İkinci nəfəs
Novella
İnessa Markovna liftdən çıxıb ağır
təkərli çamadanını dalınca sürüyə-sürüyə
qapısının ağzına çatdı, azca nəfəsini
dərdi, sonra əl çantasından mənzilin
açarını çıxarıb ingilis kilidinin
deşiyinə saldı. Oyan-buyana fırlatmaq istədi, açar
ilişdi. İkinci dəfə cəhd eləyib
sol tərəfə burdu, yenə açılmadı. Qadın dərhal əsəbiləşdi,
açarı dəlikdən çıxarıb gözlərinə
yaxınlaşdırdı - özününküydü.
Dilinin ucunda deyinməyə başladı: "Lənət
şeytana! Həmişə
açdığım qapıdı, görən buna nooldu belə?
Bəlkə Ales evdədi? Ya bəlkə...". Başında min cür
fikir dolaşdı, növbəti dəfə açarı
kilidə salıb sağ tərəfə buranda qapı asanca
açıldı. Ürəyi yerinə gəldi,
arxayın duyğularla mənzilə girib çamadanı dəhlizin
küncündəki güzgülü dolabın
qabağına dartdı; ayaqqabılarını
çıxartmadan bir anlıq oturub evinin doğma qoxusunu
aldı.
O, düz
on beş gün idi ki, evdə yox idi, Cənuba,
dincəlməyə getmişdi və bu doğma qoxu
üçün darıxmışdı. Amma, nədənsə,
çox üzgün və kədərli
görünürdü, heç sanatoriyadan gələnə
oxşamırdı; elə bil nəsə itirmişdi, ya da nəyisə
yaddan çıxarıb sanatoriya otağında, ya da elə Xəzərin
ayaq yandıran qumsal sahillərində qoyub gəlmişdi.
Bəlkə də yol yorğunluğuydu sadəcə; təxminən
dörd saata yaxın yorucu uçuş, yuxusuzluq,
yanındakı sərnişinlərdən birinin körpəsinin
yolboyu zır-zır zırıldaması (cavan ana nə billah
edirdi, uşaq döşünü əmmirdi ki əmmirdi, təyyarə
bələdçiləri də uşağı kiritmək
üçün nələr eləmədilər; axırda
ortayaşlı bir qadın körpənin anasına
yaxınlaşıb dedi ki, südünə bir damcı
dimidrol qatsın, uşaq uyusun, amma səhər mütləq həkimə
göstərsin, bəlkə boğazında çöp
qalıb!) və əlbəttə ki, ilk dəfə
gördüyü Bakıyla bağlı isti xatirələrinin
elə o səs-küy və uğultudaca pərən-pərən
olması onun hikkəli ovqatına iynə sancmışdı.
Əslində isə qadının buna oxşar hal vəziyyətləri
otuz beş illik evlilik həyatında
tez-tez baş verirdi. Bəzən ona elə gəlirdi
ki, evdə nəsə çatışmır, ya da
bugünkü həyatı dünənki kimi deyil və dərhal
günahı Alesdə görürdü, ərini iynəli
sözlərlə sancırdı. Hərdən də ona
elə gəlirdi ki, əri həddən artıq simicləşib,
evə və ya onun özünə nəsə bir şey almaq
lazım gələndə elə bil canını Allah
alır, yaxud Larisanın təhsil haqqını ödəmək
vaxtı çatanda az qala dəliyə
dönür. Halbuki, ailənin aylıq gəliri
pis deyildi, ər-arvad, üstəlik oğlu Alyoşa da işləyir,
yaxşı qazanırdı. Ailə
varlı olmasa da, kasıb da deyildi. Buna baxmayaraq, qadın
elə bil doqquz yetimlə bir mağarada qalmışdı,
yoxluq barədə şikayət etməyə haqqı olmasa
da, ona elə gəlirdi ki, evdə (bəlkə də öz
iç dünyasında!) hər zaman nəsə
çatmır. Onun ən çox sevdiyi və təkrarladığı
ifadə də buydu: "əgər belə olsaydı...".
Təbiidir, insan yaşa dolduqca ona elə gəlir ki,
dünən bu gündən yaxşıydı və çox
vaxt elə bu ovqatla da ömrünü başa vurur. Amma
ağıllı adamlar bu günün ətəyindən
yapışırlar, gələcək üçün plan
qururlar və yaş barədə də
düşünmürlər. Keçmişi nə qədər
az xatırlasan, ömrün də bir o qədər
uzun olar. Bir vaxtlar İnessa Markovna bunları anasından
eşitmişdi; müharibənin dəhşətli günlərini
və məşəqqətli partizan həyatını
yaşamış Yuliya Maksimovna yeganə qızına həmişə
xatırladırdı ki, heç vaxt "əgər belə
olsaydı..." demə, özünü sonrakı
düzgün addımlardan məhrum edərsən.
