Ədəbiyyat və fotoqrafiya.

"Kollaj düşüncələr"də

fotoekfrasis

İntermediallıq silsiləsindən

 

İntermediallıq yazı prosesində mətnə çevrilən hər bir sənət sahəsini qapsayan bir fenomendir: boya vasitəsilə çəkilən rəsm olsun, yaxud fotoaparatla çəkilmiş foto, hər hansı bir musiqi və s. nəticə etibarilə mətnləşə bilirsə, yazının zonasına daxil olub onun funksiyalarının həyata keçirilməsinə səbəb olursa, demək, verbal sənətlə istənilən digər sənət, yaxud elm sahəsi arasındakı əlaqə intermediallığın predmetinə çevrilə bilir.

Ədəbiyyat və fotoqrafiya əlaqəsinin ekfrasisə aid olunması, intermediallığın predmetinə çevrilməsi bəzi mütəxəssislər arasında mübahisə mövzusudur. Lakin nəzərə alsaq ki, ekfrasisin obyekti verballıq qazanmış vizual təsvirdir və fotoqrafiya təsviri sənətin və ədəbiyyatın mimetik xüsusiyyətlərini qabardır, onun ekfrasisə aidiyyatı sual doğurmamalıdır.

Fotoqrafiyanın ədəbiyyatla əlaqəsi müxtəlif üsullarla gerçəkləşə bilir. Əsasən, ya fotoşəkil bədii mətni tamamlamaq, ifadəsini qüvvətləndirmək məqsədilə əsəri illüstrasiya şəklində müşayiət edir, ya da fotonun sözlə təsviri mətnə daxil edilərək bəzən, hətta təhkiyənin əsas leytmotivini təşkil edir.

Yəni fotoqrafiya ilə ədəbiyyatın əlaqəsindən bəhs edərkən birincinin aydın nümayiş etdirdiyinin sözə çevrilməsi, yaxud sözü tamamlaması ilə yanaşı, həm də gizlətdiyinin, görünməyən tərəfinin mətnə təsir etməsi nəzərdə tutulur. Əgər əlaqəsini araşdırdığımız hər iki sənət simvollar sistemi kimi qavranılmazsa, onların bu müstəvidə bir-birinə təsir və tamamlayıcılığından bəhs etmək mənasızdır. Fotoqrafiya işarələr sistemi olaraq mətnə daxil ola bildiyi zaman mətnləşir, yazılana yalnız təsir etmir, həm də onun mahiyyətinə çevrilir.

S.Zontaq bu iki sahənin əlaqəsi haqqındakı müsahibəsində "Qətiyyətlə fotoqrafiyanın dünyaya münasibətinin yazarın görmə biçimi ilə rəqabət halında olduğunu düşünürəm" deyir. Bunu yazarların daha çox sual qoyması, ən konkret bilgini belə, şübhə altına ala bilməsi, fotoqrafiyanın isə hər şeyi göründüyü kimi möhürləməsi ilə bağlayır.

Fotoqrafiya görüb bəyəndiyimizi göz yaddaşında möhürləməkdirsə, ədəbiyyat nəsnələri sözə köçürməkdir. Beləcə, bütün dünyanı öncə görüntü yaddaşımıza köçürmüş, sonra görüntünün yaddaşda doğurduğu intibalarla sözə çevirmiş oluruq. Deyək ki, bir ağaca baxırıq, onu fotoya köçürərkən reallığı dondurulmuş halda obyektivə möhürləyirik, haqqında bir mətn yazdıqda isə bu, gerçəyi nə dərəcədə əks etdirirsə, etdirsin, həm də müəllifin onu görmə bucağı və haqqında bəhs etmə imkanlarından asılı olur.

Ədəbiyyatla fotoqrafiyanın əlaqəsini anlamaq üçün ikinci haqqında birinci sahənin mütəxəssislərinin mətnlərini oxumaq daha məntiqi və bir o qədər də maraqlıdır. Rolan Bartın "Camera Lucida" və Syuzan Zontaqın "Fotoqrafiya haqqında" esse kitabları ilk baxışda bəsit təsir bağışlayan fotoqrafiya sənətinin ən gizlin qatlarına enməyə sövq edən əsərlərdir. Bununla yanaşı, müəlliflərin hər ikisi fotoqrafiyanı, sözün əsl mənasında, vəsf edərkən dilin imkanlarından məhz bir ədəbiyyatçı potensialı ilə yararlanır, məsələyə yanaşmalarında, sadəcə, bir fotoqrafiya həvəskarının deyil, həmçinin ədəbiyyatşünasın mövqeyi nəzərə çarpır.

