Eşqi var idi Şəhriyarın...
Şəhriyar
yaradıcılığında qadın
II Yazı
Belə
ki, şair ailəsi ilə 1976-cı ildə doktor Cavad Heyətin
təkidi və yardımı sayəsində Tehranda bir evdə
yerləşir. Əzizə xanım bu gedişə əvvəlcə qəti
etiraz etsə də, sonra, bəlkə də, həssas şair
qəlbini incidə biləcəyini düşünərək
razılıq verir. Və bu gediş Şəhriyara uğur gətirmir.
40 yaşına çatmayan Əzizə
xanım ürək infarktından dünyasını dəyişir
və o, Tehranın "Behişti-Zəhra" qəbiristanlığında
dəfn edilir. Bu itki şairin belini bükür və o,
sevimli xanımına "Əzizə can", "Bir gəlin"
mərsiyələrini yazaraq üzüntü və
iztirabını, analarının ölümündən sonra
körpə quzutək mələr
qalmış üç balasının "Ana vay!" fəryadlarını
ifadə edir. Bu üzücü hadisə ilə
bağlı yaşadığı fərdi kədər,
qüssə Şəhriyarı son nəfəsinədək
müşayiət edir. Dərdli şair cavan
xanımının ölümündən duyduğu
üzüntüləri ona həsr etdiyi mərsiyədə
ifadə edir:
Nə zərif
bir gəlin, Əzizə, səni
Mənə layiq Tari yaratmışıdı.
Adı
batmış əcəl gələndə bizə,
Mən ayım çıxdı, günüm
batmışıdı.
Sən nə
yaxşı eşitmədin, balalar
Ana vay naləsin
ucaltmışıdı...
Ürəyi
doğranan anan mələdi,
Dünya
zəhrin ona yalatmışıdı...
Yeri gəlmişkən, onu da qeyd edək ki, şair
İranın və Azərbaycanın sənətkar
qadınlarına böyük sayğı göstərmiş,
onları sənətdə qazandıqları uğurlarına
görə alqışlamış, şənlərinə
şeirlər qoşmuşdur. Misilsiz ifasını
çox sevdiyi ustad xanəndə Qəmər-ül-mülk Vəziri,
Quzeyə mühacirət etmiş şair Hökumə
Bülluri və hələ cavanlıq çağlarından
həmsöhbət olduğu, ədəbi məclislərdə
birgə iştirak etdiyi, yorulub-usanmadan, həvəslə fikir
mübadiləsi apardığı Pərvin Etisamidir.
P.Etisami haqqında yazdığı irihəcmli qəsidəsində
və "Nakam şairə Pərvin Etisamini yad edərkən"
adlı şeirində "İran poeziyasının parlaq
ulduzunu vəsf edir, çağdaş fars poeziyasının bu
dühası ilə cavanlıq illərindəki dostluq və
bağlılığından danışır" . Bu, heyranlıq, lütfkarlıq təsadüfi deyildi.
Şəhriyar "kəhkəşan
beşiyində Fələyin dayəlik" etdiyi P.Etisaminin
söz səmasında əbədiyyən sönməyəcək
nurlu bir ulduztək parladığını görür və
qəbul edirdi. Görürdü ki,
qaranlıqlara məşəl, "fələklərin
qulağında zər sırğa, ərşin qüdsi-ayəti"
kimi əlçatmaz bir məqama yüksələn Pərvin sənət
dünyasında əsrlərlə qalacaq bir həyat qurdu, hər
biri bir incitək dəyərli əsərləri onu daim yada
salacaq, yaşadacaqdır. Ustad şair bu
ucalığın qarşısında aciz
qaldığını və onu təfsir etmək
üçün bir tərcümanın belə tapılmayacağını
etiraf edir:
Ədəbiyyat
cəbhəsində qələm alsa kim ələ,
Çalışar o, Pərvinin sənətinə
tuş gələ.
İlhamın
öz gərdəyində gəlindi bu aypara,
Ulduzlardan gərdənbəndi, şəfəqlərdən
zərxara.
Elə
bakir gəlirdi o, doğulmuşdu pak nurdan,
Sonsuz, əngin
bir fəzadır Pərvinin söz divanı,
Saya gəlməz ulduzları, bəzəmiş
asimanı.
