Söz
qalası
Şair dostum Ramiz Qusarçaylının dəvəti
ilə bu yaxınlarda Qubada Mədəniyyət evində
keçirilən gözəl bir poeziya məclisində regionda
yaşayıb yaradan tanınmış şairlərin həm
şeirlərini, həm də ədəbiyyat, bədii
yaradıcılıq barədəki mülahizələrini
dinlədik. Və səmimiyyətlə deyə bilərəm ki,
bir neçə saat davam edən görüş məndə
günlərlə təravətini qoruyub saxlayan son dərəcə
xoş duyğular oyatdı. Əlbəttə, ilk təşəkkür
ona görə Ramiz Qusarçaylıya düşür ki, hələ
80-ci illərin sonu - 90-cı illərin əvvəllərindən
ölkə miqyasında qazandığı halal şair
şöhrətinə baxmayaraq doğma Qubaya döndü, əvvəl
"Ay işığı" ədəbi məclisini
yaratdı, on il sonra - 2002-ci ildən isə Azərbaycan
Yazıçılar Birliyi Quba bölməsinə rəhbərlik
eləməklə regionun söz-sənət tarixində
müasir mərhələnin əsasını qoydu.
Quba
şairləri Qafqaz, İran və türk mənşəli etnoslara
mənsub ən azı üç qədim ədəbi-mədəni
irsin varisləri olsalar da, onları birləşdirən ali məram, heç şübhəsiz, azərbaycançılıq
məfkurəsidir ki, öz multikultural zənginliyində Azərbaycan
xalqının mənəvi dünyasının, bir regionun
timsalında belə, miqyasını nümayiş etdirir.
Və bu dünyanın olduqca istedadlı, sözün
geniş mənasında ziyalı (və vətənpərvər!)
övladları içərisində hələ tələbəlik
illərindən tanıdığım Cəlaləddin
Budatoğlunun yeri xüsusidir.
Hansı mövzuda yazırsa yazsın, hər bir
şeirində, hər bir ideya-estetik həsbi-halında
arxeoloji dərinlik axtarışı (və ehtirası!) elə
bir enerji ilə təzahür edir ki, bunu yalnız fərdi
yaradıcılıq stixiyası saymaq, sadəcə olaraq,
mümkün deyil... Şairin "Mən kiməm" adlı
ilk kitabına ön söz yazmış Ramiz
Qusarçaylı ilə tamamilə razıyam ki, Cəlaləddin
"yerindən oynadılan daşların
poeziyası"nı yaradır: min illər "yuxuya
getmiş" hisslər, duyğular, mənəvi gözəlliklər
(əslində, onların min bir çalarları) dağlar
oğlunun ədəbi təqdimində mənalı-məzmunlu
bir diskursa çəkilir... Vaxtilə hansısa mütəfəkkir
xəbərdarlıq etmişdi: uca dağların qoynuna
sığınmış çoxlu xalqlar mövcuddur ki, nə
zamansa öz yüksək mövqelərindən enib
dünyamıza yüz illər boyu axtardığımız
saflığın, səmimiliyin nədən ibarət
olduğunu öyrədəcəklər. Cəlaləddin
Budatoğlunun poeziyası həmin mövqedən təşrif
buyurmuş müdrik bir səmimiliyin tarix dərslərini
danışır:
Bu
dağları qarış-qarış gəzmişəm,
Babadağım söz danışır, dil bilir.
Qırxbulağa
su içməyə gəlmişəm,
Ərənlərim
qayıdarmı, kim bilir.
...Bu
dağların zirvəsinə baş əyib,
Ətəyində namaz qılır qocalar.
Torpağıma
göz dikənə daş dəyib,
Daşı qoysam daş üstünə, ucalar.
Daşı
qoysam daş üstünə, ucalar,
Dağ püskürər, qara ləkə götürməz.
Namərd
oğlu, yalvarışın gec olar,
Bizim dağlar düz ilqarı itirməz.
Və bu
dərslərin baş qəhrəmanı dağlar, qayalar,
daşlar, ifadə-təqdim poetexnologiyası isə dağ,
qaya, daş kimi süxur-süxur içinə
yığılmış janrlardır ki, şairin təəssüratlarına
fövqəltəbii bir metafizika gətirir:
İlahi,
daş olmaq istəyirəm mən,
Atılım bir küncə, qalım doyunca.
Daşları
yanıma səsləyirəm mən,
Daşlar uşaq kimi qaçır dalımca.
...Daşlar
uşaq kimi qaçır dalımca,
Mən də min ildi ki, daş olmuşammış.
Bir
daş güllə kimi uçur dalımca,
Bir daşın gözündə yaş
olmuşammış.
Cəlaləddin
Budatoğlu peşəkar tarixçidir, Bakı Dövlət
Universitetinin tarix fakültəsini bitirib, ancaq onun tarixçi
"akademizm"i şair təxəyyülünə mane ola bilmir. Və bu təxəyyül istənilən
modernist tarixçinin qibtə edəcəyi qədər
müasir bir tarix yazır:
Buduq
deyil, bud - oğuzdu,
Qurdun
oğlu qurd - oğuzdu,
Türkün
qolu yurd - oğuzdu,
Ocağıma, soyuma gəl.
