Çağdaş uşaq ədəbiyyatının problemləri

- zamandan gələn notlar

 

I yazı

 

Bütün dövrlərdə uşaq ədəbiyyatının ideya-estetik siması müasir bədii fikrin əsas inkişaf xətti ilə bağlı olub. Bu gün də belədir. Uşaq ədəbiyyatında mövzu rəngarəngliyindən tutmuş forma dəyişiminə qədər çox yenilənmələr gedib.

Uşaq ədəbiyyatı haqqında meydanda olan kitablar, tədqiqat əsərləri, araşdırma yazılarından başqa, sovet dövründən bu yana yazılmış bir çox məqalələr var ki, məsələn, Səməd Vurğunun, Mikayıl Rzaquluzadənin, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Məmməd Cəfər Cəfərovun, Məmməd Arif Dadaşzadənin, İmamverdi Əbilovun, Yaşar Qarayevin, Bəkir Nəbiyevin, İsa Həbibbəylinin, Elçinin, Şirindil Alışanlının və başqa tanınmış qələm adamlarının icmal, problem xarakterli yazılarında mövzuya peşəkar yanaşmanın şahidi oluruq. Bu yazılarda ən önəmli cəhət onlarda uşaq ədəbiyyatına hədsiz məsuliyyət və tələbkarlığın olması faktıdır. Sovet hakimiyyətinin süqutundan sonra ədəbiyyatda yaranmış azad mühitin anarxiya səviyyəsində dərki və onun gətirdiyi anomaliya uşaq ədəbiyyatına da təsirsiz qalmadı. Bu sahəyə axın başladı, kitab nəşrləri artdı, marketinq şəbəkəsi genişləndi, fərdi maraqların, qazanc industriyasının önə keçməsi tələbkarlığa məsuliyyəti azaltdı, daha çox bədiilikdən uzaq kitablar dövriyyəyə buraxıldı. Eyni zamanda mövzu ilə bağlı məsələləri davamlı gündəmdə saxlayan, elmi-nəzəri predmetin analizinə daxil edən müəllif yazıları pərakəndə yazıldığından konseptuallığı ilə diqqət çəkmədi, sistemli baxış olaraq meydanda olmadı.

Son zamanlar çağdaş uşaq ədəbiyyatında canlanma nəzərə çarpır. Bunu bir neçə mənalarda hallandırıb izah edə bilərik. Təbii ki, ilk növbədə, uşaq yazarlarının öz işlərinə inadla davam etməsi, bu yöndə maraqlı nümunələrin meydana qoyulması ilə. İkincisi, ədəbiyyata yenicə adlayan gənc yazarların bu sahəyə marağının güclənməsi ilə. Bir də uşaq ədəbiyyatı ilə bağlı - təbliğatdan, təqdimatdan tutmuş müzakirə təriqi ilə keçirilən tədbirlərin ardıcıl xarakter alması ki, qeyd etdiyim bu sonuncu məqam stimul yaradan əsas səbəblərdən biridir.

Uşaq ədəbiyyatı xüsusi diqqət, davamlı təbliğat tələb edən sahədir. Bu sahənin inkişafı üçün kollegiallığa xüsusi ehtiyac var. Yazıçı, şairin işi bu gün yalnız yaxşı mətn meydana qoymaqla məhdudlaşmalı halda, o, daha izafi məsələlərlə yüklənir. Öz hesabına çap etdirdiyi kitabların ictimaiyyətə ötürülməsi, təbliğ olunması qayğısını da daşımağa məcbur olur. Halbuki, onun kitabxanalara paylanması, məktəblərə təqdim olunması, müzakirələr, görüşlərin təşkili məsələləri ilə xüsusi sahələr məşğul olmalıdır.