-
Yadında saxla, qızım, yolun əvvəli çətin
olur, amma nə qədər ki, cavansan, qayğıları vecinə
almırsan, sən əzirsən onları; yolun ortasına
çatırsan, görürsən ki, qayğılar sənin
əl-ayağına dolaşır, yolun axırında isə
səni xurd-xəşil edir... Ona görə də həyatın
mənasını axtarmağa dəyməz, elə həyat
bir ovuc qayğı deməkdi...
İnessa
anasının sözlərinə əvvəllər bəlkə
də az əhəmiyyət vermişdi;
indi artıq onun altmış yaşı vardı,
düşünürdü ki, bəlkə də o zamanlar
anası haqlıymış. Larisanı məzəmmət
etdiyi vaxtlarda (dizi yırtıq cins şalvar geymə,
gözünü telefona çox zilləmə, çiməndən
sonra soyuq havada başına papaq qoy, evə gec gəlmə və
s.) bu barədə daha tez-tez düşünürdü.
İçi özü qarışıq bütün
uşaqlar belədi - iyirmi yaşında valideynə qulaq
asmırlar, qırx yaşında ağılları
başına gəlir... Axı indi internet əsridir,
sürət, sıçrayış əsas göstərici
hesab olunur, anaların düzgün hesab elədiyi şeylər
də köhnəlib, zamanla ayaqlaşmaq lazımdı. Bunu da Ales xatırladırdı ona. "Yox, yox, sən nə danışırsan, hər
şeyin mənası və rolu var. Həyatını dəyişməsən
də, heç olmasa ildə bir dəfə həyat tərzini
dəyişdirməlisən".
Vay o
gündən ki, evdə İnessa Markovnanın
sözünün üstünə söz gətirəydilər,
qadını saxlamaq olmurdu, od
tökülürdü ağzından: "Çörəyiniz
dizinizin üstündədi! Hamınızı mən
böyütmüşəm! İnsafsızlar! İndi məni
başa düşmək istəmirsiz! Mənimlə
maraqlanmırsız!". Sonuncu
cümləni də elə vurğuyla deyirdi ki, o biri otaqda
futbola, ya da "Heyvanlar aləminə" baxan Ales eşitsin.
Hə, hə, əslində, ərinə görə
deyinirdi. Oğlu işdən gələn kimi
kompüterilə əlləşir, Larisa da telefon xəstəsi
- nə veclərinə! Əsas Alesdi, bütün günü
işdə, gələn kimi də televizor! Kişilər
altmışdan sonra əntiqə məşuqə tapırlar
da!..
Belə vaxtlarda Ales arvadını sakitləşdirməyə
çalışırdı.
- Əzizim, innən belə heç kimi dəyişdirməyə
çalışma, özün də rahat olarsan, ətrafdakılar
da. Noolub axı? Nəyin
çatmır? Özün cavan olmamısan?
Qoy uşaqlar öz həyatlarını yaşasınlar da...
İnessa
düşünürdü ki, əri hardasa haqlıdır,
amma bunu onun üzünə demirdi, əksinə, onu cin
atına mindirən "özün cavan olmamısan?"
ritorikasıydı, bu sözlər onun içini alt-üst
edir, yanıb tökülürdü. Ona elə
gəlirdi ki, Ales gərək o ifadəni işlətməyəydi.
Axı onun qadın qüruruna toxunur bu sözlər, nə
yaşı var ki! Hələ onun gözəlliyinin
əsarəti altına düşənlər var, canı, əndamı
suludu, barmaqlarında, üzündə, gözlərinin
altında bir dənə də qırış görməzsən.
Balzak da qəbirdən çıxıb ona
baxsaydı, mütləq sözlərinə düzəliş
verər, qadının ən gözəl
çağlarının altmışdan sonra
başladığını deyərdi.
Belə vaxtlarda İnessa Markovna öz otağına
çəkilər, kədərini öldürmək
üçün fransız yazıçılarının
kitablarını oxuyardı. Səhəri gün məktəbdə
oxuduğu kitablardan müəllim yoldaşlarına maraqlı
epizodlar danışar, rəfiqələri isə ona diqqətlə
qulaq asar, hətta bəziləri onun təhliletmə qabiliyyətinə
heyran olduqlarını gizlətməzdilər. Qəribəydi ki, evdən fərqli olaraq İnessa
Markovna çöldə-bayırda, məktəbdə
özünü çox yüngül və rahat hiss edir, ona
göstərilən diqqətdən vəcdə gəlirdi.
Hətta ən pis şagirdləri belə, onun gözəlliyi
və şuxluğu qarşısında asanca əriyib ram ola bilirdilər...
