Eşqi var idi Şəhriyarın...

 

Şəhriyar yaradıcılığında qadın

 

Qadın bütün çağlarda türk xalqlarının həyatında önəmli yer tutub. Orta əsrin ən böyük səyyahı və məşhur "Rehlet-ü İbn Battuta" adlı səyahatnamənin müəllifi İbn Battuta (1304-1369) "Töhfətün-Nüzzar fi Qəraibil-Əmsar və Əcaibil-Əsfar" əsərində yazır: "Türk və tatar ulusları yanında qadınlar çox etibar görürlər. Onlar bir buyruq yazdıqlarında: "Sultanın və xatunlarının əmri ilə" ifadəsini mütləq qoyarlar! Qadınların hər biri bəzi əyalətlərin idarəsinə ortaqdır, böyük gəlirlərin sahibidirlər. Onlar hökmdarlarla yanaşı səfərə çıxarlar, lakin öz başlarına ayrı bir qərargahda gözləyərlər".

İslamdan əvvəlki Şumer Şərqində də "qadın çox yüksək tutulurdu və qadına qarşı ruhani təzyiq olmurdu. Ən böyük ilahilər qadın simasında və qadın adında tutulurdu. Ərlə arvad arasındakı münasibət yüksək səviyyədə idi. "Kitabi-Dədə Qorqud" dastanında da bu tendensiya gözlənilib. Qadın ox, nizə atır, düşmənlə vuruşurdu... Döyüşür, həm də namusunu saxlayır, at üstündə gəzirdi. Onun üçün xüsusi hərəmxana düzəltməmişdilər və qeyrət özü də azad idi. Qeyrətsizliyə ehtiyac hiss eləmirdi türkçü. Qadın ilahiliyin rəmzi idi, o, dünyadan gizlədilmirdi, ərinin dostu idi, ər onun ağası deyildi. Onun başının taxtı, həm də ulu bəxti idi" .

XX əsrin sənət dahisi ustad Məhəmmədhüseyn Şəhriyar da başının taxtı, ulu bəxti sandığı Azərbaycan qadınından bəhs edib və zəngin yaradıcılığında qadın konusuna çox böyük önəm verib...

Təbii, bütün bəşəriyyətin, eləcə də yazarların, sənət adamlarının həyatında üç qadının çox böyük təsiri-etkisi olur. Bu etkini yaradanlardan birincisi onları dünyaya gətirən, canından can verən qutsal varlıq - Anadır. İkincisi sevdikləri qadın, bütün romantik xəyallarının oluşdurduğu eşq aləminin taxtında oturan sevgili, üçüncüsü isə uşaqlarının anası, evlənib ailə, isti bir yuva qurduğu qadındır... Şəhriyarın da həyatında bu üç varlığın güclü təsiri olub və onlara duyduğu böyük sevgi bütün yaradıcılığına hopub... Bu qadınlar nisgilli ömrünün ayrı-ayrı mərhələlərində onun sərhədsiz sevgi dünyasının ən möhkəm dayağı, həyatının bəzəyi, könül sirdaşı, dərd ortağı olmuşlar...

Bu varlıqların birincisi onu dünyaya gətirən qadın - anası Kövkəb xanımdır. O Kövkəb xanım ki, oğlunun Tehranda xəstələndiyini eşidən kimi, sanki qanadlanıb uçaraq onun dadına yetmiş, ana şəfqəti, məhəbbəti ilə dərdinə məlhəm olmağa tələsmişdi. "Heydərbabaya salam" poemasının 1954-cü il ilk geniş nəşrinin müqəddiməsində Şəhriyar yazırdı: "O vaxt ki, mərhum anam Tehrana gəldi, onun sehrli təsiriylə keçmiş günlərin əyləncələri və uşaqlığımın şən, məsud anları yavaş-yavaş zehnimdə canlandı, ölülər dirildi və o zaman tablolar öz rənglərilə yenidən cızıldı" .

Körpə ikən qurduğu sevgi dünyası anası Kövkəb xanımla sınırlanırdı. Lakin onun uşaqlıq çağlarında anasına duyduğu sevgi çox dərin, bütöv və böyük olub. Xatirələrində yazır ki, "uşaqkən anamla hamama gedərdik. Altı yaşıma çatanda qadın hamamına getmək mənə qadağan olundu. Uşaqlarla oynayıb evə gəldikdə anamın hamama getdiyini görsəydim, qaçıb qapısının ağzını kəsdirərdim. Bəzən iki hamamın qapısında oturub gözləyərdim. Anam gələnə qədər oynamağa və başqa əyləncələrə göz yumardım. Anamı görən kimi dizlərini qucaqlayar, qəzəbdən məni uçunma tutardı. Anam da mənim tayım olduğundan narahatlıq keçirərdi. Hər ikimiz ağlar gözlə evə gəlirdik, elə bil iyirmi il idi ki, bir-birimizi görmürdük". "Ey-vay, Anam!" qəsidəsində "Anam məni yaratmış, mən aləm yaratmışam" gerçəyini sərgiləyən şair anasının parlaq obrazını yaratmışdır:

 

Şeirimdə, kədərimdə, xəyalımdadır anam,

Şairliyim də mənə ondan miras qalıb bil,

Məhəbbət ölən deyil...