Bu istiqamətdə əsas rolu qəzet və jurnallar, televiziya oynayır ki, son vaxtlar uşaq ədəbiyyatı problemlərinin prioritet məsələyə çevrilməsinə şahid oluruq. "Azərbaycan" jurnalı ötən il dekabr sayını bütünlükdə bu sahəyə həsr etmişdir. "Ədəbiyyat qəzeti"nin 1 iyun 2019-cu il sayı uşaq ədəbiyyatına həsr olunmuş buraxılışı ilə yadda qaldı. Reyhan Yusifqızının və Solmaz Amanovanın kitabları Mədəniyyət Nazirliyinin bir ildən bir keçirilən və bir nominasiyası da "Uşaq ədəbiyyatı"nın inkişafına stimul olaraq yaradılmış "Qızıl Kəlmə" mükafatına layiq görüldü. Sevinc Nuruqızının "Melisa" romanı Türkiyədə birinci oldu. Televiziyada ard-arda uşaq ədəbiyyatına həsr olunmuş verilişlər təqdim olunmaqdadır. Azərbaycan televiziyasında canlı yayımda təqdim olunan "Çıxışa doğru", Xəzər televiziyasının "Könül dünyası" verilişlərində uşaq ədəbiyyatına ayrılan diqqəti etiraf etməliyik. Bunu indiki şou bazarının işləkliyi dönəmində daha önəmli hesab etməliyik. Uşaq ədəbiyyatını təbliğ etməyi televiziyanın maarifçilik xəttinin bir quluna çevirmək lazımdır və zəruridir. Çünki televiziyalar daha çevik təbliğat vasitəsidir. Kitabların, qəzet və jurnalların girmədiyi evə televiziya girir və maarifçi rol oynamaq gücünə malikdir.

1994-cü ildə professor Şirindil Alışanlı "Əyanilik və konkretlik" adlı məqaləsində yazırdı ki, "Təkcə belə bir faktı göstərmək kifayətdir ki, respublikamızda filoloji fikrin mərkəzi sayılan Nizami adına Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının tədqiqi ilə bağlı məsələlərə yalnız təsadüfi halda müraciət edilir" (Şirindil Alışanov. Sözün estetik yaddaşı. Bakı, "Elm", 1994, s. 180).

Bu gün vəziyyət əksinədir, Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatının inkişafı istiqamətində mühüm addımlar atılır. Bunu uşaq yazarlarının özləri də etiraf etməkdədirlər. Tək onu demək kifayətdir ki, hər il keçirilən "Ədəbi proses" elmi yaradıcılıq müşavirəsində bu sahəyə dair silsilə məruzələr dinlənir. Bu məruzələr hər halda uşaq ədəbiyyatının inkişaf qanunauyğunluğu ilə bağlı müəyyən fikir hasil etməyə, ümumiləşdirmələr aparmağa imkan yaradır. Bu yaxınlarda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunun keçirilməsinin faydaları haqqında yazdıq və "Ədəbiyyat qəzeti"ndə geniş işıqlandırdıq. Bütün bu məsələlər uşaq ədəbiyyatına akademik, ciddi münasibətin ifadəsi sayıla bilər.

 

***

 

Nəşriyyatlarda çap olunan əksər əsərlərin bədii estetik cəhətdən yararsızlığından, uşaq təfəkkürünə uyğunsuzluğundan danışırıq. Bu gün çap imkanları genişdir. Biz nə qədər "uşaq ədəbiyyatı kommersiya maraqlarının girmədiyi sahədir" desək də, təəssüf ki, bəzən əks proseslə rastlaşırıq və reallıq bu ki, bunun qarşısını almaq qeyri-mümkündür. Bəs bu vəziyyətdə necə həll yolu düşünməliyik? Bunun bir neçə yolu var, əlbəttə. İlk növbədə, mütəxəssislərdən, peşəkar uşaq yazarlarından ibarət Elmi Şura yaratmalıyıq. Uşaqlar üçün oxunması vacib, faydalı kitablar xüsusi haloqramlarla kitabxanalara, satış məkanlarına təqdim olunmalıdır. Bir də hər şəxsin məsul olduğu işdə uşaq maraqlarına xidmət, onun sabahına yönələn doğru əmələ imza atmaqla. Məsələn, buna bir nümunə olaraq, "Göyərçin" jurnalını göstərmək olar.