Bütün bu ziddiyyətli ruhani hallar ailənin dinc və
rahat həyatına mane olmurdu. Ales memarlıq sahəsində xidməti
işiylə bağlı tez-tez əyalətlərə, gah da
xarici ölkələrə gedirdi, şəhər və
rayonların ərazi üzrə kompleks sxemini, yaxud da
özünün dediyi kimi, şəhər və qəsəbələrin
baş planını hazırlamaq zarafat deyil ki! Əlbəttə,
Ales bu işlərdə çiyninə düşən
yükün öhdəsindən bacarıqla gəlirdi, getdiyi,
tanış olduğu ölkələrdəki
müvafiq layihələrdən təcrübə
toplamışdı. Hərdən arvadına zarafatla deyirdi:
"Markovna, bir zamanlar məni də Korol kimi xatırlayacaqlar,
mən Vladimir Adamoviçin yerişini yeriyə bilməsəm
də, hər halda, xalq görür, xidmətlərim var...". Belə vaxtlarda İnessa
ürəyində ərinin həqiqətən ağır əməklə
məşğul olduğuna inansa da, gülürdü; boz,
soyuq gülüş idi bu, qadının içindəki və
gözlərindəki mənanı ifadə eləmirdi.
İnessa
Markovna yay tətillərində imkan daxilində Belarus
sanatoriyalarına güzəştli putyovkayla dincəlməyə
gedirdi; lap əvvəllər Alyoşayla gedərdi; oğlan həddi-büluğa
çatdı, institutu bitirəndən sonra əsgər getdi,
xidmət elədi, arada Nataşa adlı bir qızla
nişanlandı da... Sonra aralarında nəsə
oldu, deyəsən, qız uşağa qalmışdı və
Alyoşadan gizlin gedib uşağı
götüzdürmüşdü. Bu da
Alyoşanın xoşuna gəlmədi, qızdan
ayrıldı. İndi heç xoruzu
banlamır, çətin evlənsin, bütün sevgisini
kompüterə salıb, bu sahə üzrə mühəndisdi.
Markovna bir müddət dincəlməyə Larisayla getdi. Lakin Larisa da
sürətlə böyüdü, vaxt uçurdu. Bir də ayılıb gördü ki, Larisa əməlli-başlı
yekə qız olub. İndi onun ərə
gedən vaxtıydı. Bu gün-sabah
universitet bitirəcək, diplom alacaq. Hələ
qayğılar bundan sonra başlanacaq. Məktəbdə
İnessa Markovna yaşıdı olan rəfiqələrindən
tez-tez nəvə şirinliyi və
şıltaqlığı barədə məzəli sərgüzəştlər
eşidirdi; o, nənə-qadınların hisslərini başa
düşə bilmirdi. Ona elə gəlirdi
ki, bu qadınlar ağıllarını itiriblər, axı nə
yaşları var, həyatın ən ehtiraslı və
şirin çağları bundan sonradı.
Bu il yay girməmiş Ales evə iki putyovkayla gəldi.
Ər-arvad sevinirdi (bəlkə də daha
çox İnessa sevinirdi!), axı sonuncu dəfə birlikdə
nə vaxt istirahətə getdikləri tarixi də
unutmuşdular. Cavan vaxtlarında Rusiya,
İspaniya, Tayland, Avstriyada olmuşdular, Belarusu kəndbəkənd
gəzmişdilər. İndi bu putyokalar
göydən düşmüşdü, özü də hara
olsa yaxşıdı, həmişə arzuladıqları və
görmək istədikləri Azərbaycana. Ordan söz düşəndə Ales hər zaman əsgərlik
xatirələrinə qol-qanad verir, sovetin vaxtında xidmət
elədiyi günəşli cənub şəhərindən,
yerli camaatın hədsiz qonaqpərvərliyindən
ağızdolusu danışırdı. İndi
budur, uzun illərdən sonra ikinci dəfə o yerlərə
gedəcək, özü də arvadıyla gedəcək; Xəzərin
sahillərində dincəlmək ailə üçün əsl
cənnət olacaq. Amma sən saydığını say, gör fələk nə sayır! Son anda Alesi nazirlikdən buraxmadılar, daha
doğrusu, vacib işlər üçün Çinə
ezamiyyətə göndərdilər. Putyovkanın o
birinə heç kim (nə uşaqlar, nə
də İnessanın rəfiqələri razı oldu!) sahib
durmadı, axı hamının öz planı vardı! Qabaqcadan bilsəydilər, bəlkə də müəllim
yoldaşlarından kimsə razılıq verib gedərdi.
Ona görə də İnessa sanatoriyaya tək
getməli oldu, özü də könülsüz.
Qadın, deyəsən, ordan da könülsüz
qayıtmışdı; kim bilir, bəlkə
elə onun bugünkü dilxorçuluğunun əsl səbəbi
də buydu...
