Uşaq ədəbiyyatının praktik imkanları:
mətn və onun bədii
təsir gücü
II Yazı
Endirərsən başını
böyük dualar üçün
bu balaca əllərə.
Böyük andlar içməyə.
Günahlardan keçməyə.
V.B.Odər
Gözəl şairimiz Vaqif Bayatlı Odər dünyadan
bezəndə "uşaq əlləri"nə
sığınmağa çağırır bizləri. O əllər ki,
dünyanın ən saf, ən təmiz üzü, kirlənməmiş
ərazisidir. Bəlkə buna görə bizim də
uşaq dünyasına borcumuz daha məsuliyyətli bir qayəyə
çevrilib həmişə. Onun o balaca
dünyasına kainatın bütün gözəlliklərini
sığdırmağa çalışmışıq.
Bəlkə özümüzü xilas etmişik bununla, kim bilir?!
Bu gün uşaq
ədəbiyyatı meydana qoymağın
çətinlikləri haqda çox danışılır. Bu, təbii
ki, belədir. V.Q.Belinski uşaq ədəbiyyatı
yaradan şəxsin ikiqat istedadlı olmasını nahaq
vurğulamırdı. Obrazlı ifadələri
uşaq psixologiyasına uyğun şəkildə seçmək
üçün gərəkli idi bu istedad.
Ötən yazımızda uşaq ədəbiyyatı ilə bağlı müəyyən
problemlərə toxunmuşdum. Amma əlahəzrət
mətn ki, var, ədəbiyyatın bütün problemləri
ondan sonra gəlir. Yəni ilkin şərt
onun varlığıdır. Yaxşı mətn
olmayan yerdə yaradılan bütün şəraitin hansı
önəmindən, uşaqlara faydasından danışmaq
mümkündür?
Gənc nəslin uşaq ədəbiyyatına marağı artır. Bunu uşaq
yazarlarının öz rakurslarından izləmək daha
maraqlıdır. Mina Rəşidin son
dönəm həm öz yaradıcılığında
maraqlı poetik nümunələrlə rastlaşırıq,
həm də onun baxışında bir çox şairlərin
uşaq şeirlərinin təhlilini görürük.
Daha çox
uşaq yazarlarından
yazır Mina Rəşid, bu yaxınlarda çap olunan
"Günəş olaram mən də" məqaləsində
müəllifin narahatlığı da gözdən
qaçmır. "Bugünkü uşaq ədəbiyyatı
nümunələrinin keyfiyyət göstəriciləri necə
olmalıdır" kimi suallara cavab aramağa
çalışır, sanki və cavabı deyək ki,
bütün ömrünü uşaq ədəbiyyatına həsr
etmiş unudulmaz Xanımana Əlibəylinin
yaradıcılığında, məsələn, onun
"Külək və söyüd" şeirində
tapır. Nümunə gətirdiyi poetik örnəklərlə
bu gün uşaq şeirini necə yazmaq lazımdır kimi
suallara cavab verir:
Söyüd,
gəldim öyrənim
Mənimlə dost olursan?
Yox, olmuram sən mənim
Saçlarımı yolursan.
Yaxud
"Nigar Rəfibəylinin çiçək ətirli poetik
dünyası" məqaləsində tanınmış
şairin şeirlərindəki çiçək obrazı və
uşaqlar üçün yazdığı şeirləri əsas
təhlil predmetinə çevirərək yazır ki, "Nigar
xanımla bağlı yazı yazmağa, düzü, onun
uşaq şeirlərinə görə qərar vermişdim.
Amma yaradıcılığı ilə daha geniş tanış olduqdan sonra gördüm ki, bu
şeirlərdə bir uşaq saflığı var və
çiçək ətri oxucunu, sanki müşayiət
edir... Elə uşaq şeirlərindən də
çiçəklər boylanır..." ("525-ci
qəzet", 19 aprel 2019).
