Nəsiminin "Sığmazam" qəzəli:

əlyazma nüsxələrində və müasir nəşrlərdə

 

Məlum olduğu kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlət quruculuğu siyasətində dil və ədəbiyyata, mədəniyyət və incəsənətə - bir sözlə, humanitar sahəyə həmişə böyük diqqət və həssaslıqla yanaşmış, bu yöndə bir sıra mühüm və əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Həmin tədbirlər sırasında 1973-cü ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 600 illik yubileyinin ölkə miqyasında və onun hüdudlarından kənarda qeyd olunması xüsusi yer tutur. Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq humanitar sahəyə böyük diqqət və qayğı ilə yanaşır. Buna nümunə olaraq, ölkə Prezidentinin 15 noyabr 2018-ci il Sərəncamı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 11 yanvar 2019-cu il Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda Nəsimi ili elan olunmasını qeyd etmək olar. Həmin sərəncamların işığında istər ölkə miqyasında, istərsə də xaricdə mühüm tədbirlər həyata keçirilmiş, həmçinin böyük şairin zəngin ədəbi irsinin araşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Sonuncular sırasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutu əməkdaşlarının Nəsimi irsinin tədqiqi ilə bağlı bu yaxınlarda nəşr olunmuş bir sıra monoqrafiya və kitabları xüsusilə diqqətəlayiqdir. Bununla belə, etiraf etmək lazımdır ki, İmadəddin Nəsiminin zəngin və çoxçeşidli ədəbi irsinin hərtərəfli və sistemli şəkildə araşdırılması istiqamətində yaxın gələcəkdə görüləsi işlər də az deyildir. Bu baxımdan ilk növbədə qısa bir zamanda böyük şair və mütəfəkkirin anadilli əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac duyulur. Ona görə ki, Nəsiminin anadilli əsərlərinin müasir nəşrlərində bir sıra yanlışlıqlar və çoxlu sayda fərqli variantlar mövcuddur. Buna nümunə olaraq Nəsiminin ən məşhur lirik şeirlərindən olan "Sığmazam" rədifli qəzəlini göstərmək olar. Məlum olduğu kimi, bu qəzəldə mütəfəkkir şairin sufi-hürufi fikirləri daha qabarıq və dolğun şəkildə öz bədii ifadəsini tapmışdır. Maraqlıdır ki, Nəsimi "Sığmazam" qəzəlinə böyük önəm verərək onun farsca variantını da ("Nəqoncəm") qələmə almışdır. Onu da qeyd edək ki, Nəsiminin bu qəzəli həcmcə şairin digər qəzəllərindən fərqlənir: şeirdəki beytlərin sayı müxtəlif əlyazmalarda 16-17-yə bərabərdir.

Nəsiminin türkcə divanının çoxsaylı əlyazma nüsxələrində, eləcə də onlar əsasında Azərbaycanda və Türkiyədə hazırlanmış elmi-tənqidi mətnlərində "Sığmazam" qəzəlinin mətnində bir sıra fərqli məqam və variantlar müşahidə olunur  ki, təbii ki, bu amil sözügedən şeirin müasir nəşrlərində də bu və ya digər dərəcədə özünü göstərir. Fikrimizə sübut olaraq öncə "Sığmazam" qəzəlinin İmadəddin Nəsimi əsərlərinin 5 əlyazması əsasında professor Cahangir Qəhrəmanov tərəfindən ərəb əlifbası ilə hazırlanmış elmi-tənqidi mətnindəki (1973-cü il - bundan sonra Bakı nəşri) və Türkiyə alimi Hüseyn Ayanın 9 əlyazma nüsxəsi əsasında latın əlifbası ilə tərtib etdiyi Nəsiminin türkcə divanının tənqidli mətnindəki (2014-cü il - bundan sonra Ankara nəşri) nüsxə fərqlərini diqqətə çatdırırıq. Bu iki mötəbər nəşrdə yer alan qəzəlin mətnlərində ilk növbədə diqqəti çəkən başlıca fərqli məqamlardan biri onun Ankara nəşrində 17 beytdən, Bakı nəşrində isə 16 beytdən ibarət olmasıdır. Qeyd edək ki, qəzəlin Bakı nəşrində olmayan bir beyt H.Ayanın istifadə etdiyi 8 əlyazma nüsxəsindən yalnız birində verilmişdir və aşağıdakı kimidir:

 

Yerü gögi düzən mənəm, gerü dönüb bozan mənəm,

Cümlə yazu yazan mənəm, mən bu divanə sığmazam.

