Filoloji fantaziya –

şeirin və nəsrin zamanı

 

Malik Atilay və Nemət Mətin haqqında

 

İndi yeni nəslin mətnləri içində nəfəs darlığından ayrılmaq cəhdləri hər bir nümunədə, tapıntı və mətləb icadına gedən yolda hiss edilir. Özünü, hisslərini bütöv şəkidə ifadə etmək istəyi, şeirdən-şeirə adlayan pıçıltılardan doğan və yalnız bu mətnlərə və bu şairə aid olan məkanda misraların orijinal intonasiya ilə bir-birlərinə bağlanması... fərdi üslubları bir-birindən ayırır və yeni imzaların yerini müəyyənləşdirir. Bütün kəm-kəsirləriylə birlikdə gənc nəslin yaratdığı sözlər (yəni mətn daxilində bu dünyada, bu dil gerçəkliyində olmayan, fərqli məna yarada bilən sözlər-!) onların poetik leksikasında önəmli yer tutur və ümumiyyətlə prosesin özü belə bir mətləbin qabardılmasını, analiz edilib öyrənilməsini zəruriləşdirir: janrlararası əlaqələr. Zənnimizcə, eyni nəslin nəsr və şeir yazan müəlliflərinin əsərlərinin təhlili buna imkan verir. Həm də oxşar şeyləri bir-biri ilə müqayisə edib doğmayacaq nəticəni gözləməkdənsə, yaxud onu "icad etməkdənsə", fərqli nəsnələrin içində nəfəs eyniliyini, bu eyniliklər daxilində onları yaşadan, var edən fərqi axtarmaq daha önəmlidir.

 

Bəlkə artıq şəhəriniz olar yaşamağa,

Küçələrində rəqs edib

Ləpədöyənində yalnızlığı döyəcəyimiz şəhər...

 

Bəlkə artıq küçəniz olar

Divarlarına güllər çəkilmiş

Binaları arzularımız kimi

Üstümüzə uçmayacaq bir küçə...

 

Bəlkə artıq ümidiniz olar

Dərsi bilməyən uşağın

Qorxu sarmış ürəyinin küncündəki

Kiçik bir ümid boyda

Xırda lap xırda...

 

Bəlkə artıq səhəriniz olar

Qayğısız

Uşaqların səsində itib-batan

Dodağı təbəssümə bulaşmış bir səhər...

 

Bəlkə artıq azadlığınız olar...

 

Bu şeir Malik Atilayındır. İmzasını tanıyırsınız. Sözlərin bir-birinə yanaşıb ayrılması, "mətn məkanı, yaxud fəzasında" dolaşan mənaya işarə edib onu danması və dərhal yeni rakursun, yeni baxış nöqtəsinin doğulması, həm də söz və mənalarla bu şəkildə oynamaqla onları mətnin dərinliyinə çəkmək, orda batırmaq, ən parlaq görüntünü almaq üçün bütün birbaşa mənalardan vaz keçmək, mənanı mənasızlığın düz yanında yerləşdirmək... bütün bu "olaylar" gördüyünüz şeirin koordinatları kimi işarələnə bilər. Başqa bir cəhət də mühümdür: şeirdə, diqqət etdinizsə, insanın adətən çox kədərli, bəlkə yerdən göyə qədər peşman olduğu halının səsi, içindən gələn səsi "eşidilir", bu, son dərəcə ciddi mətləbin ifadəsində mükəmməl fondur.  Yəni sən artıq dünyanın sonunu, ümidin qırıldığı anı görmüş, bütün bunların düzəlməyəcəyini bilirsən, ancaq ümid həmişə ümidsizliyin ən zil pərdəsindən doğur. Fon həm real, gerçək, həm də aldadıcıdır, o mənada aldadıcı ki, mətnin dərinliyindəki məna qatı ilə uyğun gəlmir, ona qarşı durur və bunun nəticəsində məna kontrastı hadisəsi baş verir. Nəzərə alın ki, bu fonda, yəni məna kontrastını yaradan çevrədə intonasiyanın sürəkliliyi, sözlərin "nəfəs dərmədən" bir-birinin dalınca gəlməsi şeirdə dilə gəlməyən, deyilməyəcək nəsnələrin ərazisini sıxlaşdırır, burda, misraların (virtual şəkildə) sıx-sıx bitən ağaclar kimi dikəlməsi, həm də misralarla axan enerjini dərhal növbəti vahidlərə ötürməsi mətnə vizuallıq, rəsmin (insanın içində sıxıla-sıxıla danışdığı səsin rəsminin) görüntülənməsi effektini yaradır. Bəlkə artıq ümidiniz olar //Dərsi bilməyən uşağın// Qorxu sarmış ürəyinin küncündəki// Kiçik bir ümid boyda // Xırda lap xırda... Şeir mətnində bütün elementlər, bütün detal və "əşyalar" bu xırda nöqtəyə qədər gəlir, kiçilir, balacalaşır və görüntü yox olduğu anda növbəti pasajda daha gur şəkildə, daha görüntülü formada meydana çıxır. Şeirin bütöv mətni ilə müqayisədə hər bir bənd gerçəklikdə nə zamansa baş vermiş, nəticəsi indicə, bu sözlərin yazıldığı an məlum olan müdhiş bir hadisəni işarələyir. Hər şey yox olub, uçub, dağılıb, heç nəyə ümid yoxdur, bu hadisəni təsvir etməyə hey də qalmayıb, bütün arzular sönmüş, ümidlər şah damarından kəsilmişdir. Şeirin strukturunun tam bilinməsi üçün başqa bir şeirə baxaq: 