Müəllif N.Rəfibəylinin 35 kitabı arasında "Balaca qəhrəman",
"Günəşin cavabı", "Məstanın
balaları" və "Bizə bahar yaraşır"
adlı uşaq kitablarının da yer aldığını
vurğulayaraq bu şeirlərdəki xüsusiyyətlərdən
- axıcılıq, həssaslıq, sözü incəliklə
enmək bacarığından bəhs edir. "Yəqin, elə
bundandır ki, tanınmış italyan bəstəkarı
Franko Manino "Məhəbbət kantatası"nda onun
lirikasından istifadə edib!".
Bizim poeziyada
bayraqla, vətənlə
bağlı duyğuların uca səslənişini XX əsrin
əvvələrində yaranmış poeziya verir. Müstəqillik dönəmində
adekvat ictimai-siyasi proseslər yaşansa da, vətən sevgisi
ilə bağlı seçilən mətnlər az oldu. Mina Rəşid daha
çox uşaqlarda vətənpərvərlik ruhunun
formalaşmasına, oyanışına xidmət edən mətnlər
yazır. Onun bu
yaxınlarda çapdan çıxan "Balaca günəş"
kitabında yer alan "Mənim
doğma vətənim", "Ana dilim", "Azərbaycan
əsgəri", "Novruz", "Xocalı",
"Ağdam", "Mübariz", "Təbriz",
"Türk bayrağı", "Qarabağ",
"Qız qalası" şeirləri ehtiva elədiyi
coşqunun miqyası və tərənnüm baxımından
fərqli estetik məkan yarada bilir. Və ən əsası
uşaqların ruhuna hopacaq bir səviyyədə qələmə
alınıb:
Azərbaycan
adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.
Vətənimin
paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.
Dinim
İslam dinidir
Vətənim Odlar yurdu.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu.
Sevinc Nuruqızı "Vətəndən uca"
şeirini dərsliklərə salınacaq səviyyədə
meydana qoyub. Sevinc xanım nə yazdığını
bilən, uşaqlarla işləməyi bacaran, onlara lazım
olanı duyub mətnə çevirən uşaq
yazarımızdır. İllərdir ki, bu
sahənin yükünü həm öz mətnlərini
yazmaq, həm də tərcümələrlə məşğul
olmaqla tək çəkir. "Vətəndən
uca" şeiri ona görə seçilə bilir ki, bura
müəllifin ifadə etdiyi predmetlər, anlayışlar
özünün məzmununa uyğun bədii intonasiya və təsvir
sistemi ilə əyaniləşən mətn strukturunu yarada
bilir. Müəllifin təxəyyülündə yer alan müşahidələrin
canlılığı, təbiətin gözəlliklərini
uşaqlara coşqulu bir ruhla aşılamaq əzmi, fikrin
dolğun və poetik ifadəsi predmetin təfərrüatı
ilə təsvirinə imkan yaradır:
Büllur
yağışlar,
yağır çıp...
çıp... çıp...
Yağışdan içib,
lalələr açıb...
Nəğmə oxuyur,
yenə navalça,
ça...ça...ça... ça... ça...
Dünyada nə var
Vətəndən uca?..
Kəpənəklərin
qanadı zərif...
Küləyi ilıq,
mehriban, xəfif...
Dalğalar salır,
sahilə naxış...
Ayaqlar altda,
xəzəl xış...xış...
xış...
Günəşdən içib,
çəmən doyunca...
Dünyada nə var,
Vətəndən uca?..
Uşaqları kiçik yaşlarından sevgiyə, mərhəmətə
alışdırmaq, ətrafdakıların duyğularına
emosional yanaşmaq kimi xarakterik çalarların
yaranmasında ədəbiyyatın üzərinə
böyük yük düşür. Bugünkü uşaqların
düşüncə tərzi, həyata baxışları
çağımızın informasiya, xəbər, situasiya,
hadisə və proses qaynağında hasilə gəlir. Belə bir məqamda onlar üçün
yazılmış əsərdə də obraz və
detalların bədii dəyəri təlqin olunan ideyanın
ifadəsinə necə xidmət etməsi ilə müəyyənləşir.