Rolan Bart tədqiqatını, demək olar ki, xalis subyektiv mövqe üzərində qurur. "Camera Lucida" essesində fotoqrafiyanı faktiki olaraq ifadə etdiyi mənadan ayırır: "Nəyi təsvir etməsindən, hansı üsulla ifadə olunmasından asılı olmayaraq, fotonun özü heç vaxt görünmür, daha dəqiq, baxılan o deyil". Bartın tədqiqatından belə qənaətə gəlirik ki, fotoqrafiyanın qavranılmasının ilk baxışda diqqəti cəlb edən başqa bir xüsusiyyəti də var: o, passiv obyekt yox, aktiv subyektin keyfiyyətlərini nümayiş etdirərək izləyici (Barta görə, Spectator) üzərinə "qəzəbli hücum"a keçir, onun həssas, duyğulu nöqtələrinə "ağrılarını  tərpədən" zərbələr endirir. Sadə desək, oxuduğundan nəyi anlayacağı oxucunun təfəkkürünə bağlı olduğu kimi, fotoda görə bildikləri də onun qavrayış təcrübəsindən uzağa getmir.

"Kollaj düşüncələr" kitabındakı əksər mətnlər yeniyetmə müəllifin dünyanı fotoqraf kimi görüb, yazar kimi sözə çevirməsi prosesinin məhsuludur. Buradakı fotoların müəllifi yazarın özü olmasa da, onun baxış rakursu ilə üst-üstə düşür.   Son illər intermedial əlaqələrlə yaxından maraqlanan biri kimi Dəniz İsmayılovanın kitabında mətn və fotoqrafiyanın bu dərəcə əlaqəli olması diqqətimi cəlb etməyə bilməzdi. Kitabın üz qabığından tutmuş hər mətnə illüstrasiya kimi verilmiş kollajlara qədər hər birinin seçimi Dənizə məxsusdur. O öz mətnlərində nəyi görür, necə görürsə, elə də bir araya toplayır. Məsələn, "Qəhrəmanlara daha ehtiyac yoxdur" ("Qeroi bolğşe ne nujnı") başlığı ilə adlandırılmış şeir və esselər üçün təqdim olunmuş kollaj Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün Şuşada güllələnmiş heykəlləri, yalnız bədəni görünən, başının sapsarı tüstü-dumanı arxasında görünməz olan adam, təkcə əlləri görünən çiçək toplayan qız... fotolarından ibarətdir. Baxmayaraq ki, əksərən mətnlərdə birbaşa bu şəkillərlə əlaqəli heç nə deyilmir, foto və esseni bütöv bir mətn olaraq qəbul edib oxuyarkən birincinin verbal mətnə nə dərəcədə nüfuz etdiyinin şahidi olursan. Bunu 15 yaşlı müəllif bilərəkdənmi edir, ya spontan alınır, oxucu üçün fərqi yoxdur, nəticə nəzərdə tutulanın yox, oxuya bildiyinin sənə nəyi aşıladığından ibarətdir.

Ədəbiyyatda kollaj ilk baxışdan təhkiyə məntiqi ilə bir-birinə dəxli olmayan mətn fraqmentlərinin birləşdirilməsi texnikasıdır. Həmçinin nadir hallarda verbal mətnlərin təsviri sənət nümunələri ilə kollaj təşkil etməsi də mümkündür. Fotokollaj isə daha çox müstəqil, çox vaxt bir-biri ilə əlaqəsiz görünən müxtəlif üslublu fotoşəkillərin eyni bir rəsmdə birləşdirilməsi, bir növ, qaydasızlığın qaydaya tabe tutulmasıdır. Dənizin ilk baxışda xaotik görünən fotokollajları bəziləri ayrılıqda heç bir maraq və dəyər kəsb etməyəcək fotolardan ibarətdir, onlar məhz bu kollaj daxilində, aid olduğu mətnlə əlaqə müstəvisində yeni və fərqli mahiyyət qazanmış olur. Bu illüstrasiyaların dediklərini mətnlər tamamlayır və mətni oxuduqdan  sonra həmin proses həm də əksinə baş verir. Beləliklə, fotokollaj və bədii mətn qarşılıqlı təsir vasitəsilə bir-birini tamamlayır, dolğunlaşdırır. Burada baxılan obyektə münasibət subyektin baxışından asılıdır, fərdidir və heç bir halda ümumiləşmiş, kütləviləşmiş ola bilmir.

