İmadəddin
Nəsimi "Son səfər"də
Hüseynbala Mirələmovun "Son səfər"
povesti Azərbaycan şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin həyatının bir məqamını müəllif
interpretasiyasından keçirilərək təqdim etməsi
ilə diqqəti cəlb edir. Müəllif povestdə "...Nəsimi
sözünün axıb gəldiyi iki böyük mənəvi
ümmana nəzər salaraq" bunlardan birinin "türk
mifologiyası", digərinin isə "islam fəlsəfəsi"
olması amilini qabartmışdır: "Nəsimi bu iki fikir
dəryası arasında bir körpüdür,
bağlantıdır...".
Hüseynbala Mirələmov povestdə Qaraqoyunlu tayfa
birliyinin 3-cü başçısı, Qaraqoyunlu
tayfasından olan 2-ci sultan Qara Yusiflə bağlı epizodu təsvir
etməsi təsadüfi xarakter daşımır. Həmçinin
Əmir Teymurun zindana saldırdığı və onun
ölümündən sonra Məmlük Sultanı tərəfindən
azad edilmiş Qara Yusifin Əbu Səidlə Naxçıvanda
görüşməsi də təsadüfi hadisə kimi təsvir
edilməmişdir. Müəllif bu epizodla
Qara Yusifin Vətənə qayıdışının
siyası məqamlarını incəliklə təsvir edərək,
birləşmə məsələsinin rolunu göstərməyə
cəhd etmişdir. Vətənin səpələnmiş
hissələrinin bir istiqamətə, yəni bir yerə
toplanmasına işarə edir.
Qara
Yusifin Vətəninə yeddi çapar göndərməsi
faktının povestdə açıqlanması məhz
Qaraqoyunlu dövlətinin yaradılmasına atılan
addımlar kimi göstərilmişdir: "Hərəniz bir səmtdən
Azərbaycana girəcək, kənd-kənd, şəhər-şəhər
dolaşıb, əhaliyə çatdıracaqsınız ki,
Qara Yusif zindandan çıxıb, artıq yoldadır, gəlir,
pişvazına hazırlaşın!".
"Son səfər" povestində Qara Yusifin Vətənə
yola düşməsi, məhz Naxçıvan civarında
Əbu Səidlə üzləşərək onu məğlub
etməsi faktının təsviri səpələnmiş hissələrin
bir istiqamətə toplanmasının
başlanğıcıdır. Əmir Teymurun
ölümündən sonra Təbrizdə sərbəst şəkildə
hökmranlıq edən Əbu Səidin Araz sahillərində
Qara Yusifə məğlub olmasından sonra Azərbaycanda
Teymurilərin ağalığına son qoyuldu. Teymurilər
dövlətinə baş əyməyən, Qaraqoyunlu dövləti
yaratmış Qara Yusifin Əbu Səidi ciddi qəbul etmədiyi
onun dili ilə verilmişdir: "bu sarsaq, elə bilir ki,
atasının - Əmir Teymurun ruhu və şücaəti də
ona miras qalıb!".
Qara Yusifin əsirlikdən azad olması, Əbu Səidlə
mübarizəsi geniş təsvir edilsə də, sonrakı fəaliyyəti
yarımçıq qalır, işıqlandırılmır. "Son səfər"
əsərinin povest janrında qələmə
alınması janr baxımından müəllifə Qara
Yusifin sonrakı aqibətini qısa da olsa
işıqlandırmağa imkan verir. Belə
ki, povestdə hadisələr bir neçə xətlə
inkişaf edir, həyat hadisələrinin əhatə dairəsi
geniş, surətlərin təsviri daha dolğun
olmasını nəzərdə tutur. Fövqəladə
qəhrəmanlar təsvir etməyə cəhd etməyən
povest əhvalat və hadisələrin əsas
iştirakçısının həyatının
bütöv bir dövrünü və bu dövrün bir
hadisə və əhvalatları və ictimai adətlərini əks
etdirməsi ilə digər nəsr janrlarından fərqləndirir.
Bu baxımdan, Hüseynbala Mirələmov Qara
Yusifin Qaraqoyunlu dövlətinin (1410-1467) yaratması
faktını qabartması yerinə düşərdi.
