"Mən" olmağımın
tarixçəsi
Parçalar
Universitetdə oxuyanda
(1968-1973)
Axırıncı
kursda birdən-birə məni bir ideya tutub
düşündürməyə başladı: insanın necə
olmasını, necə etməsini düşdüyü
situasiya təyin edir. Yəni onun xarakteri yox,
düşdüyü situasiya! Deməli,
adamın necə davranacağını xasiyyəti əsasında
öncədən proqnoz etmək çox zəif
gümandır. Situasiya deyəndə mən
adamı çevrələmiş olayların
qarşılıqlı əlaqələrini
düşünürdüm. Bu fikir məni
elə tutmuşdu ki, orijinal düşüncə
daşıyıcısı olmağımı göstərmək
istəyəndə ondan danışırdım. Moskvada aspiranturaya daxil olmağa hazırlaşanda bir
adamla rastlaşdım. Dedi ki, yəhudidir, Novosibirskdə
dosentdir. Bu düşüncələrimi
danışanda söylədi ki, sənin dediklərin
Sartrın fəlsəfəsinə yaxındır. Niyə yaxındır, bunu sonralar Sartrı oxuyanda
bildim və öz düşüncələrimin niyə mənə
yeni görünməsini anladım. Bizim
toplumda stereotip bu idi ki, insanın ailədəmi, sosial
mühitdəmi xarakteri formalaşır, sonra bu xarakter dəyişən
dünyada dəyişməz xətt kimi qalır. Mən isə bu xarakter monopoliyasının
acığına deyirdim ki, insanın necə olmasını və
nə etməsini düşdüyü situasiya diktə edir.
Sartrda bu, daha gözəl və ağıllı deyilmişdi:
insan hər an seçənək
qarşısındadır, jestini belə, ya elə etmək,
demək, ya deməmək, ora baxmaq və ya bura baxmaq... eyləmini
seçir. Nəyi necə seçməsindən
o öz kimliyini qurur. Bu anlamda mahiyyət-essens
(tutalım xarakter) olumdan - ekzistansdan (yaşamdan) qabaq gəlmir,
sonra gəlir. Ekzistans essensdən
qabaqdır.
Mənim düşüncələrimə xeyli yeni
yön verən başqa ideya invariant/variant terminlərini mənimsəyəndən
sonra ağlıma gəldi. Yox, ancaq öncə
ideya gəldi, sonra onu bildirmək işində fəlsəfənin
ümumi/təkcə, strukturalizmin invariant/variant terminləri
köməyimə çatdı (bu iki alternativi onun
üçün saxlayıram ki, hansının düz
olduğunu dəqiq bimirəm). İdeyam belə idi: incəsənətdə
invariant dairəsi var. Variativ sahə oradakı invariantların
proyeksiyasıdır. Bunu düşünəndə Platonu
yaxşı bilmədiyimdən ağlıma da gəlmirdi ki,
tapdığım model platonizmin balasıdır: ideyalar
dünyası nəsnələr dünyasını törədir.
Qurduğum
modeli gəlişdirəndə sənət növlərini də
iki qata böldüm: hərəsinin invariant sahəsi (onu
saxlanc termini ilə də bildirdim) və variant sahəsi (bu
"saxlanc" mənim neologizmim idi, ancaq sonralar ona bir
neçə yazıda rast gəldim, qəribədir). Sənətin invariantları hər sənət
növündə, cərəyanında altinvariantlara dəyişirdi.
Örnəyin, kompozisyon invariantı rəngkarlıqda
bir alt invariantı, musiqidə başqasını verirdi.
Beləcə, mənim bu modelimdə
invariantların pilləkəni yaranırdı.
