Arzu

 

Səhərlər Günəşi öpən gözlərin,

Tellərin darayan əllərin ola.

Dünyanı qucmağa sevgin bəs edə,

Günəşin telləri tellərin ola.

 

Öpəsən üzünü Yer kürəsinin,

Çatlaya canında ölümün bağrı.

Elə vurulasan vurulanda da

Sənə ləzzət verə canda hər ağrı.

 

Durub qıy vurasan işığa sarı,

Bilələr sən varsan, qaranlıqdasan.

Alnının yazısın dəyişə Tanrın,

Özündə batdığın yerdən çıxasan.

 

Eşq

 

Millət tanımır, sərhəd tanımır,

Eşqdi Tanrının dilmancı!

Nifrətin kürəyinə çəkilər,

Sevgi - aşiqin qırmancı.

 

Bölünmür birə iki o tək birdir,

Dilimdə sevgim əzbər təkbirdir.

Eh, yer üzünə körpə gətirmir,

Ana bətnində hər sancı!

 

Qandan - canacan, Anacan, gəldik,

Anadan doğduq, atadan gəldik.

Ona bağlandı, onacan gəldi,

İnam inadın inancı.

 

Şeir gecəm

 

Yenə gözlərimdən şeir dağılır,

Misralar uzanıb yataq yerimə.

Duru gözlərindən bir bulaq axır,

Yarımçıq yazdığım eşq şeirimə.

 

Yenə hecalar sığmır sözlərə,

Saitlər uzanır, samitlər itir.

Yenə bir şeir sancısı tutub,

Hardasa dünyaya bir körpə gəlir.

 

İlahi, necə sevdim həyatı,

Körpə şeirlərin qığıltısında.

Bəstəboy misralar boy atdıqca da,

Uzandım səsimin pıçıltısında.

 

Pıçıldayıb yazdım sənə nəyim var,

Pıçıltı səslərin ən möhkəmidi.

Yenə pıçıldayır mənə yazdıran,

Bu səs Yaradanın söz görkəmidi.

 

Qapı

 

vaxt açılarsan axı,

İllərdir bağlanan qapı?!

Açarı dil-dil pas atan,

Qıfılı yağlanan qapı.

 

Yoxmu səni səndə anan,

Qanmazlıq edir hər qanan?

Üzü işım-işım yanan,

Ey içi dağlanan qapı.

 

Yaxşı əkdi həsrət əkən,

Sən çəkəmməz sən çəkən.

Pəncərələri nəm çəkən,

Qapısı bağlanan qapı.

 

Özüm boyda

 

Mən dünyaya gəlmədən,

Alnımı yazan kişi.

Gələcəyə körpüyəm,

Quruyub çay keçmişim.

 

Daha özüm yazıram,

Hər gün bircə hərfini.

Əlifbada naşıyam,

Tez tutursan səhvimi.

 

Mən qan idim çiləndim,

Ələndim cana döndüm.

İnsanlıq süfrəsində,

Eşqlə ehsana döndüm.

 

Ey bəxti yazan kişi,

Bəxtdə var oyadım?

Bir cümlə artırım,

Özüm boyda boy atım.

 

Hər şəkil adam olmasa da

 

Hər şəkil adam olmasa da,

Hər adam sonda şəkildir.

Cansız kağız parçası,

Daş parçası

şəkillərlə dilə gəldi.

Xatirələr şəkillərdə gülər,

Şəkillər xatirələrdə ölər.

Hər şəkil insan ömrünü iki bölər:

Əvvələ geriyə.

Düşünərsən hansı biriyəm?

Hər üz şəkildəki kimi gülməz,

Hər şəkili sahibi yaşaya bilməz.

Hər şəkil görüş yeridir gözlərin,

Hər şəkil ayrılığıdır üzlərin.

Hər şəkil dərin-dərin

Düşünsən ürəklərin,

üzüdür əslində.

Gəl şəkil çəkdirək, uzağım

Görüm necə görünürəm ürəyində?

Hər şəkil adam olmasa da,

Hər adam sonda şəkildi.

Kimisi kağıza çəkildi,

kimisi daşa həkk edildi.

Biz ürəklərə çəkilmişik,

Bətnlərə əkilmişik.

Bu şəklin sabahında o qədər körpə,

körpü olacaq ki sabahın sabahına.

Ad axtarma bu şəklin adına.

Bizim şəklimizin adını,

xəyalımın qadını

Zaman qoyub:

Sevgi.

Bu şəkil bir ev ki,

Damı da, döşəməsi ,

Eşqlə rəngləndi.

 

Özümə çatam

 

Mən özümü dərk edəndən,

Özümə özgəyəm, yadam.

Özümdən dönsəm özümə

gözəl güzgüyəm, adam?!

 

Uzaqdan elə yaxınam,

Yaxından belə görməzdim.

Mən məndən qaçan axınam,

O mənə çatsam, ölməzdim.