İnessa
beş otağın hamısını
gözdən keçirdi: hər şey qoyub getdiyi kimiydi, tərtəmiz,
səliqə-sahmanlı. Sonra əynini soyunub
çarpayıya uzandı. Qadını dərhal yuxu
apardı...
İnessa Markovna telefon zənginə ayıldı. Gün
saralmışdı. Gör haçan gəlib?
Deməli, səhər doqquzdan yatıb... "Aman
Allah! Yayın ortasında qış
yuxusudu, nədi?" deyinərək durub gözlərini
ovuşdura-ovuşdura telefona sarı yeridi.
- İnes, əzizim, gəlmisən?
- Kimdi? - bir anlıq rəfiqəsinin səsini tanıya
bilmədi, hələ də yuxuluydu. - Ah, Sveta, əzizim, səhərdən
elə yatmışam ki, dünyadan xəbərim olmayıb...
- Səhərdən
düz on dəfə zəng eləmişəm, çox
narahat oldum... Televizora baxmırsan?..
Aç bax... Aleksandr İvanıç...
- Nə dedin? Nəəə? Ola
bilməz... O Mogilyovdadı axı?! Dünən
zəng vurmuşdu mənə... Necə yəni?
Həbs ediblər?..
İnessa özünə gələndə qapı zənginin
fasiləsiz çalındığını eşitdi. Güclə dəhlizə
yeridi, qapını açan kimi Sveta onun boynuna sarıldı.
-
Əzizim, sakit ol, təmkinli ol... Bu saat... sakitləşdirici
həblər hardadı?..
Sveta rəfiqəsinin qoluna girib onu yataq otağına
apardı, cəld mətbəxə cumdu, dolabın
gözündən həbləri götürüb yataq
otağına qayıdanda İnessa artıq çarpayıda
oturmuş, əl telefonuyla əlləşirdi.
-
Bağlıdı... heç biri cavab vermir... Mikola Matveiç
də cavab vermir...
- Al, əzizim,
iç, iç, sakitləş bir az...
- De
görüm, noolub axı?
- Vallah,
heç özüm də anlamıram... Televizordan
eşitdim... Orda, Mogilyovun hansısa kəndində
qazıntı zamanı insan sümükləri tapıblar...
- Bunun Alesə nə dəxli var, hə? Ona demişdim, Mogilyova getmə...
Sözümə baxsaydı, belə olmazdı...
- Mən
də təəccübləndim... Aləm dəyib bir-birinə...
Camaat qalxıb, deyirlər, qazıntını
dayandırın...
- Ah! Bu da
sənin dincəlməyin! Elə səhərdən ürəyimə
dammışdı ki, nəsə olacaq...
İnessa hələ də havalanmış kimiydi. Alyoşa
yoxdu, Rusiyada kompüter texnologiyası üzrə beynəlxalq
seminardaydı. Larisa da rəfiqələriylə
birlikdə Litvaya, səyahətə getmişdi. Məsələdən tam agah olmamış
uşaqlara xəbər vermək istəmirdi. Axı Ales
ona zəng vuranda dedi ki, işlər yaxşıdı...
Öyrənmişdi ki, ərinin təsdiq elədiyi layihə
üzrə artıq işlərə başlayıblar...
Qadınlar hava qaralana kimi vurnuxdular, ora-bura zəng
vurdular, ailənin tanıdığı adamlarla, Alesin
yaxın dostlarıyla, bir sözlə, tanış-biliş,
qonum-qonşu qalmadı, hamıyla danışdılar. Məlum oldu
ki, Mogilyovda hansısa rayonun ərazisində əyləncə
kompleksinin tikintisinə başlamaq üçün yerli
orqanlar tərəfindən aparılan qazma işləri
zamanı kütləvi insan sümükləri tapılıb.
Əslində, Ales bundan ötrü gedibmiş
ki, görsün, işlər necə gedir; hələ bir
neçə ay bundan qabaq tikinti üçün ərazinin
seçilməsinə dair akt tərtib edilmişdi, layihə-axtarış
işlərinin aparılmasından ötrü icraiyyə komitəsinin
qərarı da vardı. Qazma işlərini aparmaqdan
ötrü o qədər kağız-kuğuz
hazırlamışdılar ki! Alesi də
göndərmişdilər ki, aparılan qazma işlərinin
gedişatını izləsin, inşaatçılar onun
hazırladığı cizgidən kənara
çıxmasınlar. Hər şey axarıyla gedirmiş,
lakin Ales evə qayıtmağa hazırlaşanda xəbər
veriblər ki, qazmaçılar Kirov rayonu ərazisində
çoxlu insan sümükləri aşkar ediblər, ilkin
versiya da bu olub ki, bunlar müharibə vaxtı faşistlərin
yandırdığı və amansızcasına qətlə
yetirdikləri yaxınlıqdakı kəndlərin əhalisinin
kütləvi məzarlığıdır.