Bu mənada, Hicran Hüseynovanın "Dərdli
pişik haqqında ballada" hekayəsi haqqında
danışmağı zəruri hesab edirəm.
Hicran Hüseynovanın
"Dərdli pişik
haqqında ballada" hekayəsi uşaqlara heyvanları sevdirmək,
onlarda bu təbəqəyə qarşı rəhmli olmaqla
bağlı yüksək hisslər yaradır. Bu gün
heyvanlara qarşı olan şiddət dünyanın əksər
ölkələrində etirazla qarşılanır, kitablar
yazılır, videoçarxlar hazırlanıb yayılır.
Bunun ən yaxşı yolu insana kiçik
yaşlarından ötürülən, aşılanan
sevgidir. Təsadüfi deyil ki, uşaq ədəbiyyatının
əsas mövzularından biri heyvanı sevmək, onlara
qarşı uşaqlarda mərhəmət hissini gücləndirməkdir.
Hicran Hüseynovanın "Dərdli pişik
haqqında ballada" hekayəsində də əsas qayə
elə budur.
Bu hekayədə insanların
öz bətnlərindəki uşaqlara
qarşı amansız rəftarı heyvanların üzərinə
köçürülür, onların üzərində
sınaqdan çıxarılır. Sahibi tərəfindən
bətnindəki balası məhv edilib orqanı
götürülən və bununla balalamaq kimi bioloji prosesdən
xali olan pişiyin düşüncələri yanıqlı
bir dillə nəql edilir. Çox
keçmir eyni aqibəti pişiyin sahibəsi də
yaşamalı olur. Hekayə bütün hallarda
insanlıq duyğusunun itməsi, heyvanlara qarşı
amansızlığın sonuncları üzərində
düşündürür: "Mavi, qəhvəyi
güllü divanda yumaq kimi yumurlanmış halsız pişik
də hərdən pəncərədən yağışa
baxırdı. Yağışın və
saatın əqrəblərinin eyni ahənglə təkrar
olunan aramsız səsinə quşların şən civiltisi
də qoşulurdu arabir. Yazıydı.
Quşların bala çıxaran
vaxtıydı. Pişik göynəyə-göynəyə
düşünürdü ki, bu azad quşların ana
olmasına, bala bəsləyib sevincli günlər
yaşamasına heç kəs, heç bir ikiayaqlı qatil
mane olmayacaq. Onlar şən səslə
oxuyacaq, budaqdan-budağa qonacaq, çör-çöp
daşıyıb yuva tikəcək, bala çıxaracaq, ana
olmağın sevincini yaşayacaq. O isə... Heç
vaxt, heç vaxt ana olmayacaq! Çünki
sahibi, sahibəsi belə istəmişdi!" ("Ədəbiyyat qəzeti", 17 iyun 2019).
Yaxud Reyhan Yusifqızının
olduqca oxunaqlı şəkildə qələmə
aldığı "Hamıdan qəşəng",
"Xoşbəxt arı" hekayətlərini götürək.
Reyhan xanım uşaqlar üçün o məqamları
qələmə alır ki, orda onların gələcəyinə
hədəflənmiş istiqamətləri tutub mətnə
çevirməyi vacib bilir. Onun əsərlərində
zamanla ayaqlaşma, həyatın ritminə çevik
müdaxilə səriştəsi, yazdığı
mövzulara estetik münasibətin müasir ruhu duyulur. Vətən, məktəb,
təbiət haqqında predmetli, konkret mövzuya həsr
edilmiş mətnlərlə uşaqları inandırır.
Adıçəkilən əsərlərində də Reyhan
xanım deyim
və ifadə tərzindəki təbiiliklə, rəvanlıq
və yumor hissinin qabarıqlığı ilə diqqət
çəkir. Heyvan obrazları vasitəsilə
ibrətamiz səhnələr quran və onların dili ilə
uşaqlara daxili məzmun, mənəvi-əxlaqi keyfiyyət
aşılayan müəllifin mətnləri bu gün
çağdaş uşaq ədəbiyyatının praktik
imkanlarını ehtiva edən potensial
daşıyıcısıdır.
