Bakı-Doha-İncon
reysi ilə Sürəyyanın axtarışında...
Cənubi
Koreya Respublikasında uşaq, gəlincik və göyərçin
haqqında çıxan Azərbaycan hekayəsinin adı
"Ağca və Cuppulu" deyil, "Sürəyyanın
axtarışında" olacaq... Koreyalı uşaqların
dilinə yatsın deyə... Olsun... Əsas odur ki, bu
dünyaya bir sülh mesajı ötürək... Kəndi
dağıdılmış Sürəyyanın,
dağıntılar altında qalmış Cuppulunun və fədakar
göyərçin Ağcanın adından...
"Cuppulu"nun
prototipi haqqında qısaca...
O, mənim
qızımın gəlinciyi idi. Bakının
o zamanlar üçün nəhəng hesab etdiyimiz yeganə
mağazasından alınmışdı. Məni ilk dəfə
gəlinciklərin uşaqların əsl dostu ola
biləcəyi həqiqətinə məhz o
inandırmışdı. Adı üstündə
yazılmışdı: "Melisa"... Və
beləliklə, ailəmizə üçüncü uşaq
daxil olmuşdu. "Ana, Melisa, harada otursun?", "Bəs,
Melisa bizimlə qonaq getməyəcək?", "Melisa xəstələnib...". Bu sual və xəbərləşmələr
hər dəqiqə məni müşayiət edirdi. Yemək masamızın arxasına bir kürsü də
əlavə olunmuşdu, oyuncaq səbətində qəribə
oyuncaqlar (Melisanın oyuncaqları) peyda olmuşdu, saç
sancaqları, kəmərlər çoxalmışdı və
s. Melisa qəribə taleli gəlincik idi. O, öz gəlincik
həyatında sevgi də (sahibi olan qızcığazdan və
onun ailəsindən) görmüşdü, şiddət də
(onu təpikləyib həyətdən çıxaran
qonşu oğlandan).
Günlər
ötdü... Melisa təkcə həyatımda
deyil, yaradıcılığımda da məskunlaşmağa
başladı. O zamanlar yazdığım ilk hekayələrdən
birinin iştirakçısına (Cuppulu) çevrildi. Onun vasitəsilə Qarabağın sərhədyanı
kəndlərində yaşayan qızcığazın
(Sürəyya) dağıntılar altında qalmış gəlinciyindən
ötrü yaşadığı psixoloji
sarsıntıları çatdırdım uşaqlara. Və bu gəlincik Azərbaycan
hekayəsini özü ilə başqa ölkələrə
də daşıdı: "Ağca və Cuppulu"
İsveçdə İBBY-nin Andersen qızıl medalına təqdim
edildi, ilk onluğa düşdü... Az
sonra "Ağca və Cuppulu" Cənubi Koreyada Asiya Mədəniyyət
Mərkəzinin "Uşaqlar üçün şəkilli
kitab" layihəsində Azərbaycan ədəbiyyatı
adından çap olunmağa layiq bilindi...
"Ağca
və Cuppulu"nun ardınca Cənubi Koreyanın Kvandju şəhərinə
Asiya əsrarəngiz təbiəti, zəngin mətbəxi,
qədim adət-ənənələri və mədəniyyəti
ilə həmişə diqqətimi çəkib. Bu səfər
mənə həm yaradıcılıq, həm də səyahət
şansı qazandırdı. Qətər Hava Yolları
ilə Dohadan İncon hava limanına nə az,
nə azacıq, düz 8 saat 40 dəqiqə uçdum
(qayıdanda isə bu uçuş 12 saat davam edir). Yol yorğunluğu yox idi. Ətrafda
hamı danışırdı. Amma mən
susurdum. Doğma dilimdən ötrü nə
vaxtsa bu qədər qəribsəməmişdim.
-
Bağışlayın, siz Azərbaycandansınız? - mənim sevincimi təsəvvür etdinizmi?.. -
Pasportunuzun rəngindən tanıdım.
Demək
ki, göy üzü ilə 8 saat 40 dəqiqə uçsan da,
təsadüfdən uzaqlaşmırsan... Folklorçu
alimimiz idi. Cənubi Koreyaya simpoziumda
çıxış etmək üçün uçurdu...
Kvandju sakit təbiətli, gülərüzlü şəhər
kimi qalacaq yaddaşımda. Hündür göydələnləri,
işıqlı küçələri və
qayğıkeş insanları ilə fəxr edə bilərdi.
Asiya Mədəniyyət Mərkəzində məni
çoxdanın tanışı kimi qarşıladılar. Məni qarşılayan bir
qədər çəkingən oğlan özünü təqdim
etdi:
- Yen.
Rus dilində yazışdığı
üçün onunla danışmaq və anlaşmaq asan idi. Ondan
yazışdığımı zənn etdiyim digər birini
soruşdum:
- Vi ilə
də görüşmək istəyərdim.
Gülümsədi:
- Vi də
mənəm.
- Bəs
Yeonbok?
- O da mənəm.
Yeonbok Vi Yen.
Belə...