Oxuduğu o gözəl, həzin, doğma nəğmələr,

Qəlb oxşayan nağıllar, ürək açan kəlmələr

Bələkdə olan zaman hopub ruhuma mənim...

Laylalarla köklənib əsəblərim, bədənim...

Bəzən də göz yaşıyla ruhuma su səpərdi,

Qayğıyla, nəvazişlə verib mənə bu dərdi...

Varlığımda elə bil ildırım çaxıb mənim.

O ilhamla yoğrulub mənim sevgi aləmim...

 

Kövkəb xanımın: "Ay oğul, deyirlər, sən böyük şairsən. Axı, mən sənin yazdıqlarını başa düşə bilmirəm. Olmazmı öz dilində yazasan, mən də anlayım və zövq alım?", - gileyi Şəhriyarı ana dilində yazıb-yaratmağa səfərbər edir. Dil aydınlığı, sadəliyi, axıcılığı ilə oxuyan hər kəsi heyrətdə qoyan "Heydərbabaya salam" mənzuməsini Şəhriyar anasının xatirəsinə, doğma el-obaya, qohum-qardaşa ithaf edərək, sanki onların qarşısında mənəvi borcunu yerinə yetirir və Türk dünyasının fəxr edib öyündüyü bir sənətkara çevrilir. Ana xeyir-duası və şairlik istedadı onu şöhrət dağının zirvəsinə yüksəldir... Yaradıcılığı yüzlərlə şairi qələmə sarılmağa, onları yeni-yeni "Heydərbabaya salam"lar yaratmağa ruhlandıran ilham qaynağına çevrilir. Bu ədəbi proses elə bir dövrdə baş verirdi ki, ölkədə öncə Rza şah, sonra isə Məhəmmədəli şah Pəhləvi rejimi tərəfindən Türk kimliyi və türk dili aşağılanır, qəti olaraq yasaqlanırdı... Təbii, rejimin tələbinə uymaq qaçılmaz idi. "Gənc Şəhriyar da bu ölkədə sosial status qazanmaq və maddi həyatını təmin etmək üçün farsca yazmalı, fars dili vasitəsilə yüksəlməli idi". Və o, məhz bu yolu tutmuş, farsca yazdığı əsərləri ilə artıq çağdaş İran ədəbiyyatının avanqard şairi səviyyəsinə yüksəlmiş, əsrinin "Hafizi-sanisi", "Sədisi" statusunu qazanmışdı.

1952-ci ildə Kövkəb xanımın dünyanı əbədi tərk etməsi şair oğulun qəlbini yaralayır və "Heydərbabaya salam" poemasının II hissəsini yazır. Oxucuların ruhunu yerindən oynadan bu möhtəşəm əsərin II hissəsini türkcə qələmə almaqla onun ruhunu şad etdiyini düşünür və təsəlli tapır: "Şeirə əski və dərin bir ilgim var idi, yazdığım hər yanıqlı parça bir dostdan ayrılmanın acısıyla vücuda gəlmişdi. Hər hansı bir sevgilidən ayrılarkən qapıda vida göz yaşı tökmək insanların təbii bir halıdır. Vida edərkən tökdüyüm son göz yaşı damcılarından "Heydərbabaya salam" mənzuməsiylə "Vay, vay madərəm (Ey-vay, anam!)" parçası meydana gəldi".

"Əvvəlcə atanın, sonra isə ananın olmasına baxmayaraq, ey qardaş, son nəticə övladın dünyaya gəlməsidir". Şair məhz bu səbəbdən "ülfətim, şəfqətim, həsrətim" deyə müraciət etdiyi anasının və bütün anaların isti qucağını, hətta onların ayaqları dəyən, toxunan yeri cənnət, behişt sanırdı:

 

Bəşərdə anaya ehtiram olsa,

Tökməz bir-birinin qanını əsla.

Dünyanı fəth etsə ana hörməti,

Yaradar dünyada əsl cənnəti.

Belə söyləmişdir böyük Məhəmməd:

"Ana ayağının altıdır Cənnət".

 