 

Pəncərədən boylanan qadın,

Bilmir kimin yolunu gözləyir bu gecə vaxtı

İşıqlarından həsrət yağan şəhərdə

Darıxmaq adətdəndir

Və hər bir yalnızlığa səbəb olan adamlar var

Gecənin ətəyini kirpikləriylə qaldırır qadın...

 

Yuxarıdakı nümunədə olduğu kimi, bu şeirdə də misraların bir-birinə "yanaşması", bağlanması üsulu demək olar ki, eynidir, adını çəkdiyimiz ürək yandıran fon bu mətndə də yalançıdır, əsas olan metonimiya kütləsini qabartmaqdır, məkan tam olaraq işıqlanan kimi zamanın qanının axdığı yer görünür. Şeirdəki "gecənin ətəklərini kirpikləriylə qaldırır qadın..." ifadəsi hadisəyə baxışın mövqeyini şərtləndirir.

 

Sən sərxoş deyilsən

Haqlısan

Orda iki ağac var

Sən yoxsul deyilsən

Çay-çörək

Siqaret və kibrit qutusu boyda

                        pendir bəs edir sənə

 

Sən dəli deyilsən

Sadəcə, heç kimin bilmədiklərini bilirsən,

Məsələn,

İtlər ulduzlara hürürsə

Onları aralarında bölüşə bilmirlər demək...

 

Sən qorxaq deyilsən,

Hər gecə

Çarpayının altından qəribə səslər gəlir

Düz deyirsən!

Vicdanındı altında əzilir...

 

Bu nümunələrin hamısında qəribə oyun stixiyası var, şahmatdakı "qalaqurma" kimi, yəni oyunda qalaqurmaya gediləndə vəziyyət dəyişir və aydınlaşır, artıq bu aydınlaşma yeni ziddiyyətlərə, qəliz gedişlərə şərait yaradır.