H.Mirələmov Nəsiminin Şamaxıya
qayıdışını Qara Yusifin Qaraqoyunlar sülaləsinin
yeni doğan günəşi ilə eyni vaxta düşməsi
kimi təsvir etmişdir. Müəllifin İmadəddin Nəsimi və
Qara Yusifin qayıdışları arasında oxşarlıq
axtarılması bütövləşməyə işarədir.
Müəllif hər iki tarixi şəxsiyyətin Azərbaycan
tarixində iz buraxmalarını rəmziləşdirmişdir:
"Odur ki, Qara Yusif - Qaraqoyunlular sülaləsinin yeni
doğan günəşi belə qərara gəldi ki, qələbə
çalaçağına tam əmin olmadıqdan sonra yerindən
tərpənməsin və həlledici döyüş
üçün hərtərəfli hazırlıq
görsün... Bax, elə həmin dövrdə
Azərbaycanın iftixarı - şairlər şairi Seyid
Əli İmadəddin Nəsimi yüklü bir dəvənin
belində Şamaxıya gəldi. Şahxəndan
qardaşını şəhərin lap girəcəyində
qarşıladı".
"Son səfər" povestində Nəsiminin milli
xadim kimi rolunu açan süjet xətti ilə yanaşı,
onun ümumbəşər dəyərlərə sadiq kamil
bir şəxsiyyət olduğunu əks etdirən süjet xəttinə
də rast gəlirik. "Son səfər" povestində
insani dəyərlər Nəsiminin sevgi xəttində
göstərilir. Bununla da müəllif tərəfindən
şairin əbədi dəyərlərə nə qədər
sadiq olması faktı göstərilir.
Hüseynbala Mirələmovun Nəsiminin Hüsniyyəyə
olan sevgisini təsvir etməsi müəllif düşüncəsini
uydurma faktların müxtəlif variasiyaları kimi
özünü göstərir. Şairin sevgisi
haqqında bəhs edən dəqiq mənbələrin
olmaması Nəsimi və Hüsniyyə arasındakı
sevgini təsvir edən epizodların müəllif
interpretasiyasının məhsulu kimi dəyərləndirilməlidir.
Bu baxımdan müəllifin Nəsimi ilə
Hüsniyyə arasındakı sevgini təsvir etməsi uydurma
faktın real, mövcud hadisə kimi təqdim edilməsi ədibin
şəxsiyyətinə tamamilə fərqli yanaşmadır.
H.Mirələmov bunun həqiqətə
uyğun hadisə kimi qavranıb-qavranılmamasını
oxucusunun öhdəsinə buraxır.
Hüseynbala
Mirələmov "Son səfər" povestində İmadəddin
Nəsiminin həm şair, həm də bir insan kimi
keçirdiyi iztirabları qələmə
almışdır: "Əslində, qəhrəmanım
şairlər şairi Seyid Əli İmadəddin Nəsimi
deyil...
Onun
iztirablarıdır, ağrılarıdır, öz vətənində
təklənməsidir...".
Akademik
Nizami Cəfərov "Son səfər" əsərində
təsvir edilən İmadəddin Nəsiminin ədəbiyyatımızda
yaradılmış digər Nəsimi obrazlarından fərqlənməsinə
toxunmuşdur: "Hüseynbala Mirələmovun Nəsimisi nə
Qabilin, nə də İsa Hüseynovun (Muğannanın) Nəsimisi
deyil. "Son səfər" müəllifi
geniş panoramlı təsvirlərə, yaxud dövrün Nəsimidə
təcəssüm edən mürəkkəb fəlsəfi-ideoloji
özünüifadə (və özünütəsdiq)
mühakimələrinə (bu xüsusiyyətlər həm
"Nəsimi", həm də xüsusilə "Məşhər"
üçün səciyyəvi idi) varmadan şair-mütəfəkkirin
taleyinə, əgər belə demək mümkünsə, adi
bir insan olaraq nəzər salmağın təcrübəsini
təqdim edir...".
