Dekabr
günəşi
Dekabrın ilk günü idi. Həyatında
heç bir şeyin yolunda getmədiyi kimi təbiətdə də,
sanki heç bir şey yolunda deyildi. Günəş
yaz fəslindəymiş kimi aparırdı özünü.
Nazlanıb torpağın hissləri ilə
oynayırdı. Aləm bir-birinə dəymişdi təbiətdə.
Ağaclar az
qala tumurcuqlamaq istəyirdilər. Yaşılımsı
otlar başlarını yorğun-yorğun torpaqdan
qaldırmışdı. Dördləçəkli
mavinin ən ekzotik rəngini özününküləşdirən
tacı sarı-mavi çiçək də
başlamışdı oyanmağa. Zərafəti
ilə ad-san qazanan çiçək dözə bilmirdi təbiətin
amansızlıqlarına. Yaxşı
bilirdi ki, bu oyanış ona baha başa gələcək.
Günəşin gülüşləri onu əsəbiləşdirirdi.
Bir bütün, bir vəhdət olmalı idi
axı təbiətdə. Tanrının
qurduğu nizamı günəşmi pozurdu belə? Mahiyyət nə idi? Nə
olmalı idi, niyə belə olmuşdu bilmirdi. Bildiyi tək bir şey var idi ki, hal-hazırda zaman
bunu tələb etmişdi. Kökündən
mürgüləyib başını qaldırmışdı
torpaqdan. Torpaq
sinəsinə sıxdığı mavi
çiçəyi könülsüz-könülsüz
buraxmışdı. Günəşin
özbaşınalığına əsəbiləşsə
də, tələsirdi mavi çiçək. Torpaq bunu görürdü, hiss edirdi, dözə
bilmirdi, susurdu. Torpaq kövrəlirdi.
Sonra qabarırdı. Titrəyirdi
əsəbdən. Çiçəyin
qoxusunu əbədiyyən itirəcəyindən qorxurdu.
Bərk qorxurdu. Ancaq qorxunun əcələ
faydasının olmadığı kimi bu məsələyə
də təsiri olmayacağını çox gözəl
başa düşürdü. Nə etməli
idi. Qabarlı əlləri ilə
oxşadığı çiçək laqeyd qala bilmirdi
günəşin çağırışına. Torpağı sevsə də, günəşə
aşiq idi, görünür, mavi çiçək. Əllərindən sovrulub gedirdi. Torpaq bilirdi ki, günəş çiçəyi
sevmir, çarəsiz idi, bunu mavi çiçəyə izah
edə bilmirdi. Günəş torpaqla da əylənirdi.
Hər şeyini dartıb əlindən alır,
özünə pərəstişə məcbur edirdi. Torpaq itirdikcə itirirdi. Ancaq ən çox
mavinin ən gözəl tonuna bürünmüş
çiçəyi üçün narahat olurdu. Onun zərif ləçəkləri
üçün nələrdən əl çəkməzdi
torpaq. Onu incitməmək üçün
zərafətinə tozlu dodaqlarını toxundurmağa
qıymazdı. Zərif köklərinə
zərər verməsin deyə vücudunun bir parçası
olan qayaları parçalayıb atardı. Ancaq nə biləydi ki, çiçək əslində,
laqeyd hesab edir torpağı. Nə biləydi
ki, mavinin ən gözəl tonuna sahib o çiçək bilərək
ölümə gedir, bilərək sığınır
Günəşin dodaqlarındakı
yandırıcılığa. Nə biləydi
ki, torpağın sevgisi ona kifayət etmir. Oda aludədir göstərişlərə. Torpağa daxilən bağlı olsa da, günəşin
cazibəsinə laqeyd qala bilmirdi mavi çiçək.
Qadın mavi çiçəyin boylandığı
kolun yanında bardaş qurdu. Dekabr günəşi
göz qapaqlarına şığıyırdı. Ancaq mavi çiçəyi, görünür, bu hərarət
incitmirdi. Şüaların kölgələri
ağacdan-ağaca dolaşırdı. Qaçdı-tutdu
oynayırdı şüalar. Mavi
çiçəyi öncə əyləndirirdi günəşin
şıltaqlıqları. Ancaq günəş
heç bir şey olmamışcasına dağların ən
ucqarındakı qar yağan tərəfə doğru tuturdu hər
gecə üzünü. Qaranlıqda
özünü itirirdi, qorxurdu mavi çiçək. Ulduzların ora-bura axışını
qısqanırdı, göy üzünə uzadaraq ləçəklərini
bu qaranlıqda da günəşi axtarırdı. Hər
sabah günəşin sığalına həsrət
ləçəklərindəki şehləri silkələyib
tox tuturdu özünü mavi çiçək. Ancaq günəşin anlıq toxunuşları
çoxdan ürəyinə xal salmışdı. Əmin idi ki, torpaq qədər sevməyəcək
onu günəş. Getdikcə bu
reallıq böyüyürdü, dünya boyda olurdu,
altında əzilirdi. Mavi çiçək
çoxdan idi susurdu. Cadar-cadar olmuş
ovuclarını açıb yalvarırdı torpaq mavi
çiçəyə. Mavi çiçək uzun zaman
idi ki, silkələmirdi üzərindəki şehləri... Fikir vermirdi ləçəklərinə. Ora-bura qaçışan günəşin
şüaları da əyləndirmirdi artıq onu. Yarpaqlarını sallamışdı torpağa.
Başa düşürdü hər şeyi.
İncimişdi günəşdən də.
Üzr istəyə bilmirdi torpaqdan. Riyakarlıq yağırdı insanlar kimi təbiətin də
simasından. Mavi çiçək yanında
bardaş quran qadına baxdı. Günəş
qadının saçlarını tumarlayırdı. Göz bəbəklərini öpürdü. Mavi çiçək bağırmaq istədi, amma
bacarmadı. İnanma ona riyakardır - demək
istəsə də, səsi çıxmadı. Qadının ovucuna söykədi başını.
Qadın mavi çiçəyi qoparıb diqqətlə
baxdı. İlin bu fəslində mavi
çiçək tapılmazdı. Mavi
çiçəyin yarpaqlarındakı şeh
torpağın bağrını dəlib keçdi. Qadın çiçəyi öncə
dodaqlarına yaxınlaşdırdı, sonra saçlarına
taxdı. Günəş qadının
saçlarını öpdükcə, torpaq fəryad edə-edə
bütün təbiəti silkələdi.
Nargis
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 27.