"Mən" olmağımın tarixçəsi

 

parçalar

 

Universitetdə oxuyanda (1968-1973)

 

Polkovnik Taja taqım başçısı kimi məndən bir şey çıxmayacağını görüb "vəzifəmdən" çıxardı. Eldar isə, görünür, atasının qoyduğu xərcin nəticəsində Bankədə olmuşdu Tajanın yavəri. Onun yanında qalırdı, yeyirdi-içirdi. Ancaq nə məndə "vəzifədən" çıxarılmağımla bağlı pərtlik vardı, nə də bizdə Eldarın yaxşı şəraitə salınması ilə bağlı paxıllıq vardı. Hərdən yanımıza gəlib "xalqın arasına düşəndə" Kamalla yenə onunla məzələnirdik. Əslində, məntiqlə Kamalı bacılarının ərləri Hərbi fakültənin dekanı, Sovet İttifaqı Qəhrəmanı Məhərrəmova tapşırmalıydılar, tapşırsaydılar Eldarın yerinə o olmalıydı. Bəs niyə tapşırmamışdılar? Bunu gərək onun özündən soruşum.

Yalnız bir məsələdə Kamalın arxalı olması göründü. Bankədə hərbi hissədə kazarmalar böyük meydançanın qıraqlarına düzülmüşdülər. Tələbələrin kazarması ilə üz-üzə əsgərlərinki gəlirdi. Azəri əsgərlər bir dəfə bizə şikayət etdilər ki, burada ermənilərdən yığılmış taqım var, onların gününü qara edib. Bu məsələ Kamalla məni alovlandırdı. Axşam danışdıq ki, ermənilər olan kazarmaya hücum edəcəyik, bir-birimizi tanımaq üçün qolumuza dəsmal sarıyacağıq. Yatmaq komandası olandan sonra çıxıb ermənilər olan kazarmaya hücum etdik. Dəstənin önündə döyüş hayqırtısı ilə Kamal gedirdi (onda həmişə Sovetski dəliqanlığı vardı). Mən də öndə gedirdim. Kazarmaya çatanda qorxunc bir vəziyyət yarandı, uşaqlar onu daşa basıb içindəkiləri söyüşə tutdular. Təsəvvür edirəm, ermənilər necə qorxmuşdu. Fransız psixoloqu Lebonun dediyi kütlə, yığnaq qızğınlığı məni də tutmuşdu, ancaq çox qəribədir, bu dağıdıcılıq heç də xoşuma gəlmirdi. Birdən güllələr açılmağa başladı. Orda-burda partlayıcı paketlər partladı. Uşaqlar biabırçı şəkildə pərən-pərən düşüb geri qaçdılar. Bizə bir gənc rus serjantı təhkim edilmişdi. Soruşdum, bu nədir, partlayır? Dedi, qorxulu deyil, adamın başına düşsə, pis olar. O vəziyyətdə mənim "qəhrəmanlığım" buna çatdı ki, qışqırım, kazarmaya yavaş yeriyin. Partlayan paketlər qorxulu deyil.

Ertəsi gün dedilər ki, bizi sakitləşdirmək üçün çıxarılmış dəstədə ermənilər vardı və onlardan biri doğruçu güllə ilə adam vura bilərdi, onun üçün də bu hadisə əməlli-başlı araşdırılacaq. Demə, Taja məndən əməlli-başlı yanıqlı imiş, yəqin, onun əlaltısı olmadığıma görə (əlaltısı olub neyləməliydim ki?!). Məni və Kamalı hədəfə götürüb gizli araşdırmalara başladı. İnanmıram, kimsə bizi sataydı, ancaq hər halda o qədər adamdan mənimlə Kamalın üstündə dayanmışdısa, deməli, məlumatı vardı. Bəlkə də o serjant demişdi. Məhərrəmov gələndə bizi yığdılar, o, xala-xətrin qalmasın bizi danladı, indi dəqiq yadımda deyil, bəlkə də Kamala ərklə nəsə dedi və bundan göründü ki, tanıyır. Beləcə, məsələ sovuşdu.

Tajanın məni tutduracağı qorxusu şok terapiyası kimi təsir etdi. Bax, bu zaman düşündüm, mən güclü olmalıyam ki, kimlərinsə hədəsi qarşısında zəif olmayım. Necə güclü olmaq? Pullu olmaq və ya vəzifəli olmaq ağlıma gəlmədi. Düşündüm ki, əlimdən gələn elmdir, bu sahədə güclü olmalıyam ki, qoruyucu zirehim olsun.

Bundan sonra Bakıya qayıdanda kitabları elə-belə oxumurdum, elmli olmaq üçün oxuyurdum.

