Harmoniya
Şərqiyyə Hüseynova: “Mənim üçün harmoniya bir yerdə dayanıb, digər yeri tapdalamamaqdır...”
Əslində, onunla söhbət etmək bir tərəfdən mənimçün asan olsa da, digər tərəfdən etiraf edim ki, çox məsuliyyətlidi. Asandı ona görə ki,
eyni peşənin daşıyıcısıyıq, məsuliyyətlidi
ona görə ki, mən məndən illər öncə bu sənətə
gələn və ən əsası cəlbedici görkəmi
və könül oxşayan səsi ilə milyonların qəlbinə
yol tapıb əfsanəyə çevrilən sözün əsl
mənasında böyük sənətkar diktor, Xalq artisti
Şərqiyyə Hüseynova ilə söhbət etməliyəm.
İllərdi ki, Azərbaycan tamaşaçısı onu
müxtəlif səpkili proqramlarda görüb və dinləyib.
Bu həmin Şərqiyyə Hüseynovadı
ki, vaxtilə informasiya proqramlarında onun təqdimatında xəbərləri
eşitmək xüsusilə maraqlı idi. Çünki
Şərqiyyə xanım həm xarici görkəmi, həm
də diqqətçəkən səsilə dinləyici və
tamaşaçını ekran qarşısından
uzaqlaşmağa qoymurdu. Bu gün o, az-az
görünsə də simasının
tamaşaçını özünə cəlb etmək təsir
gücü deyərdim ki, heç də azalmayıb. Əksinə, həmişə onu yenidən görmək
arzusu ilə yaşayan minlərlə pərəstişkarı
var. Bu, Tanrının istedadlı diktor-aparıcı sənətkar
Şərqiyyə Hüseynovaya hədiyyəsidi. Bir televiziya əfsanəsi ilə
qarşı-qarşıya əyləşmək nə qədər
qürurvericidisə, bir o qədər də məsuliyyətlidi.
Mən bu məsuliyyəti dərk edərək
günlərin bir günü Şərqiyyə Hüseynovaya
zəng edib onunla görüşüb söhbət etməyi
qərara aldım. O da etiraz etmədi. Beləliklə, əziz
oxucu, tanınmış diktor, respublikanın Xalq artisti Şərqiyyə
Hüseynova ilə söhbətimizi sizə təqdim edirəm.
Təbrik edirik!
- Salam, Şərqiyyə xanım.
Uzun illər Azərbaycan tamaşaçısını
müxtəlif proqramlardan salamlayan bu simanı, demək olar,
artıq xeyli vaxtdır ekranda görmürük, yəni
çox darıxmışıq. Maraqlıdır,
tamaşaçı Şərqiyyə xanım diktor Şərqiyyə
Hüseynova üçün darıxırmı?
- Mən
onu deyə bilmərəm. Onu, təbii ki,
tamaşaçılar söyləyə bilər. Müxtəlif kanallarda müxtəlif aparıcılarla
çalışırıq. Hökm deyil
ki, efir olsun, bizim müəllimlik fəaliyyətimiz var.
Çox təəssüf olsun ki, diktor sənəti artıq
neçə illərdir ki, mövcud deyil. Bu
sənət doğrudan da, əsl sənət idi. İndi bir çox aparıcılar bu funksiyanı
yerinə yetirirlər. Televiziya inkişaf
edir. Əfsuslar olsun ki, indi insanların bir
çoxu internetdən istifadə edir. Nəticədə
isə televizora baxan tamaşaçıların sayı
azalır. Mənə elə gəlir,
radio-televiziya bundan bir nəticə çıxarıb fəaliyyətlərini
maraqlı etməlidirlər. İnsanlar
üçün maraqlı informasiyalardan çox istifadə
etməlidirlər.
- Şərqiyyə
xanım, bu gün gənc aparıcılarda daha çox nələri
görmək istərdiniz? Ümumiyyətlə,
bəyəndiyiniz aparıcılar varmı?
- Məsələ
burasındadır ki, mən indi gənclərlə
çalışıram, hazırda onların işi çox ağırdı.
Mən 67-ci ildən diktor kimi fəaliyyət
göstərmişəm. Ancaq diktor
funksiyasını yerinə yetirirdimsə, indi bizim bu gənc
aparıcılarımız bir gündə bir neçə
saat ərzində həm çəkilişə gedirlər, həm
montaj prosesində iştirak edirlər, həm efirə
çıxırlar. Onların işi
çox çətindi. Yəni onlara dəstək
olmaq lazımdır. Bütün
günü onları tənqid eləmək olmaz. Bu, düzgün deyil. Ümumiyyətlə,
incəsənətdə, efirdə olan insanların bir balaca tərifə
ehtiyacları var. Bilirsiz, onlara stimul vermək lazımdı.
