Məscid yolunda gülləri
qoxulamaq
hekayələr
Saatın altında onu gözləyirəm. Saat bir dəfə
danq elədi. Deməli, günorta birdir.
Başımı qaldırıb baxmağa ehtiyac
yoxdur. Bəzən görmədən qərar
verir insan. Darıxanda fəlsəfəyə
keçirəm. Bu, nə axmaq
düşüncələrdi? Yoldan
keçənlərə baxıram. Oğlan, qoca kişi, qız, xala, nənə itlə, baba nəvəsi
ilə, sevgililər...
Lənət şeytana, sevgililəri görüb
darıxdım. Əsl fəlsəfə zamanıdır.
Yox, mən Volter deyiləm ki, darıxanda kitab
yazım. Heç rotterdamlı Erazm da deyiləm.
Darıxmaq olmaz. Gözləyim.
Gələcək, mütləq gələcək.
Axı O, məni sevir...
Danq,
danq... Bir saat da keçdi. Qarnımda
musiqi ansamblı ifa edir. Acmışam.
Ömrümün baharı gəlsəydi,
yaxınlıqdakı restorana gedərdik. Sevgililərçün
ayrılmış kabinet, həzin musiqi,
monastırsayağı ət və üstündən
çay. Mütləq çay
olmalıdır.
Danq, danq, danq. Sanki saatın arxasınca
qaçırlar. Nə tez üç oldu.
Yəqin, bəzənir. Gözləyim.
Deyir, nə qədər səbr etsən, qələbə
bir o qədər şirin və zövqlü olur. Atatürkün planı kimi. Geriyə
çəkilə-çəkilə düşməni öz ərazilərində
məhv etmək. Səbrli olan həmişə
qalib gəlir. Yəqin, dodaqlarına
çiyələk sürtür, yanaqlarına isə moruq.
Gözlə, Adil, gözlə. O səni sevir. Mütləq
gələcək.
Danq, danq,
danq, danq... Oğraşdı yalan deyən, səbrim
tükənir. Gəlməsə,
küsüb getməyəcəyəm. Yalnız
sevməyən insanlar belə edir. Mən
onu tapıb üzünə deyəcəyəm. Hər şeyi deyəcəyəm. Əlimdəki güllər də solur. İnsanın ürəyi solsa da, üzdə
görünmür. Yenə fəlsəfə
açıram. Yavaş-yavaş soyuq olur.
Üşüyürəm. Xəyali
çərçivə çəkib ətrafında
fırlanım. Bədənim
qızsın. O, burada olsaydı, diskotekaya gedərdik. "Çarliston"dan girib, "Tvist"dən,
"Tərəkəmə"dən girib "Lambada"dan
çıxardıq. Gəlmir...
Danq, danq,
danq, danq, danq... Saata bədbəxtlər
baxır. Bəlkə mən dəqiq insanam.
Bədbəxt deyiləm. İşə bir
bax! Özüm-özümü ittiham edib sonra tərəfimi
tuturam. Həm hakiməm, həm də vəkil.
Popkorn satan oğlanın səsi başıma
düşdü. Üç dilənçi
yaxınlaşmışdı. Bu da
dörd oldu. Hamı da bir manat istəyir.
Dilənçi köpək uşaqları
sevgilimi tapıb gətirsəydilər, milyonlar verərdim.
Milyonum var axı?!
Danq, danq,
danq, danq, danq, danq... Məni dəli etməyi
düşünür. Daha bilmir ki, meşədə
mənim kimi cır qoz yoxdur. Üstümə
buldozer çıxsa da, sınmaram. Dirəşmişəm.
Gələcək.
İlk görüşümüz yadımdadır. Məni
aldadıb fotosessiya adı ilə
çağırmışdı. Hərdən
ona hirslənirəm. Amma sonra yadıma
düşür ki, hərəkət edən oğlan deyildim.
Key kimi qızlara baxıb xəyallar qururdum. Halbuki
yaraşıqlı idim. İki cümlə
desəydim, axşam tək yatmayacaqdım. Son günə
qədər söz oyununu bacarmayacağam...
Danq, danq,
danq, danq, danq, danq, danq... Yetər, bəsdi... Hər
şey bitdi. Altı saatdan çox
keçib. Məni ələ salır.
Gedib onu tapacağam. İkinci
görüşümüz yadıma düşür. Pul çox çıxmasın deyə,
restorandakı menyunu oxuyandan sonra "gəl gedək
Makdonaldsa" demişdi. Eh Gültən, eh... Səni öldürəcəyəm.
***
Hava qaralır. Kölgələr
dağılışıb evlərinə gediblər. Ay
da ulduzları qoltuğuna vurub gecəgilə gedəcək; hər
gün olduğu kimi. Axşam düşdükcə
şaxta artır. Yerə düşən
yarpaqlar üşüyür. Ağaclar
onlardan uzaq düşmüş yarpaqlar üçün
darıxır. Yazda yeni tumurcuqlanan yarpaqlar
xəzəl olmuş yarpaqları anlamazlar.