Beləliklə, aşkar edilmiş insan sümükləri
bütün ölkəni ayağa qaldırıb, yerli əhali
etiraz əlaməti olaraq işlərin
dayandırılmasını tələb edib. Təbii ki, qəzetlər,
televiziyalar tökülüşüblər hadisə yerinə.
Əlaqədar qurumların rəhbərləri,
hətta Alesin naziri də oraya gedib. Layihə
ilə bağlı olan qurumlar və şəxslər əməlli-başlı
təşvişə düşüblər. Məsələ
dərhal böyüyüb və yuxarılara çatıb...
İnessagilin ailəvi dostu Matveiç zəng vurdu;
danışığından belə çıxırdı
ki, məsələdə cinayət tərkibi yoxdu, amma,
axı hüquq-mühafizə orqanları, ekspertlər, Elmlər
Akademiyasının mütəxəssisləri də rayona
tökülüşmüşdülər.
- İnes, canım, məncə, narahat olmağa dəyməz,
tezliklə hər şey aydınlaşacaq. Yuxarıdan ciddi göstəriş
gəlib ki, işləri dayandırın! Araşdırın!
Məlumat verin! Doğrudu, ordan verilən xəbərlərə
görə, guya elə dünən axşam şəhər
icraiyyə komitəsində müşavirə olub, yerli
hakimiyyət orqanları və müvafiq nazirlərin
iştirakıyla... Mənə dedilər ki, müşavirədə
tikinti və memarlıq işlərinə baxan bütün
qurumlar top atəşinə tutulub. Guya hamıya
möhkəm təpiniblər. Hara
baxırdınız? Gözləriniz kor
idi? Ərazini niyə vaxtında dəyərləndirməmisiniz?
Niyə baxış keçirməmisiniz?
Hanı layihənin texniki-iqtisadi əsaslandırması?.. O biri tərəfdən yaxşı olub ki,
o günahsız insanların heç olmasa sümükləri
tapılıb...Bilirsən də, sənin ananla biz 42-də
oralarda döyüşmüşük. Orda bizim sümüklərimiz
də ola bilərdi... Kim
tapacaqdı onları?
Mikola Matveiç Belarusun köhnə kişilərindən
idi, İnessanın anası Yuliya ilə birgə Maşerovun
partizan dəstəsində vuruşubmuş. Elə o
zamandan Maksimovnanı tanıyırdı və nə qədər
ki, arvad sağ idi, tez-tez gediş-gəlişləri olurdu.
Ötən il doxsan yaşlı
Yuliyanın ulduzu axıb getdi, dəfndən sonra qohum-əqraba,
dost-tanış İnessagilə yığışdı,
ürək-dirək verdilər, ananın ruhu şad olsun deyə,
içdilər. Matveiç qapıdan çıxanda dedi:
"Qızım, indi sənin atan da, anan da mənəm, hələ
ki sağam və bir işinizə yaraya bilərəm. Məni unutmayın". İnessa
Matveiçə çox inanırdı, bilirdi ki, Matveiç elə
belə, sözü ağzında bişirməmiş
çölə çıxarmaz.
-
Matveiç, bu işlərin axırı noolacaq? Yəni deyirsiz, Alesin günahı var?
-
Əzizim, İnes, sakit ol görək, dəqiq bilmirəm... Hər halda, artıq komissiya yaradıblar,
araşdırırlar. İlkin qərar da
bu olub ki, tapılan kütləvi məzarlıqda əyləncə
kompleksi yox, xatirə abidəsi ucaldılsın, vəssalam.
Düşünürəm ki,
anlaşılmazlıq olub. Layihəni də, bildiyimə
görə, elə Alesin özünə
tapşırıblar...
- Ah, bu nə
işdi başımıza gəldi? Matveiç,
yalvarıram, öyrənin görün Ales hardadı. Mən
onsuz yaşaya bilmərəm...
-
Yaxşı, yaxşı, zırıldama... Lazım olsa, lap
yuxarıya da gedəcəm...
Görürsən
də, hər dəqiqənin bir hökmü var! Yox e, saniyəyə
söhbət var! Hər an hər şey alt-üst ola bilər, yaxud da tərsinə. Dünən xoş ovqatla ayrıldığın sanatoriya
ilə bu gün başına gələn pis şeylərin nə
əlaqəsi var axı? Həyat bu əlaqələr
üstündə qurulub bəlkə? Ah, necə gözəl
hisslər yaşamışdım! Ah, necə pis xəbərlər
eşidirəm! İnsan beynindəki müxtəlif
neyronlar doğulandan ta qocalanadək dəyişir,
ölür, dirilirlər; görürsən ki, xarici aləmdəm
məlumatları alıb-ötürür, bizim hiss və
duyğularımıza havadarlıq edirlər. Həssasları
lap poçtalyon kimidi, bizi xarici aləmlə bağlayır,
müxtəlif məlumatlar alır, qəfil pis xəbərləri,
ağrı-acıları alanda məhv olurlar; şüşədən
də nazik və dəymədüşərdilər - bircə
anda çat verə bilərlər; qəfil pis xəbəri qəbul
edəndə kütləvi surətdə məhv olurlar,
yaxşı xəbərlər isə ölü neyronları
dirildir, onlara yeni həyat verir. Bunları, deyəsən,
o bakılı yazıçı var e, onun kitabından oxumuşdu.