 

Yuxarıdakı beyt dil-üslub xüsusiyyətlərinə görə, xüsusilə də onda işlənən daxili qafiyələrə görə "Sığmazam" qəzəlinin ümumi ruhuna yaxın olsa da, onun digər bir şairə və ya nüsxəni köçürən katibə aidliyini istisna etmək olmaz. Yeri gəlmişkən, bu məsələ ilə bağlı qeyd etmək lazımdır ki, "Sığmazam" qəzəlindəki beytlərin sayı Nəsiminin "Seçilmiş əsərləri"nin akademik Həmid Araslı tərəfindən tərtib edilən və daha mötəbər sayılan nəşrində (Bakı, 2004) 15-ə bərabərdir. AMEA-nın müxbir üzvü Əlyar Səfərlinin nəşrə hazırladığı Nəsiminin "Seçilmiş əsərləri"ndə ("Məktəb kitabxanası" seriyası, Bakı, Maarif, 2005) və professor Qəzənfər Paşayev tərəfindən tərtib edilmiş və "İmadəddin Nəsimi. İraq divanı" adlandırılmış (əslində, Nəsiminin qəzəllər divanının İraq nüsxəsi olmalıdır, çünki əlyazmada yalnız şairin qəzəlləri verilmişdir) kitabda da (Bakı, 2018) "Sığmazam" qəzəli 15 beytdən ibarətdir. Nəsimi əsərlərinin əlyazmalar əsasında tərtib edilmiş elmi-tənqidi mətnlərində - Bakı və Ankara nəşrlərində "Sığmazam" qəzəlindəki

 

Əncüm ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,

Çək dilinivü əbsəm ol, mən bu lisanə sığmazam

 

- beyti Nəsiminin "Seçilmiş əsərləri"nin H.Araslı və Ə.Səfərli tərəfindən tərtib edilmiş nəşrlərində yoxdur. Yuxarıdakı beyt Q.Paşayevin tərtib etdiyi Nəsiminin qəzəllər divanının İraq nüsxəsində isə vardır və sıra ilə on birinci beytdir. Bununla belə, bu nəşrdə "Sığmazam" qəzəlindəki aşağıdakı məşhur beytə rast gəlmirik:

 

Tir mənəm, kaman mənəm, pir mənəm cavan mənəm,

Dövləti-cavidan mənəm, ayinədanə sığmazam.

 

Maraqlıdır ki, bu beyt H.Ayanın istifadə etdiyi Nəsiminin türkcə divanının üç əlyazma nüsxəsində də yoxdur. Bu fakta əsasən güman etmək olar ki,  həmin üç əlyazma nüsxəsinin və şairin qəzəllər divanının İraq nüsxəsinin qaynağı eyni və yaxın bir əlyazma ola bilərmiş. Onu da əlavə edək ki, H.Ayanın nəşrində yuxarıdakı beytdəki qafiyə yerində işlənən ayinədanə sözü əvəzinə inə vü anə (buna və ona) sözləri işlənmişdir ki, bu variant, fikrimizcə, zəifdir və məntiqsiz səslənir.

C.Qəhrəmanov və H.Ayanın tərtib etdikləri Nəsimi əsərlərinin nəşrlərindəki "Sığmazam" qəzəli ilə bağlı diqqətçəkici məqamlardan biri də şeirdəki beytlərin sıra ilə yerləşməsindədir. Məsələn, C.Qəhrəmanovun nəşrində sıra ilə ikinci olan və

 

Ərş ilə fərşü kafü nun məndə bulundu cümlə çün

 

- misrası ilə başlayan beyt H.Ayanın nəşrində sıra ilə yeddinci beytdir. Eləcə də qəzəlin Bakı nəşrindəki sıra ilə on üçüncü olan və

 

Narə yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm

 

- misrası ilə başlayan beyt Ankara nəşrində sıra ilə on altıncıdır. Qəzəlin digər beytlərinin bu iki mötəbər nəşrdəki sıralanmasında isə elə bir ciddi fərq yoxdur.

