə, zəmanəsinin
mənəvi-estetik tələblərinə və əsərin
məzmunu və bədii məqsədəmüvafiq tərzdə
bəhrələnmişdir. Xalq yaradıcılığı,
xalq təfəkkürü ilə yaxından bağlı olan
böyük şair əsərlərində el rəvayətləri,
lətifə, təmsil və başqa xalq ədəbiyyatı
nümunələrinə də tez-tez müraciət etməklə
yanaşı, bunları təkrarsız yaradıcılıq təbiəti
və nadir poetik dühasının məhsulu olan əlavələrilə
zənginləşdirmiş, hikmətli xalq məsəlləri,
atalar sözləri və aforizmləri işlənmə məqamı
və müəllif amalına uyğun, orijinal tərzdə mənalandırmaqla
seçilmişdir.
***
Filologiya
üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovanın
oxuculara təqdim olunan bu kitabında Azərbaycanın mütəfəkkir
şairi Nizami Gəncəvinin "Xosrov və Şirin"
poemasında "Kəlilə və Dimnə"dən hər
biri bir beytlə xatırlanan 40 hekayə toplanılaraq abidədə
əksini tapan ardıcıllıqla prof. R.Sultanovun tərcüməsində
tam şəkildə oxuculara təqdim olunur. Tərtibçi
Nizami Gəncəvinin "Xosrov və Şirin" məsnəvisində
əksini tapan xatırlama beytlərin prof. H.Məmmədzadə
və türk ədəbiyyatşünası S.Sevsevilin tərəfindən
Azərbaycan və türk dillərinə edilmiş filoloj (sətri)
tərcümələrini də əlavə etməklə
abidədən gətirilən hər hekayənin məzmun və
ideyası ilə oxucunu tanış edir. T.Bədəlova hər hekayədən
çıxarılan nəticəni də ayrıca göstərmiş
və bununla da kitabın gənc nəslin yetişməsinə,
vətənə, cəmiyyətə, müstəqil dövlətimizə
layiqli şəkildə formalaşmasına göstərə
biləcəyi əhəmiyyətli təsiri nəzərə
çatdırmışdır.
İnanırıq
ki, nizamişünaslığa yeni bir hədiyyə olan bu
kitab nizamisevərlər tərəfindən maraqla
qarşılanacaq və klassik poeziyamızın dahi ustadı
Nizami Gəncəvinin qədim hind mədəniyyətinə
yaxından bələd olması, Azərbaycan ədəbi-fəlsəfi
fikrinin əski əlaqələrinin üzə
çıxarılması, ümumiyyətlə, Nizami irsinin
fikri-estetik qaynaqlarının öyrənilməsi
baxımından faydalı olacaq.
Nüşabə
Araslı
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 22-23.