Rafiq Yusifoğlunun redaktoru olduğu "Göyərçin" jurnalının elə tək son bir ildə çıxan bütün saylarına istinadən qətiyyətlə deyə bilərəm ki, hələ də liderliyi qoruyub saxlayan, güclü ənənəsi olan, yaddaşla bu günə körpü salmağı bacaran bir nümunədir. Düzdür, jurnalda nəzərə çarpan orfoqrafik səhvlər, eyni zamanda seçilən çağdaş uşaq ədəbiyyatı nümunələrinin bəzən bədii-estetik keyfiyyət baxımından ürəkaçan olmaması jurnalın səviyyəsinə, görülən böyük işə xələl gətirən amillərdir. Unutmayaq ki, sözlərin yazılışında səhvlərə yol verilməsi hələ yazıb oxumağa yenicə başlayan uşaq üçün yanlış yönləndirmə ola bilər. Bununla belə, jurnalda müxtəlif ölkə xalqlarının uşaq ədəbiyyatından seçmələrin verilməsi, folklor, nağıl, hekayə və şeirlərin uşaqların yaş senzinə, düşüncələrinə müvafiq təqdim olunması redaktorun işə təəssübkeş münasibətini sərgiləyir. Görünür, bu təəssübkeşlik həm də ondan doğur ki, Rafiq Yusifoğlu özü də uşaq yazarıdır və uşaqlarımızın gələcəyinə cavabdehlik hissi daşıyan insanlarımızdan biridir.

 

***

 

Bütün dövrlərdə uşaq ədəbiyyatının ideya-estetik siması müasir bədii fikrin əsas inkişaf xətti ilə bağlı olub. Bu gün də belədir. Uşaq ədəbiyyatında mövzu rəngarəngliyindən tutmuş forma dəyişiminə qədər çox yenilənmələr gedib. Qarabağ dərdi, qaçqınlıq ağrıları, şəhid ucalığının əks olunduğu əsərlərlə yanaşı, dini motivlərin yer aldığı uşaq şeirləri, hekayələri də yazılır. Dekonstuksiyaya meyil, mətnə yeni məzmun çalarları qazandırmaq, yeni obraz və ifadə tərzindən istifadə ilə onu çağın müstəvisinə adaptasiya etdirmək cəhdləri yenilənmə prosesinin əsas stimulu sayılmalıdır.

Uşaq ədəbiyyatının mövzu dairəsinə illərdir Qarabağ məsələsi daxil olub. Yazarlarımız vətəndaş olaraq bu ağrını içlərində daşıyırlar və mətnlərə yol açılması təbiidir. Hətta dünyasını dəyişmiş uşaq yazıçı və şairlərimizin belə, yaradıcılıqlarının son dönəm mövzusu müharibə ilə bağlı oldu. Məsələn, Xanımana Əlibəylinin, Məstan Günərin şeirlərindən qaçqınlıq, şəhidlik, müharibəni pisləyən məqamlar daha önə keçdi və bu dövrə qədər daha çox təbiətin, vətənin, insani münasibətlərin vəsfi, coşqu və sevincin aparıcılığı ilə seçilən bu şairlərin poeziyası yeni ovqat və məzmuna transfer elədi. Təsadüfi deyil ki, bu yaxınlarda görkəmli uşaq yazarımız Teymur Elçinin "3 alma" nəşriyyatında çap olunan yeni kitabı da belə adlanırdı: "Könlüm Qarabağdadır". Bu artıq yazıçı sözü olmaqla bərabər, çağın irəli çəkdiyi reallığın adıdır, günün nəbzidir ki, daha çox Zahid Xəlil, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Qəşəm Nəcəfzadə, Reyhan Yusifqızı, Rafiq Yusifoğlu, Mina Rəşid, İbrahim Yusifoğlu, Aygün Bünyadzadə, Məmməd Namaz, İnqilab İsaq qələmində davamlı olaraq funksionallıq qazanır (mətnlər haqqında yazımızın ikinci hissəsində geniş bəhs olunacaq).

Müharibə və onun gerçəkləri... Bu gün, bəlkə də, bütün dünyanın başlıca problemidir. Xüsusən də uşaqlar ilə çalışan instansiyaların. Axı müharibədə öldürülən, əzab çəkən, işgəncəyə məruz qalan daha çox uşaqlardır. Ötən həftə Sevinc Nuruqızının "Ədəbiyyat qəzeti"ndə çap olunan "Bakı-Doha-İncon reysi ilə Sürəyyanın axtarışında..." məqaləsində (7 dekabr, 2019) bu məqamla bağlı bir nüans diqqətimi çəkdi:

"Asiya Mədəniyyət Mərkəzinin builki "Şəkilli kitab" layihəsinə iki ölkə düşmüşdü - Azərbaycan və Monqolustan. Amma təvazökarlıqdan bir qədər kənar olsa da, deyim ki, nəşriyyatın direktoru və baş redaktoru - hər ikisi mənə eyni sualla müraciət etdi:

- Siz belə gözəl əsəri necə yazmısınız?