Sonralar duydum ki, bu modelin orijinallıq dərəcəsi
istədiyim qədər deyil. İnvariantlar fəlsəfədəki
ümumilərə, subinvariantlar xüsusilərə, variantlar
təkcələrə uyğun gəlirdi. Sössürün dil sistemi, semiotikanın kod termini
mənim invariantlarıma çox oxşayırdı, tekstlər,
nitq isə variantlara. İndi yadımda
deyil, güman nəsə fərqləndirici incəliklər də
vardı. Bax, bu modeli quranda hələ
orijinallığı ilə ilgili quşqularım yox idi.
Ona görə də özümü az
qala dahi bilirdim. Mən, artıq, ilginc
ideyaları tapmaqdan ləzzət almağa
başlamışdım. İnsan bəxti gətirəndə,
ona xeyir gətirəcək iş yapanda xoşnud olur, - bu
universal haldır. Yeni olan və
çoxlarının dadmadığı nəsnə isə
başqalarının ağlına gəlməyən ideyalara
çıxanda keçirdiyin seçilmişlik ləzzətidir.
Bunu mən incəsənəti invariantlar özəyinə
və variantlar sahəsinə böləndə aldım.
Necə Azərbaycan üçün orijinal,
özgün olan, dünya elmi üçün elə olmayan
model ağlıma gəlmişdi, konkret yadımda deyil. Ancaq, görünür, semiotika, sistem nəzəriyyəsi
ilə bağlı oxuduqlarımda invariant/variant terminləri,
fəlsəfədə ümumi-xüsusi-ayrıca bilincsizliyimə
sızıb oradan öz işini görmüşdü.
Moskvada aspiranturaya girmək üçün
yazdığım referata qurduğum bu sənət modelini
salıb yolladım. Heç yadımda deyil, özüm ruscaya
çevirmişdim, ya başqası. O çağ
makinada yazmağı bilmirdim, bəs kim
yazmışdı, bilmirəm. Ancaq bu
referatın sayəsində Moskva Dövlət Universitetinin
dosenti Vladimir Semyonoviç Sokolov elmi rəhbərim kimi mənə
kinonun semiotikasından yazmağı məsləhət
gördü və mənim yeni düşüncə dünyam
bundan başladı.
Moskvada düşdüyüm komik situasiyanı söyləməyə
bilmərəm. Üzdən rusa yox, rus kazaklarına
oxşayan Sokolov mənim referatım əsasında kinodan,
semiotikadan nəsə mənə danışırdı.
Görünür, referatdan
çıxış edərək sayırdı ki, namizədlik
dissertasiyam semiotikadan olmalıdır. Kino isə onun
öz əlavəsi idi, yəni düzgün olaraq
sayırdı ki, kinonun semiotikası az
işlənib. O danışırdı, mən isə
heç nə qanmayıb yalandan başımı tərpədirdim
ki, tez qurtarsın çıxıb gedim, kefə. Mat qalası
şey idi, bu ağıllı adamın niyə ağlına gəlmirdi
ki, mən onu anlamaya bilərəm, niyə suallarla
yoxlamırdı ki, anlayıram-anlamıram?
O danışırdı, mən isə bilmirdim nə
danışır.
***
Moskva aspiranturasına girməzdən qabaq tələbəliyimlə
ilgili bir neçə vacib nəsnəyə də toxunum. Uşaqlıq
dostlarımdan Nazimlə ilişgimiz qalmışdı, Akiflə,
Fərhadla, Əli ilə də qalmışdı. Akif öz biliyi ilə (hər halda belə deyirdi)
Xalq Təsərrüfatı İnstitutunun qiyabisinə
girmişdi, mağazalarda işləyə-işləyə məhv
oldu. Onun müdiri Niyazi adında mənim
adaşım idi - əsl bakılı dükan müdiri
(zavmağı). Akif mağazada içkiyə
öyrəşdi, atası kimi alkoqolik olmadı, ancaq mədə
xəstəliyini tutdu. Mən tələbə
olanda o, Musabəyov qəsəbəsində bizim məhlədən
200 metr aralı bir köşk işlədirdi, bu köşk də
Niyazinin mağazasına baxırdı. Ora
axşam 6-dan sonra işləyirdi. Adətən,
adamlar gəlib 100-150 qram içirdilər. Mən hər dəfə Akifin yanına söhbətə
gələndə bu içən adamlar mütləq məni də
qonaq edirdilər. Ona görə hər dəfə
evə ləngər vura-vura dəm gəlirdim. Qəribədir, anam heç vaxt buna görə
qanqaraçılıq salmazdı. Ancaq
özüm bir dəfə qərara gəldim, Akifin yanına həftədə
bir dəfə gedəcəm ki, bir dəfə içim.