"Sığmazam" qəzəlinin Nəsimi əsərlərinin sözügedən Bakı və Ankara nəşrlərindəki mövcud mətnlərində də müəyyən fərqlər vardır ki, onlardan yalnız bəzilərini diqqətə çatdırırıq. Qəzəlin mətlə (birinci) beytinin ikinci misrasında işlənmiş ilk söz Bakı nəşrində gövhəri şəklində, Ankara nəşrində isə cövhəri variantındadır. Qeyd edək ki, səsləyişcə oxşar olan, daha doğrusu, yalnız ilk hərfi ilə fərqlənən farsmənşəli gövhər və ərəbmənşəli cövhər sözlərinin daşıdığı mənalardan birinin arasında yaxınlıq vardır: cövhər sözünün bir mənası gövhər sözünün əsas mənasına (inci, daş-qaş) uyğun gəlir. Bununla belə, cövhər sözü daha çox zat, mahiyyət, əsl, maya anlamlarını daşıyır. Qeyd edək ki, C.Qəhrəmanovun istifadə etdiyi əlyazmalardan yalnız birində ilk söz cövhər variantında, H.Ayanın tənqidli mətnində isə 4 nüsxədə bu söz həmin variantdadır. Onu da əlavə edək ki, gövhər sözünün də zat, mahiyyət, hər şeyin əsli, mayası anlamları vardır və bu söz gövhəri-laməkan birləşməsi şəklində də işlənir. Bu incə məqamı və gövhər variantının Nəsiminin türkcə divanının əlyazmalarında üstünlük təşkil etdiyini nəzərə alaraq, qəzəlin ilk beytinin Bakı nəşrindəki gövhər variantını düzgün hesab edirik.

Nəsimi əsərlərinin elmi-tənqidi mətninin Bakı nəşrində sıra ilə ikinci (Ankara nəşrində yeddinci) olan və yuxarıda adıçəkilən "Ərş ilə fərşü kafü nun..." sözləri ilə başlayan beytlə qəzəlin Ankara nəşrindəki variantı arasında da əsas fərq ikinci misradadır. Bakı nəşrindəki

 

Kəs sözünüvü əpsəm ol şərhi-bəyanə sığmazam

 

- misrası Ankara nəşrində

 

Kəs sözini uzatma kim, şərhü bəyanə sığmazam

 

- şəklindədir. Qeyd edək ki, yuxarıdakı misra C.Qəhrəmanovun istifadə etdiyi beş əlyazma nüsxəsindən ikisində də bu şəkildədir. Fikrimizcə, Ankara nəşrindəki variant, xüsusilə də onun ikinci hissəsindəki şərhü bəyanə ifadəsi düzgündür. Misranın Bakı nəşrindəki şərhi-bəyanə (bəyanın izahına) birləşməsi qəzəlin ümumi ruhuna, xüsusilə də onun yaxınmənalı və əksmənalı sözlərin bolluğu ilə seçilən dil və üslub xüsusiyyətlərinə (kövnü məkanə ifadəsini yada salmaq kifayətdir) uyğun gəlmir. Yeri gəlmişkən qeyd edək ki, Nəsimi əsərlərinin yuxarıda adlarını çəkdiyimiz H.Araslı, Ə.Səfərli və Q.Paşayev nəşrlərində də qəzəlin bu beytinin ikinci misrası müəyyən qədər fərqlənir və sıra ilə adları çəkilən iki görkəmli ədəbiyyatşünasın nəşrlərində bu şəkildədir:

 

Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam.