Bir xeyli vaxt idi ki, üç koordinatorla
danışdığımı zənn etdiyim, sən demə,
yeganə həmsöhbətim bəzən rus, bəzən də
ingilis dilində yazan Yeonbok Vi Yen imiş...
Vorkşopun (mən bunu öz aləmimdə "məsləhətləşmə"
kimi dəyərləndirirəm) iştirakçıları
arasında monqolustanlı uşaq yazıçısı
Battsetse Bulgantamir də var idi. Asiya Mədəniyyət
Mərkəzinin builki "Şəkilli kitab" layihəsinə
iki ölkə düşmüşdü - Azərbaycan və
Monqolustan. Amma təvazökarlıqdan bir qədər kənar
olsa da, deyim ki, nəşriyyatın direktoru və baş
redaktoru - hər ikisi mənə eyni sualla müraciət etdi:
- Siz belə
gözəl əsəri necə yazmısınız?
Onlara hekayədə baş verənlər maraqlı idi. Hətta onlardan bu sualı
da aldım:
- Niyə
məhz müharibə mövzusu?
Qarşılığında
mən onlardan soruşdum:
- Mən
üç hekayə göndərmişdim, seçiminiz nədən
"Ağca və Cuppulu" oldu?
Suallara nə
onlar tutarlı bir cavab verdi, nə də mən.
Amma özlüyümdə bu qənaətə gəldim ki,
istər koreyalı olsun, istərsə də azərbaycanlı
- hər kəsin ürəyində müharibəyə sərt
və kəskin bir "yox" nidası var. Yəqin ki, elə
həmin nida məni yazmağa, onları isə nəşr etməyə
ruhlandırıb. Və belə qərarlaşdırdıq ki,
kitabın üzərində adından başqa, müharibələrə
qarşı yönəlmiş "Uşaqlar, gəlinciklər
və göyərçinlər müharibəyə YOX
deyir" çağırışı da yer alsın... Və mən o anda körpə Zəhranı
xatırladım. Elə böyük kədərlə
xatırladım ki, gözlərim önünə onun qəfil
gülləyə tuşgəlmə anı,
boşalmış əllərindən
yaxınlığında oynadığı arxa düşən
gəlinciyi və arxın qırmızı qan rənginə
boyanan suları gəldi... Mən Xocalı
çöllərində güllələnmiş onlarca
uşağı düşündüm. O uşaqları
ki, onların şəkilli kitab oxumaq zamanları idi. Eynən
koreyalı uşaqlar üçün hazırlanan al-əlvan,
həyat və sevgi ilə naxışlanmış, mavi
"ümid" rənginə boyanmış kitablar kimi...
Ümid rəngi...
Kitabın rəssamı Won Heedir. Göndərdiyim
üç hekayənin içindən "Ağca və
Cuppulu"nu məhz o seçib. Özünün
dediyinə görə, müharibə mövzusu ona çox
yaxın mövzudur. Çəkdiyi
illüstrasiyalarda rəngarənglik yoxdur. Bir
qədər sərt və konkretdir. Əsasən, iki rənglə
işləyir - qara və mavi... O, öz konseptini mənə
belə izah etdi: "Mavi - ümid rəngidir. İstədim
ki, müharibənin sərt qanunlarına qarşı heç
vaxt ölməyən və yaxud ən sonda ölən
ümid mübarizə aparsın"... Kitabda rəssam
mavinin azacıq tünd və açıq
çalarlarından istifadə edib. Sonda
mavi yol və o yolun başında dayanmış qəhrəmanlar
təsvir edilib. Onlar kəndlərinin azad ediləcəyi
günü və Sürəyyanın əsgər
atasının yolunu gözləyirlər...
Sonra Kvandjudakı səyahətlərimizdən biri
uşaq kitabxanasına oldu. Şəkilli
kitabları kimi, kitabxanalarının da divarları şəkillərlə
bəzənmişdi. Və bu şəkillərin
arasında mavi göyərçinlər var idi. Won Hee
mavi göyərçinləri göstərib həvəslə
dedi: "Aqca" ("Ağca və Cuppulu"dakı göyərçinin
adı).
Niyə məhz şəkilli
kitab
Cənubi Koreya ən müasir texnologiyaların vətənidir. Burada bəzən
yadıma sehrli gəmidə kosmosa səyahət edən Rəşid
və Zərifə düşürdü. Komfortlu
avtobuslar, maraqlı attraksionlar, bir düymənin
basılması ilə divarlarda hərəkətə gələn
şəkillər... Məhz belə meqapolislərin qaynar
iş rejimi, bol əyləncəsi və aramsız sənaye
inkişafı şəraitində yaşayan və
böyüyən uşaq mütaliədən sürətlə
uzaqlaşır. Onu əhatə edən həyatda
o qədər əyləncə və maraq var ki. Bu əyləncə mühitində kitab get-gedə
itir. Onu uşağa oxumalı olan böyüklərin
də artıq vaxtı yoxdur. Texnoterror kitabı
sıxışdırır... Və belə bir
zamanda ağıllı koreyalılar çıxış
yolunu məhz şəkilli kitablarda görüblər. Böyük və rəngli səhifələr, hər
səhifədə bir neçə cümlə və şəkillər.