İranın
görkəmli alimi Səid Nəfisini də Pərvin Etisaminin
daxili aləmi, incə təbiəti, sonsuz səmimiyyət və
mehribanlığı, xoş rəftarı, yüksək
humanizmə köklənmiş zərif duyğuları ovsunlamışdı:
"Pərvinin bütün varlığı duyğu, rəğbət
və məhəbbətlə o qədər doludur ki, bu onun
sıxıntısına və narahatlığına səbəb
olur. O, itlər, pişiklər, ev quşları, bütün
yetimlər və biçarələr üçün
ağlayır, onun ağısı bəşəriyyət
naminə, hər cür zülm və sitəm əleyhinə
döyünən bir həssas və zərif qəlbin fəryadıdır".
Şəhriyar
yaradıcılığında Kövkəb xanım, Sürəyya-Pəri,
Əzizə, İran mədəniyyət və musiqi tarixinə
adını qızılı hərflərlə
yazdırmış xanəndə Qəmər-ül-mülk Vəziri,
şair Hökumə Bülluri və Pərvin Etisami, əmisi
qızı Rüxsarə, bibisi Sitarə və digərlərindən
başqa, ictimai bərabərsizlik, qadın
azadlığı, sosial problemlər, amansız istismarın
yaratdığı zalım-məzlum konfliktləri kontekstində
formalaşmış ictimai qadın obrazı da vardır.
Bu obrazı "Ey qadın" adlı şeirində ədəbi
müstəviyə gətirən şair qadınlara kişilərlə
bərabər hüquqların verilməməsi, təbiətin
zərif yaratdığı incə məxluqları qara
çadraya-kəfənə bürüyərək cəhalət
və səfalət içərisində, zülm və əsarət
altında yaşamağa itələyənləri, diri ikən
ölümə məhkum edənləri lənətləyir. Bu kimi
ictimai-sosial məsələlərə biganə qala bilməyən
və "nə qədər ki, qadınlarımız
çadra altındadır, xalqın yarısı
ölüdür. Bir cəmiyyətin qadınları bədbəxtdirsə,
kişiləri xoşbəxt ola bilməz",
- deyən sələfi nakam gənc şair Mirzadə Eşqi
kimi Şəhriyar içində yaşadığı cəmiyyətin
fərdləri arasında mövcud olan ayrı-seçkilik mərəzi,
onları həyata gətirən qutsal varlıqların
hüquqsuz, acınacaqlı vəziyyəti ilə
barışmırdı. Müxtəlif şeir
və poemalarında duruma qarşı içində baş
qaldıran etiraz duyğularını poetik dillə ifadə
edirdi. "Qadınlığın mahiyyəti ruhani zəriflik,
nəvaziş, doğmalıq, məhəbbət, daxili gözəllik,
zahiri cəzb, məlahət və ən alisi yüksək nəciblik",
poeziya olduğu, musiqidə, mahnı mətnlərində
böyük coşqu, heyranlıq, bəzən də kədər
notlarına bürüyərək vəsf edildiyi halda, onun ailədə
və cəmiyyətdə, hətta dinlərdə
aşağılanması, hüquqlarının tapdanması
şairin həssas qəlbini incidirdi. Sələflərinin -
"Heyrət, ey büt!" deyən Füzulinin,
"eşqi yolunda kövnü məkanın varını
qoyan" Nəsiminin, sevdiyi qadını "Sultanı"
sanıb canını fəda edən Xətainin, gözəlin
bircə xalına bütün Səmərqəndi
bağışlayan Hafizin heyrət etdiyi, kamillik zirvəsinə
yüksəltdiyi varlıq tarixən təhqir olunub. Və bu
alçaltma az qala ənənəyə
çevrilərək tarixin bir mərhələsindən
başqa bir mərhələsinə ötürülüb...
Şəhriyar Məhəmməd, Davud, İbrahim, Məsiha,
Süleyman, Yusif kimi peyğəmbərlər doğuran
qadını yerin-göyün belə yaradıcısı
sanır, hüquqlarını tələb etməyə
çağırır, əynindəki matəm
paltarını, başındakı qara çadranı
parçalayıb atmasını diləyir:
Hüququndan
söhbət ac, bir söz söylə, ey qadın!
Ağır zəncirləri qır, düşsün dillərə
adın.
