Şairin tüfəngi
(müxəmməs-etüd)
I
Molla Pənah
Vaqif yaman tüfəng həvəsinə
düşmüşdü. Tüfəng
əldə etmək az qala ömrünün mənasına
çevrilmişdi - o boyda
Qarabağda tüfəng
tapmaq müşkülə
dönmüşdü. İsrarla Şirvan
xanından xahiş etmişdi - nəticəsiz
qalmışdı. Axırda dostu,
Şəki xanı Hüseyn xan Müştaqa müraciət
etmişdi. O da şairin arzuladığı
tüfəngi tezliklə
tapıb göndərəcəyinə
söz vermişdi. Amma şair yenə səbirsizdir:
...Derlər ol bəylərbəyi həm
axtarır düşməz
ələ,
Qəhdə çıxmışdır məgər,
Allahü əkbər,
bir tüfəng?
II
Hüseyn xan Müştaq təəccüb və heyrət içindədir. Görəsən, qadın gözəlliyinin
xiridar, şeirlərində
erotik istəklərini
dilə gətirən
axundun bu şər mənbəyi -
tüfəng nəyinə
lazımdır?
Gəlmiş ol alicənabın
qasidi istər tüfəng,
Ey gözüm, nəzzarə
qıl, bax hər yanə, axtar tüfəng,
Eyləsin tap kim, görənlər söyləsin
behtər tüfəng,
Kamil olmuş cövhəri üstündə nəqşi-zər
tüfəng
Neylər, ayə, bilməzəm, yarəb bu şuxü
şər tüfəng?
Ağqız oğlu Piri də qoca şairə
tüfəngin, qılıncın
artıq ondan ötrü gərəksiz,
mənasız bir əşya olmasına eyham vurur.
Az qalıbdır yaşın yetirə yüzə,
İnnən belə bəsdir,
dəm vurma sözə,
Qılıncı, tüfəngi bağışla
bizə,
Kağız, qələm, davat "Quran"ı saxla.
XVIII yüzildə tüfəng
bahalı, əlçatmaz bir
əşya sayılırdı.
Müqayisə üçün deyək ki, məsələn, Adil şah, Pənahəli xana Qarabağ xanı təyin edilməsi barədə fərmanla yanaşı, qızılla və qiymətli daş-qaşla
bəzədilmiş yəhərli
at və qılınc
hədiyyə göndərmişdi.
II Yekaterinanın Vaqifə,
İbrahimxəlil xana
göndərdiyi hədiyyələr
arasında da tüfəngin adı keçmir. O dövrdə
tüfəng yüksək
sosial nüfuz və zənginlik nişanəsi idi. Vaqif adına,
statusuna layiq tüfəng istəyir:
Hər kim istər
kim, vücudu mərəkə ara gərək,
Kəndi
zatından silahi əsləhə əla gərək...
Nəhayət, Hüseynxan Müştaq
sözünə əməl
edir: zərli, nəbati naxışlarla işlənmiş çaxmaqdaşlı
tüfəngi şair
Rəfai vasitəsilə
Şuşaya göndərir...
III
Beləcə tüfəng əhvalatı
böyük şairin
bioqrafik şeirlərindən
birinin mövzusuna çevrilir. Tüfəng Vaqifin poetik
kosmosunda sözlə bərabər yer alır. Söz Vaqifdə daha
çox qiyafət, zinət nəsnələrini
müşayiət edirdi.
Artıq odlu silah (tüfəng) Vaqifin realist simvolik paradiqmasına daxil
edilir. Xan tərəfindən bağışlandığı üçün əlavə
keyfiyyət, mistik-magik
məna qazanır.
Yay-ox kimi klassik şeirin
ənənəvi poetik
obrazlarını dərindən
bilən Hüseyn xan Müştaq dostunun ruhuna uyğun olaraq tüfəngi erotik sferanın simvolu kimi, K.Q.Yunq arxetiplərinin dili ilə desək,
"libido" simvolu kimi
təsvir edir.
Tüfəngi gümüş
əndamlının bir
üzvünə bənzədir:
"Hansı sim əndamlının bir üzvünə bənzər
tüfəng?".
IV
Tüfəng Vaqif mifinin vacib
elementi olur. Xalq qəhrəmanının
(Koroğlu, Qaçaq
Nəbi...) öz silahını öyməsi
epos poetikasının dəyişməz
şərtlərindən biridir.
Koroğlu mifi ilə artefakt (Misri qılınc) eyniləşdirilir.
Amma Vaqif kimi incə ruhlu bir şairin
silahı, xüsusən
odlu silahı öyməsi bir qədər qəribə görünür...
Klassik şeirimizdə
bir odlu silahın bu qədər ehtiraslı təsviri nadir poetik hadisələrdən biridir. Vaqif, sanki
gözəllərə həsr
etdiyi müxəmməsin
üstündə, "palimpsest üsulu ilə" "tüfəng" rədifli
müxəmməsini yazıb.
Silah atributları ilə gözəllərin
nişanələrini əvəz
edin - söylədiyim
nəticə alınacaqdır.
Qıvrılır könlümün tüfəngdən
dəm vuranda, martək,
Od saçır ağzımdan ol çaxmağı - atəşbartək,
Gülleyi-eşki atar çeşmi
şərari nartək
Müşki barut ətrilə
həm türreyi-tərrartək,
Etmədi dimağimi mütləq müəttər bir tüfəng.
Tüfəng (ümumiyyətlə, silah)
sevdası Vaqifin xarakterini, şəxsiyyətini
mükəmməl səciyyələndirir. "Vaqif özü şair isə, vaxtın təqazisinə görə onun meyili - könlü silah və əsləhəyə
dəxi olub, igidlik iddiasına həm düşərmiş
və məqami-zərurətdə
özü yaraq götürüb davaya çıxarmış" (F.Köçərli.
Azərbaycan ədəbiyyatı tarixi materialları. Bakı, 1925.
I c.).
Vaqif şücaətli,
igid bir şəxs kimi gözlərimizdə canlanır. Qılınc cəngavərlik, tüfəng
igidlik simvoludur. Tüfəng şairə ona görə lazımdır ki, "Gülləsilə xuni-əda
tökməyə sevda
gərək".
V
Hüseyn
xan Müştaq Vaqifə ünvanladığı
müxəmməsdə tüfəngin
"qətli-nəfs etməkdən
ötrü" düzəldildiyini
yazırdı:
Eylənişlər qətli-nəfs
etməkdən, ötrü
çun onu,
Onun üçün
növhə salmış
aləmə, ağlar
tüfəng.
Elə dediyi qara fikir
də başına gəldi: 1779-cu ildə Hüseyn xan Müştaq əmisi Hacı Əbdülqadir tərəfindən namərdcəsinə
qanına qəltan edilir. Xəstə Vidadini ağladır.
Bu vəhşətin təsviri
onun "Müsibətnamə"sində
yer alır:
...Hər tərəfdən üstünə yağdırdılar
tigü tüfəng,
Aqibət məcbur olub, qərq oldu əlvan qanə bax.
Müştaqın tüfəng hədiyyəsi
Vaqifə də düşərli olmur. Qoca Vaqifi və oğlunu 1797-ci ilin bir məsum gecəsində öldürməyə
aparılanda həmin tüfəng karına
gəlmir, bir qiymətli ənam kimi Məhəmməd bəyin əlinə keçir.
Onun da acı aqibəti
hər kəsə bəllidir...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2019.-
14 dekabr.- S.15.