Əgər kitabı uşağa oxumalı olan
böyüyün vaxtı yoxdursa da, bu, uşağın şəkilli
kitabla ünsiyyətinə mane olmur. Oxumasa
belə, şəkillər ona çox şeyi deyir. Və
o, kitabla sərbəst vaxt keçirə bilir...
Nənələr-babalar
və uşaqlar
Bu ölkədə marağıma səbəb olan daha
bir nüans oldu. Bütün uşaq əyləncə məkanları,
kitabxanalar və oxu zalları iki hissəyə
bölünmüşdü: nənələr-babalar və
uşaqlar... Bu hissələr haradasa birləşir, haradasa
ayrılır... Maraqların üst-üstə düşən
və düşməyən məqamları elə incə bir
şəkildə fərqləndirilib ki... Kitabxanada
"arzu" ağacları və ya lövhələri... Onların üzərində uşaqların əli
ilə rəngbərəng kağızlarda yazılmış
arzular yer alır. Bu arzuların ünvanı ata-analardan
çox nənə-babalardır... Nənə-babaların
istirahət otağı, əyləncə otağı və
onların şəkilli kitab sərgisi. Bu
sərgidəki kitabların səhifələrindəki rəngli
şəkilləri ahıllar çəkib və yanında əl
yazısı ilə şəklin hekayəsini yazıb. Anladığım qədər, bu ölkədə
uşaqlığı və gəncliyi ağır illərə
təsadüf etmiş yaşlıların həyata keçməmiş
arzularına ikinci həyat verilir. Özləri demiş:
"Hər şeyi kitablardan oxuyub-öyrənmək olar, amma
təcrübəni yaşlılardan öyrənmək
lazımdır!".
Sarı dənizin
üstü - mavi səmanın altı ilə
Sarı dəniz sahillərindəki Mokpo şəhəri
mavi dənizin üzərində doğmuş göy
qurşağına bənzəyir. Yeddi rəng və üstəgəl,
bu rənglərin yetmiş yeddi çaları var bu şəhərin
hay-tek üsulu ilə tikilmiş evlərinin damlarında... Kanat yolundan seyr edəndə Sarı dəniz qoynuna səpələnmiş
yamyaşıl adaları ilə möcüzəli
görüntü yaradır. Sanki
yaşıl xallı mavi örtüyün üzəri ilə
uçursan. Mavi səma ilə mavi dəniz arasında
mavinin ümid rəngi olduğuna bir daha ümid edirsən... Və
mavi ümidlərin doğrulacağı günü gözləyirsən...
Cənubi Koreyanın ən bahalı turizm məkanlarından
hesab edilən Mokpo şəhərinə səyahət nəinki
məni və xanım Battsetse Bulgantamiri, hətta qrupa daxil
olan koreyalı rəssamları, redaktor və nəşriyyat
işçilərini də heyran etmişdi və onlar
"Sizin sayənizdə biz də Mokponu görə
bildik", - deyə sevinclərini gizlətmirdilər.
Yer
üzünün ən sevimli və fədakar tərcüməçisi
...Bəlkə
də məhz Cənubi Koreyada mənə ayrılan tərcüməçi
idi - azərbaycanlı tələbə Nərgiz Novruzova.
Koreya Universitetində koreyaşünaslıq üzrə
magistr təhsili alan Nərgiz az müddətdə
Koreya dilini cəld danışıq və sinxron tərcümə
səviyyəsində öyrənə bilmiş və bu sahədə
tərcüməçi kimi fəaliyyət göstərməyə
başlamışdı. Sevinməyi və bu
sevinci gülümsər sifətində parıltılı təbəssümlərlə
əks etdirməyi bacaran bu zərif, incə, mehriban qız Azərbaycanı
ölkəmizdən çox-çox uzaqlarda layiqincə təmsil
edirdi. Etdiyim unudulmaz Seul səyahəti də
məhz onun təklifi ilə yarandı. Və o, fədakarcasına
səhər açılandan gün bitənədək məni
Seulla tanış etdi. Han
çayının üzəri və Seulun dərinlikləri
ilə şaxələnən Seul metrosunun ən məşhur
dayanacaqlarından birinin çıxışında yerləşən
kirayə mənzilində də oldum. Yol
uzunu hər ikimizi maraqlandıran məsələləri
müzakirə etdik. Azərbaycanın
Koreyadakı səfirliyinin işindən ağızdolusu
danışdı. Səfirliyin Azərbaycanın
lazımınca təbliğində, Koreyada yaşayan azərbaycanlıların
həyatında bilavasitə iştirakı, onların problemlərinin
həll edilməsi yolunda gördüyü işlər
danılmaz fakt idi. Eşitdikcə fəxr hissi duydum... Tapşırılan işə bu qədər məsuliyyət
qürurverici idi. Və bir daha yurdumun gələcəyinə
ümidlə baxdım. Əgər bir torpağın belə
ağıllı və bacarıqlı övladları varsa...
Sevinc Nuruqızı
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 26.