Təbii ki, onlar da öz üzərlərində
çalışmalıdırlar. Mən indi deyə bilmərəm
kim yaxşıdı, kim pis. Kanallarımız çoxdu. Bütün
günü oturub baxa bilmirəm, amma vaxtaşırı
bütün kanalları, verilişləri izləyirəm.
Lakin elə kanallar, elə verilişlər var
ki, tutalım oturub uzun müddət baxanda, bir də
görürəm ki, ürəyim sıxıldı. Mən istəməzdim bu hal davam eləsin. Bir də görürsən ki, hansısa bir Rusiya
kanalına çevirəndə, əlbəttə,
hamısına yox, elə bil sakitlik tapıram. Bu da ondan irəli gəlir ki, bizim bəzi
aparıcılarda o səmimilik yoxdu. Axı
siz aktyor deyilsiz, aparıcısız. Özünüzü
elə aparmalısınız ki, insanlara yaxın olasız.
Sanki hər bir insanın qohumu,
sirdaşısınız. Mən demirəm
ki, aşırı dərəcədə səmimilik. Dahilərdən biri deyib ki, çox səmimi insan
yüz insanı xatırladır. Bu
düzgün deyil. Sən çox səmimi ola bilərsən ana ilə, ata ilə, bir
sözlə, doğma ilə. Amma sənə
baxan auditoriyanın bilmirsən sənə qarşı
münasibəti necədir. Eyni zamanda hər
bir aparıcı apardığı verilişin formatına
uyğun şəkildə həmin proqramı
aparmalıdır. Həm də təqdim
etdiyi mövzu ilə bağlı yetərli qədər məlumatlı
olmalıdı. Bu baxımdan mən Həmidlə
İlhamiyyəni çox bəyənirəm. Səhər 8-ə qalmışdan 10-a qədər mən
onlara çox həvəslə qulaq asıram. Çünki gün ərzində alacağım
bütün informasiyanı 2 saat ərzində onlardan alıram.
- Çox dəyişikliklər
baş verdi həyatımızda. Bu dəyişikliklər sizin sənət həyatınızda
nələri dəyişdi? Və bildiyimiz kimi, o illərdə
yalnız bir televiziya və radio var idi. Təbii ki,
radio-televiziya da dövrün tələblərinə cavab vermək
üçün dəyişməli idi. Əgər belə
bir imkanınız olsaydı, o illərdən bu illərə
nəyi gətirmək istərdiniz?
- Mən Mədəniyyət kanalını qeyd etmək
istərdim. Çünki orda gözəl retro filmlər, musiqilər
verilir. Mən demirəm ki, bütün
günü onlara baxmaq, o musiqiləri dinləmək
lazımdı. Sadəcə olaraq mən
istəməzdim ki, o musiqiləri dəyişsinlər,
qol-qanadını sındırsınlar. Bəzilərini
olur ki, yeni aranjımanda verirlər, amma elə mahnılar var
ki, onlara qətiyyən toxunmaq olmaz. Amma həyat
irəli gedir. Bir də görürsən
ki, öz övladlarımızdan, nəvələrimizdən
nə isə öyrənirik. Artıq onlar
irəli gedir, biz onların ardınca gedirik. Ola bilsin ki, mən indi o televiziyada çalışa
bilmərəm, baxmayaraq ki, həyatım orda keçib. Baxın, artıq 53 ildir ki, bu sənətdəyəm.
Ola bilsin, həmin verilişlərə,
tamaşalara həvəslə baxıram, gəncliyim, o insanlar
yadıma düşür. Axı indi həyatın
temporitmi dəyişib. İndi o
verilişlərə baxdıqca, ancaq nostalji hisslər
keçirirsən. Deyə bilmərəm
ki, indi ancaq o tipli proqramlara baxmaq istəyirəm.
- Hazırda pedaqoji fəaliyyətinizi
davam etdirməkdəsiniz. Diktorluq və
aparıcılıq istedadınız artıq hər kəsə
bəllidi. Bəs bir pedaqoq kimi Şərqiyyə
xanım necə pedaqoqdu? Yetirmələriniz
varmı?
- Mən Mədəniyyət və İncəsənət
Universitetində də bir müddət dərs demişəm. Nitq mədəniyyətindən.
Və orda oxuyan uşaqların heç də
hamsı ilə fəxr etmirəm. Onlardan bəzilərini
göstərirlər, bəziləri isə ümumiyyətlə
incəsənətdə yoxdu. Başqa
peşədədirlər. Bu onların
öz seçimidi.