"Hündür binaların arasıyla yeriyirdim. Özümü göydələnlərin əhatəsində balaca və gücsüz hiss edirdim. Elə bilirdim şəhərdə məndən başqa heç kim yoxdur. Qışqırsan, əks-səda verəcəyindən qorxurdum. Sanki hansısa bədbəxt hadisədən öncə insan ürəyində yaranan vahimə boğazıma dirənmişdi...". Nemət Mətinin  "Məscid yolunda gülləri qoxlamaq" hekayəsində bu fraqment Malikin yuxarıda verdiyimiz şeirindəki obrazlarla, həm də məhz məkanı, onun daxilindəki ağrılı şırımları göstərən obrazları ilə uyğun gəlsə də, əsas məsələ bu deyil.  Hekayədə mətləbi "dəyişib" süjetin oxunu  tənzimləmək anlamında bir yer var. İki molla - qara və ağ araxçınlı mollalar qəbiristanlığın həyətində tikilmiş komada söhbət edirlər. Biri dua edir, o biri danışmaq istəyir. Onun duasının ardını kəsmək üçün deyir ki, min il də dua eləsən cəhənnəmə düşəcəksən. O isə cavabında deyir: Düz deyirsən. Amma günah olmasaydı, dua nəyə lazım olardı? Həm Malikin şeirlərində, həm də bu hekayədə həyatdan, gerçəklikdən, daha çox isə xatirələrdən, həm də virtual dünyadan kəsilib götürülmüş fraqment dəyişməyə, tezcə özünü danmağa, yəni içindəki necə deyərlər, maraqdan oyur-oyur oynayan nöqtədən zühur etməyə meyillidir. Adını çəkdiyimiz qalaqurma mexanizmi eyni zamanda iki funksiyanı (vəziyyəti dəyişib tənizmləməyi) yerinə yetirdiyi kimi, bu mətnlərdə də virtual dünyanın (həm də xatirələrin) ixtiyari yerindən kəsilib birbaşa təhkiyə dünyasına daxil edilən parçalar insanların daxilində, ruhunda mövcud olan zaman mifini öldürür, insan sevgini, nifrəti, qəzəbi, dözümü heç də olduğu kimi bilməz, amma bir gün ən əziz, dəyərli bir şeyi itirəndə həmin nəsnənin içindəki maqnit selinin girdabında qərq olar, hekayədəki kişi zamanı düz 30 il geriyə atıb, zamanla istədiyi şəkildə davranır. Ancaq bunu o hansı güc və iradəylə edir? Həmin ilk dəfə anlamadığı dəyərin içindəki ilahi cazibə, ilahi eşq bahasına. Malikin şeirlərində də məhz belə bir mifik potensiallı "süjet" var, bitməmək anlamında, həyatın, məkanın hansısa hissəsi kəsilib götürülür, haqqında çox kiçik ştrixlərlə bəhs edilir, amma şeirin içindəki lal "süjet" məhz mətn bitdikdən sonra sonsuza qədər davam edir.

 

Uşaq evi

Gözlərində qorxu böyüdən uşaqların

Qulaqlarından

Qadağalar sırğatək asılıb

Tərli pəncərədə "ana" yazılıb

 

Qadınlar

Sıraya düzülmüş

Yolların kənarında

Dan yeri sökülür

Günəş yaşlı müəllim kimi

Asta-asta qalxır göyün pilləkənlərini

Taleyinə uduzmuş qadınla evlərinə dönür

Yarıyuxulu körpələrin gözləri

Güllə kimi açılır onların üstünə

İlk eşitdikləri söz ana...

 

Diqqət ediləsi fakt, mətləb odur ki, şeirdə ən müxtəlif hadisələrin bətnindən ixtiyari parçalar kəsilib götürülüb. Uşaq evində gözlərində qorxu böyüdən, qulaqlarından qadağaların sırğatək asıldığı uşaqlar, sonra yol kənarındakı dərbədər qadınlar...  Dan yeri sökülür //Günəş yaşlı müəllim kimi//Asta-asta qalxır göyün pilləkənlərini//Taleyinə uduzmuş qadınla evlərinə dönür//Yarıyuxulu körpələrin gözləri//Güllə kimi açılır onların üstünə// İlk eşitdikləri söz ana... Bu nəsnələr gerçəkliyin ən müxtəlif və ixtiyari nöqtələrindən götürüldüyünə görə zamanın keçmişi, indisi və gələcəyi bir nöqtənin içindədir, zaman mütəhərrikdir, həmin nöqtəni yelpik kimi açdıqda keçmişi gələcəyə və əksinə aparmaq, daşımaq bir elə çətin deyildir. Hekayədə də eyni hadisə baş verir, ancaq hər iki mətndə bu hadisənin baş verməsi üçün insanı ağlından edəcək bir sarsıntı yaşanmalıdır, hekayədə bunu görmək, sezmək, xəyalında, hətta rəsmini çəkmək mümkündür, şeirdə isə, insan bunu təsvir etmək istədikdə sözlər qəhətə çıxır, qəribə lallıq ovqatı yaranır.

Belədə, yəni zamanın bu şəkildə məhvərindən çıxdığı halda sənin üçün bir sığınacaq və ibadətgah qalır, yerdə qalan nə varsa - ölür...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qazeti.- 2019.- 21 dekabr.- S.13.