Onlara hekayədə baş verənlər maraqlı idi. Hətta onlardan bu sualı da aldım:

- Niyə məhz müharibə mövzusu?

Qarşılığında mən onlardan soruşdum:

- Mən üç hekayə göndərmişdim, seçiminiz nədən "Ağca və Cuppulu" oldu?

Suallara nə onlar tutarlı bir cavab verdi, nə də mən. Amma özlüyümdə bu qənaətə gəldim ki, istər koreyalı olsun, istərsə də azərbaycanlı - hər kəsin ürəyində müharibəyə sərt və kəskin bir "YOX" nidası var. Yəqin ki, elə həmin nida məni yazmağa, onları isə nəşr etməyə ruhlandırıb. Və belə qərarlaşdırdıq ki, kitabın üzərində adından başqa, müharibələrə qarşı yönəlmiş "Uşaqlar, gəlinciklər və göyərçinlər müharibəyə YOX deyir" çağırışı da yer alsın...".

 

***

 

Yeni qəhrəmanlar niyə yaranmır deyə çox sual edirlər. Elə bu yaxınlarda olduğum bir televiziya verilişində üzləşdiyim sualın biri bu idi. Doğrudanmı, yazılan bütün uşaq mətnlərini oxuyub qəhrəmanlarını tanıyırıq? Yaxud biz oxuduğumuz obrazları nə vaxt qəhrəman etməyə çalışdıq? Haqqında davamlı yazdıq, cizgi filmlərinə gətirdik, təbliğat predmetinə çevirdik? Məsələn, Reyhan Yusifqızının elmi-fantastik üslubda meydana çıxan "Yaşıl gözlü qız", "Zamanın əsirləri" və "Uzaq planetin sirri" trilogiyası uşaq ədəbiyyatımızda bu istiqamətdə boşluğu təmin etməklə bərabər, uşaqların maariflənməsinə, macəra axtarışlarına, yeni texnologiyalar haqqında bilgilərə sahiblənməyə pozitiv qida verən nümunələrdəndir. Bu qəhrəmanlardan yararlanmağa, çağın müstəvisinə proyeksiyalamağa çalışdıqmı?

Hətta yeni qəhrəman olmasa belə, bu o deməkdirmi ki, bu gün hələ də sevilən Cırtdan, Tıq-Tıq xanım və başqa obrazları tarixə gömək, yaxud estetik yaddaşdan kənarlaşdıraq? Bir halda ki, onları yeni versiyada işləməklə dövriyyəyə gətirmək mümkündür. Türkiyədə qədim ədəbiyyatdan gələn Kəloğlan personajı yeni nəsil uşaqların sevimli qəhrəmanıdır və türklər buna obrazı yeni versiyada işləməklə nail olublar. Yaxud kökü XVII əsrə gedib çıxan bir məsələ, fransız yazar Şarl Perronun qədim dövrə aid nağılları toplayaraq, onların qəhrəmanlarını öz dövrünə uyğunlaşdırıb, tamamilə yeni məzmunlu nağıllar qələmə alması faktı. İlk dəfə 1697-ci ildə çap olunmuş "Ana Qazın nağılı, yaxud keçmiş zamanların hekayətləri" kitabında bu gün də çox məşhur olan 8 nağılın toplanması və onun gətirdiyi şöhrət Fransada yeni dalğa yaratmış və bu sahəyə marağı artırmışdır. Ədəbi-tənqidi esselər müəllifi Mətanət Vahidin 2015-ci ildə yazdığı "Nağıl dekonstuksiyası" məqaləsində oxuyuruq: "Turpun nağılı"nın dekonstruksiyasından bəhs edən Aydın Talıbzadə bir neçə il öncə yazırdı ki, nağılı dekonstruksiya edəndə ətrafa fəlsəfi tezislər səpələnir. Qəhrəmanları öz nağıllarından "qoparıb" yenilərinə gətirəndə onlar yeni zamana, onun tələblərinə uyğunlaşır, dünyagörüşlərini, düşüncələrini, əməllərini dəyişirlər. Əks təqdirdə, bir məkandan digərinə adlamağın - ədəbi oyunların nə mənası olar, nə də əhəmiyyəti".