Uşaq ədəbiyyatı adı
ilə oxuduğumuz mətnlərin
hamısına uğurludur demək olmur. Əslində,
istənilən şairin külliyyatında olan şeirlərin
hamısını sənətkarlıq baxımından
yüksək dəyərləndirmək mümkün deyil.
Amma bir məsələ var ki, uşaq ədəbiyyatı
yaratmağın məsuliyyəti başqadır. Burada ilk oxucu uşaqdır. Onun
ruhu, mənəvi dünyası, dünyagörüşü
məsələsidir. Uşaqlar
üçün nəzərdə tutulub alınmayan,
uğursuz yazılan şeirlər isə arada qalır. Onlardan nə uşaq zövq ala bilir, nə də
böyük.
Ələsgər Əlioğlu tanınmış
uşaq şairidir. Onun şeirləri
uşaq dünyasına yaxınlığı, rəvan dili və
ən əsası, uşağın qavrama imkanlarına
münasibliyi ilə seçilir. Məsələn, onun
maraqlı bir dialoq üzərində qurulmuş "Torpaq
toru" şeiri
var:
Mən
deyirəm:
- Ay baba,
Torpaq bəzən sürüşür!
Dayanmır öz yerində,
Bir-birindən gen düşür...
O deyir:
- Çox ağac ək,
Kökü getsin dərinə.
Balıqçı toru kimi
Hörülsün bir-birinə...
Bil ki, salmış olarsan,
Onda torpağı
tora.
Ha can atsa da belə,
Sürüşməz ora-bura...
Uşağı həm təbiətə
alışdırmaq, təbiəti sevdirmək, həm də
onun düşüncə imkanlarını üzə
çıxarmaq üçün gözəl nümunədir. Ətraf mühit haqqında
dolğun təsəvvür yaratmaq üçün şair
obrazlılığı əsas götürməklə poetik
yozum inandırıcılığına nail olur. Amma bu
sözləri müəllifin "Zoğal ağacı"
şeiri haqqında demək olmur:
Havalar
sınır daha,
El-obadan köçür
qış.
Tez çiçək açmaq
üzrə,
Bağda
başlanır yarış...
Yazın
hənri vurduqca,
Tumurcuqlar oyanır.
Bağda
zoğal ağacı,
Birincilik qazanır.
"Havalar sınır" metonimiyası poeziya
dünyamız üçün qərib səslənmir. Çünki Vaqif Səmədoğlunun
da "Uzaq, yaşıl ada" şeirində belə misra
vardı: "Belə getsə sınar quşların səsi"...
Şair soyuqluğun, uzaqlığın nəticəsi
olaraq belə bir təsirli bədii lövhə
yaratmışdır. Ələsgər
Əlioğlunun da bu misrasında "havanın
sınması" eyni qəbildən olan mənanı ehtiva
edir özündə və maraqlı səslənir. Amma
şeiri uğursuz edən nədir: şairin sonradan
formallığa meyil etməsi, qafiyə xətrinə qafiyə
yaratması: "Yazın hənri vurduqca". Səs
düşümü ilə xarakterizə olunan bu misra
şeirin ümumi poetik duyumuna xələl gətirir və
aydın məsələdir ki, uşaq üçün
heç də rahat olmayan bir intonasiya əmələ gətirir.
Eyni estetik mizansızlıq digər uşaq şairi İbrahim Yusifoğlunun "Ayan
gedir məktəbə" şeirində də nəzərə
çarpır. Şeirdə Ayan adlı
qızın məktəbə getməsindən, evdə, həyətdə
olan hamının bu məsələyə səfərbərliyindən
bəhs edilir. Amma
şeirdə ahəng qanunu dəfələrlə
pozulur, xüsusən "asta hürü, gəl təbə"
misrası uğursuz səs düşümü ilə
şeirə otuzdurula bilmir.
-
Cip-cip-cip cücələrim,
Ananızdan gen gəzməyin.