Belə də etdim. Bu, indi də
məni mat qoyur. Müftə içmək
olan yerdə, mən necə belə qərara gəldim - bilmirəm.
Nəşədən qorxu vardı, narkoman
olmağın qorxusu. Ona görə xeyli
sonralar dadmaq üçün bir-iki qullab almağa cürət
etdim və tezcə də dayandırdım ki, narkoman olaram.
Alkoqolik olmağın isə qorxusu yox idi məndə.
Bunu yazanda dumanlı yadıma düşür
ki, sərxoş olanda kitab oxuya bilmirdim, bəlkə buna
görə içkini qrafikə saldım?!
Qardaşım
Aqilin bir dostu vardı, ticarətdə işləyən
yaxşı bir kişi idi. Çox
sonralar mənə etiraf etdi ki, səni Akiflə görəndə
düşünürdüm ki, axırda alkoqolik olacaqsan.
Nə yaxşı olmadın.
Məncə,
universitet dostlarımla, daha çox Kamalla məktəb
dostlarımı tanış etmişdim,
ancaq bu tanışlıq yaxınlığa keçmədi,
hərçənd Kamal Nazimi yaxşı tanıyırdı.
Tələbə olan vaxtı içki məclisi olanda
çox içərdim, mədəm güclü
olduğundan.
Ancaq bir dəfə Fərhadla onun evində araq
içəndən sonra çox pis hala düşdüm.
Sonralar düşündüm ki, araqdan zəhərlənmişəm
(bəs Fərhad niyə zəhərlənməmişdi?!).
Bir ay arağa baxa bilmirdim. Zaman
keçdi və yavaş-yavaş içkini yenidən
dadmağa başladım. Ancaq artıq
orqanizmimdə qəribə dəyişgi baş vermişdi.
Qabaqlar güclü mədəsi olan gənc kimi
bütün içkiləri qarışdırırdım və
heç bir ağırlıq duymurdum. Zəhərlənəndən
sonra isə çox içəndə, arağı pivə ilə
yox, çaxırla, konyakla qarışdıranda mütləq
qaytarırdım. Ona görə də
bütün ömrüm boyu, qarışıq içki
içmədim və çox içəndə
qaytarmağı zorla tərgitdim.
***
4-cü kursun axırında (bəlkə də 5-ci kursda) bizi "sbora", hərbi yığmaya apardılar. Universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin bir bölümünü Naxçıvana, o birisini Salyanın Bankə qəsəbəsinə apardılar (o vaxt düşünürdüm ki, "Bankə" ingiliscə sahil anlamını verən "Bank"dan yaranma sözdür, belə çıxırdı ki, vaxtı ilə burada ingilis əsgərləri olmuşdu). Bu yığmanın - sborun, məqsədi əsgərliyi əvəz etmək idi. Ondan sonra bizə zabit rütbəsi verilməliydi və əsgərliyə getməyə bilərdik. Ancaq neyçünsə Rəhim və Ağa Laçınlının qardaşı Əli birilliyə Leninakana getdilər (yaxşı maaşla). Əli qəribə oğlan idi, kəndçi yumşaqlığında, avam görünüşündə (avamlığında demirəm) olan bu adam Moskvanın Qorki İnstitutunda, yəqin qardaşının sayəsində oxumuşdu. Moskva adamları dəyişdirir. O isə dəyişmədən Qorkidə oxumasını yarımçıq kəsib bizim fakültəmizə keçmişdi. Üstündən Moskva aurası kəndçiliyinə görə tezcə də keçdi. Hamımız xasiyyətinə görə onun xətrini istəməyə başladıq, hərçənd bu, onunla məzələnməyimizə əngəl olmadı.