Həqiqətən belədir, nağıl xalqın ruhuna bələdliyə daha yaxşı imkanlar açır. Amma o, həm də hər dövrün ruhuna müvafiq bir nəzərlə meydana qoyula bilər. Bu yöndə müəyyən nümunələrimiz var ki, nağıl qəhrəmanlarımızın yeni macəra və məzmun qarışımında təqdimatına imkan verir. Rasim Qaracanın postmodern estetikası əsasında yazılan, "Cırtdan" nağılının yeni interpretasiyası kimi meydana çıxan "Kim yatmış, kim oyaq" hekayəsi folklordakı Cırtdanı yeni müstəvidən tanıdır, onun zirəkliyini Divi aldatması, balaca canı ilə ona kələk gəlməsi kimi detallarda deyil, özünü, nənəsini, ətrafını, xalqını xilas etməyə yönəlmiş niyyətdə sərgiləyir.

Sevinc Elsevər "Tıq-tıq xanımın nağılı" əsasında yazdığı eyniadlı dekonstruktiv hekayədə də fərqli düşüncə planı meydana qoyur. Bütün hallarda Siçan bəylə Tıq-Tıq xanım dostdurlar, heç bir halda küskünlük baş vermir. Burada suya düşən Siçan bəy olsa da, Tıq-Tıq xanımın ona arxa durması, dost rəftarı hekayədən əxz olunan və uşaqlarımıza ötürülən dəyərli mesajdır. Eləcə də Sevinc Elsevərin yeni formada təqdim etdiyi digər hekayə - balaların azadlığa can atması, müstəqil həyata alışmaq cəhdlərinin uğurlu mətn həllini tapdığı "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılı, Zahid Xəlilin "Cırtdan və Azmanın sərgüzəştləri" əsərində Cırtdan, yeni çap olunan "Çınqı" kitabındakı Cırtdanın qardaşı kimi verilən Çınqı obrazları ənənəvi qəhrəmanımıza qazandırılan yeni biçim kimi maraqlıdır.

Bu yaxınlarda "Parlaq imzalar" nəşriyyatında Mina Rəşidlə Səltənət Zülfüqarovanın müəllifliyi ilə "Meyvələrin söhbəti" kitabı çap olundu. Füzulinin məşhur əsərinə istinad edərək adlandırılan bu kitabda "Meyvələrin söhbəti"nin üslubu bilərəkdən təqlid olunur, burada meyvələrin lovğalığı deyil, onların öz dilindən sağlamlığı, uşaqlara faydası məsələsi önə çəkilməklə yeni versiyada təqdim olunur. Belə nümunələr az da olsa var, yaranır. Problem bizim onlardan yararlana bilməməyimizdədir. Məsələn, niyə nağıl qəhrəmanları, mifoloji personajlar, dastanlarımızdakı obrazlar, tarixi sərkərdələrimizin obrazı cizgi filmlərimizə gətirilmir? Ümumiyyətlə, düşünürükmü ki, uşaqların obrazlı yaddaşında bu gün hansı qəhrəmanlar yer tutur. Bəlkə Avropanın bu yöndə fəaliyyətindən faydalanaq? Onlar ki, uşaqlar üçün maraqlı eksperimentləri, əyləncəli, düşündürücü testləri, psixoloji çalarlı yoxlamaları ilə həmişə seçilirlər. Bu yaxınlarda heyvanları qorumaq, onlara qarşı həssas olmaqla bağlı kiçik bir videoçarxa baxdım. Bu kiçik videoçarxda uşaqları heyvan sevgisinə alışdırmaq üçün çox şey vardı. Kiçik süjetə böyük mətləblər ifadə edən məzmun yükləmişdilər. Belə nümunələr çoxdu. Çünki uşaq dünyasının maraqları, onun faydalı insan kimi yetişməsi diqqət hədəfindədir. Bu məsələdə dediyim kimi, kollegialdırlar. Uşaqlar üçün ayrıca televiziya kanalının olması faktının özü artıq mənzərəni yetərincə aydın görükdürür.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının bu istiqamətdə gördükləri işləri qeyd etmək lazımdır. Bu kitabxananın VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında gözdən əlil uşaqlar üçün seçmə müəlliflərin hekayələrindən ibarət "Hər uşağın nağıl payı" adlı Brayl əlifbası ilə nəşr edilmiş və jest dili ilə mp4 formatda tərcümə olunaraq nəşr edilmiş elektron kitabların təqdim olunması ancaq qürur doğurası faktdır. Bütün uşaqların, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların da maariflənməsi, rahat şəkildə böyüməsi üçün atılan bu cür addımları ancaq alqışlamaq və davamına imkan yaratmaq lazımdır.