 

Qeyd edək ki, rədifdən əvvəl gələn ifadə H.Araslının nəşrində şərhi-bəyanə şəklindədir və biz yuxarıda bu məsələyə öz münasibətimizi bildirdik. Q.Paşayevin tərtib etdiyi  kitabda isə misra  Ankara nəşrinə uyğun gəlir:

 

Kəs sözünü uzatma kim, şərhə, bəyanə sığmazam.

 

Göründüyü kimi, burada yeganə fərq şərhü bəyanə ifadəsinin şərhə, bəyanə şəklində olmasıdır ki, bu variant, çox güman ki, katibin mətnə müdaxiləsinin nəticəsidir. Sözügedən nəşrdə həmin beytin ilk misrası da fərş əvəzinə uş sözünün işlənməsi ilə digərlərindən fərqlənir:

 

Ərş ilə uş kafü nun məndə bulundu cümlə çün.

 

Hesab edirik ki, burada fərş sözünün yerində uş kəlməsinin işlənməsi də Nəsimi divanının İraq nüsxəsini köçürən katibin səhvinin və ya mətnə müdaxiləsinin nəticəsi kimi qiymətləndirilə bilər. Aydınlıq üçün qeyd edək ki, ərş (göy, səma) və fərş (yer) sözləri əksmənalıdır və şairin əsərlərinin əlyazmalarından heç birində fərş sözü əvəzinə uş kəlməsinin işlənməsinə rast gəlmirik.

Sözügedən nəşrlərdə qəzəlin digər beytlərində də müəyyən fərqli məqamlar vardır ki, onlar sırasında hər iki tənqidi mətndə sıra ilə on ikinci yerdə dayanan beyti xüsusilə qeyd etmək lazımdır. Həmin beytin hər iki nəşrdəki variantına nəzər salaq:

 

Zat iləyəm sifat ilə, gülşəkərəm nəbat ilə,

Qədr iləyəm bərat ilə bəstə dəhanə sığmazam.

 

(Bakı nəşri)

 

Zatiləyəm sifat ilə, Qədr iləyəm Bərat ilə,

Gülşəkərəm nəbat ilə püstədəhanə sığmazam.

 

(Ankara nəşri)

 