 

Enirəm özümdən hər gün,

Qalxıram özümə çatam.

Boyum boy vermir boyuma,

Başıma baş qoyub yatam.

 

Qəm yemə

 

Əssə tənhalıq küləyi,

qəm yemə.

Bacara bilsən əgər,

ört özünü üstünə.

Sonra da altdan boylan,

üstündə öz büstünə.

Əyiləcək kölgələr,

tavanından yerədək.

Yüz dəfə yol gələcək

rəqəmlər,

Düz yüzdən- yüz birədək.

Anlayacaqsan onda

Təklik elə tənlik ki,

Məchulu bərabərdir

elə bərabərsizliyə.

Əssə tənhalıq küləyi,

Qəm eləmə,

bütün rəqəmlər köhnəlib,

Dərdli ömür köhləni,

Yol uzunu yüklənib.

Yükünu qoya bilsən,

Çəkisin itirəcək,

Yer kürəsi sən boyda.

 

Sevdim

 

Şimal qütbü kimi soyuq biriydim,

Doğdun Günəş kimi isitdin məni.

Əridim su oldum, qar dənəsiydim,

Dağ boyu dərələr eşitdi məni.

 

Səni necə sevdim, necə bilmədim?

Həqiqət cavabsız bu sualdadır.

O qardan əriyib su olanadək,

Olanım,qalanım hələ yoldadır.

 

Gör hardan haracan gətirdin məni?

Qar idim doğradın damarlarımı.

Su kimi axıram,baxırsan sudur,

Su qarın qanıdır, eh qarın qanı...

 

Necə qıydın axı bu qanı axa?

Böyük sevgilərin qandır sübutu.

Bilirəm, bilirəm, bilirəm daha,

Heç çiyin daşımaz bu esq tabutun.

 

Yaşat

 

Bir az mahnı qat gözünə,

bu boyat sukutun.

Qulaqlarım batır səsdən,

oxu pəsdən

yalnızlığın nəğməsini.

Asta - asta vur həyat sərqisinin ritmini.

Elə vur ki,

ürək döyüntülərimin ritmiylə

                                     həmahəng olsun.

Elə vur ki,

rəng özgə rəng olsun.

Bu yekrənglik,

yeknəsəqliyidir xoşlanmadığım halın.

Çevir üzünü dünya adlı bu valın.

O üzündə,

Cəhənnəm adlı vüsalın,

elçiləri döyür qapını.

Açımmı?

Bilmirəm,

Bir az mahnı qat gözünə

bu boyat sükutun.

Rəqs etmək istəyirəm,

Mənə toxun,

ən böyük rəqsdir,

sümüklərin titrəməsi.

Toxunmayanlar bilsin,

toxumalarından yıxıldıqlarını.

 

Bir ehsanam

 

Bir ehsanam insanlıq süfrəsində,

Bitəcəyim gün,

Tanrının qəbul etməsi üçün,

Qurban kəsilən,

Əlləri gözləyirəm.

İlahi, belə gözləməkmi olar?

Mənim gözləməyim ,

Şeirlərim kimi üzün o üzüdür.

Apar, məni apar

Sözüm sözdür,

O qədər əllər,

Qurban kəsiləcəklər...

Qandan bezəcəksən sən o gün.

Öldürəcəksən ölümünü ölümün.

 

Yaşayıram

 

Bulaq kimi qaynayıram,

Şəlalətək hönkürürəm.

Mən su ömrü yaşayıram,

Özüm boyda bir qayadan,

Hər gün atılıb ölürəm,

Hər gün belə dirilirəm.

 

Yerə

 

Tanrım, göydən yağış göndər,

Can versin bu quraq yerə.

Bir sevgili baxış göndər,

Sevgidən bu uzaq yerə.

 

Nifrətlər artdıqca artır,

Yer göyün yaxasın dartır.

 

olsun, hər gün günəş doğur,

Yeri susuzluğu boğur.

 

Üzündən soyuqluq yağır,

Bağrı şaxta, sazaq yerə.

 

Adam söykənmir adama,

Qorxur söykənə, aldana.

 

Tanrım, sən bilən yaxşıdı,

İnsan insanlıq naxşıdı?

Bəlkə, yağışın oxşadı,

Bir azca dam uşaq yerə.

 

Yer yerdə yersiz, yiyəsiz,

Tanrım nəsə var, niyəsiz?

 

Ümidin var

 

Daş altından qalxan otun

Ümidi var yaşamağa.

Hər sobanın odun- odun

Ümidi var yaşamağa.

 

Yer döşəmə, səma tavan,

Tən ortada boşluq hava,

Quş qura bilirsə yuva,

Ümidi var yaşamağa.

 

Ən böyük ağrı sevməkdi,

Ayrılığı ilk kim əkdi?

Bilsən ölmək dirilməkdi,

Ümidin var yaşamağa.

 

Elnur Uğur Abdiyev

 

Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.29.