Povestin tərcümeyi-hal xarakteri daşımasına, təsvir
edilən əsas hadisələrin tarixi faktlara uyğun
qurulmasına baxmayaraq, əsərin daxilində müəllif
interpretasiyası olduqca güclüdür. Buna görə
povesti tarixi və ya bioqrafik adlandırmaq olmaz. H.Mirələmovun "Son səfər" povestində
tarixi faktların və bədii janrın
qarşılıqlı əlaqə forması
özünü ilk növbədə, tarixi faktların bədii
mənasının yenidən, müəllif
interpretasiyasından keçərək işlənilməsi
ilə səciyyələnmişdir. "Son
səfər" povestində bədii uydurma əsasında əlavə
süjet xətləri və səhnələrin daxil edilməsinin
özünü göstərməsi müəllif
interpretasiyası ilə əlaqəlidir. Povestdə
Şamaxı şəhəri, tarixi faktlar, tarixi şəxsiyyətlər
nümunəsində Nəsiminin həyatının bir məqamından
bəhs edilir. Şamaxı şəhərinin
özü əsərdə ümumiləşdirilmiş obraz
kimi çıxış etməsilə də diqqəti cəlb
edir. "Son səfər" povestinin
süjet xətti Nəsiminin taleyinin Şamaxıya
qayıdışı və oranı əbədi tərk etməsi
ətrafında inkişaf edir. Bu, "Son səfər"
povestini bioqrafik əsərə yaxınlaşdırsa da,
povestdən bioqrafik əsər kimi bəhs edə bilmirik.
Çünki "Son səfər" povesti
bioqrafik əsərə transformasiya olunmur. Povestdə yalnız böyük əqidə sahibi
İmadəddin Nəsiminin həyatının müəyyən
bir dövrünü, yəni bir insanın ömür və
yaradıcılıq yolunu deyil, başqa insanların da
ömürlərindən müəyyən qisimlər
açıqlanır. Məsələn, Qara Yusif,
İmadəddin Nəsimi, Şirvanşah İbrahim, Şahxəndan
və b. Qeyd edək ki, bu obrazlar tarixi, real şəxslərin
proobrazlarıdır. Hüseynbala Mirələmovun "Son səfər"
povestində İmadəddin Nəsimi ilə yanaşı, digər
şəxslərin də tarixi şəxsiyyətlər kimi təqdim
edilməsi amili akademik İsa Həbibbəyli tərəfindən
vurğulanmışdır: "Əsərdə İmadəddin
Nəsimidən başqa, qardaşı Şahxəndan,
Şirvanşah İbrahim və başqaları da tarixi şəxsiyyətlərdir".
Qeyd edək ki, H.Mirələmovun "Son səfər"
povestində bədii idrak metodunun tarixiliklə
bağlılığını inkar etmək mümkün
deyil. Akademik İsa Həbibbəyli
yazıçının əsərini mövzu baxımdan
tarixi mövzuda yazılmasını vurğulasa da, əsərin
janr baxımdan tarixi povest janrına aid etməməsi fikrini irəli
sürmüşdür: "Ümumiyyətlə,
Hüseynbala Mirələmovun "Son səfər" povesti
tarixi mövzuda yazılmış bədii əsər olsa da,
janr baxımından tarixi povest deyildir".
"Son səfər" povestində Nəsimiyə olan
sui-qəsdlərin hazırlanması faktları müəllif
tərəfindən geniş epizodlarda
açıqlanmışdır. Bu epizodlarda Nəsimiyə
qarşı sui-qəsd təşkilatının şairin
ölüm hökmünü verməsi, əleyhdarlarının
şayiələr yaymaları, müxtəlif böhtan və
iftira atmaları faktı təsvir edilmişdir: "...Rəbiyyə
xatun "Qurani-Kərim"i gətirib ortalığa qoydu və
əlini kitaba basıb dedi: - Bu "Qurani-Kərim"ə and
içirəm ki, bu sirri heç yerdə, heç kimə
açmayacaq və İmadəddin Nəsimi adında kafərin
ya sürgün, ya da qətl olunduğunu görməyincə,
onu təqib etmək fikrindən dönməyəcəyəm".