İki molla qəbiristanlığın həyətində
tikilmiş daxmalarında dəmir sobaya yaxın oturublar. Biri dua edir.
O biri isə əsəbiləşir. Qara araqçınlı
molla xeyli susandan sonra ağ
araqçınlıya deyir:
- Dayan
da... Dua vaxtıdır? Bütün
günü işin dua etməkdi. İmkan
ver söhbət edək. Xeyri yoxdu. Nə qədər dua eləsən də, cəhənnəmə
düşəcəksən.
Ağ araqçınlı susur. Üzü qəribə
şəkil alır. Sonra sual verməyə tələsir:
- Niyə
elə düşünürsən?
- Bilirsən,
uzağa getməyək. Elə götürək
dünənki hadisəni. İki yerə
ölü basdırmağa
çağırmışdılar. Varlı
adamın evinə getdin. Kasıba isə dedin ki, mənə
zəng eləsin. Elə bilirsən, xəbər
tutmadım?
Ağ araqçınlı qırmızı sifət
alıb qaşlarını endirir.
- Düz
deyirsən. Amma günah olmasaydı, dua nəyə
lazım olardı?
-
Heç mən də bilmirəm. Bir onu bilirəm
ki, həyat qəribədir.
İkisi də susub sobada çıqqıldaşan
odunların səsinə qulaq şahidi olurlar.
Ölü səssizliyi qara araqçınlı molla
pozur.
- Bir pəncərəyə
bax!
Ağ araqçınlı molla yavaş-yavaş dizlərini
yerə qoyub pəncərədən qəbiristanlığa
açılan mənzərəyə baxır. Qoca bir kişi
yağışın altında ziyarətə gəlib. Əlində də solğun qızılgüllər.
- O kimdi?
-
Heç bilmirdim oradadır. Daha doğrusu, o, hər
gün gəlir deyə təxmin etdim. Bir həftədir
hər gün gəlir. Əvvəl mən
də tanımırdım. Sən də
qardaşıngilə bir həftəlik qonaq getmişdin deyə,
fikrimi bölüşə bilmirdim. Kəndin
ağsaqqallarından maraqlandım. Qocanın
ömür-gün yoldaşı keçən həftə vəfat
edib.
- Hə,
nə olsun?! Belələrini çox
görmüşəm. Uzağı gələn
həftə yoldaşını unudacaq.
- Qulaq as!
Maraqlısı bu deyil. Maraqlısı
odur ki, O, yoldaşının ölümü ilə
barışmayıb. Hər gün şəhərdəki
saatın altında dayanaraq sevgilisini gözləyir. Məhəlləmizdəki
uşağa iki dəfə beş manat
vermişdim. Onu izləyib mənə xəbər
çatdırırdı. Onun
üçün hamı ölüdür. Bir tək
sevdiyi qadından başqa...
- Sən
də elə onun ağlındasan.
-
Anlamayacağını bilirdim. Qoca kişi
otuz il geriyə səyahət edib. Sevgilisi ilə
görüşə gedir. Yoldaşının
görüşə gecikdiyinə hirslənib qəbiristanlığa
yol alır. Hər gün. Onu burada tapıb tənbeh edir. Sonra
üzr istəyir. Sonra ağlayıb yerə
çökür. Torpağı
öpüb qadını sığallayırmış kimi
qumda eşələnir. Axırda da
gülləri qoxulayaraq çıxıb gedir. Bilirsənmi gülləri nə üçün
qoxulayır?
- Niyə?
-
Yadına gəlir? Ağlını itirmiş
bir qoca hər gün məscidə gələndə parkın
güllərini qoxulayıb sonra yoluna davam edirdi?
- Hə,
yadımdadır. Məclisini mən
aparmışdım. Əlli manat verdilər.
- Gülləri
qoxulamaq sənin qışqıra-qışqıra
oxuduğun dualardan min qat böyük və saf duadır.
Sonuncu
uçuş
Dəm bu dəmdir
dəm bu dəmdir
dəm bu dəmdir
dəm bu dəm!
İ.Nəsimi
Hündür binaların arası ilə yeriyirdim. Özümü göydələnlərin
əhatəsində balaca və gücsüz hiss edirdim. Elə
bilirdim şəhərdə məndən başqa heç kim yoxdur. Qışqırsam, əks-səda
verəcəyindən qorxurdum. Sanki hansısa bədbəxt
hadisədən öncə insan ürəyində yaranan vahimə
boğazıma dirənmişdi...
Hava işıqlı olsa da soyuq idi. Günəş
üşüdüyü üçün buludların arxasından
çıxmışdı. Günəşin
göydələnlərə göndərdiyi şüalar
şüşələrdən əks olub gözlərimi
qamaşdırırdı. Təsadüfə bir bax! İş yerim də göydələndə yerləşirdi.
Çoxmərtəbəli binaya daxil olub işə
başladım. İnsanların
üzündən zəhrimar yağırdı. Səhər 7-dən dünyanın ən xoşbəxt
adamını da oyadıb işə gətirsən
üzündən zəhrimar yağar. İş
yoldaşım ayaq üstə dayanıb. Gözləri
açıqdır, amma yatıb.
