Zamanın fövqündə
Xalq yazıçısı Elmira
Axundovanın "Heydər Əliyev: şəxsiyyət
və zaman" çoxcildlik roman-epopeyası haqqında
düşüncələr
Xalq
yazıçısı Elmira Axundovanın Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin həyat
yolu, çoxşaxəli fəaliyyəti, mübarizələri
və zəfərlərinə həsr olunmuş "Heydər Əliyev: Şəxsiyyət
və zaman" çoxcildlik roman-epopeyasının Moskvada,
"Kanon" nəşriyyatı tərəfindən rus
dilində üç cilddən ibarət nəşr edilməsi
həm Azərbaycan ədəbiyyatı üçün, həm
də rusdilli oxucu auditoriyası üçün böyük ədəbi
töhfədir.
Kitabın birinci nəşri Heydər Əliyev Fondunun dəstəyi
ilə çox nəfis şəkildə nəşr
edilmiş, ikinci nəşri isə Dağ Yəhudilərinin
Ümumdünya Konqresinin dəstəyi ilə işıq
üzü görmüşdür.
Müəllifin
7 kitabdan, 6 cilddən ibarət "Heydər Əliyev: Şəxsiyyət
və zaman" əsərinin Azərbaycan dilində olan
variantı 2013-cü ildə nəşr olunmuş,
böyük oxucu məhəbbəti qazanmaqla yanaşı, ədəbi,
publisistik, elmi və siyasi dairələrdə də maraqla
qarşılanmışdır. Əsər rus
dili ilə yanaşı, ingilis, macar, türk və tacik dillərində
də nəşr olunaraq beynəlxalq oxucu kütləsinin
istifadəsinə verilmişdir.
Elmira
xanımın haqqında danışdığımız rus
dilində çap olunan üçcildlik roman-epopeyası isə
təkcə Rusiya oxucuları üçün deyil, BMT-nin
altı rəsmi işlək dilindən biri olan rus dilində
danışan və oxuyan, dünyanın müxtəlif
ölkələrində yaşayan milyonlarla oxucuya Azərbaycan
xalqının qürur mənbəyi olan iki əsrin dahisi,
ümummilli lider Heydər Əliyev haqqında dolğun, hərtərəfli
faktlara əsaslanan zəngin məlumat verməklə
yanaşı, Azərbaycan haqqında da geniş, bədii-publisistik
informasiya vermək baxımından olduqca əhəmiyyətlidir.
Kitabın
birinci cildində ümummilli liderin nəsil şəcərəsi,
onun Naxçıvan həyatı, uşaqlıq və gənclik
illəri, İkinci Dünya müharibəsi zamanı
xüsusi xidmət orqanlarında işə qəbul
olunması pillə-pillə yüksələrək Azərbaycanda
Dövlət Təhlükəsizlik Komitəsinin ilk milli rəhbəri
və ilk generalı tituluna qədər
yüksəlməsi zəngin faktlarla, dərin elmi-bədii təhlil
və yüksək sənətkarlıqla öz əksini
tapmışdır. Bu cilddə eyni zamanda Heydər Əliyevin
sosialist Azərbaycanına rəhbərlik etdiyi dövr, onun
SSRİ rəhbərliyi, şəxsən Leonid İliç
Brejnevlə münasibətləri, erməni separatizminə
qarşı mübarizəsi, Azərbaycanın sosial-iqtisadi həyatına,
elmi-mədəni mühitinə qayğısı öz əksini
tapmışdır.
Trilogiyanın
ikinci cildində Heydər Əliyevin SSRİ rəhbərliyində
təmsil olunduğu dövr, oradakı yorulmaz fəaliyyəti,
Mixail Qorbaçovun və onun komandasının ulu öndərə
xəyanətkar münasibəti, Heydər Əliyevin
tutduğu vəzifələrdən kənarlaşdırılması,
Dağlıq Qarabağda separatçı hərəkatın
başlanması və sair tarixi məqamlar müəllifin peşəkar qələminin bədii
dili ilə olduqca maraqlı şəkildə öz əksini
tapmışdır.
Trilogiyanın
üçüncü hissəsində Heydər Əliyevin həyatının
yenidən Naxçıvan dövrü, mübarizəsi,
blokada şəraitində yaşayan Naxçıvan Ali Məclisində
fəaliyyəti, nəhayət, müstəqil Azərbaycana rəhbərlik
etməsi, müasir Azərbaycan dövlətinin qurulmasında
və inkişafında, dünyaya tanıdılmasında
yorulmaz fəaliyyəti əks olunmuşdur.
Akademik
İsa Həbibbəylinin qeyd etdiyi kimi, bu əsərin -
roman-epopeyanın, əslində, üç qəhrəmanı
vardır: dünyamiqyaslı böyük şəxsiyyət
Heydər Əliyev, onun epoxası - əlahəzrət zaman və
ümummilli liderin canından artıq sevdiyi doğma vətəni
olan Azərbaycan.