Adətən, deyirlər, yaradıcılıq xüsusi istedadla müjdələnmiş insanların qismətidir. Lakin yaradıcılığı psixoloji akt kimi dəyərləndirsək, onu uşaq təfəkkürü və inkişafının normal halı kimi qəbul edərik. Belə ki, uşaqlar mütləq hər hansı bir şəkildə ifadə olunmaq ehtiyacı duyurlar və bu, onları yaradıcılığın ilkin mərhələdə də olsa, hər hansı istiqamətinə yönləndirmiş olur.  Yəqin ki, uşaq vaxtı heç olmasa, bir şeir yazmağa cəhd etməyən, bir nağıl uydurmayan kimsə yoxdur. Kimdəsə bu, ötəri həvəs, kimdəsə gələcək sənət eşqinin başlanğıcı kimi büruzə verilir. Yazdıqlarını paylaşmaq, başqalarıyla bölüşmək ehtiyacı yazarlığın ilkin əlamətlərindən biridir.  Məmməd Oruc "Dənizin kollaj düşüncələri" yazısında Dənizin bütün yazılarında cizgi filmlərinin təsiri duyulduğunu qeyd edərək, artıq həyata qayıtmaq zamanı olduğunu vurğulayır. Nəzərə alaq ki, uşaqların yaradıcılığı bir sıra hallarda artıq mövcud olan əsərlərin improvizəsi şəklində meydana çıxır. Onlar bəyəndikləri əsərin bənzərini meydana çıxarmaq istərkən, adətən, bu təsirdən çox da uzaqlaşa bilmirlər. Çünki bu vaxt uşaq yaradıcılığı hələ öyrənmə, məlumatın yığılması və emalı mərhələsində olur.

"Kollaj düşüncələr" kitabındakı "Qaranlıq və şəfəq" ("Tğma i rassvet") adlı povestin əvvəlində müəllifin verdiyi kiçik qeydlərdən aydın olur ki, bu əsər yeniyetmələr arasında məşhur olan "Yandere Simulyator" kompüter oyununun "fanfikşn"ıdır. Fanfiction - hər hansı bir pop-mədəniyyətin istedadlı fanatlarının zövq üçün yaratdıqları mətnlərdir. Belə demək olarsa, fanfiction müəllifləri onlara xitab edən mədəniyyəti sadəcə izləməklə kifayətlənməyib, ona öz bilgi, istedad və maraqları dairəsində, lakin elə bu mədəniyyətin öz dilində alternativ cavablar verirlər. Çünki uşaq və yeniyetmələrdə mütaliə etdiyi əsərlərlə dialoq qurmaq istəyi onu bu təsirlə nəsə yazmağa, mətnə illüstrasiya çəkməyə, hansısa epizodları harasa köçürməyə, əzbərləməyə sövq edir. Bəzi hallarda uşaqlar oxuduğu əsərlərin süjet və personajlarını oyunun bir parçasına çevirir. Bunlar düşünülmüş akt deyil, uşaq və yeniyetmə psixologiyasına xas olub altşüurun yönləndirməsi ilə həyata keçir.

"Fanfik"lərin yazılması Azərbaycanda yeniyetmə və gənclər arasında geniş yayılmasa da, dünya təcrübəsi ilə tanış olan uşaqlar bu axına qoşulurlar. "Fanfik"lər keyfiyyətcə üstün olan deyil, daha çox məşhur olan, belletristika əsasında yaranır. Bu baxımdan C.Roulinqin qəhrəmanı Harri Potter haqqında, S.Mayerin "Alatoranlıq" kitab seriyası əsasında yazılan fanfiklər minlərlə sayılır. Kompüter oyunları da yeni mətn yaradıcılığı üçün sütun rolunu oynaya bilir. Fanfik nəsri, adətən, iki şəkildə meydana çıxır: ya müəllifin bitirdiyi süjetin davamını yazmaq, ya da həmin obrazları saxlamaqla alternativ süjet yaratmaq yolu ilə. Hər bir halda, orijinalın təsiri bu və ya digər dərəcədə özünü göstərir. Müəllifin əsərin orijinalına nisbətdə nə dərəcədə müstəqil əsər yaza bilməsi onun mütaliəsindən və yaradıcı psixoloji təcrübəsindən asılı olur. Dənizin yaşına görə çoxtərəfli maraq dairəsi, dərin mütaliəsi var və bunlar daxilindən keçirdiyi təcrübə şəklində onun yazılarında əksini tapır.