Beytlərin təhlilinə keçməzdən öncə qeyd edək ki, elmi-tənqidi mətnin Bakı nəşri üçün istifadə edilmiş əlyazmalardan birində olan bir beyt Ankara nəşrindəki beytlə üst-üstə düşür. Bunu həmin nəşrdə çıxarışda verilən qeyd sübut edir. Eyni sözlər Ankara nəşrinə də aiddir: burada çıxarışda verilmiş qeydlər göstərir ki, sözügedən nəşr üçün istifadə olunan əlyazmalardan ikisində həmin beyt Bakı nəşri üçün əsas götürülmüş əlyazmadakı varianta uyğun gəlir. Həmin beytlərdən hansının düzgün variant olması məsələsinə gəldikdə isə, fikrimizcə, Ankara nəşrindəki beyt müəllifin - Nəsiminin qələmindən çıxmış varianta daha uyğun və münasib sayıla bilər. Birinci növbədə ona görə ki, beytin ikinci misrasında işlənmiş püstədəhan (dəhan - ağız, püstədəhan - incə ağız deməkdir) sözünə görə burada məhz bu ifadə ilə bağlı ola biləcək gülşəkər (gül mürəbbəsi) və nəbat (nabat, qənd) sözləri yerinə düşür. Bakı nəşrində isə püstədəhan sözündən qabaq işlənmiş Qədr iləyəm bərat ilə cümləsi bu misranın ümumi məzmununa uyğun gəlmir. Qeyd edək ki, Bakı nəşrindəki ikinci misrada rədifdən (sığmazam) qabaq işlənmiş bəstə  (bağlı) sözü ilə püstə sözünün ərəb əlifbası ilə yazılışındakı fərq bu sözlərdəki yazılışca yalnız altdakı nöqtə ilə seçilən ilk hərfin (be-pe) nöqtə sayındadır: be hərfinin altında bir, pe hərfinin altında isə üç nöqtə qoyulur. Məlum olduğu kimi, Orta yüzilliklərdə bir çox əlyazmalarda pe hərfi də be  hərfi kimi bir nöqtə ilə yazılmışdır. Görünür, Bakı nəşrində istifadə olunmuş əlyazmada püstə sözünün ilk hərfi bir nöqtə ilə yazıldığı üçün bu söz elmi-tənqidi mətndə bu şəkildə də (bəstə) getmişdir. Onu da əlavə edək ki, fars dilində püstələb (püstədodaq, incə dodaq) və püstədəhan (incə ağız) ifadələri çox işlənir. Bundan əlavə, qədr ("Qurani-Kərim"in Ramazan ayında nüzul olduğu gecə) və bərat (Allah-taalanın sonuncu elçisi həzrət Məhəmmədə (s) peyğəmbərlik xəbərinin verilməsi) birinci misradakı zat (mahiyyət, əsl; qədim mənalarından biri: Allah) sözünə tam uyğun gəlir. Bütün bu amillər yuxarıdakı beytin Ankara nəşrində verilmiş variantının düzgünlüyünü sübut edir. Yeri gəlmişkən qeyd edək ki, Nəsimi qəzəllərinin yalnız Q.Paşayev tərəfindən tərtib edilmiş İraq nüsxəsinin nəşrində "Sığmazam" qəzəlinin bu beyti Ankara nəşrindəki varianta uyğun gəlir. Burada yeganə fərq adıçəkilən divanın İraq nüsxəsinin nəşrində gülşəkərəm sözünün kül-şəkərəm (?) şəklində verilməsi və püstədəhanə ifadəsinin püstə dəhanə şəklində ayrı yazılmasıdır. Ə.Səfərlinin tərtib etdiyi Nəsiminin "Seçilmiş əsərləri"ndə də sözügedən beyt Ankara nəşrinə yaxındır: onlar arasındakı yeganə fərq burada püstədəhanə əvəzinə bəstə dəhanə ifadəsinin işlənməsidir. H.Araslının hazırladığı kitabda isə bu beyt Nəsimi əsərlərinin elmi-tənqidi mətninin Bakı nəşrindəki variantının tam eynidir. Onu da əlavə edək ki, sözügedən mətnin redaktoru akademik H.Araslıdır. Görünür, bu amil həmin beytin C.Qəhrəmanovun tərtib etdiyi elmi-tənqidi mətndəki variantla eyni olmasında öz işini görmüşdür.

"Sığmazam" qəzəlinin Nəsimi əsərlərinin Bakı və Ankara nəşrlərindəki fərqli variantları sırasında aşağıdakı beyti də qeyd etmək lazımdır:

 

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm,

Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

 

Qəzəlin Bakı nəşrində bu şəkildə olan beytin Ankara nəşrindəki variantının ilk misrası, nədənsə, yarımçıq verilmişdir. Belə ki, həmin misra inciyəm sözü ilə bitir və çıxarışda misranın yarımçıq olması barədə heç bir açıqlama verilmir. Aydındır ki, yuxarıdakı ilk misra Nəsimi əsərlərinin mövcud əlyazma nüsxələrində bu cür yarımçıq şəkildə ola bilməz. Qeyd edək ki, yuxarıdakı beyt Nəsiminin "Seçilmiş əsərləri"nin H.Araslı və Ə.Səfərlinin tərtiblərindəki nəşrlərdə eyni şəkildədir - yuxarıdakı kimidir. Bu iki nəşr arasındakı yeganə fərq yuxarıdakı beytin ilk misrasındakı sonuncu sözün H.Araslı tərtibindəki nəşrdə əsinciyəm, Ə.Səfərli tərtibindəki nəşrdə isə əsənciyəm şəklində verilməsidir. Şairin anadilli əsərlərinin Q.Paşayev tərəfindən hazırlanmış nəşrinə gəldikdə isə, burada da yeganə fərq adıçəkilən sözün sənciyəm variantında təqdim olunmasıdır. C.Qəhrəmanovun tərtib etdiyi mətndə sözün yazılışına əsasən, onu, həm əsənciyəm, həm də əsinciyəm kimi oxumaq olar (mətndə hərəkələrdən istifadə olunmamışdır). Bu variantlardan ikincisinin kökü - əsin sözü müasir türk dilində işlənir və ilham, düşüncə mənalarını daşıyır. Həmin sözdən düzəlmiş əsinci (ilhamçı, ilham verən, düşüncə sahibi) kəlməsi (ona türk dilinin müasir lüğətlərində rast gəlmirik) daşıdığı mənaya görə misranın məzmununa uyğun gəlir. Bunu nəzərə alaraq, düşünürük ki, beytin birinci misrasının sonundakı sözün əsinciyəm şəklində oxunuşu düzgün sayıla bilər. Belə olduqda bu söz misranın birinci hissəsində işlənmiş inciyəm sözü ilə həmahəng səslənir, daha doğrusu, daxili qafiyə rolunda çıxış edir. Onu da qeyd edək ki, əsənci, əsinci, sənci sözlərinə bizə məlum olan əski türk sözləri lüğətlərində rast gəlmirik.