Bu matəm
paltarını parçala bir gün səhər,
Sənin aydınlığından işıq alsın
üfüqlər.
Sən
ki, həyat nəfəsli Məsiha yaratmısan,
Bəlkə yeri, göyü də elə sənsən
yaradan?
Ustad
şair qadını günəşin timsalı, nurlu Ay
sanırdı, onun özünə yaraşıq verməsini,
ox olub naməhrəmin də, məhrəmin də
gözünə batmasını, sazlarda nəğmələr
kimi yaşamasını, xoşbəxt olmasını, şərəf-şan,
səadət bayrağını öz əli ilə
bütün dünyaya sancmasını arzulayırdı... Nəinki
dəryaca qəminə boyun əyib mütilik göstərməsini...
Bu sonsuz kədərinlə parçalama qəlbimi.
Şərəf-şan
bayrağını ucalt öz əməlinlə,
Səadət bayrağını sanc dünyaya əlinlə.
İstərəm
görünməsin bir də gözlərində nəm,
Mərd ol, cəsarətini görsün bütün bu
aləm.
Sovet dönəmində, dildə azad, demokratik bir quruluş kimi tarixə adını yazdıran sosializm cəmiyyətində isə qadın ictimailəşdi, ancaq azad olmadı. Bu cəmiyyətdə də qadın Asif Əfəndiyevin təbirincə desək, "özünə yaradı, ailəsinə yaramadı, ərinə yaramadı, ictimaiyyətə yaradı, qadınlığa yaramadı. Kişi müstəbidliyindən azad oldu, kişi həyanlığını itirdi. Evdə kişini əvəz etmək istədi, əvəzində ailəni başsız qoydu. Atanı övladın gözündən saldı, övladı atasız qoydu. Kişi kimi danışdı, danışığını itirdi. Kişi kimi davrandı, davranışını itirdi. Kişi kimi yeridi, yerişini itirdi. Anasına qızlıq eləmədi - oğlanlıq elədi. Balasını tələsik öpdü. Onu nəvazişsiz qoydu, Müəssisələrə yaradı, evə yaramadı. Kollektivi idarə elədi, səadətini idarə eləyə bilmədi. Hamıya gözəl oldu, ərinə çirkin. Sevindi, sevilmədi, nitq irad elədi, dilini yanıltdı, fəal olmağa vaxt tapdı. Qadın olmağa vaxt tapmadı, ayıldı, özünü axtardı, amma tapmadı! Poeziya, musiqi qadını ilahiləşdirir, göylərin ucalığına qaldırır, həyat, şərait, cəmiyyət isə onu göydən yerə salıb, tapdayır. Qadının aqibəti budur".
Şəhriyar cəsarətlə bu aqibətə qarşı çıxır, onu dəyişmək, səadətə qovuşdurmaq arzusu ilə yazıb-yaradırdı... Onun üçün qadın səcdəyə, pərəstişə layiq ali varlıq idi...
Hətta "Səhəndim" deyə nüraciət etdiyi Səhənd dağını insan-qadın-təbiət kimi obrazlaşdırıb və ondan, sanki bir qadından danışırmış kimi bəhs edib... Poemada Ana təbiət və Doğurucu qadının - iki doğurucunun ecazkar bədii dillə qarşılaşdırılması son dərəcə diqqətçəkicidır. "Səhəndim"i Şəhriyar yaradıcılığının zirvəsi - şah əsəri kimi dəyərləndirən Güntay Gəncalpa görə də, "şair şeirlərində təbiəti dişi olaraq görür, qadın bədənini təbiətə bənzədir. Təbiətə toxunuşu da qadın bədəninə toxunuş kimi açıqlayır ".
Hələ ağ kürkü bürün,
yazda
yaşıl don da geyərsən,
qoradan
halva yeyərsən...
Döşlərində
sonalar sinəsitək şux məmələrdə
nə
şirin çeşmələrin var...
O
yaşıl telləri yel hörmədə aynalı səhərdə
işvəli eşmələrin var...