Ay gidi dünya! Əli ermənilər Laçını tutanda 30 gün qadın-uşağı dalınca apararaq onları erməni mühasirəsindən salamat çıxarmışdı (bu haqda kitabı da vardı). Bir neçə il qabaqsa aeroport yolunu keçəndə maşın vurduğundan komaya düşdü və bir ildən sonra dünyasını dəyişdi. İnsan ölümdən qurtulanda sevinir. Ancaq dərindən düşünsən bu sevincə o zəhər qatar ki, qurtuluşun daha əzablı ölümə apara bilər.
***
Bankədə bizimlə birlikdə sonralar respublikanın baş prokuroru olmuş Murad da vardı, ancaq bu, heç vaxt yadımda qalmamışdı, özü atamın hüzüründə yadıma saldı. Ya yaddaşı güclü idi, ya da məni qəzetlərdə oxuduğundan yadında qalmışdım. Xalq Cəbhəsinin liderlərindən olan, indi isə səfir işləyən Tamerlan Qarayevin orada olması dumanlı yadımdadır, qazarmada yuristlərin qrupunda hamının diqqətlə qulaq asdığı qəşəng oğlan kimi.
Bizim hərbi müəllimimiz əslən latviyalı olan Taja idi. Kursumuzda Sabir adında tələbə yoldaşımızı, bilmirəm yaşına görəmi, ya əsgərlikdə olmasına görəmi başçı qoymuşdu. O, Bankəyə getməyəndə atamın tapşırığı sayəsində ən yüksək qiymət məndə olduğu üçün Taja məni dəstəyə başçı qoydu. Beləcə, mən birinci dəfə rəsmi liderlik statusunu qazandım, ancaq heç bir hərəkətimlə uşaqlar məndə komanda vermək iddiasını görmədilər. Bu məsələni psixoloji incələməyə gücüm çatmır. Axı, səni o birilərindən üstə qoyanda istədin-istəmədin ədan bir az dəyişir. Mən isə necə vardımsa elə qaldım, bilmirəm oxuduğum ədəbiyyatın təsiri idi, ya nə idi. Yox, ancaq indi dəqiq yadımdadır ki, o çağlar, artıq, məndə içimdə qaynayan brutal seksuallığa baxmayaraq konfliktsizlik, yumşaqlıq, yola verənlik formalaşmışdı. Paxıllıq duyğusu sıfır səviyyəsində idi, yalnız 30 yaşından sonra başını qaldırmağa başladı və başlayan kimi də başından vururdum.
Görünür, bu yumşaqlığıma görə Rəhim həmişə məndə rahiblik keyfiyyəti görürdü, ürəyini mənə boşaltmağı sevirdi. Mən isə necə Akifin qızlarla bağlı əhvalatlarına maraqla qulaq asırdım, elə də Rəhmə qulaq asırdım. Bu zaman onda savada, elmə qarşı qiyam yaranmışdı və bizi "cücələr alıb Ramanada həyətimizə buraxacam, elm dalınca getməkdənsə onlardan qazanacam" söhbəti ilə silkələmək istəyirdi.
Bankədə mənə bir nəsnə aydın oldu. Fiziki gücümə baxmayaraq susuzluğa dözümüm yox idi. Gündə çox su, çay içən mən sərin suyun olmamasından heç kimin çəkmədiyi əziyyəti çəkirdim. Bankədə heç kim su ilə bağlı mənim qədər şikayət etmirdi, bundan o nəticəni çıxarıram. Su həsrəti orada həyatımı cəhənnəmə çevirmişdi.
Davamı gələn
sayımızda
Niyazi MEHDİ
Ədəbiyyat qəzeti.- 2019.- 14
dekabr.- S.30.