Oxumuşdu və yadda saxlamışdı.
Bu anlarda İnessaya elə gəlirdi ki, onun həqiqətən
yaşı çoxdu, lap çoxdu, çox! Və
o, bir qadın kimi heç cür Balzak qadınlarıyla
müqayisəyə gəlməz. Halbuki,
bundan əvvəl o, tamam başqa cür
düşünürdü, mühafizəkar qadın kimi.
Düşünürdü ki, qadın heç
vaxt qocalmır, qadın hər yaşda gözəldi,
xüsusilə onun yaşında olan qadınlar
üçün həyat indi-indi başlayır. Amma indi
elə bil birdən-birə anladı ki, pis xəbərlər
insanı qocaldır, özü də dərhal qocaldır,
yaman qocaldır...
- Əzizim, həyat qurtarmır ki, özünü ələ
al, baxarsan, elə günün axırına Alesdən bir xəbər
çıxar... - Sveta kofe fincanlarını mizin üstünə
qoydu. - Bir də
axı, bəlkə anlaşılmazlıq olub, görmürsən
Matveiç dedi ki, təzə işi də Alesin boynuna
qoyublar...
- Məni
də toxdadan elə budur, Svet... Ah... bircə Ales telefona cavab
verəydi...
Axır ki, Ales telefonu açdı.
- Narahat
olma, əzizim, hər şey qaydasındadı. Evə gəlirəm...
Qadınların ovqatı durulaşdı, dərhal əl-ayağa
düşdülər. Heç onca dəqiqə keçmədi
ki, qazan qaynadı, soyuducuda nə vardısa, mizin üstünə
qoyuldu; evi ətirli Belarus kartofunun qoxusu bürüdü.
Sveta dərhal mağazaya qaçdı, salat
üçün çatışmayan ərzaqları alıb
gətirdi; süfrə təzəcə
açılmışdı ki, qapının zəngi
çalındı. Qadınlar ikisi də
qapıya yüyürdü, Alesi görüncə, boynuna
sarıldılar.
-
Düzünü de, hər şey qaydasındadımı, əzizim?
-
İnes, dedim ki, hər şey yaxşıdı, əslində,
mənə yeni layihə tapşırdılar, özü də
təcili təhvil verməliyəm...
- Urra! -
Sveta qışqırdı, - mütləq bunu qeyd etməliyik.
- Əlbəttə!
Həm də İnesin gəlişini!
Təzəcə oturmuşdular ki, Matveiç də gəlib
çıxdı. Əlindəki "Bulbaş"ı stolun üstünə
qoyanda İnessa dedi:
- Yox, yox,
Matveiç, bu gün sizə Azərbaycan konyakı verəcəm,
- deyə hələ də açılmamış
çamadanından üstündə "Gəncə"
yazılan büllur şüşəni çıxarıb
yeyin addımlarla stola tərəf yeridi. - Bunu mənə
bakılı dostlarım hədiyyə verib. Məncə, bu
gün onu açmağa dəyər!
- Həə,
həəə, əlbəttə, əlbəttə... -
Matveiç əllərini bir-birinə vurdu. - Onların
konyakı yaxşı olur...
-
Onların hər şeyi yaxşıdı... - İnessa ah
çəkdi. - Lap neft kralları kimi yaşayırlar...
-
Doğru deyirsən? - Svetanı maraq bürüdü.
- Hə,
hə, doğru deyir, - Matveiç yenə əllərini
bir-birinə şappıldatdı. - Neft, neft... neft ölkəsi
belə olur...
- Di
yaxşı, yaxşı, söhbəti dəyişin... Gəlin
bügünün şərəfinə... - Ales dedi.
Qədəhlər cingildədi, hamının
üz-gözündən məmnunluq yağırdı. Gecə
yarısı artıq süfrə başına
yığışanların sayı
çoxalmışdı. Qonşu mənzildən
İrina Arkadyevna əriylə, ikinci blokda yaşayan
Larisanın ingilis dili müəlliməsi Diana Şiffer
böyük oğluyla gəlmişdilər. Hamı Aleslə maraqlanırdı, hamı həyəcanla
gəlsə də, təntənə və ziyafətlə
qarşılaşdı. Və bu da
onları qane edirdi, süfrədəki konyaka moldovan şərabları
və Belarus araqları da qoşuldu.