"Qaranlıq və şəfəq" povestinə illüstrasiya olaraq verilmiş kollajdakı insanların görüntüsü yalnız arxadan və profildən çəkilmiş fotolardan və kölgələrdən ibarətdir, bu da əsərdəki sirri, bilinməzliyi ifadə edir. Əsərdə günəşin doğulması, divardakı kölgələrin oyunu hər gün olanların və olacaqların xarakteri ilə assosiasiya yaradır.

"Fotorəsmlərin kolleksiyasını toplamaq dünyanın kolleksiyasını toplamaq deməkdir" yazan S.Zontaq hesab edir ki, foto ətraf aləmi yaradan və formalaşdıran nəsnələrin ən sirli olanıdır. İstənilən məfhumun fotosu obyektiv reallığı deyil, artıq keçmişdə qalanı əks etdirir. Maraqlıdır, nədən Dəniz kitabındakı mətnləri fotokollajlarla birgə təqdim etməyi qərara alıb? Çünki heç bir element mətnə, kitaba səbəbsiz daxil edilmir. Və bu fotolar, onlardan yaradılmış kollajlar mətnin dediklərini rəsmdə əks etdirməklə yanaşı, həm də mətnin susduqlarını tamamlayır. Məsələ məlumatın sistemdaxili, yaxud sistemdənkənar mahiyyətindədir.

Fotoqrafiyanın ədəbiyyat üçün maraqlı olan tərəfi fotoşəklin göstərdikləri ilə yanaşı, həm də insanın gözündən gizli qalanları aşkar etməkdir. Eyni zamanda, ədəbiyyatın sözə çevirmədikləri də fotoyaddaşda iz qoya bilir. Bu baxımdan fotoqrafiya və söz sənəti bir-birini tamamlayır. İntermediallıq yalnız iki sənətin bir-birinə təsir göstərməsi deyil, eyni zamanda, birinin digərinin "bətnində" əriməsi, məsələn, fotoşəklin öz xarakteri etibarilə mətnə çevrilməsini öyrənir. Başqa sözlə, fotoşəkil həm də mətnin bir hissəsinə çevrilməklə bir ayrı mahiyyət qazanır. Dənizin mətnləri üçün illüstrasiya olaraq hazırladığı fotokollajların hərəsi kitaba öz əhvalatı ilə daxil olur. Beləcə, mətn və fotokollaj birliyi ortaq kodlarla müəllifin məramını oxucuya bəlli edir. Bu illüstrasiyalardakı fotolar daha çox verbal mətndə təsvir olunanın qrafik ifadəsinə çevrilir.

Əksərən uşaq yaradıcılığı oyunun, əyləncənin bir növü kimi meydana gəlir, belədə oyun və yaradıcılıq arasındakı sərhəd silinir. Uşaq üçün yazdığı mətnin ərsəyə gəlməsindəki proses nəticədən daha maraqlı aktdır və onun üçün mükafat yaradıcılığının böyüklər tərəfindən təqdir olunması yox, daha çox, yazı prosesindən alınan zövq olduğuna görə, bəlkə də, müəllifin buna elə də ehtiyacı yoxdur, oxucuların isə yeni səs, yeni nəfəslə ədəbiyyata qucaq açan mətnlərlə tanış olmağa ehtiyacı var. Fotoekfrasisdən bəhs edərkən mülahizələrimi fotoqrafiyanın daha dərin nüfuz etdiyi mətnlər üzərində də qura bilərdim. Lakin istədim ki, rus, Azərbaycan və ingilis dillərində yazdığı müxtəlif janrlı mətnlərlə dünyanı içindən keçirən yeniyetmənin yaradıcılığı ilə daha geniş auditoriya tanış olsun.

İlk baxışdan bəsit görünsə də, ədəbiyyatla fotoqrafiyanın əlaqəsi çoxtərəfli tədqiqat gərəkdirən maraqlı bir sahədir. Bu yazıda məsələyə ümumi ştrixlərlə, daha çox illüstrasiyaların bədii mətnə təsiri fonunda yanaşıldı, ondan kompozisiya-nitq forması kimi bəhs olundu. Nəzərə alsaq ki, fotoekfrasisin mətnə müdaxiləsi hər dəfə fərqli üsullarla aktuallaşır, o, bədii dilin problematikasından hər dəfə müxtəlif yönlərdə bəhs etməyə imkan verir.

 

Mətanət Vahid

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.5.