Olam, olam...

 Tanrı aça qapıları,

 Göylərdən səs alam, alam;

 Bir işıq süzülüb gələ;

 Sevgi ilə dolam, dolam...

 

 

İçimizi sevgi yuya,

 Ucalda bizi Tanrıya...

 Hamı sözə sayğı duya;

 Dağ-daş deyə: Salam! Salam!

 

Birdən ruhum qanadlana,

 Uçub varam yalnız Ona,

 Sual verəm Yaradana:

 "Doğrudanmı, qulam, qulam?"

 

 Bu məqamda Tanrı dinər,

 İşıq donlu bir səs enər;

 "Eşqsiz olan qula dönər,

 Eşqə varan: balam, balam".

  

İşıq, nur yağa yerlərə,

 Hər qarışda eşq göyərə.

 Sevgi qoxuya dağ, dərə -

 Ünvanı mən olam, olam...

  

Dünya

 Qoy ruhdan düşməsin dərdə düşənlər,

 Hamının dərdindən halıdı dünya.

 Sonunda hər kəsin haqqını verir,

 Minillər şahidi, uludu dünya.

 

Gah ömür yoluna bəla gətirər,

 Gah da yollarında çiçək bitirər.

 Doğru yol tutanı haqqa götürər,

 Əyriyə cəhənnəm yoludu dünya.

  

O kəs ki, düşməni öz tamahıdır,

 Qazancı günahsız məzlum ahıdır.

 Şərə dost olanın şahənşahıdır,

 Haqqa dost olanın quludu dünya.

 

 Nəbzi var, dili var, canlı, diridi,

 Yaşayan varlığın o da biridi,

 Dilini bilənə yaylaq yeridi,

 Bilməzə düzlərin koludu dünya.

  

Ay Namiq, əməllər getməz havayı,

 Hər kəsin önünə qoyular payı.

 Kim deyir, azalıb onların sayı,

 Yaxşı adamlarla doludu dünya...

  

Lerikdə

 Günəş bu yerlərdə ayrı cür doğur,

 Başqa cür dövr edir zaman Lerikdə.

 Kömürköy göylərin bağrını yarır,

 Dolanır dağları duman Lerikdə.

  

Bura min illərin könül sirdaşı,

 Bu dağlar Xaqanlar, Alplar yurdudur.

 Kömürköyün ən vüqarlı qardaşı,

 Qızyurdu deyilən, Oğuz yurdudur.

  

Dirilik suyudur gur bulaqları,

 Cənnətin özüdür burda hər oba.

 Bu dağlar qoynunda doğulduğundan,

 Dağ qədər yaşadı Şirəli baba.

  

Zuvanddan meh əsir - behişt havası,

 Göylərdən elə bil çiçək əndərir.

 Boylanır Güneydən Savalan dağı,

 O da öz ətrini bura göndərir.

  

Burda insanların süfrəsi açıq,

 Hər kəsin ürəyi dağlar boydadı.

 Burda təbiətə bənzər adamlar,

 Bu yerdə insanlıq qızıl qaydadı.

  

Dağlardan dağ kimi möhkəm olmağı,

 Sulardan paklığı alıblar cana.

 Adamı, havası, təbiətiylə,

 Lerik bir zinətdir Azərbaycana.

  

Gülüş

 Bütün gülüşlər

               bədbəxtlikləri gizlətmək üçündür.

 Dünyanın ən bədbəxt adamıdı

 Dünyanın ən çox gülən adamı...

 

 Söz

 Sözün

 tükəndiyi yer yoxdur,

 Sözün

 keçmədiyi yer var.

  

Yol

 Tək bir yol var dünyada:

 Tanrıya gedən yol.

 Qalan bütün yollar

                         yolsuzluqdur əslində...

 

  Gülüşünü yadırğayan

 Güldü,

 Gülüşündən utandı;

 

Gülüşünü yadırğayan adam...

  

Hardan gəldin?

 Sənə

 Dəvətnamə göndərmədim,

 Buyur, gəl! - demədim,

 Çağırmadım...

 Hardan gəldin, niyə gəldin ömrümə?!

 

Namiq Hacıheydərli

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 27.