Güdür sizi Tülkü
lələ,
Ayan gedir məktəbə.
- Ay
Toplan, həddi aşma,
Məstan ilə dalaşma.
Asta hürü, gəl təbə,
Ayan gedir məktəbə.
İbrahim Yusifoğlunun dialoqlar üstdə qurulan, predmetin mahiyyəti
haqqında balacalara məlumat verən şeirlərində isə
əksinə, bədii effekt yaradılır. Söz oynatmaq, dilin incəliklərinə
enmək, tapmaca janrının imkanları əsasında formanın poetik çəkisini
zənginləşdirən bu şeirlər uşaqlarda təsəvvür
yaratmaqda, məlumatın obrazlı şəkildə
qavrayışında mühüm rol oynayır:
O,
hansı yeməkdir ki,
Un ələkdən ələnir.
Sonrası xəmir olur,
Balaca kündələnir.
Bu balaca
kündələr,
Oxlovla ovxalanır.
Doğram-doğram doğranıb,
Sonra ipdən
sallanır.
...Hələ
onu bişirmək
Tələb edir səriştə.
Aymir deyir: - ay nənə,
Əriştədir, əriştə.
Gənc şair Allahşükür Ağanın uşaq
şeirləri bu sahədə yetişən gənc nəslə
ümid oyadır. Allahşükür Ağanın "Ağ
çiçəklər" şeiri var. Şeirdəki poetik
mexanizm bütün gücüylə işləyir, rəvan və
sadə bir dillə qələmə alınıb.
Sahil durub
gördü ki,
Ağaclar ağappaqdı.
İnanmadı gözünə
Dayanıb baxdı, baxdı.
Oyatdı
uşaqları
Quşlar qaçdı səsindən.
Bağçalara, bağlara,
Qış gəlibdi təzədən.
Sahilin
hay-küyünə,
Gəldi qardaş-bacılar.
Gördülər ki, qar deyil,
Çiçəkləyib ağaclar.
Şeirin özəlliyi nədədir? Adi
görünən hadisələrə yeni münasibət
yaradır, fərdi poetik təfəkkürün
orijinallığını meydana qoyur. Ağaclar
çiçəkləyəndə doğrudan da ağappaq
qar topası kimi görünür. Təbiətlə
bağlı belə bir poetik lövhənin təqdimi həm
uşaq təxəyyülünün zənginləşməsinə
yol açır, həm də onlara estetik zövq
aşılayır. Əsl, istedadla
yazılmış uşaq mətni belə olmalıdır, əslində.
Ondan uşaqlarla bərabər, böyüklər
də zövq almalıdır. Təəssüf
ki, çağdaş ədəbiyyatımızda bu cür
uğurlu uşaq nümunələrimiz azdır. Hələ
dərsliklərimizin səviyyəsi, orda yer alan
poeziya və nəsr nümunələrinin əksəriyyəti
uşağın ya yaş səviyyəsinə uyğun olmur
(bu yaxınlarda mövzunu konkret faktlarla əhatə edən
yazım olacaq), ya da estetik baxımdan onlara zövq
aşılamır, düşündürmür.
Uşaq şairlərinin təbiətlə
təması əksərən
yaxşı alınır. Təbiət
mövzusu böyüklər üçün usandıra bilər.
Hansısa dönəmdə
lüzumsuz görünə bilər. Məsələn,
90-cı illərdə, həmin o qarışıq və xaos
zamanında şairin təbiətdən şeir yazması
uyğun görünmürdü. Çünki
zamanın irəli çəkdiyi problemlər və onlara
nüfuz cəhdi daha öndə idi. Adətən
təbiət şairi kimi tanıdığımız Musa
Yaqub belə, məsələn, həmin illərdə
ictimai-siyasi motivli şeirlərə köklənmişdi.