Bankədə Elxan adında bir oğlanla da dostluq etməyə başladım. Əslən Naxçıvandan idi, filfakda bizimlə paralel rus bölməsində oxuyurdu. Həmişə dincələndə bir yerdə oturub söhbətləşirdik. Bakıya qayıdanda uzaqlaşdıq. Ancaq o, Kamalla yaxınlaşdı və 26 Bakı komissarı rayonunun DTK şöbəsində rəis olanda onları tez-tez bir yerdə görürdüm. Elxan çox cavan rəhmətə getdi, məncə, 1990-1998-ci illər arasında. Xəstə görünüşü olmayan, alkoqolizmə meyilsiz bir adamın belə tez ölməsinə baxanda siqaret çəkib içki içən mənim bu qədər yaşamam Allahın ərməğanı kimi görünür.

İndiyənəcən bu inamdayam ki Bankədə aldığım şok mənim elmə yönəlməyimə ciddi etgi göstərmişdi. Düzdür, elmə ayrılası xeyli vaxtı kefə sərf etməyim çox sürdü, 1977-ci iləcən sürdü, ancaq hər halda elmimlə seçilmək ideyası bilincimdə möhkəmlənmişdi. Mənim iki istedadlı balam, - Orxan və Toğrul (Toto) həyatlarında bu şoku almadıqlarından yalnız məndən və analarından aldıqları genlərin sayəsində düşüncə mədəniyyəti baxımından, - çox tərifləməmək üçün belə deyim: bir az seçilirlər. Çox istəyirdim ki, onlara da uşaqlıqda yaşlarına aid olmayan kitabları oxudum, alınmadı. Totoya Bankədə aldığım şoku danışmışdım ki, bəlkə güclü olmaq məsələsində bundan təsirlənsin, alınmadı. Dostum Fəxrəddin Bağırlının bir yaxşı sözü vardı: bizlər rayondan Bakıya gələndə harada yaşamaq, necə yaşamaq uğrunda çarpışırdıq. Bunlar bizi uğur qazanmaq axtarışına yönəltmişdi. Uşaqlarımız isə hər şeyi ata-anasından hazır alsalar da, uğur enerjisini almırlar. Mən deyə bilmərəm ki, Bakıya gələndə Fəxrəddinin problemi məndə də vardı. Ancaq əskiklik komplekslərim vardı, onların etgisi oldu. Orxanla Toğrulda isə, deyəsən, bu komplekslər yox idi, onun üçün də əhli-keflə böyümüşdülər. Onlara sonralar qayıdacam. Hələliksə Bankədə keçirdiyim bir qorxunu danışım. Tələbələrin arasında riyaziyyatçılardan bir oğlan vardı, nəsə mənə çox yaxınlıq edirdi. Dost olmasaq da, mehriban idik. Onu kimlərsə incidir və Bankəyə gəzməyə buraxılanda oranın hansısa kriminal uşaqlarına "dərdini danışır". Onlar da bu oğlandan xoşlandıqlarından söz verirlər ki, kim səni incidibsə, cəzasını verəcəyik. Riyaziyyatçı deyir ki, məni incidən oğlan sabah buradakı çörək sexinə göndəriləcək. Təsadüfən həmin göndəriləsi tələbənin yerinə məni yollayırlar. Bankə lotuları məni yoldan çağırıb bir qapalı yerə dəvət etdilər. Qorxub getməməyi şənimə sığışdırmadım. Yanımda iki başqa tələbə vardı, bərk qorxmuşdular, uzaq durdular. Mən də qorxmuşdum, ancaq üzə vurmadım. Onlar nəsə məni savaşa şitəndirən sözlər deməyə başladılar. Mən isə sözlə anlatmağa çalışdım ki, dedikləri oğlan deyiləm, əksinə, şikayət edənlə yaxınam. Beləcə sözlə qorxulu vəziyyəti sovuşdurdum. Onlardan aralananda yanımdakılar dedi ki, o gədələr bir-birinə göz edirdilər, nəşəli idilər, deyəsən, bıçaqları da vardı. Hər halda ölüm və ya yaralanma sovuşdu. Bu ölüm məsələsi isə belə yerlərdə abstraksiya deyildi. Məktəbdə, - indi yadıma düşdü, - bir dostum vardı, - Qurban, boyu bəlkə də 190-a yaxın idi. Sonra AZİ-də oxudu. Bax, bu Qurban dostum institutdan sonra əsgərliyə getmişdi. Bir-iki ay keçdi, eşitdim ki, təlimdə bronetransportyor çevrilib altında qalıb. Beləcə, məktəb-institut dostlarımdan, yoldaşlarımdan üç nəfərin ölümünün faciəsini yaşamış oğlan olmuşam. Əslində, dördüncü də vardı, nənəmin bacısı Teybə xalanın qızı Sahibənin oğlu, adı yadımda deyil. Ağdama gedəndə onunla Elxanla bir yerdə olurduq. Bax, bu oğlan da qatarda, ya maşında qəzaya düşüb ölmüşdü. Əslində, uşaq-gənc üçün bu itirilmiş dostların sayı çoxdur, ancaq bəlkə çoxdur indi üçün, 50-60-cı illər üçünsə normal statistika idi. Hərçənd deyəmmərəm ki, ölüm-itimə öyrəşmişdim. Ancaq niyə? Ölümdən qorxu bütün ömrüm boyu məni izləmişdi, hərdən bu qorxunun arasından gənclik inamı işarırdı ki, deyəsən, mən istisna olacam, ölməycəm. Gənclərin "hamını haqlayan ölümün əvvəl-axır məni də haqlayacağına" həmişə quşqusu və bu konuda istisnalıq ümidi olur. 