Nəsimi əsərlərinin elmi-tənqidi mətnlərinin sözügedən Bakı və Ankara nəşrlərində "Sığmazam" qəzəlinin mətnində digər kiçik fərqlər də müşahidə olunur ki, onlar üzərində dayanmağı məqsədəuyğun saymırıq.

İndi isə qəzəlin Nəsimi əsərlərinin yuxarıda adlarını çəkdiyimiz üç müasir nəşrində (H.Araslı, Ə.Səfərli və Q.Paşayevin tərtib etdikləri mətnlərdə) nəzərə çarpan fərqlərdən bəzilərini diqqətə çatdırırıq.

Bu nəşrlərdə diqqətçəkici fərqli məqamlardan biri hər üç kitabda sıra ilə üçüncü olan beytdədir. Öncə beytin H.Araslı nəşrindəki variantını təqdim edirik:

 

Kövni-məkandır ayətim, zatidürür bidayətim,

Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam.

 

Ə.Səfərli nəşrində kövni-məkandır birləşməsi kövnü məkandır şəklində, Q.Paşayevin nəşrində isə H.Araslı nəşrindəki kimidir. Bu ifadə kövnü məkan şəklində qəzəlin ilk beytində də işlənmişdir və bütün nəşrlərdə kövnü məkandır variantındadır. İlk misrada işlənmiş zatidürür (dürür xəbərlik şəkilçisidir, -dır şəkilçisinin əski variantıdır) sözü Ə.Səfərli nəşrində zati dürür şəklindədir. Q.Paşayevin nəşrində isə bu ifadə zatə gedər şəklindədir ki, C.Qəhrəmanovun və H.Ayanın tərtib etdikləri mətnlərdə də bu cürdür. Beytin ikinci misrası Ə.Səfərlinin nəşrində də rədifdən əvvəlki sözün nişanə şəklində verilməsi istisna olmaqla, eynilə yuxarıdakı kimidir. Q.Paşayevin nəşrində isə beytin ikinci misrasındakı ilk söz (sən) yoxdur:

 

Bu nişan ilə bil məni, bil ki, nişanə sığmazam.

 

Qeyd edək ki, C.Qəhrəmanovun və H.Ayanın nəşrlərində yuxarıdakı misra sən sözü ilə başlanır və bu variantın düzgünlüyü şübhə doğurmur.

Qəzəlin aşağıdakı məşhur beytinin mətnində də Nəsimi əsərlərinin sözügedən Bakı nəşrlərində müəyyən fərqlər vardır:

 

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

 

Yuxarıdakı beyt H.Araslı və Ə.Səfərli nəşrlərində, eləcə də şairin əsərlərinin adıçəkilən hər iki tənqidi mətnində bu şəkildədir. Q.Paşayevin tərtib etdiyi nəşrdə isə yuxarıdakı beyt fərqli variantdadır:

 

Zərrə mənəm, günəş mənəm, şəms ilə həm qəmər mənəm,

Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

 