Xalq yazıçısı Elmira Axundovanın 20 illik gərgin
əməyinin, düşüncələrinin və
yaradıcılığının məhsulu olan bu
böyük əsərin uğur düsturunun bir çox
faktorları vardır. Mən yalnız onların
üçünün üzərində dayanmaq istəyirəm.
Əsərə ön söz yazmış məşhur
qazax şairi Oljas Süleymenovun qeyd etdiyi kimi, bu əsərin
mayasında müəllifin öz qəhrəmanına sonsuz
hörmət və ehtiramı, məhəbbəti dayanır. Doğrudan da,
bu irihəcmli roman-epopeyanın hər sətrində, hər kəlməsində,
hər sözündə müəllifin öz qəhrəmanına
- ulu öndər Heydər Əliyevə böyük hörmət
və ehtiramın şahidi oluruq.
Faktoloji ağırlığına görə bu əsəri
sənədli publisistik elmi təhqiqat əsəri də
adlandırmaq olar. Kitabı çapa hazırlayarkən müəllif Azərbaycanın
və Rusiyanın müxtəlif arxivlərində, Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Heydər
Əliyevin şəxsi arxivində olan çoxlu sayda sənədləri
araşdırmış, faktları və məlumatları
toplamış, Heydər Əliyevin həyatının və
fəaliyyətinin müxtəlif dövrləri ilə əlaqəli
olan yüzlərlə insandan müsahibələr
almış, bu ağır və gərgin əmək tələb
edən işi yerinə yetirərkən bəlkə də,
onlarca qeyd dəftərçəsi yazmış, yüz metrlərlə
maqnitofon, diktofon lentinə qulaq asmış, faktları
saf-çürük etmiş, yalnız doğruluğu
şübhə doğurmayan məlumatları bu kitaba daxil
etmişdir.
Kitabı oxunaqlı maraqlı və dəyərli edən
3-cü arqument isə, fikrimcə, müəllifin istedadı və
peşəkarlığıdır. Bu kitabın hər sətrində
müəllifin əsərin qəhrəmanı və onun zəmanəsi
qarşısında məsuliyyətini hiss edirik. Elmira xanım bir bioqraf məsuliyyəti və dəqiqliyi
ilə hadisələri və faktları təkcə təsvir
etmir, həm də analiz edir, istedadlı yazıçı təfəkkürünün
süzgəcindən keçirərək zamanın və onun
qəhrəmanının bədii obrazını yaradır.
Fikrimcə, kitabın bədii, publisistik, siyasi əhəmiyyəti
ilə yanaşı, tarixi və etnoqrafik dəyəri də
diqqətdən qaçmamalıdır. Xususilə,
trilogiyanın birinci cildində ümummilli lider Heydər
Əliyevin nəsil şəcərəsi barədə məlumatlar
yaxın dövr tariximiz üçün olduqca qiymətlidir.
Kitabda qeyd olunduğu kimi, Heydər Əliyevin ulu babaları
iki qardaş Comərd (İzzət xanımın ulu babası)
və alagöz Məhəmməd (Əlirza Əliyevin ulu
babası) hərbiçi olaraq Nadir şah Əfşarın
qoşununda bölük başçısı, indiki dildə
desək, yüksək çinli zabit rütbəsində
çalışmışlar. Saraydaxili
münaqişə zəminində Pənahəli xan
Cavanşirlə birlikdə Qarabağa qaçmış,
sonradan Qarabağ xanlığının yaranmasında
qoşun başçıları kimi fəal rol
oynamışlar. (Ulu babaları Nadir
şah Əfşarın dövlətində hərbiçi-döyüşçü
olan Heydər Əliyevin Sovetlər dönəmində ilk azərbaycanlı
DTK generalı və bu hərbi qurumun başcısı
olması, nəinki təsadüf deyil, bəlkə də
tarixi qanunauyğunluqdur. Azərbaycan ictimaiyyətinin
çoxuna məlum deyil ki, Qarabağ savaşında Heydər
Əliyevin nəslindən olan 9 igidimiz şəhid olmuş,
onlardan 3-nə Prezident Əbülfəz Elçibəyin Fərmanı
ilə Azərbaycanın Milli Qəhrəmanı adı
verilmişdir. Milli Qəhrəman Aqil Quliyev Xocalıda, Milli Qəhrəman
Fəxrəddin Nəcəfov Çıldıranda (Ağdərə
rayonu) şəhid olmuş, qrad batalyonunun komandiri olmuş
Milli Qəhrəman Nəsimi Quliyev isə hal-hazırda həyatdadır.
- M.U.).
Təqaüd yaşlarına çatanda isə bu iki
qardaşa Qarabağ hökmdarı İbrahimxəlil xan tərəfindən
o vaxtkı Qarabağ xanlığının tərkibinə
daxil olan Zəngəzurun axar-baxarlı dağətəyi əraziləri
bəxşiş olaraq mülk salmaq üçün
verilmişdir.