Cəlaləddin Budatoğlunun böyük ziyalı-vətənpərvər
xidmətidir ki, mənsub olduğu etnosun - buduq-budatların
dil, ədəbiyyat və tarixini araşdırır. Bu günlərdə
buduq, Azərbaycan, rus və ingilis dillərində nəşr
olunmuş "Biz budatıq, bayatıq" kitabı həmin
araşdırmaların sadəcə yekunu deyil, eyni zamanda
buduq-budatlar haqqında daha geniş, daha dəqiq təsəvvürün
yaranması, başlıcası isə qədim olduğu qədər
də unikal bir mədəniyyətin qorunub inkişaf etdirilməsi
yolunda atılmış zəruri addımdır.
Görünür, belə bir fakt yalnız onun yox,
ümumən mənsub olduğu etnosun tərcümeyi-halı
baxımından əlamətdar (və tarixi!) bir hadisədir
ki, buduq dilində yazılı poeziyanın ilk nümunələrini
də Cəlaləddin Budatoğlu yaratmışdır.
Aşağıdakı
suallara gəldikdə isə, onları da ancaq öz el-obasına
hayan durmağı bütün mənəvi-etnoqrafik məsuliyyəti
ilə hiss edən mütəfəkkir bir şair verə bilər:
...Bir-bir,
iki-iki köçüb getdilər,
Diz çöküb torpağı öpüb getdilər.
Ömrün
karvanını çəkib getdilər,
Qaytarıb
yoluna qoyan kim ola?
Şehli
yamaclarda günüm, ayım hey,
Daşla
çiçəkləyən ömür payım hey,
"Can
qardaş" harayım, "Nənəvay"ım hey,
"Kəllə
qoparan"a qıyan kim ola?
...Öz
Dərbənd yolum var, öz Şirvan yolum,
Yenisey bir qolum, Orxon bir qolum.
Sonun
başlanğıcı ölüm, ya olum
Döyür
qapımızı, boylan, kim ola?..
Cəsarətlə demək olar ki, Budatoğlunun
poeziyası onun buduq-budatlarına böyük hörmət,
ehtiram (və məhəbbət!) aşılayır. Hər
şeydən əvvəl ona görə ki, şair
xalqının zəngin mənəvi dünyasına tərcümanlıq
etmək missiyasını istedadla yerinə yetirir. Və
bunun bir təzahürü də gənclik illərindən qələmə
almağa başladığı "Mən kiməm"
dastan-poemasıdır ki, görünür, heç zaman bitməyəcək...
Mən kiməm? Yükümü zaman daşıyır,
Adi vətəndaşam, adi insanam.
Qafqaz
dağlarında bir xalq yaşayır,
Orda layla çalır müqəddəs anam.
Əslində, Cəlaləddin Budatoğlunun
bütövlükdə yaradıcılığı "mən
kiməm" sualına dərin fəlsəfi-etnoqrafik əsasları
olan müfəssəl cavabdır. Və həmin müfəssəllikdə
uğurla uğursuzluq, qələbə ilə məğlubiyyət,
sevinclə kədər həmişə qabaq-qənşər
dayanır.
Ədəbiyyat tarixinin min illərlə
ölçülən təcrübəsi göstərir ki,
böyük şairlər ən bədbin məqamlarda da mənsub
olduqları xalqın (və ümumən
insanlığın!) nikbin həyat fəlsəfəsinə
dayanıb əbədi dirilik ideallarını tərənnüm
etməkdən geri çəkilmirlər. Bununla belə,
uğurdan çox uğursuzluğa, qələbədən
çox məğlubiyyətə, sevincdən çox kədərə
həssas (və şərik!) olurlar.
Cəlaləddin
Budatoğlu, heç şübhəsiz, böyük
şairdir. Onun yaradıcılıq yolu Tanrı yoludur, ancaq bu
yolun da enişi-yoxuşu, alıb-aldatmağı,
güldürüb-ağlatmağı var:
Tanrı
bizə yazan yolu,
Məkr,
hiylə pozan yolu,
Əzan
yolu, Ozan yolu,
Güldürüb ağlatdı bizi.
Körpə
kimi bələklədi,
Hür
oxuyub mələklədi,
Mənim
işim fələklədi,
Gör necə aldatdı bizi.
Ağ,
qaradı, qızıl rəngi,
Göy qurşağı gül çələngi.
Təbiətin
öz ahəngi,
Özündən
yaratdı bizi...
Cəlaləddin
Budatoğlu Qafqaz dağlarının qoynunda elə bir söz
qalası yaradır ki, doğma diyarın mənəvi
varlığını yüz illər boyu hər cür təcavüzdən
mühafizə edəcək, hər cür hədyanlara sinə
gərəcək, dosta dost, düşmənə düşmən
olmağın dədə-babalardan gələn dərslərini
gələcəyə ötürəcək. Bu qala bizim
qala...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 28.