Yaxud uşaq şairi Xanımana Əlibəylinin
bu dövr yaradıcılığına Qarabağ ştrixləri,
qaçqınlıq mövzusu, Xocalı
soyqırımının ağrıları, dini motivlər
daxil olur. Amma bütün bunlara baxmayaraq,
uşaqların öz dünyası var. Bu dünya həmişə
rəngarəngdir. Poeziya, şeir də
onları bu rəngarəngliyi daha yaxından
görükdürməyə kömək edən sahə
olmalıdır.
Şeirlərində daim təbiət təsvirlərinə
müraciət edən, onları uşaqlar üçün
oxunaqlı dildə qələmə alan
Zahid Xəlilin demək olar ki, bütün şeirlərində
məzmunun müasirliyi, bədii qayəni uşaqların mənimsəmə,
idrak imkanlarına müvafiq ifadə etməsi, bədii təsvir
vasitələrinin əlvanlığı ilə seçilməsi
faktı qabarıqdır. Onun "Nərgizgülü və
qış" şeirinə diqqət edək:
Qış
yenə təbiətə
Topla, tüfənglə
gəldi.
Qılıncını sıyırdı
Qarla, küləklə
gəldi.
Qar
üstə gülümsünən
Nərgizə bax, nərgizə.
Şeh kimi şölə saçır,
Ləçəkləri təptəzə.
Onu dondura
bilmir
Qışın soyuq nəfəsi,
O, qar üstə uyuyan
Günəşin son şöləsi.
"Bu
şaxtaya, bu qara
Dözməz hər qız" - dedilər.
Elə buna görə də
Ona "Nər
qız" - dedilər.
Öpdülər,
oxşadılar,
"Nər qız",
"Nər qız"
- dedilər.
Lap axırda yorulub
Ona
"Nərgiz" - dedilər.
Zahid Xəlil o müəlliflərdəndir ki, bədii təsvirdə
seyrçiliyə meyil etmir, nağıllardakı rəvanlıq
və axıcılığı yansıdan poetik təhkiyə
vasitəsilə bəhs etdiyi predmetlə bağlı aydın
təsəvvürlərdən çıxış edir. Məsələn,
bu şeirdə elə ilk misralardan qışın təsviri
təbii boyalarla verilir, obraz və detallar məntiqi cəhətdən
bir-biri ilə əlaqələnir, biri digərini
tamamlayır. "Qışın təbiətə
top, tüfənglə gəlməsi" onun ilin fəsilləri
içində qarı, yağışı ilə sükutu
pozmasına işarədirsə, qar və küləyin
qılıncını sıyırması faktı da hər
iki təbiət hadisəsinin xarakterik xüsusiyyətini
önə çəkməklə bağlıdır.
Şair belə tanış lövhələrdən istifadə
etməklə həm qış haqqında uşaqlarda əyani
təsəvvür yaradır, həm də belə bir soyuqda
solmayan, qışda bahar yaradan "nərgiz" adlı
gülün olması haqqında uşaqlara məlumat verir. "Nər
qız" - bənzətmənin tərəfləri
arasında poetik uyarlığın olmasını təmin edən
başlıca amilə çevrilir. Bu
balaca şeirdə təsvir də var, təəssürat da, hələ
balacalar üçün edilən kəşf də. Onları inandırır ki, Nərgiz adı
çiçəklərin özlərinin kəşfidir.
Məgər uşaq şeirinin əsas rolu da bu
deyilmi? Fikrin inandırıcı, konkret detal və
obrazlarla ifadəsinə nail olmaq!
Qəşəm İsabəylinin şeirlərinin
əksəriyyəti əsasən, dialoq
şəklində yazılır. Bu, həm sual verib cavab alan uşaqları öyrətmək həvəsindən,
həm də onların hazırcavablığını sərgiləmək
meylindən irəli gəlir. Onun "Çəngəl-bıçaq"
şeirinə baxaq:
- Əlini yu.
- Yumuşam.
- Haçan?
- Səhər duranda.
- Belə oturacaqsan
Nahara oturanda?
- Necə?
- Əli bulaşıq!
- Onda nəyə gərəkmiş,
Ay ana, çəngəl-qaşıq?!
Yaxud
"Nəzrin və yuxu" şeiri:
-
Çıq-çıq...