Bu
tendensiyanı "Heydərbabaya salam" poemasında da davam
etdirən şair Heydərbaba dağını da
qadın-doğurucu-yaradıcı varlıq kimi görür və
ondan ölkəsindəki hərc-mərcliyə,
haqsızlıqlara son qoyacaq, əmin-amanlıq yaradacaq,
xalqını ayaqda tutacaq igidlər, mərd oğullar
doğmasını təvəqqe edir:
Heydərbaba,
mərd oğullar doğginən,
Namərdlərin
burunların ovginən,
Gədiklərdə
qurdları tut boğginən,
Qoy quzular
ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.
"Hətta şeirimizin "Heydərbabaya salam" kimi kövrək örnəklərində sərt kişi baxışını görürük: Heydərbaba mərd oğullar doğginən. Bu kişi səsidir, biz qadının səsini az eşidirik" deyən sayın Eyvaz Taha da qadına münasibətin dəyişilməsinin gərəkliliyini yazır və Güneylə Quzey qadınlarının sosial şəraitdə - ailədəki özgürlük dərəcəsini müqayisə edir. Bir çox millətlər kimi, bizim tariximiz də kişilərin oylağıdır. Doğrudur, "Dədə Qorqud"da, "Əsli və Kərəm"də və "Abbas və Gülgəz"də qadın söyləmlərilə qarşılaşırıq. Amma bu, ucqardır. Ucqar deyəndə bir daha vurğulamaq istəmirik ki, ərəblər qız uşaqlarını diri-diri basdırırdılar. Bilirik, Hammurabi qanunlarında deyilirdi ki, bir kişi hansısa aristokrat kişinin qızını döyərək öldürsə, o kişinin özü yox, qızı öldürülməlidir. Xoşbəxtlikdən bunlar uzaq keçmişlərdə qaldı. İndi bunu demək istəyirik: mərkəz, tarix boyu ardıcıl olaraq kişilərin əlində olmuşdu. Bunun sonucu aydındır. Qadının səsi şeir coğrafiyasından yoxa çıxdıqda, tarixin qadın yarımkürəsini səssizlik bürüyür: Çağdaş girişimlər də bu susqunluğu ona görə poza bilmir ki, qadını topluma aparıcı amil kimi qaytarmırlar. Ona ucqarda dekorativ bir yer ayırırlar".
"Qadını ucaltmaq gərəkdir!" amacı ilə silsilə məqalələr yazan və Türkiyədə çıxan "Mehtab" dərgisində dərc etdirən böyük Məhəmməd Hadinin fikrincə, qadının cəmiyyət həyatında fəal olaraq iştirak etməsi, o cəmiyyətin "mədəni cəmiyyət" adlandırılmasının əsas şərtlərındən biridir: "Cism-i lətifə ehtiramı olmayan bir millət məhafil-i mədəniyyətə məzhər-ı təltif və şayan-ı ehtiram ola bilməz... Şərq toplumları qadını ikinci plana ittikləri və ona cəmiyyət həyatında layiq olduğu yeri vermədikləri müddətcə qərbin gerisində qalmağa məhkumdurlar" .
"Peyğəmbər" mənzum dramında Hüseyn Cavid həyatı çiçəkləndirən qadın haqqında bütün düşüncələrini ümumiləşdirmiş, islam peyğəmbərinin dilindən qadına cəmiyyətdə verilə biləcək ən yüksək dəyəri ifadə etmişdi:
Qadın - günəş, çocuq -
Ay... nuru Ay günəşdən alır
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur bu cahan.
O bir mələk... onu təqdis edər böyük yaradan.
O çox sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət.
Qadın gülərsə bu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
Şəhriyar öz dövrünün, əsrinin səsi, vicdanı, el-obasının, xalqının dostu, sınmadan, əyilmədən, dünya nemətlərinə aldanmadan mərdanə yaşayan oğulların, məzlumların-əzilənlərin pənahı, dərddaşı, odlu bir ürək sahibi idi və yaşadığı cəmiyyətin, bu cəmiyyətin fərdlərinin arzu və istəklərini bəyan edirdi. Bu odlu ürək sahibi yalnız həqiqəti deyir, gerçəkləri söyləyirdi... Azərbaycan, Şərq cəmiyyətində, ailədə və toplumda qadının yeri ilə bağlı da o, yalnız gerçəkləri söylədi, sələflərinin və xələflərinin fikrini həm təsdiqlədi, həm də inkişaf etdirdi...
Esmira Fuad
Ədəbiyyat qəzeti.- 2019.- 21
dekabr.- S.19.