Biz insanıq

 

Yaraşmır heç bir insana,

Öz yaxasın çəksin yana...

Biz insanıq, bu dünyada

Hər insana cavabdehik...

Azərbaycan balasıyam.

Vətənimdə

Hər canlıya, hər cansıza,

Vicdanlıya, vicdansıza cavabdehəm.

Qocalmışam, diş tökülür,

Bel bükülür,

Bəlkə, məni görən gülür.

Mən dilimdən çıxan

Sözə cavabdehəm.

Mən sizin yerinizə "Mən" deyirəm.

Vətənimdə vətənsizə cavabdehəm.

Mən vətənin

Balasıyam, Qalasıyam!

Həm özümə, həm sizə cavabdehəm,

Cavabdeh qalasıyam!

 

                                   12.12.2019

 

ANAM BİRLİYİM MƏNİM

 

Yazıçılar Birliyinin 85 illiyinə

 

Yazıçılar Birliyim,

Doğma odum-ocağım.

Əliylə döyüldüyüm,

Sürdülər, sürgün oldum.

Qələm olub sındığım,

Yenə, yenə, yenə

Qoynuna sığındığım,

Doğma ana qucağım...

Hamımız övladınıq.

Bir qığılcım - odunuq

Sənin sözün - adınıq.

Qəhrəmanıq, Şəhidik,

Döyüşçünük, Qazinik!

Sözünük, Avazınıq.

Biz Çətinik, Asanıq,

Hərə bir cür - İnsanıq.

Neyləyəsən Bostanıq...

Hərəmiz bir misrayıq,

Birlikdə bir dastanıq.

Əziz anam Birliyim,

Kim deyirsə desin;

Sən öz dirliyini ək!

Yüzilliklər görəsən!

Səksən beşin mübarək!

 

18.12.2019

 

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.3.