- Kimsən?
- Saatam.
- Qoymazsan bir az yatam?!
Yorulub, usanmışam,
İndicə uzanmışam!
- Taq...
taq...
- Kimsən?
- Mənəm - İş.
- Nə var belə,
görməmiş?!
Hələ Günəş də
yatır...
Bu da məni oyadır!
- Layla...
- Kimdi?
- Mən - yuxu.
- Gəl, açıqdı
qapılar,
Gözüm üstə yerin
var!
Bu
yaxınlarda dərsliklərdə yer alan
Sergey Mixalkovun "Otuz altı, altı" satirik şeirinin
böyük mübahisəsi düşmüşdü və əsas
etiraz bu idi ki, şagird dərsə getməməsi
üçün istiliyi olmasını özünə niyə
bəhanə uydurur? Bu xüsusda deyə bilərik
ki, Qəşəm İsabəyli də uşaqlardakı tənbəlliyin
ifadəsini önə çəkib. Amma
uşaq dünyası onsuz da bu cür "tənbəlliklər"lə
zəngindir və bu dünyanı gözəl edən də
onların saf "kələkləridir". Əsas odur ki, Qəşəm İsabəyli poetik səviyyəyə
qaldırılan dialoqunda konkret mətləbin ifadəsinə
yönəlir və formanın əyaniliyi, konkretliyi ilə
inandırıcılığa nail olur.
Qeyd etdiyimiz
kimi, fikrin təbiət
obrazları vasitəsilə çatdırılması
uşaq ədəbiyyatının əsas xüsusiyyətidir. Hər
şair bu rəngarəng lövhədən bir naxış
götürüb canlandırmağa çalışır və
poetik təsvirlərlə uşaqda təbiət hadisələrinə,
obrazlarına yeni münasibət formalaşdırmağa xidmət
edir. Bu kontekstdən başqa bir nümunəyə
baxaq. Rafiq Yusifoğlu "Pəncərədən baxan
budaq" şeirində ətrafını, gördüyü
hər şeyi öyrənməyə ciddi maraq göstərən
uşaq dünyasını şəkilləndirir:
Budağa
bax, budağa,
Hey ucalır, qalxır o.
Boylanıb pəncərədən
Evimizə baxır o.
Deyirəm
ki, utanma,
Keç içəri, ay budaq.
Evdə
tək darıxıram,
Gəl birlikdə
oynayaq.
Yalvarıram
nə qədər,
Bəs niyə
baxmır sözə?
Yəqin,
anası ağac
Onu buraxmır
bizə.
Ağacın boy atıb uşağın olduğu
otağın pəncərəsindən boy verməsi onun
ağacla rəftarının, təxəyyül
gücünün yeni çalarlarını açır. Şeirdə
bütöv daxili sistem yaranır - qafiyə, intonasiya müəyyən
fikir daşıyıcısına çevrilir, daxili komponentlər
arasında bədii məntiqi keçidlər baş tutur.
Uşaq ədəbiyyatında Qarabağ
mövzusunun geniş yer almasından bəhs
etmişdim. Bizdə bu mövzunun işlənmə rakursu iki
yöndən reallaşır. Birinci rakurs
uşaqlara ünvanlanan, onların dilinə və təfəkkürünə
uyğun şeirlərdir. Bir də
müharibə ilə bağlı uşaq taleyini önə
çəkən şeirlər.
Elə mövzular
var ki, onunla
manipulyasiya etmək olmaz. Hələ söhbət uşaq ədəbiyyatından
gedirsə, heç olmaz. Amma bəzən
elə şeirlərə rast gəlirik ki, heç bir hiss,
emosiya yaratmır. Uşağa hansısa
hadisəni quru, sxematik formada anlatmağa gərək varmı?
Məsələn, tutaq ki, mövzu Xocalı faciəsidir
və müəllif bu faciəni uşaqlara necə
çatdırmalıdır?
Simax Şeydanın "Xocalıda" şeirində
belə çatdırılır:
Bir
qış günü
Zalım
düşmən,
Üstümüzə
Gəldi birdən.