Öncə qeyd edək ki, "Sığmazam" qəzəlinin əksər beytlərinin birinci misrasında qafiyələnən sözlər vardır: nun-çün, ayətim-bidayətim, şəcər-həcər və s. Bu beytin də yuxarıda ilk təqdim olunan variantında uyğun sözlər vardır: günəş-şeş. İlk növbədə bu amilə görə Nəsimi qəzəllərinin İraq nüsxəsindəki variantını düzgün saymaq mümkün deyil. Çox güman ki, həmin nüsxənin katibinin istifadəsində olan əlyazmada beyt bu variantda imiş. Onu da əlavə edək ki, bu nüsxənin ilk misrasındakı şəms ilə həm qəmər mənəm hissəsi şairin əsərlərinin tənqidi mətnlərində və H.Araslı nəşrində aşağıdakı beytdədir:

 

Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm

Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

 

Göründüyü kimi, beytin ilk misrasında işlənmiş şəkər və qəmər sözləri daxili qafiyələrdir və onlar şeirdə xüsusi bir ahəng və axıcılıq, oynaqlıq və ritm yaradır. Bu beyt şairin qəzəllərinin İraq nüsxəsində aşağıdakı şəkildədir:

 

Şəhd ilə həm şəkər mənəm, çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə, mən bu bəyanə sığmazam.

 

Nəsiminin anadilli şeirlərinin tənqidi mətnlərində, eləcə də adıçəkilən nəşrlərində yer alan "Sığmazam" qəzəlinin sonuncu (məqtə) beytində də bir incə fərqli məqam diqqəti çəkir. Həmin beyt H.Ayan nəşrində bu şəkildədir.

 

Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qüreyşiyəm,

Mundan uludur ayətim, ayət ü şanə sığmazam.

 

C.Qəhrəmanovun istifadəsində olan Nəsiminin türkcə divanının əlyazma nüsxələrindən isə dördündə ikinci misranın ilk sözü mundan yox, məndən şəklindədir, buna görə də tədqiqatçı bu varianta üstünlük vermişdir. Bu nəşrdəki çıxarışda şairin divanının Daşkənd nüsxəsində isə sözügedən misranın ilk iki sözünün mundan uluğdur şəklində olması göstərilir. Nəsimi əsərlərinin H.Araslı və qəzəllər divanının Q.Paşayev nəşrlərində də beytin ikinci misrasındakı birinci söz məndən variantındadır. Ə.Səfərlinin tərtib etdiyi Nəsiminin "Seçilmiş əsərləri"ndə isə beytin ikinci misrasındakı ilk söz bundan şəklində verilmişdir. Beytin məzmununa görə onun ikinci misrasındakı ilk sözün məndən yox, mundan (və ya bundan) variantında olması düzgündür və fikrimizcə, burada şərhə, açıqlamaya ehtiyac yoxdur.

Məqtə beytlə bağlı bir incə məqama da toxunmağı məqsədəuyğun sayırıq. Yuxarıdakı beytin ilk misrasında işlənmiş Haşimiyəm, Qüreyşiyəm sözləri Nəsimi əsərlərinin Bakı nəşrlərinin hamısında kiçik hərflə verilmişdir. Məlum olduğu kimi, Nəsimi seyid nəslindədir və beytdə də şairin Haşimi soyundan, Qüreyş tayfasından olmasına işarə edilir. Bunu nəzərə alaraq, düşünürük ki, böyük şairin əsərlərinin Türkiyə nəşrlərində olduğu kimi, bizdə də yuxarıdakı sözlərin böyük hərflə yazılması məqsədəuyğundur.

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığında xüsusi yer tutan "Sığmazam" rədifli qəzəlinin Bakıda işıq üzü görən nəşrlərində digər kiçik fərqlər də müşahidə olunur ki, məqalənin həcmini nəzərə alaraq, onlar üzərində dayanmırıq. Son olaraq onu da vurğulamaq istəyirik ki, Nəsiminin təkcə bir qəzəlində nəzərə çarpan bu incə fərqli məqamlar böyük şairin türkcə divanının yeni akademik nəşrinin hazırlanmasının nə dərəcədə böyük əhəmiyyət daşıdığını və məsələnin aktuallığını açıq-aşkar bir şəkildə sübut edir.

 

Möhsün Nağısoylu

 

Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.24-25.