Əllərim cibimdə binanın 21-ci mərtəbəsindən
şəhərə baxıram. İnsanlar
qarışqalara bənzəyirlər. Harasa
tələsirlər. Uzaqdan hər şey
maraqlı görünür. İstəyir
Zevs və digər tanrılar olsun, istərsə də Allah
olsun zövqlü işlə məşğuldurlar. Uzaqdan seyr etmək. Hadisənin
içində olanda çox şey gözdən
yayınır. Uzaqdan isə elə deyil.
Məncə, insanlar göydələnləri
Tanrı kimi uzaqdan seyr etmək üçün tikiblər.
Çoxlu pulu olan insan ən hündür
binanın ən yuxarı mərtəbəsində ofis
almağa çalışır. Ki,
bütün şəhər ayağının altında
qalsın. Gözəl bir xanım
restoranın 29-cu mərtəbədə yerləşməsini
İnstagramda paylaşdığı şəklin
başlığında xüsusi qeyd edir. Özünü
elit ailədən olduğunu sübut etmək
üçün qurulmuş bir oyunun qurbanı. Kasıb isə yerin altında yaşayar. Metro
da yerin altındadır...
Özümə kofe süzüb qurtum-qurtum içirəm. Ofisimizdəki
klaviaturaların səsi başıma düşür. İnsanlar içi mən qarışıq
ömürlərinin 3-də 2 hissəsini işdə
keçirirlər. İnsan işləmək
üçünmü yaranıb? Bəs,
özünü tapmaq? Özünü axtarmaq iş
sayılmırmı? Bədbəxt insanlar! Bədbəxt mən!
Uzaq-uzaq xəyallarda itib batmışam. Qəflətən
göydələnin ikiqat şüşəsinə nə isə
dəyib aşağı diyirləndi. Hürküb
arxaya çəkildim. Maraq hissi mənə
qalib gəldiyi üçün liftə sarı tələsdim.
Birinci mərtəbənin önünə
çatar-çatmaz otluqda quş gördüm. Boynu sınmışdı. Dimdiyi
aralı qalmışdı. Qan izləri
görünürdü. Anidən kövrəldim.
Ürəyimdə danışmağa başladım:
- Sən
də mənim kimi bədbəxtsən, ay quş! Göydələndə
görünən mənzərəni təbiət bilib
şüşəyə çırpılan bədbəxt! Gör indi dünyada nə qədər quş
göydələnlərin ucbatından ölüb. Yox, göydələn cansızdır.
Günahkar, qatil, cani insanlardır! Özünü
dünyanın ağası sayan insanlar. Mağaradan
göydələnə kimi tikə-tikə gələn, amma
yerini tapmayan məxluqlar. Yerin nüvəsindən kosmosa
qədər kəşf edən həşəratlar!
Bütün planetlərdəki yaşayış
planlarınız başınıza dəysin! Bir quş sizin
ucbatınızdan öldü... Bir damla gözyaşı
yanağıma çatanda yüngül qaşıntı verdi. Baş barmağın üst hissəsi ilə
sildim...
***
- Xoş
gəlmisiniz, Aydın bəy!
- Xoş
gördük!
- Necəsiniz?
- Necə
olmağım sizdən asılıdır.
- İcazənizlə "sən"lə
danışaq.
- Buyurun.
-
Hansı hadisədən sonra intihara cəhd etməyə
başlamısan?
-
Quşların ölümündən sonra.
-
Dünyada milyonlarla canlı ölür. Hətta
qızdırmanı salmaq üçün milyonlarla bakteriya
öldürülür.
- O
quşun günahı yox idi. İnsanların tələsinə
düşmüşdü. Göydələn
gözəgəlimli görünsün deyə, üst
şüşəsini ayna kimi düzəldirlər və
quşlar bunu anlamadıqlarına görə iri
şüşələrə çırpılıb
ölürlər. Meqapolis qurbanları...
-
Hamımız günahkarıq. İdeal heç nə və
heç kim yoxdur.
- Təsəllidir
dediklərin... Mən həmin quşdan daha
çox günahkar idim. Bu hadisəyə
kimi yalnız özümü düşünüb yaşamışam.
Quş yaşamağa layiq idi. O, bəlkə
də balalarına yem axtarmağa çıxmışdı.
Bıçağı götürərək psixiatr
xanımın üstünə qaçdım. İki
bıçaq zərbəsindən sonra, sanki yaddaşım
keyləşdi. Ardını saya bilmədim.
Yorulub dayandım. Bıçaqdan
damcılayan qana baxıb güldüm. Dəli
bir gülüşlə kədərimi boğmağa
çalışdım. Alınmadı.
Bütün mənasız həyatım
gözümün qarşısından film lenti kimi gəlib
keçdi. Növbəti bıçaq zərbəsi
qarnıma istilik gətirdi. Yavaş-yavaş gözlərim
yumulur...
Nemət Mətin
Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.7.