"Səfillər"in
"Keçi bayramı"...
Bu yaxınlarda Qismətin tərcüməsində
Lyosanın "Səfillər" barəsində
yazısını oxudum. Hüqo kimi düha üçün
hansısa ədibin yazması, tərifləməsi sıradan,
şablona çevrilmiş bir adət sayılır. Burada qeyri-adi heç nə yoxdur. Qəribəsi Lyosanın yanaşma tərzidir.
Mətndən hiss olunur ki, Lyosanın məqsədi Hüqonun
dühasını təsdiqləmək yox, özünə
alt qatda bəraət qazandırmaqdır. Fikir
versək, burada Hüqodan daha çox, onu tənqid edən
Lamartini səhv çıxarmağa yönəlmiş
nüanslar var.
"Lamartin uzun essesinin əvvəlində mühafizəkarcasına
"Səfillər"i anarxist, ictimai xaosa zəmin yarada biləcək
bir əsər kimi görür, ədəbi realizmin dəstəkçisi
kimi, yenidən qurmaq iddiasında olduğu gerçəkliklə
tutuşdurulanda, bu kitabdakı mübaliğələrə,
qüsurlara qəzəblənərək romanla bağlı tərəddüdlərini
dilə gətirir. Onun fikrincə, bu əsər "xəyali
bir adamı cəmiyyətin düşməni və qurbanı
edib". Yazır ki, əslində, "cəmiyyətə
qarşı insanı" qoyan bu roman fəlakət gətirə
bilər, çünki bu əsər "Fərd"i
möhtəşəm bir varlıq kimi təqdim edərkən,
insanlar tərəfindən elə insanların özü
üçün qurulan cəmiyyəti bütün
haqsızlıqların toplusu kimi göstərir".
Mario
Varqas Lyosa bir çox hallarda "Keçi bayramı"na görə əxlaqsızlığın təbliği,
erotizmin çılpaq verilməsinə görə
qınanılıb. Burada xüsusən din xadimlərinin
canfəşanlığını qeyd edə bilərik.
Çünki bu cür çılpaq yanaşma cəmiyyətdə
yüksək təbəqəyə (din xadimləri kimi
yüksək statusa sahib olanlar və ya milli dəyərlər
deyə cəmiyyəti buxovda saxlayan
fırıldaqçılar) inamı sarsıdır, dini
inancların buxovlarını kəsir, eyni zamanda anarxist duruma
da səbəb ola bilir.
Eynilə "Səfillər"də cahil kütlənin
vicdan oyanışı, xəyal etdikləri dünyanı
özlərinin qurmaq çabası ön plandadır. Təbii ki, bu
da yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətdə özündə
inam hissi yarada, onları hər hansı formasiya, quruluşun
devrilməsi naminə alovlandıra bilər. Əlbəttə, yüksək təbəqədə
təmsil olunan din xadimlərinin, mühafizəkar kəsimin
"haqlı" etirazına səbəb verir. Cahil, savadsız təbəqədə vicdanın bu
cür oyanması cəmiyyətdə anarxiyanın
yaranması, dəyərlərin məhv olmasıdır.
Cəmiyyət inkişafa getməlidirsə,
vicdan oyanışı mütləqdir. Hər
halda vicdan oyanışının yuxarılardan
başlanması daha idealdır. Dağıntısız,
xoşbəxt gələcəyə doğru...
Lamartin Hüqonu məhz bunlara görə tənqid edir. Lyosanın
dediyi kimi qiymətləndirsək, əslində, onun tənqidi
Hüqonun böyüklük tərifinə çevrilib.
Təsir əks-təsirə bərabər olub.
..."Bu, (fərq etməz, dini olsun, yaxud siyasi) görəsən,
bütün qapalı cəmiyyətlərdə belədirmi? İnancı
baltalayır, stabilliyi itirir deyərək romanlara qarşı
instinktiv bir inamsızlıq bəsləyən təkcə
ispan inkvizasiya deyildi. Dünyadakı
bütün diktatorlar azad yaradıcılığın, bədii
ədəbiyyatın yayılmasının oturuşmuş
sistemi təhlükəyə ata biləcəyinə və
intizamı, yəni ictimai normaları dağıda biləcəyinə
inanaraq ədəbi əsərlərə senzura tətbiq ediblər.
Bu nöqtədə faşistlər, kommunistlər,
fundamentalistlər və üçüncü tip ölkələrin
hərbi diktaturaları eynidir: onların hamısı bədii
ədəbiyyatın xəyalpərəst demokratiyaların zənn
etdiyi kimi sadəcə vaxt keçirmək metodu olmadığına,
hər an beyində və xəyal
gücündə partlayış yaradaraq oxucuları
üsyankar müxaliflərə çevirə biləcək
intellektual, ideoloji bir saatlı bomba olduğuna inanırlar.
1864-cü ildə Katolik Kilsəsi Lamartinlə eyni fikri
bölüşüb Hüqonun romanlarını inanclılar
üçün zərərli hesab edərək yasaqlı
kitablar siyahısına saldı"...
Keçək Lyosanın daha çox Lamartinin bu yöndə
tənqidinə xüsusi diqqət ayırıb Hüqonu cəhdlə
haqlı çıxarmaq səbəbinə. "Keçi
bayram"ında Lyosa şəhvətli və çılpaq
şəkildə Dominikan diktatoru Rafael Truxilionun həyatından,
cəmiyyətdə yaratdığı despot idarəçiliyindən,
şəxsi həyatından-yatağından bəhs edir.
Aydınlatma, həqiqət və s.-dən sonra əsərdə
diktatorun xalqın namusu ilə bir növ oynaması şəhvət
və çılpaq dolu təsvir olunub. Əxlaqsız
fantaziyaları ilə idarə olunan ölkə də, əslində,
simvolikdir. Mesaj bu cür idarə olunan
bütün məmləkət insanlarınadır. Məhz narazılıq buna görədir. Bu cür əsərləri despot rejimlərinin
dağılması üçün təhlükəli hesab
edənlər əsərin çılpaq yönlərini
qabardaraq bir növ əllərində bayraq edirlər.
Bununçün onlar kifayət qədər
"aşağı təbəqə"nin
insanlarından tərəfdar tapmağı da bacarır.
Lyosanın məhz "Səfillər"
üçün essesində, əslində, Hüqonu yox, təhtəlşüur
özünü qoruduğunu, özünün vicdanlı
yanaşmasının müdafiəsinin şahidi oluruq.
O, "Səfillər"i deyil, özünün
"Keçi bayramı"nı və ya
gələcəyin "keçi bayramları"nı
müdafiə edir, qoruyur. Səfillər" cəmiyyət
dağıtmır, aydınladır, eynilə mənim
"Keçi bayramı"m da... Bu essenin əsl
şüarı budur!
Emin PİRİ
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 31.