 

***

 

1973-cü ilin mayında universiteti bitirəndən sonra prof.Aslan Aslanovun protejesi ilə mən Moskva Dövlət Universitetinin məqsədli aspiranturasına oxumağa göndəriş aldım. Məhz estetikadan aspiranturaya ona görə getməli oldum ki, atam Aslan müəllimlə danışmışdı, başqası ilə danışsaydı, başqa ixtisas olardı. Beləcə, filologiya da, estetika da mənim bu ixtisaslarla bağlı içimdən gələn istəkdən doğmamışdı, konyunktur nədənlərdən olmuşdu. Atamın Tibb Universitetinə gücü çatsaydı, həkim olardım. Hərçənd ədəbiyyat da, fəlsəfə də mənim ruhuma daha yaxın idi.

Aspiranturaya imtahan üçün sentyabrın ortalarında getməliydim. Arada olan vaxtda Laçının Mığı dərəsinə orta məktəbə məllim getdim. Ömrümdə ilk dəfə uçurumun üstü ilə dolanan yolla maşında getdim (sonralar belə yolu İsmayıllıdan Lahıca gedəndə gördüm). Mığı uzunsov dərədə yerləşirdi. Məktəb direktorunun evində qalırdım, ər-arvad ikisi də müəllim idi, çox mehriban ailə qurmuşdular, qadın deyəsən, bir dəfə ərə gedib boşanmışdı və ərinin üstündə hökmü olduğu duyulurdu.

Kənddə hər müəllim bir gün məni qonaq çağırmağı özünə borc bilirdi, yemək tamatsız-filansız toyuq şorbası olurdu, içki tut arağı. İçirdim, dəm olurdum, seksual devrimin Azərbaycan üçün önəmindən danışırdım. Onlar isə yola vermək üçün başlarını tərpədirdilər. Bəlkə də heç bilmirdilər nədən danışıram. Mən isə guya aktual məsələdən danışırdım.

Bir dəfə direktordan soruşdum ki, siz kürdsünüz? O, acıqsız gülümsəyib dedi, yox, Laçında iki-üç kürd kəndi var.

Sonralar, Sumqayıtda qaçqın olanda bu direktorun uşağı ondan mənə xəbər gətirdi. Yəqin, nəyisə xahiş etmişdisə, eləmişdim. O, yadımda xətrini istədiyim adam kimi qalıb.

Laçın poçtunun müdiri atamın tanışı idi. Birinci onun yanına getmişdim. 5-10 il keçdi, oğlu mənim tələbəm oldu. Yaraşıqlı oğlan idi, istedadını görməsəm də, kitablar oxuyurdu ki, rejissor olsun. Ona mehribanlıq edirdim. Sonralar fransız qızla evlənib mühacirət etdi. İndi Fransadadır. Laçın hara, Fransa hara?! Bakıda yaşayan adamın heç cürə öyrəşə bilmədiyi uyğunsuzluq.

Mən aspiranturaya imtahan üçün Moskvaya getməkdən ötrü Bakıya gələndə atam məcbur etdi ki, Laçına qayıdıb nəsə xırda-para maaşım qalmışdı, onu alım, - bu da atamla bağlı xoşagəlməz xatirələrdəndir, hərçənd Moskvaya getməyim üçün xırda-para pulun da yeri vardı. Ancaq bunu düşünməyə mənim insafım yox idi, ona görə də Laçına getməyə məcbur etdiyi üçün ona çox qızmışdım.

 

***

 

İndi deyə bilərəm ki, bəzi hallarda (əslində, qızlarla bağlı) elə çəkingən olmasam da, bütünlükdə çox utancaq oğlan idim. Utancaqlığı Moskvada xeyli atsam da, Bakıya gələndə o yenə mənə qayıtdı (hərçənd ailəm heç cürə məni utancaq saya bilmir). Tələbəlik vaxtında Cahangir Mehdiyevlə İncəsənət İnstitutunun Tədris Teatrına getməyə başlamışdım. Orada Cahangir bəstəçi Rizvan Ələsgərovun ansamblında çalırdı. Sonradan bildim ki, xanımım Dilarə o vaxtlar həmin teatrda işləmişdi, ancaq heç vaxt orada rastlaşmamışdıq, ya da rastlaşsaq da bir-birimizə fikir verməmişdik. Rastlaşma 4 il sonra olacaqdı.

 

Niyazi Mehdi

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.28.