Xocalını
Almaq üçün,
Bizi qana
Salmaq üçün.
Aman Allah,
Düşmənə bax
Söndü neçə
Nurlu çıraq.
Aylar, illər,
Keçsə də bil,
Qisas yerdə
Qalan deyil.
Vətənpərvərlik duyğuları bu cür
ritorik, şablon deyim şəklində uşağa təqdim
olunmamalıdır. Ən azı ona görə ki, bu gün
doğulan uşaqlar gözlərini açan kimi,
qulaqlarını yağır edən bu cümlələri
çox eşidirlər. İndi
Qarabağsız bir nəsil yetişir. Onlar
o torpaqları görməyiblər, üstəlik, ədəbiyyatımızda
təbliğat da o səviyyədə deyil ki, uşaqda nisgil,
qisas yanğısı yaratsın. Biz, sadəcə,
onlarda mövzuya həssaslıq, sözə isə konkret fikir
və emosional tutum aşılamalıyıq, müharibənin
şəklini çəkməliyik sözlə, yaşanan
ağrıları misra-misra yaratmalıyıq onların
gözləri önündə. Ötən
məqalələrimin birində Esmira Məhiqızının
"Qaqa" şeiri haqqında yazmışdım. Bu şeirdə müharibənin məhv elədiyi
iki uşağın taleyi yanıqlı bir dillə şeirə
gətirilirdi. Şair Qəşəm Nəcəfzadənin
də əksər uşaq şeirlərində müharibədən
əzab çəkən uşaq obrazları yer alır.
Onun "Uşaqlara salam", "Uşaqlar" və s.
şeirlərinin poetik kəsəri güclüdür,
müharibənin uşaq həyatına vurduğu zədələr
haqda dolğun təsəvvür yaradır.
"Uşaqlar" şeirindən bir neçə bəndə
diqqət edək:
Düşmən
kəlməsi yoxdur uşaqların dilində,
Olsa-olsa əllərini bir-birinə
vurarlar.
Səngərlərin içində, səngərlərin çölündə,
Layla deyib kuklaya, qəşəng
evcik qurarlar.
İnsan
bayraqlarıdı göydə oynayan əllər,
Öpürlər gülə-gülə bir-birinin
əlini.
Biz öyrənə bimədik
dostluq dilini heç vaxt,
Gəlin gedək öyrənək
körpələrin dilini.
Ehey, sən
kimsən, qaranlıqda gizlənən,
"Düşmən" sözünü atma uşaqların içinə.
Silahını yığışdır, rədd ol bizim dünyadan,
Qarışma, sən qarışma, uşaqların işinə.
Uşaqların
ayağı torpağı bölə bilmir,
Necə ki, eyni yağır
Yer üzünə yağışlar.
Sülh
haqqında yazılmış
iki gözəl misradı:
Bir göy üzündə quşlar,
Bir də yerdə uşaqlar.
Müharibə, savaş, barış və onları birləşdirən
ortaq həssas məqam - uşaq taleyi. Bu rakursun poeziyamızda çox
işlənməsinə baxmayaraq, müəllif hissin və fikrin uğurlu vəhdətini
verməklə orijinallığa nail ola bilir. Çünki
şair həm sözə emosional tutum aşılamağın
qayğısına qalır, həm də bütün misralar
arasında məntiqi əlaqə, mükalimə
uyğunluğu sonadək nizamını qoruyur. Mətndəki bütün poetik ünsürlər
fikrin bədii təcəssümünə səfərbər
olur.
***
Ədəbiyyat bütün hallarda insanı yazır,
insanla təzələnir. Uşaq ədəbiyyatı
da kiçik insanın dünyasını yaratmaq
üçün böyük ürək tələb edən
sahədir. Bir də böyük istedad! Bunlar
olmadan sabahlı ədəbiyyat yaratmaq çətin olar bizlərə.
Elə uşaq əllərinə söykənmək də...
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.-
21 dekabr.- S.10-11.