- Bu arada daha bir sual vermək istəyirəm:
Şərqiyyə xanım, bildiyimiz kimi, müəllim olaraq
illər ərzində qazandığınız böyük təcrübə,
sözsüz ki, sizə tələbələr yetişdirməyə
geniş imkan verir.
- Mən
özüm də İncəsənət Universitetini
bitirmişəm, nitq üzrə müəllimim Müxlis Cənizadə,
Rza Təhmasib, Adil İsgəndərov isə müəllimlərim
olub. Onların bir mühazirəsində oturmaq 1
illik bilgi toplamaq idi. O vaxt diktor kimi
çalışdığımız dövrdə mətndən
çıxmağa bizim ixtiyarımız yox idi. Buna baxmayaraq biz çox asanlıqla
aparıcılıq fəaliyyətinə keçdik. Çünki biz o məktəbi keçmişdik,
bizim Rafiq Hüseynov kimi əfsanəvi
diktorumuz-aparıcımız var idi. O bizə həyatda
çox böyük dəstək olmaqla yanaşı, həm
də müəllimimiz idi.
- Bildiyimiz kimi, siz hazırda SBS
kanalında fəaliyyət göstərirsiniz? İstərdim
ki, bir qədər bu haqda oxucularımıza məlumat verərdiniz.
-
Çox maraqlı kanaldı. Burda bir neçə
dildə verilişlər yayımlanır. Azərbaycan,
rus və ingilis. Mən Azərbaycan-rus
bölümündə dərs deyirəm. Mənim bir həmkarım
da var, o, əvvəllər ali dərəcəli
diktor kimi bizim dövlət radiosunda çalışıb. Söhbət bizim Lyudmila xanım Nəzərlidən
gedir. Hazırda bir yerdə
çalışırıq. Çox
istedadlı uşaqlar var. Onlarla işləmək bizim
üçün xoşdu. Müxtəlif səpkili
verilişlərdə iştirak edirik uşaqlarla. Bu şirkətin rəhbərliyi bizə
bütün şəraiti yaradıb ki, gənc nəslin təlim-tərbiyəsində
bütün gücümüzü səfərbər edək.
- Şərqiyyə xanım,
artıq 2019-u başa vurub 2020-ni
qarşılamaq ərəfəsindəyik. Təbii ki, ürəyinizdə
arzularınız çoxdur. Bölüşə
bilərsiniz oxucularımızla.
- İlk növbədə, uğurlar. Əgər
onlar radio-televiziyanı seçiblərsə, bu mühitdən
ayrılmaq çətindir. Çalışsınlar
ki, seçimlərində peşman olmasınlar. Gözəl bir deyim var, deyirlər ki,
cansağlığı həyatda hər şey deyil, amma hər
şey olan yerdə, cansağlığı olmayan yerdə o hər
şey də heç bir şeydi. Yəni
demək istəyirəm ki, cansağlığı və
uğurlar.
- Sözsüz ki, arzusunda olduğunuz
bir telelayihə varki, onun aparıcısı olmaq istərdiniz.
Yoxsa düşünmürsünüz bu haqda?
- Bizə,
yaşlı nəslin diktorlarına təklif olunmuşdu bir
veriliş aparaq, biz imtina etdik, fikirləşdik, ola bilsin ki, həyatın
temporitmini tuta bilməyək, hansı adamlar ki, biz onlarla
müsahibə aparaq, onlardan bəziləri həyatda yoxdu, elələri
də var ki, onlar üçün efirə gəlmək
çətindi. Amma indi efirlərdə olan bəzi müğənnilərlə
ola bilsin ki, biz istəmərik müsahibə
aparaq. Odur ki, biz hələ gözləməkdəyik
(gülür).
- Siz "Ədəbiyyat qəzeti"nin "Harmoniya"sındasınız. Harmoniya nədi sizinçün və bu qəzetin
oxucularına nə arzulayırsınız?
-
Harmoniya... nə deyim vallah, mənim üçün harmoniya
bir yerdə dayanıb, digər yeri tapdalamamaq, hərtərəfli
inkişaf etmək, həyatı gözəl görmək. Bir sözlə, insan həyatda möhkəm
olmalıdı. Çalışmalıdı
ki, nöqsanları özündən düzəltməyə
başlasın.
Oxucular qəzetdən ayrı düşməsinlər. "Ədəbiyyat
qəzeti", doğrudan da, çox maraqlıdı.
- İsti söhbətə
görə sizə təşəkkürümü bildirirəm.
Müsahibəni apardı: Samir
ƏFŞAN
Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.12.