Öz nəsil və tayfası ilə birlikdə bu yerlərə
köçən qardaşlar bir-birinə qonşu iki kənd
salmışlar: Comərdli və Məhəmmədli kəndləri.
Sonradan Məhəmmədli kəndi
dağılmış, kəndin camaatı Comərdliyə
köçərək öz əmiuşaqları ilə birlikdə
yaşamışlar.
Heydər
Əliyevin atası Kərbalayı Cəfər oğlu
Əlirza kişi və anası İzzət
xanım Cəfərqulu qızı bu kənddə dünyaya
göz açmışlar.
1918-ci
ilin yayında tayqulaq Andranik Ozanyanın
başçılıq etdiyi daşnak quldurları Sisyan
mahalının 115 azərbaycanlı kəndi kimi, Comərdlini
də dağıdıb yandırmış, kənd əhalisini
misli görünməmiş vəhşiliklə qətlə
yetirmişdir. Bu hadisələrdə Heydər Əliyevin ailəsi,
qohumları olduqca böyük itkilər vermiş, sağ qalan
insanlar isə yüz əzab-əziyyətlə Zəngəzur
dağlarını aşaraq Naxçıvanın Culfa,
Əbrəqunus, Qazançı, Cəhri, Milax və başqa
kəndlərinə sığınmışlar. Bu
dövrün hadisələri, eləcə də 1923-cü
ilin may ayının 10-da Əlirza kişinin və İzzət
xanımın ailəsində dünyaya göz aşan Heydər
Əliyevin uşaqlıq və yeniyetməlik illəri, gənclik
dövrü, həmin vaxtlarda Naxçıvanın ictimai, məişət,
təsərrüfat həyatı, təhsil, maarifçilik,
elmi-mədəni mühiti, məhəllələrin,
küçələrin, yeniyetmə Heydərlə münasibəti
və tanışlığı olan şəxslərin
adları Elmira xanım Axundova tərəfindən bir etnoqraf dəqiqliyi
və məsuliyyəti ilə tədqiq edilmiş, o dövr
Naxçıvan mühitinin gözəl etnoqrafik mənzərəsi
yaradılmışdır.
Bu kitab hər
bir azərbaycanlı oxucu kimi mənim üçün həm
də ona görə qiymətli və əzizdir ki,
roman-epopeyanın baş qəhrəmanı Azərbaycan
xalqının, bütov türk dünyasının
bütün tarixi boyu yetişdirdiyi ən böyük şəxsiyyətlərindən
biri olan qürur mənbəyimiz, müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu və banisi Heydər Əliyevdir.
Heydər Əliyev bir-birinə antaqonist olan iki müxtəlif
dövrdə fəaliyyət göstərmiş, Azərbaycana
rəhbərlik etmiş, istər SSRİ dönəmində,
istərsə də müasir dövrümüzdə
xalqımıza böyük töhfələr vermiş dahi
dövlət xadimidir. Heydər Əliyev həm də xoşbəxt
dövlət xadimidir ki, onun qurduğu dövlət, müəyyən
etdiyi siyasi-strateji xətt bu gün də uğurla davam edir.
Onun Azərbaycan xalqına məşhur 2003-cü il sentyabr müraciətində bir peyğəmbər
uzaqgörənliyi ilə söylədiyi - "mənim
başladığım, amma sona çatdıra bilmədiyim
işləri İlham Əliyev başa
çatdıracaqdır. Mən ona özüm qədər
inanıram", - sözləri həyatda öz təsdiqini
tapdı. Cənab Prezident İlham
Əliyev tərəfindən Azərbaycan dövləti
inkişaf etdi, gücləndi, dünya birliyi sırasında
öz nüfuzlu, layiqli yerini tutdu.
Bu kitab həm
də mənə onun üçün qiymətlidir ki,
kitabın müəllifi Heydər Əliyev kimi nadir şəxsiyyət
barəsində yazmağa mənəvi haqqı olan və bunu
dəfələrlə sübut etmiş isdedadlı qələm
sahibi, həqiqəti hər şeydən ucada tutan, mərd və
mübariz bir insan, mənim çoxdan tanıdığım,
dostluq etdiyim, şəxsiyyətinə və
yaradıcılığına dərin hörmət bəslədiyim
Xalq yazıçısı Elmira Axundovadır.
Elmira xanım uzunillik və məhsuldar fəaliyyətinə
görə bir çox titullara layiq
görülmüşdür.
Amma mənim fikrimcə, Elmira xanımın ən
böyük titulu ümummilli lider Heydər Əliyevin
bioqrafı olmasıdır.
Hazırda dünyanın bir çox ölkəsində
politologiya elminin heydərəliyevşünaslıq istiqaməti
maraqla öyrənilir, bu siyasət dahisinin fenomeni
araşdırılır. Məhz Xalq yazıçısı
Elmira xanım Axundovanın "Heydər Əliyev: Şəxsiyyət
və zaman" roman-epopeyası bu baxımdan da olduqca əhəmiyyətli,
tarixi, siyasi, politoloji mənbədir.
Musa URUD
Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.3.