 

***

 

Dünya ədəbiyyatına nəzər yetirəndə tanınmış yazıçıların müəyyən yaş dönəmindən sonra uşaq ədəbiyyatına müraciətini, bu sahəyə adladıqlarını görürük. Məsələn, Türkiyə ədəbiyyatında Tofiq Fikrət yaradıcılığının ən parlaq dönəmində, 47 yaşında artıq uşaqlar üçün yazmağa başlamış, məşhur "Şərmin" şeirlər toplusunu 1914-cü ildə çap etdirmişdir. Onun "Şərmin balama", "Yetim", "Xəstə çocuq", "Mələkin quzusu", "Gəlin bahar", "Qırıq at", "İki yolçu", "Quşlarla yarış" kimi şeirlərindəki uşaq psixologiyası və taleyi məsələsinin qoyuluşu artıq həyatı müəyyən dərk məqamına yetmiş yazıçının təfəkkür məhsulu kimi meydana çıxmışdır.

Son illər bu sahədə qələm işlətməyə başlamış Elçinin "Mənə niyə gülürlər", Ramiz Rövşənin "Göyərçinim, gəl görüm" və "Şəkilli Əlifba" kitabları (müəllifin dediyinə görə, "Dostum qurbağa" adlı üçüncü kitab da olacaq) göstərir ki, bizdə də tanınmış yazarlar uşaq ədəbiyyatına tərəf səmtlənməyə başlayıblar. Bütün hallarda yazdığı mətnlərin alt qatında insan metaforasına yer saxlayan Elçin yaradıcılığı üçün belə bir dönüşə imza atmaq gözlənilən məqamdır. Eləcə də daim metafizik qata, ruhsal aləmə həssaslığı ilə seçilən Ramiz Rövşənin yaşın bu çağında uşaqlar üçün mətnlər yazması getdikcə sozalan, işığı azalmaqda olan dünyadan narahatlığın izharından başqa bir şey deyil. Bunu 11 may 2019-cu ildə Bakı Kitab Mərkəzində Ramiz Rövşənlə keçirilən görüşdə şairin özü də etiraf etmişdir: "Mən niyə uşaq şeirləri yazmaq istədim? Düşündüm ki, bizim yaddaşımız işğal olunur. Artıq yeni dövr uşaqlarına ABŞ və digər ölkələrin cizgi filmləri göstərilir və onların öz yaddaşı yoxa çıxır. Yaddaşın işğalı başlayıb. Mən o yaddaşı bərpa etmək üçün yazmaq istədim" (Ramiz Rövşənin izdihamlı görüşündən Reportaj. http://kulis.az/news/24815).

 

***

 

Amma yaddaşın bərpası həm də klassik irsi çağın təcrübəsindən, nəzərlərindən oxunuşdan keçir. Onun dərk, idrak və şərh üsullarında köklü dəyişmələr etməklə. Bunun üçün ciddi akademik ölçüləri gözləyən uşaq ədəbiyyatı tarixinə ehtiyac var. Düzdür, uşaq ədəbiyyatının tarixiliyinə maraq həmişə öndə olub. Bunu meydanda olan müxtəlif uşaq ədəbiyyatı tarixi kitabları sübut edir. Amma uşaq ədəbiyyatının keçdiyi yolu tədqiq edən kitablarda kiçik fərqlərlə eyni xətt, eyni dövriyyə sxemi, eyni yanaşma hakimdir. Bütün bu kitabların umumiləşmiş analizi fonunda uşaq ədəbiyyatının tarixini yazmaq, folklordan bu yana uşaq ədəbiyyatının immanent inkişaf qanunauyğunluğunu izləmək prioritet məsələlər sırasına daxildir.

