650
illik yubiley üçün 650 misra Nəsiminin rumın dilində
təqdim olundu
Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzindən
Edebiyyatqazeti.az saytına verilən məlumata görə
dekabrın 4-də Moldovanın paytaxtı Kişinyovda, Moldova
Milli Tarix Muzeyinin “Bürünc zal”ında böyük Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib və
şairin rumın dilində çap edilən seçilmiş
qəzəl və rübilərindən ibarət “Həqq mənəm”
kitabı təqdim olunub. Azərbaycanın Moldovadakı səfirliyi,
Moldova Azərbaycanlıları Konqresi və Moldova
Yazıçılar Birliyinin birgə təşkil etdikləri
tədbirdə Moldovanın tanınmış ədib və
alimləri, mədəniyyət xadimləri, habelə
Moldovadakı Azərbaycan ictimaiyyətinin nümayəndələri
iştirak ediblər. Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin sədri
Səlim Babullaoğlu da tədbirə qatılıb. Bizə
eksklüziv açıqlamasında Səlim Babullaoğlu
bildirib ki, təbir Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2019-cu ili “Nəsimi
ili” elan müvafiq sərəncamının icrası çərçivəsində
gerçəkləşib: “Biz
hələ bu ilin əvvəlində məlum sərəncam
imzalanandan dərhal sonra həm Moldovadakı səfirliyimizə,
səfir hörmətli Qüdsi Osmanova, eləcə də
Moldova Azərbaycanlıları Konqresinin sədri, hörmətli
Vüqar Novruzova böyük mütəfəkkirimizin əsərlərinin
tərcüməsinin vacibliyi və konkret layihə ilə
müraciət etdik. Sağ olsunlar, həm cənab səfir, həm
də Vüqar müəllim təklifimizi və layihəni dəstəklədilər.
Səfirimiz tərcüməyə, Konqresin sədri
isə kitabın nəşrinə və tədbirin
keçirilməsinə dəstək oldular. Böyük
şairimizin 27 qəzəl və 19 rübaisinin
toplandığı bir kitab ərsəyə gəldi,
bütövlükdə 650 misradan ibarət bir kitab. Qeyd edim ki, bu Nəsiminin rumın dilindəki ilk nəşridir.
Həm Moldovada, eyni zamanda Rumıniyada da oxunacaq. Qəzəl və rübiləri rumın dilində
tanınmış moldovan şairi və tərcüməçisi
İliya Zeqra çeviribdir. Rumıncaya tərcümələr rus dilindəki məlum bədii
tərcümələr, eyni zamanda bir qisim isə Mərkəz tərəfindən
hazırlanan sətri tərcümələr əsasında
icra edilib... Ümumiyyətlə kitab Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
bazasında nəşrə hazırlanıb.
Kitaba böyük maraq və sevgi sezdim. Biz eyni zamanda yeni nəsil rəssamlıq
sənətimizin təmsilçisi olan, istedadlı rəssam Pəri
Miniatürə də kitab üçün 12 illüstrasiya sifariş
vermişdik. Bu da kitabı xeyli dərəcədə
maraqlı elədi. Kitabın təqdimatı
zamanı o işlər də nümayiş etdirildi. Olduqca maraqlı çıxışlar oldu. Məncə
mühüm bir ədəbi hadisə baş verdi. Ümumiyyətlə,
bu günlərdə Kişinyovda baş verən tədbirləri
Moldovada “Nəsimi günləri” də hesab etmək olar.
Çünki, dekabrın 3-ü və 4-ü
tarixlərində, yəni 2 dəfə Moldova İcitimai
kanalında “Nəsimi” bədii filmi rumınca subtitrlərlə
translyasiya edildi. Yeri gəlmişkən
filmin tərcüməsini İvan Pilkin həyata
keçirmişdi. Dekabrın 5-də isə
Moldova Milli Kitabxanasında səfirliyimizin TÜRKSOY və Beynəlxalq
Multikultralizm Mərkəzi Moldova Nümayəndəliyinin birgə
hazırladığı daha bir tədbir də var.
Mən
bütün görülən işlərə görə səfir
Qüdsi Osmanova, konqresin sədri Vüqar Novruzova dərin təşəkkürümü
bildirirəm. Qeyd etməyi özümə borc
bilirəm ki, Moldova Azərbaycanlıları Konqresi Azərbaycan-Moldova
ədəbi- mədəni əlaqələrinin
inkişafı, qarşılıqlı mübadilə
üçün xeyli dərəcədə böyük
işlər görüblər. Bunlar
nümunəvi, dəyərli işlərdir. Elə 20-ə
yaxın kitab nəşr edilib... Bu işlərin
böyük hissəsinin gerçəkləşməsində
Moldova Yazıçılar Birliyinin layihələr üzrə
katibi, dostum Nikolay Spetarunun zəhməti də çox
böyükdür. Biz ona da çox minnətdarıq...”
Görkəmli
Moldova ədibi, Yazıçılar Birlyinin sədri Arkadi
Suçevyanunun moderatorluğu ilə keçirilən tədbirdə
Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri
xanım Leyla Orucova, Moldova Azərbaycanlıları Konqresinin sədri
Vüqar Novruzov, Bədii Tərcümə Mərkəzinin sədri
Səlim Babullaoğlu, filologiya elmləri doktoru Ana Bantoş,
kitabın tərcüməçisi İliya Zegra, tərcüməçi
və şair İvan Pilkin, Moldova Elmlər Akademiyası
Filologiya İnstitutunun əməkdaşı Dumitu Apetri
çıxışlar edib, tanınmış ədəbi tənqidçi,
filologiya elmləri doktoru Miroslava Metlyayevanın Nəsimi
yaradıcılığına həsr olunmuş məruzəsi
dinlənilib.
Tədbirin
sonunda Azərbaycanın Moldovadakı səfiri cənab
Qüdsi Osmanova, Moldova Azərbaycanlıları Konqresinin sədri
Vüqar Novruzova, Nəsimi əsərlərini rumın dilinə
tərcümə etmiş İliya Zeqra və şair Nikolae
Spetaruya “Nəsimi irsinin təbliğinə görə” Azərbaycan Yazıçılar
Birlyinin “Nəsimi-650” fəxri diplomları verilib. Eyni zamanda Nikolae Spetaru Azərbaycan
Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
Diplomaları və fəxri üzvlük vəsiqəsini
Azərbaycan Yazıçılar Birlyinin sədri, Xalq
yazıçısı Anarın adından Səlim
Babullaoğlu təqdim edib.
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 31.