Şəhriyar şeiriyyətinə ilk olaraq kədər naxışları qonduran, könül sazını qəm notları üzərində kökləyən və yaradıcılığına güclü təsir göstərən varlıqlardan ikincisi şairin ilk sevdası, Tehran Universitetinin tibb fakültəsində oxuyarkən aşiq olduğu Sürəyya adlı bir qızdır. Min təəssüflər ki, evlərində tez-tez qonaq olduğu tələbə yoldaşının bacısı, Şah ordusunun polkovnikinin qızı olan Sürəyyaya duyduğu böyük eşqi uğursuzluqla nəticələnir. Belə ki, öləsiyə sevdiyi, həmişə "Pəri" deyə çağırdığı Sürəyya zorla Rza şah Pəhləvinin yaxın qohumu Çırağəli xana (Əmiri Əkrəm) ərə verilir. O, Sürəyyanı son dəfə görmək üçün qızın anasına yalvarır və görüşmələrinə şərait yaratmasını xahiş edir. Bu yalvarışlar naçar ananı yumşaldır və o, görüşə razı olur. Tehranın Behcətabad parkında görüşməyi planlaşdıran Şəhriyar həmin görüş zamanı Pərini qaçıracağına qərar vermişdi… Lakin sevgilisini son dəfə görmək və amacına ulaşmaq niyyəti ilə gecə Behcətabad parkına gələn şair sevdiyini orada görmür. Səhərədək gözləyir, amma "Pəri" gəlmir. Bütün ömrü boyu unuda bilmədiyi həmin uğursuz gecə ona doğma türkcədə məşhur "Behcətabad xatirəsi" adlı qəzəlini yazdırır və sabaha qədər çəkdiyi dözülməz ağrı-acını şeirləşdirir. Bu misilsiz sevgi qəzəli ilə yaşadığı sonsuz iztirab duyğularını bəyan edir. Təsadüfi deyil ki, bütün insanların, xüsusən yazarların "acı çəkdiklərində, yuxu gördüklərində, yəni ruhən təsirləndiyi zamanlarda ana dilləri yardımına gələr. "Behcətabad xatirəsi" o qədər sadə, o qədər arınmış türkcədə yazılmış ki, oxucunun ruhuna atəş vurub yaxır. Şəhriyarın şah əsərlərindən biri də bu qəzəldir. Hətta başqa heç bir şey yazmasaydı, yenə də sırf bu qəzəli üçün o, türkcənin ən böyük şairi sayıla bilərdi" .

Daha sonra "Pəri", "Bu gecə", "Həzin nalələr", "İntizar", "Əlim ətəyinə", "Köynəyin qoxusu", "Qəmli ney", "Eşqin intiqamı", "Odda yanan pərvanə", "Səfərdəki ay", "İtmiş Yusif", "Mənim taleyim", "Suzi-saz", "İndi niyə?", "Tarım mənim" və s. qəzəllərində dünyasını qaraldan bəlalı eşqini, ayrılıq cövrünü, Pəriyə öləsiyə həsrətini dilə gətirir. Bu həsrətin, acının ən bariz ifadəsini "Behcətabad xatirəsi" adlı qəzəlində görürük:

 

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.

...Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,

Bağrım yarılar, sübhüm, açılma tarı!

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

Oldum qaragün ayrıları o sarı teldən,

Bunca qara günlərdir edən rəngimi sarı.

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,

Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

 

"Naz eyləmisən", "Getmə, Tərsa balası", "İndi niyə?" qəzəllərinin də ünvanı sevdiyi qadın, ürəklə Azərbaycan gözəli dediyi bir varlıq, bu sevgini haqq edən xanımdır...

Şəhriyarın həyatında önəmli yeri olan, yaradıcılığında dərin izlər qoyan üçüncü qadın ömür-gün yoldaşı, özündən 25 yaş kiçik olan bibisi nəvəsi Əzizədir. Şair 1953-cü ildə, 48 yaşında ikən onunla evlənir. Bilirik ki, Əzizə ilə izdivacı Şəhriyarın sıxıntılı və qəmli ömrünə bir bahar təravəti gətirir, "cəhənnəm"li günlərini, ələmli həyatını cənnətə çevirir. Şairin "Bəlalı baş" adlı yumor naxışlı şeirinin qəhrəmanı Əzizə xanımdır... Ömür tarlasında özünü öküzə, Əzizə xanımı da aralarındakı yaş fərqinə görə buzova bənzədən şair ailədaxili söz-söhbətin sonucu olaraq yazdığı qəzəldə "Ər-arvad savaşı, yaz yağışı" kəlamının məna yükünə yaslanaraq ciddi görünən duruma xoş ovqat qatır və ilk misradaca "Yar günümü göy əsgiyə tutdu ki, dur məni boşa, Cütcü görübsən heç cütə, öküz qoyub buzov qoşa!" deyir.

Azərbaycan qadını öz növbəsində sevib-seçdiyi türk oğlu ilə girdiyi nikaha müqəddəs yanaşır və bu qutsal nikah nəticəsində doğulmuş körpələr ailənin bünövrəsini daha da möhkəmləndirir. Qadın, əgər evləndiyi kişi ilə xasiyyətləri uyuşmazsa, aralarında anlaşılmazlıqlar olsa da, ailənin şərəfini qorumaq, övladlarının qəlbisınıq böyüməməsi naminə üstündən keçilməsi mümkün olan nöqsanlara, günahlara göz yumur, ömür boyu nikahlarını, ailə saflığını qoruyur. Şəhriyar obrazlı şəkildə milli tipikliyin, özünəməxsusluğun bu cəhətlərinə diqqəti yönəldir:

 

İndi bizim maral kimi üç balamız vardı, gərək

Ata-ana savaşsa da, bunlara xatır barışa.

 

Lakin Şəhriyarın ailə səadəti də uzun sürmür, uca Tanrı bu xoş həyatı da, sanki ona çox görür, sevimli xanımı ilə birgə həyatları 23 ildən sonra yarımçıq qalır...

 

Esmira Fuad

 

Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.28.