Füzuli Əsgərli, Zahid Xəlil, Əli Mirzəyev, Qara Namazov, Rafiq Yusifoğlu, Fikrət Seyidov, Aydın Hacıyev, Xanım Mustafayeva, Bilal Həsənov və başqa müəlliflərin uşaq ədəbiyyatının tarixi ilə bağlı kitablarını da nəzərə alaraq çağdaş dəyərlər və azərbaycançılıq ideologiyasının tələbləri baxımından fundamental bir əsər meydana qoymağa ehtiyac var. Füzuli Əsgərli və Zahid Xəlilin bu yöndə fədakar və sistemli əməyinin nəticəsi olan kitabları çıxmaq şərtilə, digər kitablarının hər birində uşaq ədəbiyyatı mərhələli şəkildə, bir-birinin təkrarı olaraq, sosioloji təhlil baxımından araşdırılıb. Bir qismində dövrləşdirmə ilə bağlı ciddi qüsurlar var, bir qismində milli uşaq ədəbiyyatının poetik təkamülü, spesifik cəhətləri araşdırılmır, təsəvvür və nəticələr bir-birini təkrarlayır, bir qismində isə digər ölkə xalqlarının uşaq ədəbiyyatı ilə oxşar, ya fərqli cəhətləri, təsir münasibətləri meydana qoyulmur. Bu son məqama xüsusilə diqqətli olmaq ona görə vacibdir ki, çağdaş ədəbiyyatımızın, milli məfkurə xəttinin formalaşma mərhələsi kimi XIX əsrin sonu XX əsrin əvvəllərinin mətnləri ciddi qaynaq hesab edilir və uşaq ədəbiyyatının da formalaşması sinxron olaraq eyni zaman kəsiminə təsadüf edir. Milli mətbuatın, maarifçiliyin, milli məfkurə dalğasının yaranışı və intişarı baxımından. Və belə bir düşüncə təlatümündə bu ədəbiyyatın faydalandığı, nələrisə əxz etdiyi, təsirləndiyi məxəzlər, müxtəlif ölkələrin mətnləri var ki, onların öyrənilməsi, müqayisəli şəkildə təhlil edilib üzə çıxarılması vacib məqamlardır. Dünya təcrübəsinin milli kontekstə daxil edilməsinin bütün cəhdləri öz şərhini, qiymətləndirilməsini gözləyir.

Məsələn, bu məsələ ilə bağlı ədəbiyyatşünas Məti Osmanoğlunun ötən il "Ədəbiyyat qəzeti"ndə silsilə şəklində çap etdirdiyi və böyük mətləblərə toxunduğu ""Rodnoye slovo" - dilimizin doğma kitabı", ""Yad et" - Azərbaycan şeirində fransız "modası"", "Kiçik janrın böyük sərgüzəşti" məqalələrindən yola çıxaraq bir çox məqamlara aydınlıq gətirə bilərik.

Böyük rus pedaqoqu Uşinskinin məşhur "Rodnoye slovo" dərsliyindəki mətnlərin sonradan Azərbaycanda yeni bədii düşüncənin formalaşmasında, xüsusilə də poetik sistemin yerdəyişməsində oynadığı rol, estetik sistemin transformasiyası, konkret desək, Azərbaycan şeir (nəzm) düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsi, mövzunun janrın təkamülü kontekstində araşdırılması, Qərb bədii düşüncə sisteminin Azərbaycana gəlişində və Azərbaycan dili, bədii düşüncəsi ilə qaynayıb-qarışmasında rolu, izi olan əsərlərin, müəllif yanaşmalarının tədqiqi həllini gözləyən məsələlərdəndir. "XIX əsrin sonlarına doğru Azərbaycan ictimai məfkurəsində, eləcə də bədii düşüncəsində və ədəbi dilində gedən proseslərdə "Rodnoye slovo" - "Ana dili" kitabının ayrıca rolunu üzə çıxarmaq, XX əsrin əvvəllərində iki təsir qüvvəsi - rus ədəbiyyatı və türk ədəbiyyatı ilə birbaşa təmasda olan yeni Azərbaycan ədəbiyyatının fransız ədəbiyyatı ilə də kəsişdiyi" (Məti Osmanoğlu) məqamlara diqqət etmək çağdaş ədəbiyyatşünaslığın, uşaq ədəbiyyatı ilə bağlı tarixi mərhələlərin yeni gözlə oxunuşunu labüdləşdirir.

Lokal hüdudları qırıb geniş panorama varmaq zamanla, dünya tempi ilə ayaqlaşmağın tək yoludur.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.10-11.