Hüseynbala Mirələmovun Nəsimiyə qarşı
hazırlanan sui-qəsdləri məişət, sevgi məsələlərinin
təsviri fonunda təsvir etməsi oxucunun diqqətini cəlb
etmək üçün işlədilən maraqlı ədəbi
priyomdur. H.Mirələmov
povestdə Səlminaz vasitəsilə də şairə
qarşı sui-qəsdin hazırlanması faktını
işıqlandırmışdır: "Hüsniyyə
bilmirdi ki, mürşidin adamları Səlminazla
görüşmüş, ona bir sıra tapşırıqlar
vermişdilər. Bu tapşırıqlara əsasən, Səlminaz
Hüsniyyənin qəlbində şairlər şairinə
qarşı olan eşqi alovlandırmalı idi...".
Povestin əsas çatışmazlıqlarından biri də
Nəsiminin Şamaxıda yaratdığı alimlər məclisinin
(məclisi-əl-üləma) və musiqiçilər
(müğənnilər) cəmiyyətinin əhəmiyyətinin
açıqlanmamasıdır. İmadəddin Nəsimi
onları yaratmaq üçün Şamaxıda xeyli vaxt və
əmək sərf etmişdi. İmadəddin
Nəsiminin Şamaxı həyatı ilə bağlı olan
belə faktların povestdə əksini tapmaması təəssüf
doğurur.
Əsas üslub xüsusiyyət kimi povestə İmadəddin
Nəsimi lirikasının daxil edilməsidir. Hüseynbala Mirələmovun
"Son səfər" povestində İmadəddin Nəsiminin
"Vəslinə kim ki irmədi, dərdü əzab
içindədir", "Ta üzün gördüm, nigara,
qəmdən azad olmuşam", "Bahar oldu vü
açıldı üzündən pərdə
gülzarın", "Qanı bir əhdü peymanı
bütün yar?", "Sən mənə, dilbər, yetərsən,
özgələr yar olmasın",
qəzəllərinin, "Qoyma üzünü niqab
içində" tərcibəndinin, "Həmdülillah,
yarımın gördüm üzün",
"Rövzeyi-rizvan üzündür, vəssalam", "Mənə
ol dəm naz ilə baxdı gözün"
tuyğularının verilməsi povestin növdaxili janrın
qarışıqlığı ilə xarakterizə olunur. "Son səfər" povestində janr
qarışıqlığının daha geniş
yayılmış forması povestin mətninə şeir
elementlərinin, yəni Nəsimi
yaradıcılığından nümunələrin nüfuz
etməsidir.
Hüseynbala
Mirələmov tərəfindən İmadəddin Nəsiminin
Şamaxını həmişəlik tərk etməsi onun həyatının
son səfəri kimi təqdim edilir: "Dəvələrin
belində gedənlər XV əsr Şərqinin ən
qüdrətli şairi Seyid Əli İmadəddin Nəsimi və
onun zövcəsi Şamaxı gözəli Hüsniyyə
idi. Qapıda dayanıb hönkür-hönkür ağlayan on
beş yaşlı uşaq da şairlər
şairinin yeganə qardaşı, Şamaxıda qalan nəslinin
son yadigarı Şahxəndan idi. Əslində,
Seyid Əli İmadəddin Nəsimi Şamaxıdan qalib kimi
ayrılırdı. Çünki cahillər onun
Hüsniyyə ilə evlənib xoşbəxt olmasına mane ola bilməmişdilər və bu səfərdən
xəbərsiz idilər. Şahxəndan isə,
sadəcə, ondan ötrü ağlayırdı ki,
qardaşının üzünü bir daha görməyəcəyini
bilirdi. Bəli, bu səfər - son səfər idi!". H.Mirələmov Nəsiminin doğma
yurdunu tərk etmə məqamını onun son səfəri
adlandırması şairin bir daha vətəninə dönməməsi,
Hələbdə edam edilməsi ilə
bağlıdır. İmadəddin Nəsiminin keçirdiyi məşəqqətləri
təsvir edən H.Mirələmov bu son səfəri rəmziləşdirməyə
nail ola bilir: "48 illik ömrün bitməyən məşəqqətlərini
qısa bir dövr üçün - Nəsiminin Azərbaycana,
Şamaxıya son səfəri müddətində rəmziləşdirdim...". Hüseynbala Mirələmov əsərinin
adını da "Son səfər" adlandıraraq məsələyə
aydınlıq gətirmişdir: bu, ədibin doğma yurduna
son səfəri idi.
Salidə Şərifova
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 25.