Nəhayət, Matveiç ayağa durdu.
- Di bəsdi,
getmək vaxtıdı. Ümid edirəm ki,
Alesin işləri bundan sonra daha yaxşı olacaq. Mənimsə
ondan bircə xahişim var: İnesdən muğayat olsun, vəssalam.
Sözlər
İnessanın ürəyinə yağ
kimi yayıldı. Əslində, bu bir neçə saat ərzində
heç kim onunla maraqlanmamışdı;
necə getdi, necə gəldi, özünü necə hiss
edir... Əlbəttə, Aleslə bağlı
hadisə olmasaydı, bəlkə də maraqlanardılar.
Amma yox, heç olmasa, Ales özü
soruşaydı, halımı xəbər alaydı. Qadın yenə özünü o yerə qoymadı,
düşündü ki, ötüb-keçəcək.
Əsas odur ki, əri yanındadır.
Gör bir neçə saat içində nə qədər həyəcan,
təşviş yaşadı! Nə qədər əzab
çəkdi! Heç Ales belə etməzdi! Amma
o, həyəcandan çox pis oldu. "Müqəddəs
Məryəmə and olsun, Sveta olmasaydı, bəlkə də
çoxdan havalanmışdım!".
İnessa Markovna qonaqlar gedəndən sonra fikirli-fikirli
yatağa girdi.
Ales həmişəki kimi onun alnından
yüngülcə öpdü. Qadın
qısılıb doluxsundu. İsti bir
damcı Alesin qolunun üstünə düşdü.
- Niyə
ağlayırsan, əzizim?
- Bilmirəm...
Bir müddət ikisi də susdu.
- De
görüm, məni sevirsən? - İnessa qəfil
soruşdu.
- Başa
düşmədim, bu nə sualdı belə?
- Yox,
düzünü de, məni yenə əvvəlki kimi sevirsən?
- Əlbəttə,
əzizim! Niyə birdən-birə ağlına
belə sərsəm sual gəlir?
- Sərsəm
sual deyil, Ales, sən heç mənimlə maraqlanmırsan... Məgər mən yaşlaşmışam?
-
Yaxşı, yaxşı, yum gözlərini, əzizim, yat, sabah danışarıq. Bu
gün çox gərgin olub.
- Sən
heç sabah da mənə cavab verməyəcəksən...
Həmişə belə deyirsən, səni yalnız iş
maraqlandırır. Gah o şəhərə, gah bu şəhərə,
gah o ölkəyə... Nə bilim... Günlərin
ezamiyyətlərdə keçir. Mən
özümü yalqız hiss edirəm. Ha vaxta kimi belə
olacaq?
-
Əzizim, sabah yenə Mogilyova gedirəm.
Başa düşürsənmi, çox vacib və məsuliyyətli
iş tapşırıblar. Nazirlə birlikdə gedirəm... Zarafat deyil. Bilirsən, əslində, bizi ora,
nazirin yanına aparmışdılar... bütün ekspert və
layihəçilər... müzakirə elədik, yeni xatirə
kompleksinin cizgilərini cızdıq... məlumatlar, cizgilər...
yuxarıya qədər gedib çıxdı, gözlədik...
nəhayət, cavab gəldi... bəyəndilər... Bilirsən, bu nə deməkdi? Sən
belə şeyləri hardan biləsən? Sən axı
dincəlirdin... Mən hər gün işləyirəm.
Məcburam işləməyə. Bura sənin
üçün neft ölkəsi deyil e! Bax sən,
artıq pul xərcləyəndə, ya da bir
israfçılıq edəndə, bilirsən niyə əsəbləşirəm?
Maaşa baxıram, əlavə qazanc yerim də yoxdu... Pulu göydən tökmürlər. Bilirsən niyə, əzizim? Eşidirsən?..
İnessa Markovna yuxulamışdı, ərini
eşitmirdi. Görünür, qadın bilirdi ki, ərindən
yenə könlü istədiyi cavabı ala bilməyəcək.
Ya da, bəlkə dəfələrlə
eşitdiyi eyni çeynənmiş sözləri eşidəcək.
Səhər Ales yenə Mogilyova getdi. Qapıdan çıxanda
İnessa dedi:
-
Ümidvaram ki, bu dəfə yaxşı xəbərlər
eşidəcəyəm.
- Sən
heç görmüsən ki, Mogilyovdan yaxşı xəbər
gəlsin? - Ales zarafata salıb gülə-gülə
qapıdan çıxdı.
Əri gedəndən sonra qadın əvvəlcə
oğluna zəng vurdu, arxayın oldu ki, Alyoşa
yaxşıdı, gecəki hadisədən də xəbəri
yoxdu. Telefonda öpücüklər göndərib
sağollaşdı. Sonra Larisanı
yığdı. Qızı telefonu
açan kimi anasına aman vermədi.
- Ana, evdəsən?
Lap yaxşı, atam necədi?
-
Yaxşıdı...
- Ana, bura
elə gözəldi ki! Rəfiqələrim sənə salam söyləyir...
- Sağ
olsunlar. Məndən də salam.
Özündən muğayat ol...
- Sən
də. Öpürəm...
Telefonu söndürəndən sonra xeyli fikrə getdi. "Heç
biri maraqlanmadı. Hərə öz
hayındadı. Elə bil bu evdə təkcə
ata var, ana yoxdu. Ay sizi! Elə bilirsiz, mən
yaşlaşmışam? Əgər mən...".
Birdən-birə nə düşündüsə, cəld
vanna otağına girib duş qəbul elədi, sonra
güzgünün qabağına keçib ətirli
şampunla yuduğu saçlarını quruladı;
üz-gözünü qaydaya saldı, təzə
libasını, qara dikdaban ayaqqabılarını geyindi. Anasındanqalma qızıl
boyunbağını taxdı... Güzgünün
qabağında özünə heyran-heyran baxdı, o yan-bu yana fırlandı, zümzümə edə-edə
rəfiqəsini yığdı.
- Svet, gəl
görüşək. Hə, hə, Qələbə
meydanının yanındakı kafedə, həmişəki
yerimizdə.
Qadına elə bil ikinci nəfəs vermişdilər,
ya da bax, elə bu gün o, sanki orta məktəbi bitirib, son zəngə
tələsir; özünü çox şux və gümrah
hiss edirdi. Gözləri gülür, çöhrəsi
gül açmışdı. Sveta rəfiqəsini
görən kimi bu təravətdən heyrətləndi:
- Ay
qız, nə gözəl görünürsən?
Maşallah, Ay parçası... İndi bilinir ki, sanatoriyadan gəlmisən...
- Məgər
əvvəllər belə deyildim?
- Beləydin,
əzizim. İndi lap su sonasına oxşayırsan!
- Bilirsən,
Svet, evdə olanda, sanki özümü ölü hesab edirəm.
Çölə çıxanda elə bil
dirildirlər məni. Mənə elə gəlir ki, evdə
məni sevmirlər, çöldə isə hamı mənə
baxır, hamı mənim gözəlliyimə heyrandı...
- İnes, sənə noolub? Əməlli-başlı dəyişmisən!
Danış görüm, oralarda sənə nə
ediblər belə? Qafqazlılar şuluq adamlardı
yaman...
- Məncə,
sən bir qədər şişirdirsən. Əvvəla,
adamlar qoz kimidi, sındırmasan bilməzsən içində
nə var. Hər halda, onlar haqqında ilk təəssüratım
çox müsbətdi, qonaqpərvər və diqqətcildilər.
Evcanlı, ailəcanlı adamlardı. Doğrudu, bizim kimi səliqə-sahmanlı deyillər.
Şəhər və qəsəbələri təmiz
deyil, xidmət bizdəki kimi deyil, adamlar və maşınlar
qırmızı işıqdan da keçirlər. Amma
yeməklərinə söz ola bilməz.
Kişilər nəqliyyatda qadınlara yer verirlər...
- Deyirlər,
kişiləri iki-üç arvadlı olur, düzdü?
- Ay
qız, qanunla icazə verilmir. Amma onlar evdə də,
çöldə də arvad saxlayanda hər ikisinə eyni
gözlə baxırlar. Hə, hə, bunu
mənə orda dostlaşdığım yerli sakinlər dedilər.
Mənə də yaman baxırdılar... Görən deyirdi
"ah, siz necə də gözəlsiniz!".
- Gözəl
qadını kor da görər... Bir də
axı, sən hələ cavansan.
-
Çox sağ ol, əzizim, sən
çox diqqətlisən...
Qadınlar düşündüklərini öz
aralarında paylaşanda daha arxayın və rahat olurlar. İnessa
Markovna da özünü çox arxayın, rahat hiss edirdi,
dünən axşamkı həyəcan və sarsıntı
yaz küləyi kimi uçub getmişdi; onun səsi ipək
kimi yumşalmış, gözəl bir yay səhəri dərənin
dibində sakit-sakit axan çayın zümzüməsinə
bənzəyirdi. Bu anlarda İnessa ona ikinci nəfəs
verəcək varlığın ayaqlarını ətir
saçan saçlarıyla belə silməyə hazır idi,
Lazarın bacısı Məryəm kimi; təki o varlıq
ölmüşləri diriltməyə qadir Məsih olsun...
Qrodno, iyul 2019-cu il
Kamran Nəzirli
Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.8-9.